YALAN

Hekayə

 

"Xoşumuza gələn yalanları ovuc dolusu uduruq, lakin acı həqiqətləri qurtum-qurtum içirik".

 

Deni DİDRO

 

Əsəbi halda pultun düyməsini basdı. Ətrafa sakitlik çökdü.

Otaqda var-gəl edə-edə bayaqdan televizorda ucadan xırıltılı səslə rəisini tərifləyən iş yoldaşının qarasınca deyindi: "Zalım oğlu necə də düzüb qoşur ey... Hamısı da yalan, boğazdan yuxarı, sabun köpüyü. Bəxtəvər başına belə rəis, indiyəcən bilməmişik sən dahisən, korifeysən... Əstəğfürullah... Pah atonnan yalana bax ey... ayaq tutub yeriyir, quş olub uçur, radioda qulağını dəlir, televizorda gözünü qamaşdırır. Ay sənin Qulu, heç ağlıma gəlməzdi ki, məddahlar xoruna sən də qoşulasan".

...O, səhər işə gələn Qulu ilə salamlaşıb, ehmalca onu idarənin həyətindəki iri gövdəli həmişəyaşıl ağacın altına, xəfə yerə çəkdi. Ərkyana söz atdı:

- Maşallah, axşam televizorda yaman qırıldadırdın ha.

Qulu köhnə tələbə dostu Mirzə Mirzəbəylinin mizrabı hansı simə vurduğunu dərhal tutdu.

- Eh, mən hara, televiziya hara. Heç yuxuma da girməzdi. Dünən işdən çıxıb evə gedəndə küçədə cavan qızla oğlanın əllərində mikrofon adamları sorğu-suala tutduqlarını gördüm. Tini burulanda məni də yaxaladılar: "Dayı, bağışlayın, sorğu aparırıq. Xahiş edirik, yaxından tanıdığınız məmur, vəzifə sahibi, lap elə öz rəisiniz barədə sözünüzü deyəsiniz, fikrinizi bildirə-siniz". Doğrusu, əvvəl nəm-nüm elədim, boyun qaçırdım. Ancaq qır-saqqız olub yapışdılar ya-xamdan, əl çəkmədilər, axır ki, danışdırdılar məni...

- Nə dedilər?.. Məcbur elədilər ki, xeyirxah, insanpərvər, daha nələr deyəsən, yalandan ağzına gələni uydurasan onun haqqında?!..

Mirzəbəylinin tikanlı sözləri gicitkan kimi qulağını dalasa da, özünü o yerə qoymayıb ya-rızarafat-yarıciddi cavab verdi:

- Taxsır məndə deyil.

- Bəs kimdədir?

- Radiolarda, televizorlarda. Düyməni basırsan mədhiyyə, şit təriflər, yalan sözlər qulağına dolur, ürəyini bulandırır. Özü də elə yalanlar uydururlar ki, məəttəl qalırsan. Məgər toyda, yasda, iclaslarda belə deyil?! Adamın qulağı o qədər eyni sözləri eşidir, yalanlarla dolur ki, ağzını açanda qeyri-ixtiyari çölə sıçrayır. Elə biri mən. Vallah, qınama, artıq vərdiş eləmişik.

- Yox, mən qətiyyən razı deyiləm sənnən. Gərək hər kəs öz sözünü desin, öz fikrini bil-dirsin, daha tutuquşu yox.

Bu, elə-belə dost qınağı deyildi. Mirzə adəti üzrə sözünü yüksək tonda, sərt şəkildə dedi, onun üzünə bozardı.

Bu, Quluya toxunsa da, incimədi. Dostunun xasiyyətinə yaxşı bələd idi. İnstitutu bitirəndən sonra sovet dönəmində zavodun eyni sexində uzun illər çiyn-çiyinə işləmişdilər. Sonralar da ayrılmamışdılar. İndi də idarənin istehsalat şöbəsində Mirzə şöbə müdiri, Qulu baş mütəxəssis idi. Mühəndis kimi ixtisaslarını mükəmməl bilirdilər. Çox-çox məsələlərdə, insani dəyərlərdə bir-birini tamamlayır, ortaq məxrəcə gəlirdilər. Elə onların dostluğunun təməlində də bu dururdu.

