XANƏLİ KƏRİMLİNİN PAYIZ
DUYĞULARI
("Bölgələrdə ədəbiyyat"
silsiləsindən)
Xanəli Kərimli Naxçıvanda,
qədim Odlar diyarında yaşayan, oradakı
ədəbi və elmi mühitin
fəal nümayəndələrindən biri.
Təkcə Naxçıvanda
deyil, bütün məmləkətimizdə az da olsa
tanınan bir şair-ziyalı...gKeçən
il onun "Qanun" nəşriyyatı
tərəfindən "Payız
duyğuları" şeirlər
kitabı çap olunub. Ömrünün 63-cü payızına qədəm qoyan bir şairin bu kitabına belə bir ad seçməsini də təsadüfi saymaq olmaz.
Xanəli Kərimli ömrünün
də, yaradıcılığının
da payız fəslini yaşayır. Bu fəsli Xanəli Kərimli üçün
solan, saralan, xəzan dövrünü
yaşayan fəsil yox, barlı-bəhərli
payız kimi səciyyələndirmək olar.
Doğrudan da, Xanəli
Kərimli 60 yaşdan
sonra gənclik həvəsindən qalmır,
yazır-yaradır.
Kitab altı hissədən ibarətdir və hər hissənin də öz adı var: "Vətən və Vətən daşı",
"Mən tövbələr
qapısıyam", "Dünya
və mən",
"Başımın tacı
torpaq", "Hələ
ki gec deyil",
"Duyğu əlçimləri"...
Təbii
ki, hər bir hissənin öz mövzusu var. Mən söhbətə üçüncü hissədən
("Dünya və mən") başlamaq istəyirəm. Görək
şairin Dünya ilə münasibəti necədir, o özünü
bu böyük, əbədi Dünyada necə hiss edir, taleyindən, keçdiyi ömür yolundan razıdırmı, əgər
razı deyilsə, bunun səbəbləri nədir? Ümumiyyətlə "Dünya və
mən"də ifadə
olunan fikirlər, hisslər, duyğular oxucuya nə deyir, nəyi aşılayır?
Bu dünyanın dərdi böyük, qəmi yük,
Ha yayınla, ha yığışdır,
ha da bük,
Əzabı çox, ağrısı
tam, dəm böyük,
Dözə bilsən, şirin-şəkər
dünyadı.
Hər zamanın havacatı başında,
Dağlayar sinəsin dağın,
daşın da,
Diz yerə qoymayıb çərx savaşında,
"Mənəm" deyənlərə yəhər
dünyadı.
Sən əl uzatsan da, sənə əl verməz,
Can qurban etsən də-sənə dil verməz,
Yasında ağlamaz, toyunda
gülməz,
Təpədən-dırnağa xətər dünyadı.
Ay Xanəli, çox özünü yorma sən,
Bu dünyadan düz bazarlıq görməzsən,
Farağat dur, yoxsa xeyir görməzsən,
Dili şəkər,
qəlbi zəhər dünyadı.
Dünya ilə münasibət Xanəli Kərimlidə narazılıq motivləri
üzərində qurulur. İnsan ömrü,
bu ömrün keçib-gəldiyi yol, bu yolun daşıyıcısı
olan şəxs elə hey narahatdır.
Bəzən öz-özünü
qınayır ki:
"Mənim şairliyim
başıma dəysin.
Qoruya bilmədim bir ocağı da". Və deyir ki:
"...böyük söz
meydanında çəkilmir
nə adım, görünmür yerim".
Gah da etiraf
edir ki: "Bir vaxtlar çinartək
yenilməz idim. Zirvələr də həsəd
çəkərdi mənəgİndi
ayım, günüm qarışıq düşüb.
Bir kibrit çöpü də yanmır oduma".
Təbii ki, bu şikayətlər
müəllifin özündən
narazılığı kimi
anlaşıla bilər.
