“Yarıyıq, yaralıyıq, deməli, xəstəyik”

 

Seyran Səxavət: “Ədəbiyyata elə yerdə kürsü qurublar ki, ordan nə qədər qışqırırsan xalqın qulağna heç nə gedib çatmır”

 

radə xanım səni axtarır"- qəzetimizin əməkdaşı Rüfət Soltanın həyəcanlı səsi. Telefonda eşidirəm. Təbii, cəld baş redaktorun kabinetinə gedirəm və məni ilk cümləsindən böyük yazıçı olduğu bilinən Seyran Səxavət qarşılayır.

 

Seyran Səxavət həmişə darıxdığım adamdır. Qəribədir, təkcə kitablarda yox, gözüm hər yerdə onu axtarır. Bilirəm, o da məni çox istəyir. Sevinirəm ki, bizi görməyə gəlib. Zarafat edirəm: "Seyran müəllim məni görməyə gəlib". Həmin gülüşü ilə, ətrafındakıları cazibəyə salmağı bacaran ədası ilə, haqq sözünü üzə çırpmaq cəsarəti ilə deyir: "Lap elə də deyil, İradə Tuncayın yanına gəlmişdim. Üç gündür Məmməd Araz yuxumdan çıxmır. Gəldim, İradə xanımı görüm bir az toxtaqlıq tapım".

Küsmürəm, əbədi və əzəli yazıçısının toxtaqlıq tapması oxucusu üçün böyük rahatlıqdı. Yerimi onunla üzbəüz kresloda rahatlayıram.

 

- Deyirsiz, İradə Tuncayı görməyə gəlmisiz də, hə?

 

- Dünyada elə bir kişi göstər ki, hamıya desin ki, sənin yanına gəlmişəm. Azərbaycan xalqının nümayəndəsi həmişə müdirin yanına, böyüyün yanına, başçının yanına gəlir. Azərbaycan xalqının nümayəndəsi kimi ənənəmizə sədiq qalaraq, böyüyün yanına gəlmişəm.

 

- Dəqiqləşdirdik: müdirin yanına gəlmisiz. Ancaq belə də olur. