Yalnız qocalanda bilirsən
bunu
("Mən burdayam, ayə"
silsiləsindən)
Qocalıq özü bir sirri-xudadır,
Yalnız qocalanda bilirsən bunu.
Ömrə yamaq olan dərdi-bəladır,
Yalnız qocalanda bilirsən bunu.
Sən istər-istəməz nimdaş
olursan,
Sən dönüb qocaman dam-daş olursan,
Sənə söz deyirlər,
sən daş olursan,
Yalnız qocalanda bilirsən bunu.
Yerişin səngiyir, səsin
yumşalır,
Çiyninə atırlar ağır yun şalı.
Yaşın istəyinlə heç
uyuşmayır,
Yalnız qocalanda bilirsən bunu.
Zəifləyib gözün, korşalıb
beynin.
Güllər açılsa da açılmır eynin.
Özündən də əvvəl
qocalıb əynin,
Yalnız qocalanda bilirsən bunu.
Ayaq ayaq üstə durmaq istəmir,
Əl nə istəyirsə, barmaq istəmir,
Qış düşüb, bu
odun yarmaq istəmir,
Yalnız qocalanda bilirsən bunu.
Söhbətin tutmayır yaxın
kəs ilə,
Hərdənbir "burdayam" - deyib
səs elə!
Sənə təsəlliyçin nəvən bəs eylər,
Yalnız qocalanda bilirsən bunu.
Yanında dursa da baxmaz gözələ,
Yaxşı deyil, axı görən söz elər.
Heç
nə bacarmırsan, barı göz
elə,
Yalnız qocalanda bilirsən bunu.
Üzün xal-xal səpər,
dərin büzüşər,
Çaşıb söz deyərsən evdə söz düşər.
Əlin
yavaş-yavaş eldən
üzüşər,
Yalnız qocalanda bilirsən bunu.
Düşmənin sevinər, dostun
yan keçər,
Bu fani dünyadan bir insan keçər,
Səni
də aldadıb bu dövran keçər,
Yalnız qocalanda bilirsən bunu.
Orda oğlun-qızın durub müntəzir,
Yorulmuş ataya rahatlıq gəzir.
Qarışıq dünyadan bir qoca bezir,
Yalnız qocalanda bilirsən bunu.
Yaşadır
(Köhnə qafiyələrlə təzə
şeir)
Sənətkarı el yaşatmır,
Sənətkar eli yaşadır.
fikri aydın olsa əgər
İnsanı əli yaşadır.
Lap dan söküləndə
dursun,
Üzünü dan şehi yusun,
Qaşı-gözü qara olsun,
Gözəli teli yaşadır.
Anasına "Ana" deyən,
Sözümüzə nur çiləyən.
Milləti millət eləyən
Öz ana dili yaşadır.
Sənət itməyir batsa da,
İşıqda işıq yatsa
da,
Vəli
Əlini atsa da,
Vəlini Əli yaşadır.
Göz nəyi görübdür,
qələm!
Bilirəm mən, bilir aləm!
Qəm üstündə köklənib
bəm,
Muğamı zili yaşadır.
"Məğrur ol" öyrədir biri,
O birisi deyir "kiri!"
Diri olmaqçın
"ol diri!"
Tarixi ölü
yaşadır.
Həyat
şirin, həyat acı!
Ellik qardaş, ellik bacı!
Qoy çox olsun bağlayıcı,
"Lakin"i "Vəli"
yaşadır.
Ömür barışmaz - haqq-nahaq!
Ümidimiz ana torpaq.
Xeyirxah qaniçənə bax -
Xəstəni zəli yaşadır!
İnsan
bu cür axşam-səhər,
Yaşayır guya birtəhər.
Canındadır xeyirlə-şər,
Ömrü ikili yaşadır.
DÖRDLÜKLƏR
Dünya
pisliyi görüb, niyə əlaman demir?
Yaxşıya yaxşı demir,
yamana yaman demir.
Bir dəstə pullu adam nə
istəsə eləyir,
Haqsızlığı xalq görür, bəs niyə zaman demir?
Yalandan həzz alanların dünyasıdır dünya
- bu gün
Həqiqətdən irəlidir qara - qura röya - bu gün.
Olmayana var deyirlər, var olana yox
deyirlər,
Yəqini yox eləyiblər, at oynadır guya - bu gün.
Göydə - Gün, Ay, Ulduz
- İşıq! Yerdə
- ağac, daş, su - işıq!
Eşq də işıqdırsa, onda -
biz işıqdan doğulmuşuq.