Ancaq xasiyyətləri fərqli idi. Mirzə tələskən, emosional, sözünü adamın üzünə sərt deyəndi. Haqqı nahaqqa vermir, yalandan, yaltaqdan zəhləsi gedirdi. Qulu isə əksinə, xasiyyətcə mülayim, yumşaqdı. Heç kimi incitmək, xətrinə dəymək istəmirdi. Haqq adamı olsa da, yalançıya, yaltağa acığı tutsa da bunu üzə vurmaz, içində əridər, münaqişəyə yol verməz, köhnə kişilərin təbirincə "boş buraxardı". Özündən vəzifəcə böyüklərdən yan keçər, çəkinərdi. İşlədiyi müddətdə rastına müxtəlif xasiyyətli rəislər çıxmışdı. Ancaq indiki idarə rəisi kimi bədxasiyyətini görməmişdi. Yekəxana, nahaq adamdı. Köhnə işçilər de-yirdilər ki, Murğuz Murğuzlunun doğru söz dilinə yatmır, nəfəsi də yalandan gedib gəlir. Heç kim onun yalanının qabağında haqq deyə bilmirdi. Təkcə Mirzə Mirzəbəylidən savayı. Qulu ürəyində sevinirdi ki, onun dostu lovğalığından yerə-göyə sığmayan rəisin "köpünü" alır, yalanını çıxarır, sözünü şax üzünə deyir və eyni zamanda sıravi işçiləri nahaq hücumlardan qoruyur, maddi durumu aşağı olanlara köməyini əsirgəmir. Gözgörəsi idarə rəisi ondan çəkinir. Çünki Mirzəbəylinin təcrübəli mütəxəssis, savadlı mühəndis, bacarıqlı şöbə müdiri olması bir yana qalsın, arxasında dağ kimi doğma dayısı durur. O dayı ki, çox yüksək səlahiyyət sahibidir və barmağını silkələyəndə Murğuz kimilər vəzifəyə həsrət qalırlar.

Qulu fikirləşdi ki, Mirzəbəylinin arxası möhkəm olduğuna görə sözünün kəsəri var. Onun isə belə imkanı yoxdur. Əgər ağzını açıb bircə kəlmə desə, rəisin qəzəbinə tuş gələr. Bu, ona lazımdırmı? Əlbəttə, yox. Ancaq Mirzəni də qınaya bilmədi:

- Heç özüm də bilmirəm necə oldu ki, əbəs yerə təriflədim onu, - deyə Qulu özünəməxsus səmimiyyətlə səhvini boynuna aldı.

Sonra narahat halda ətrafına baxdı. Qorxdu ki, sakit danışsa da, Allah eləməmiş səsini, sözünü eşidən olar, əlüstü rəisə şeytanlayar.

Gözaltı ona baxıb rənginin avazıdığını görən Mirzəbəyli soruşdu:

- Ay Qulu, sən də lap kölgəndən qorxursan, nə olub axı?!

- Heç... - qeyri-ixtiyari idarənin birinci mərtəbəsində yarıaçıq pəncərəyə baxıb udqundu, - zalım qızı, dodağını tərpədəndə şeytan kimi bilir ki, nə de-yirsən, beş də üstünə qoyub şərləyir adamı.

- Kimi deyirsən?

- Süsən Sünbülü, odur, işığı yanır.

Mirzəbəyli boylanıb narın işığı həyətə süzülən yarıaçıq pəncərəyə sarı baxdı. Sonra gülümsünüb başını buladı:

- Narahat olma, onun işığı bu gün sönəcək tamam, - dedi. Sonra Qulunun heyrətdən gözünün böyüyüb alnına çıxdığını görüb əlavə etdi. - Sənin kimi bu idarədə çoxlarının həzər vurduğu Süsən xanımın işi yaşdır.

Qulu gözlərini döydü:

- Necə yəni yaşdır?

