Neftçala - sabaha boy göstərən məkan

Ötən ilin uğurları bunu deməyə əsas verir

                                                

İlbəil iqtisadi-sosial həyatında bir sıra uğurlara imza atan Neftçala rayonu arxada qalan ildə də nailiyyətlərini bir qədər də genişləndirmişdir. Bunu rəqəmlərdə daha aydın görmək olar. 2013-cü ildə rayonda ümumi məhsul istehsalının həcmi 2012-ci ilə nisbətən 9,7 faiz artmışdır. Bu dövrdə ümumi məhsul istehsalı 191,9 milyon manat olmuşdur ki, bu da 2012-ci ilin göstəricisi ilə müqayisədə 16,9 milyon manat çoxdur.

Yeni yaradılmış müəssisələrin hesabına 8, fəaliyyəti bərpa edilmiş müəssisədə 5, fiziki şəxslər üzrə 601, mövcud müəssisə təşkilatlarda 67 olmaqla, cəmi 681 daimi yeni yeri yaradılmışdır. Rayonda aparılan tikinti, quruculuq, abadlıq işlərinə 184 nəfər, kənd təsərrüfatında mövsümi işlərə 1211 nəfər cəlb olunmuşdur. Rayonda fəaliyyət göstərən 12 sənaye müəssisəsi bu sahədə fiziki şəxslərin fəaliyyəti nəzərə alınmaqla 27,4 milyon manatlıq sənaye məhsulu istehsal olunmuşdur. Bu sahədə qeyri dövlət bölməsinin xüsusi çəkisi 86,5 faiz təşkil edir.

Əhalinin nominal pul gəlirləri 54 milyon 147 min manat olmuşdur ki, bu da 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 8,9 faiz çoxdur. Adambaşına düşən pul gəlirləri 7,6 faiz artaraq 655 manat olmuşdur. Ötən il Azərbaycan Respublikası Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2 nəfər müharibə əlilinə pulsuz avtomobil verilmişdir. Rayon Məşğulluq Mərkəzi 350 nəfər neftçalalıya yüksək qayğı göstərərək onları daimi işlə təmin etmişdir.

Sahibkarlığın inkişafına dəstək olaraq rayonda fəaliyyət göstərən 3 bank 1 bank olmayan kredit təşkilatlarının filialları tərəfindən sahibkarlara vətəndaşlara ümumilikdə 6 milyon 372 min manat kredit verilmişdir. Bu da 2012-ci illə müqayisədə 75 faiz çoxdur.

Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına 23 nəfər sahibkara 257 min manat məbləğində kredit verilmişdir.

 

Rayonun iqtisadi sosial həyatı

 

Rayondakı uğurlara qəlbən sevinən insanlar çoxdur. Ziyalılar isə bunun təbliğ olunmasında daha çox maraqlıdırlar. Belə ziyalılardan biri ömrünü ədəbiyyata həsr etmiş, rayon Ağsaqqallar Şurasının sədri İmanverdi Əbilovdur. Çox maraqlı həmsöhbət olan İmanverdi müəllimin dediklərindən:

- Baxmayaraq ki, yazı-pozu xeyli vaxtımı alır, ancaq yaşadığım Neftçalanın iqtisadi-sosial həyatından həmişə xəbər tuturam. Bildiyin kimi rayonumuzun iqtisadiyyatını əkinçilik maldarlıq təşkil edir. İndi rayonumuzdakı iribuynuzlu mal-qaranın sayı 41839 başa çatmışdır. Xırdabuynuzlu heyvanlarımızın sayı da artaraq 128299 başı keçmişdir. Bu da ötən illə müqayisədə xeyli çoxdur. Məhsul istehsalçılarının marağını artırmaq məqsədi ilə ötən il rayonda bu sahə ilə məşğul olanlara dövlət büdcəsindən 2 milyon manatdan çox vəsait ayrılmışdır. Heç şübhəsiz bu da rayonda kənd təsərrüfatı məhsullarının daha çox istehsalına gətirib çıxaracaq. Ötən il 42944,2 hektar sahəyə taxıl əkmişdik. Bu sahələrdən 110,9 min ton məhsul toplaya bildik. Sahələrdən daha çox məhsul götürmək məqsədi ilə meliorativ tədbirləri unutmuruq. Rayon Su Meliorasiya təşkilatları tərəfindən 511 kilometr suvarma kanallarını, 172,2 kilometr kollektor-dren sistemini lildən təmizləmişik. Suvarma kanallarında 71 ədəd, kollektor-drenlərdə 61 ədəd hidrotexniki qurğular, nasos aqreqatlarını əsaslı cari təmir etmişik.

Rayonda fəaliyyət göstərən 3 nərəbalıqartırma zavodları tərəfindən 3 milyon 461 min ədəd nərə cinsli körpə balıqlar yetişdirib Kür çayı vasitəsi ilə Xəzər dənizinə buraxmışıq. Bu 2012-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 20,6 faiz çoxdur. Rayonumuzda 2013-cü ildə kənd təsərrüfatının ümumi məhsulu artaraq 80 milyon 680 min manat olmuşdur. Göstərilən dövrdə diri çəkidə 10766,5 ton ət, 23733,8 ton süd, 4 milyon 205 min ədəd yumurta istehsal etmişik.

Rayonumuzun sosial həyatı da xeyli dəyişmişdir. Rayon Qaz İstismarı sahəsi tərəfindən 9 milyon 864,2 min kub metr həcmində Neftçalaya təbii qaz verilmişdir. Əhaliyə verilən qazın dəyəri 103,2 faiz ödənilmişdir. Sakinlərin qaz sayğacları ilə təminatı 99 faiz təşkil edir. Neftçala Elektrik Şəbəkəsi tərəfindən rayona 140,5 milyon kilovatt saat elektrik enerjisi verilmişdir. Sakinlərimiz onlara verilən 45,4 milyon saat enerjinin dəyərini 85,5 faiz ödəmişdir.

İmanverdi müəllim söhbətimizin sonunda əlavə elədi ki, rayonun Xol zonasında 17 min hektardan yuxarı suvarılan əkin sahələrinin su ilə təmin olunmasında ciddi çətinliklərin yaranması ilə əlaqədar respublika rəhbərliyinin müvafiq sərəncamı ilə Kür çayından Xol zonasına 25 kilometr uzunluğunda Neftçala Magistral Kanalının nasos stansiyası ilə birlikdə layihəsinin tikintisi 2006-cı ildə başlanmışdır. Tikinti 2008-2015-ci illərdə Azərbaycan Respublikasında "Əhalinin ərzaq məhsulları ilə tam təminatına dair Dövlət Proqramı"na daxil edilmişdir. 2006-cı ildən 2013-cü ilin sonunadək həmin kanalın tikintisinə 10 milyon manat vəsait xərclənmişdir.

 

Gözəllik asan yaranmır

 

Neftçala şəhəri, eləcə də onun kəndləri son vaxtlar öz simasını əsaslı surətdə dəyişmişdir. Uzun illər tikinti sahəsində çalışan Nəriman Güləhmədov bu barədə daha böyük məlumata malikdir. Onun söhbətlərindən də bunu başa düşmək olar. Malik müəllim söhbətində qeyd elədi ki, ötən il rayonun təmir-tikinti təşkilatları və xidmətləri tərəfindən yerinə yetirilmiş işin həcmi 11 milyon 45 min manat olmuşdur. Bu ötən illə müqayisədə 5 milyon 583 min manat çoxdur.

 

(ardı gələn sayımızda)

 

Səxavət Məmmədli

Ədalət.-2014.-19 aprel.-S.19.