Gördüyümüz bu aləmin işıqdır,
oddur təməli,
Əqlin
də cövhəri -
işıq! Ondan ziyalı olmuşuq.
Bu dünya - nurlu bir duman içində,
O dünya - bəyaz bir güman içində.
Amma ümidini kəsmə, səbr elə,
Buğda dənəsi var saman içində.
Gəl bir də aç
pəncərəni, dəli
ürək!
Bu dünyanın işlərinə
baxıb gülək.
Bu üzünü çox görmüşük, gəl,
bir də aç!
Bu dəfə də o üzünü göstər,
görək!
O, yarım - dost, yarım - şair, yarım - naşir.
Fağır bütöv olmaq üçün çox əlləşir.
Bütövlük bir tanrı payı, göydən gəlir,
Vecə gəlməz, yerdəki bu haray-həşir.
Çox qədimdən atılıbdı
meydana - pul.
O zamandan papış tikir şeytana - pul.
Dadaş,
bu gün ən çətin iş pulnan aşır,
Hökm eləyir insana pul, dövrana pul.
Əsli
xar olanın nəsli xar olar,
Əsli-kökü olan bəxtiyar olar.
Anadan əvvəl - torpaq - Anadır!
Torpaq olan yerdə həyat var olar.
Torpaq - Vətən! Vətən
- ulu, müqəddəs!
Bunu bilməlidir
Vətəndə hər
kəs.
Torpaq - Anayurddur! Anayçın -
oğul
Ölümə atılsa, Anayurd
ölməz!
Həzzi
varsa, fani dünya bir az yaşamağa
dəyər,
Bir az üçün,
bir dağ boyda dərdi daşımağa dəyər.
Dağa-daşa, qar-yağışa, mehr-məhəbbətə uyub,
Şimşək olub da çaxmağa,
sel kimi daşmağa dəyər.
Nə şahanə, Allahanə -
uca dağdı - Baba dağı!
Bu yerlərin Məkkəsidi,
pir-ocaqdı Baba dağı!
Baba kimi mehribandı, öz qaya qolları
ilə
Başı üstünə qaldırıb,
mənə baxdı -
Baba dağı.
Allah,
Allah! Bu dağ-dəniz, təbiət
- nə gözəldir,
ah!
Dərdin-qəmin öz yeri var, səadət - nə gözəldir, ah!
Kənddə yaşayanda adam hər şey üçün həsrət çəkir,
Şəhərdə "ah" çəkib
deyir, doğma kənd nə gözəldir, ah!
Yaz gələndə düzdə
güllər çoxalır,
Yay gələndə
üzdə çillər
çoxalır.
Payız
gəlcək bağlarda
bar - heyva, nar...
Çillələrdə acı - çillə çoxalır.
Bilirsənmi namaz qılan sağa-sola neçin baxır?
Sağda,
solda yurddaş, dindaş, qohum-qardaş vardır axı!
İnsan
hər namaz qılanda insanı sevmək öyrənir,
Hər rükətdə
tövbə edir özü üçün
yaşamağı.
Deyirlər gün gələcək,
Əzrayıl da öləcək,
Ölüm saçan mələk də ölüm nədir - biləcək.
Dünyanın axırıdır, Qiyamətdir
- o son gün,
Dünyanı qurtarmaqçın o gün
mütləq gələcək.
"Kifir al, əsil olsun, bədəsil gözəl alma!"
Bəxtnəndir, qurdlu çıxar
bəzən ən gözəl alma.
Həyatda, məhəbbətdə, yaşamaqda tələsmə,
Yarpaq ol, sonra saral,
əzəldən xəzəl
olma!
Dilimdə bir söz bitib
gənəşim, gənəşməyim?
Özüm də qoca, taqət
yox, güləşim,
güləşməyim?
Sahil uzaq, dəniz sərt, qayıq yorğun, yelkən yox,
Bilmirəm yad sahilə yanaşım, yanaşmayım?
VƏSİYYƏT
Mənim fəxri xiyabanım - qoy olsun balamın
yanı.
Bəlkə bir də gördüm
onu, orda bir kərə oyanıb.
Bu nagüman güman içrə, əriyərəm
duman içrə,
Namərdəm, əgər bir də mən yada salsam bu
Dünyanı.
Kor da baxıb görür ki, ikiüzlüdür Dünya.
Kar da eşidib - bilir, haçasözlüdür Dünya.
Lal heyrətdən qışqırır
Dünyanı belə
görcək,
Çolaq deyir, dur qaçaq,
yaman tozludur Dünya.
Fikrət
Sadıq
Ədalət.-2014.-19 aprel.-S.20.