- Çox sadə, rəisin arvadı məsələdən hali olub, bunları güdüb, bir yerdə görüb, nə yemisən turşulu aş, Süsən Sünbülü o ki var çırpıb. Sonra elə hay-haray salıb ki, gedib qardaşının qulağına çatıb. Eşitməmiş olmazsan rəisin qaynı barədə. Zalım oğlu yaman bərk gedir, ayağının altından yer qaçır harınlığından. Murğuzluya xəbər göndərib ki, rədd elə o filan filanı.

- Yəni Süsən Sünbül işdən çıxarılacaq?

- Heç izi də qalmayacaq bu idarədə. Ancaq Murğuz əl çəkən deyil, ona şəhərin xəfə ye-rində villa tikdirib. Guya elə məxfi iş görüb ki, nə dil bilsin, nə dodaq... Ancaq köhnə kişilər demişkən, belə şeylər tez faş olar, qırx gün çəkər, ya çəkməz.

O, bir anlığa susub özündən azacıq qısa olan dostuna sarı əyilərək astadan:

- O gün sənə dediyim məsələ düzəlir, - pıçıldadı. - Cələn aydan nazirlikdə işləyəcəyəm. Sənin haqqında danışmışam, razılaşıblar, idarədə mənim yerimə şöbə müdiri... Neçə ildir baş mütəxəssissən. Daha sən qala-qala Murğuzun savadsız, bivec qohumunu qoymayacaqlar ki!..

 

***

 

Qulunun vəzifəyə təyin edilməsi idarədə çoxlarına inanılmaz göründü: bu, necə ola bilər? Axı, Murğuz Murğuzlu qatı yerlipərəstdir. O, heç cür razı olmazdı ki, idarənin əsas, aparıcı, is-tehsalat şöbəsinə öz yerlisi, yaxın qohumu qala-qala "özgə" rəhbərlik etsin. Nə olsun ki, Qulu istehsalatı beş barmağı kimi bilir, idarədə ona tay mütəxəssis, mühəndis yoxdur, həm də işgü-zardır. Yox, Murğuzlu belə şeyləri eyinə alan deyil, onun özünəməxsus şüarı var: "Mənim ida-rəmdə süpürgəçi də öz yerlim olmalıdır".

İddiasına bax bunun: "Mənim idarəmdə". Ancaq arvadı Süsən Sünbül sövdasından duyuq düşəndən sonra harın qardaşına nə demişdisə, o yeznəsinin "ipini" çəkmiş, vəzifəsini laxlatmışdı. İş o yerə çatmışdı ki, vaxtilə Qulunu saymayan, rastına çıxanda üz-gözünü turşudan idarə rəisi indi elə bil muma dönmüşdü, iclaslarda "cənab Quluzadə" deyə müraciət edir, onun qarşısında duruş gətirə bilmir, gözgörəsi əl-ayağa düşür, sıyıq kimi axırdı. Çünki Qulu Quluzadənin arxasında nazirliyi görürdü. Nazirilikdə isə Mirzəbəyli məsul vəzifə sahibi kimi vaxtilə işlədiyi, "cikini-bikini" bildiyi idarəyə göz qoyurdu, həmkarı, dostu Qulunu dəstəkləyirdi.

Daha Murğuzlunun zahirən həqiqət donu geydirdiyi yalanlarına nazirlikdə inanmırdılar. Çünki təftiş zamanı çox nəsnələr üzə çıxmışdı. Demə rəis baş mühasiblə əlbir olub yuxarıya verdiyi hesabatda rəqəmləri şişirdib, "pripiska" eləyib və beləliklə, idarənin külli miqdarda pulunu mənimsəyib.

İstintaq zamanı baş mühasib rəisin üzünə dursa da, o, imkanlı qaynının köməyilə yaxasını ağır cəzadan qurtarmış, vəzifəsində qala bilmişdi. Ancaq idarənin hesabına sağa-sola xərclədiyi, bol-bol mənimsədiyi gəlir mənbəyindən məhrum olmuşdu. Əvvəllər ziyafət məclislərində gur-gur guruldayan, yalanlar, mədhiyyələrlə dolu tostlar söyləyən, köklüyündən dərisinə sığmayan tosqun Murğuzlunun indi kölgəsi qalmışdı. Qapısını açanlar rəis kreslosunun küncünə qısılmış müqəvva görürdülər elə bil. Xırıltılı səsi güclə eşidilirdi. Qapısının üstünə bənd edilmiş "Rəis" sözünün hərfləri də rəngini itirmişdi sanki.

Vaxtilə vəzifə payladığı qohumları, həmyerliləri yoxlama-təftiş komissiyasının qərarı ilə cəzalandırılıb işdən çıxarılmışdılar. İndi işə götürülənlər xüsusi ixtisas komissiyasında sorğu-suala tutulur, testdən keçirilirdilər. Komissiyaya Qulu Quluzadə rəhbərlik edirdi.

"Gör nə günə qaldım". Dərindən ah çəkdi. Olub-keçənləri yadına saldıqca od tutub tüstüsüz yanırdı... Hə...ə, vaxt vardı, hamı ona inanırdı, ondan çəkinir, qorxa-qorxa ətrafında fırlanırdı: "Rəis, nə buyurursunuz", "baş üstə", "əlbəttə, sizin sözünüz qanundur bizimçün". Onunsa dilinə doğru söz gəlmirdi, yalanı yalana calayırdı, tabeliyində olanları ələ salır, şit ləti-fələrlə dolayıb təhqir edir və bundan ləzzət alırdı. Amma yuxarılarda, böyüklər hüzurunda tamam dəyişir, təlxəklik edirdi. Beləcə aylar, fəsillər, illər ötür, onun yalanları quş olub uçurdu...

Bəs hansı namərd bu "quşa" qıydı? Gözlərinin önünə Mirzəbəyli gəldi. O, yuxarıya qalxıb məsul vəzifəyə keçəndən sonra Murğuzlunun qara günləri başladı. Axırı da belə: oldu bir lələ, bircə şələ. Neçə illər yığdıqlarını bir göz qırpımında qamarladılar namərdlər.

Yaxşı ki, evdə arvadının ehtiyatı varmış. Ancaq zalım qızı qırt toyuq kimi üstündə elə oturub ki, zavallı ər olan bəndəyə heç qəpik də qıymır.

Arvadından gizli yığdıqları da Süsən Sünbülün badına gedib. Üstəlik ikimərtəbəli villası, bahalı maşını. Zalım qızı vaxtilə başına fırlandığı aşinasını heç həndəvərinə qoymur. Nənəsi ilə xəbər göndərib ki, daha onu narahat eləməsin, olan olub, keçən keçib. İndi Süsən xanım adlı-sanlı, varlı-karlı bir kişinin oğluna ərə gedib...

Süsən Sünbül yadına düşəndə yanıb tökülürdü. Hələ ona özünün təbirincə, "belə atan" olmamışdı.

...Kabinetin ölü sükutunu pozan telefonun cingiltili səsini handan-hana güclə eşitdi. Ye-rindən dartınıb dəstəyi götürdü. Arvadının hikkəli səsi qulağında partladı: "Niyə gəlib çıxmırsan xarabana?! Axşam vaxtı kimi gözləyirsən belə?!"

Dilinə gələn cavab içində ilişib qaldı: "Əzraili". Gözünə arvadının zəhrimar yağan sifəti göründü. Diksinib dəstəyi əlindən saldı. Götürüb telefonun üstünə qoymağa nə həvəsi, nə də taqəti qalmışdı.

Arvadının zəhmli üzü gözlərində dumanlananda qəfil qəribə sual fikrinə gəldi: "Görəsən Əzrailin sifəti də belə zəhryarandır?... Yoox, belə olmaz yəqin, axı, o da Allahın mələyidir".

Birdən axtardığını tapmış kimi üzü işıqlandı: "İndiyəcən tərifdən inciyən bir kəs görmə-mişəm. Gəlsənə Əzrailə də girişim, deyim ki, mələklərin korifeyi sənsən. Amma... Görəsən "korifey" sözünü başa düşər?.. Birdən başa düşməsə...".

Fikir onu götürdü. Yaman yerdə ilişmişdi.

 

Əlövsət BƏŞİRLİ

Ədalət.-2014.-19 aprel.-S.17.