Dünya deyəndə o, kainatı,
səyyarələr aləmini
deyil, daha dar mənada-yaşadığı
cəmiyyəti, insanlar
mühitini nəzərdə
tutur. Deyəndə ki: "Bu dünyanı soyuq gördüm əzəldən, nə günündən, nə ayından yarıdım"
- biz böyük Dünyanı
deyil, məhz şairin - lirik qəhrəmanın yaşadığı
kiçik aləmi görürük. Ona görə
də aşağıdakı
misraları təbii sayırıq. Mən və
Dünya münasibətində
Dünya nədir sualına axtardığımız
cavabı tapırıq
(Dünya mənim yaşadığım Yerdir,
məkandır, insanlar
aləmidir, gerçəklikdir).
Mən dünyadan bezmədim,
Dünya bezdirdi məni.
Dindirmədi kimsəni...
Şükür, mənim qazancım
Bu dünyadan dərd
oldu.
Dərdimin bolluğu da
Dünya üçün dərd oldu.
Elə güman
etməyin ki, Xanəli Kərimlinin bütün şeirləri
beləcə dərdli-gileyli
motivlər üzərində
qurulub. Və bütün şeirlərində
Dünya beləcə
qaralanır. Əlbəttə, belə deyil. Mən Xanəli Kərimli bədbin və nostalgiya ilə yaşayan şair kimi yox, nikbin
şair kimi səciyyələndirirəm.
"Başımın üstə torpaq" bölməsində Xanəli
Kərimli məhz həyatsevərdir. Torpağa, soyuna-kökünə bağlı bir şair kimi diqqəti cəlb ediir. Onun torpaq və
təbiət haqqında
şeirlərindən torpağın
və təbiətin rayihəsi gəlir.
Duman yalmanına yatıb dağların
Oxşayır ruhunu meh nəfəsilə.
Kipriyi şəbnəmli tər çiçəkləri
Oyadır bulaqlar zümzüməsilə.
Qayanın çınqıllı ətəklərində
Oxuyur kəkliklər
xoş avazıyla.
Şəbnəmdən yoğrulan dağ gölləri də
Nazlanır yaşılbaş sonalarıyla.
Bir sal daş üstündə
bir ovuc torpaq
Qoruyur bircə
kol kəklikotunu.
Bir sısqa bulaq da alıb qoynuna
Məst olub uyuyan bulaqotunu.
İllərin tufanı sal qayaları
Zaman-zaman yonub heykəlləşdirib.
Təbiət də rəssam
möcüzəsiylə
Hərəsin bir cürə gözəlləşdirib.
Bir çiçək ətri
də Vətən ətridir,
O duyğu qəlbinə sığılsa əgər.
Onda görərsən ki, babalar haqmış,
Bu torpaq uğrunda
ölməyə dəyər.
Xanəli Kərimdi-XX əsrin insanı, XXI əsrin də vətəndaşı,
Yer oğlu, Azərbaycan ziyalısı,
Naxçıvanlı dostumuz,
şair, alim.
Təbii ki, onun həyat,
ölüm, dünya,
cəmiyyət haqda fikir və düşüncələri
təkcə özünə
aid deyil və bu mənada, şairin lirik "mən"ində müasirlərinin
obrazı da əks olunur. yəni Xanəli Kərimli öz şeirlərində müasirlərinin
də arzu və istəklərini ifadə edir. O deyir ki:
Ürəyin ağrıyır?!
Niyə qorxursan?!
Demək, sən qanırsan, sən yaşayırsan.
Başı daşdan-daşa dəyən
Vətənin
Halal övladısan,
dərd daşıyırsan.
Biz bu misraların
səmimiyyətinə qətiyyən
şəkk etmirik, Vətənlə onun övladları arasındakı
ünsiyyəti alqışlayırıq.
Amma deyəndə ki: "Vətəni işğal olunmuş millətin birinci, edam edilməlidi şairləri, müəllimləri.
Sonra alimləri, zabitləri, əsgərləri. Daha sonra
vaxt qalsa, həvəs olsa, o biriləri" - biz bu fikirlə qətiyyən razılaşmırıq. Vətəni işğal olunmuş millət, əgər millətdirsə,
özündə güc
tapıb işğala
son qoymalıdır!
Xanəli Kərimlinin ustadlara həsr etdiyi silsilə şeirləri də diqqətdən yayınmır və bu şeirlər Zamanın keçmişində
yaşayan, amma bütün əsrlərin
mənəvi sərvəti
sayılan ustadlara böyük məhəbbətin
ifadəsi kimi yadda qalır. Mirzə
Cəlilin ruhuna həsr olunmuş şeir İlahiyə müraciətlə yazılıb:
Mənə qələm vermisən-dərdimi
yazmaq üçün,
Dərdimi bol etmisən-nəşəmi
pozmaq üçün.
Bir kor iynə vermisən-gorumu
qazmaq üçün,
Şükür sənin hüsnünə,
şükür sənə,
İlahi.
H.Cavidin
məqbərəsi önündə
düşüncələr də şeirə dönüb ustada məhəbbət və ehtiram ifadə edir:
Sən elə qüdrətsən
ki, sənə əlimiz yetməz!..
Sən xalqın
ələmisən, kədərisən,
dərdisən.
Bütün qadağaları, bütün
sədləri qırıb
Haqqa haqq deyən kişi, zəmanənin
mərdisən.
Xanəli Kərimli əsl kənd adamıdır. Bu sözü deyəndə mən onu binadan
əkinçi, biçinçi
kimi deyil (cavanlığında əkib
də, biçib də!), daha çox kəndi duyan, onun problemləri
ilə yaşayan öir ziyalı hesab edirəm. Mənə o
xoş gəlir ki, Xanəli Kərimli kəndin romantik dünyasına, şeiriyyətinə vaqif
bir şairdir.
Zirvədən təzəcə boylanırdı
Ay,
Ocaq köz tökürdü aramla
lay-lay.
Çubuq şişlikləri düzdük
bir qolay,
Başladıq gecəni gecələməyə.
Boynu buruq-buruq dəvə təpələr,
Ayın işığında mürgü
döyürlər.
Ləçəyi yellənən güllər,
çiçəklər
Çırpınır ətrini səpələməyə.
Bu yay gecəsinin aylı gecəsi,
Bulaq pıçıltısı, mehin nəfəsi.
Köz üstə dəmlənən çay zümzüməsi
Çağırır könlümü təzələnməyə.
Bu şeirdə Xanəli Kərimlinin xalq şeirinə məhrəmliyi də hiss olunur. Şeir həm məzmunu-Ay işığının saçdığı gözəllikləri əks etdirdiyi üçün, həm də formaca xoş təsir buraxdığı üçün maraqlıdır.
Mən Xanəli Kərimlinin "Vətən və Vətən daşı" silsiləsi haqda da xoş söz deyə bilərəm. Bu silsilədə olan qeirlər Azərbaycana, bayrağımıza, şəhidlərimizə, ustadlarımıza, türk dünyamıza, müstəqilliyimizə, ulu öndərimiz Heydər Əliyeva böyük ehtiram və məhəbbətlə yazılan nümunələrdir.
Və bu yazıda tənqid xatirinə deyil, həqiqi müşahidəmə görə deyə bilərəm ki, Xanəli Kərimlinin kitabında onun yaxşı şeirləri ilə müqayisədə ortababları, hətta bir neçə zəif şeirləri də var. Bunlara elə bilirəm, onun gələcək kitablarında rast gəlməyəcəyik. Amma təbiidir bu da, çünki yaxşılar seçilir, adı çəkilir, nümunə gətirilir, ortabablar qıraqda qalır.
Xanəli Kərimliyə uğurlar diləyirəm. Yolundan dönməsin. Payız bolluq fəslidir, yazsın, yaratsın. Özü demişkən: "Bu yol mənim əzəli, əbədi bir yolumdur".
Vaqif YUSİFLİ
Ədalət.-2014.-19 aprel.-S.17.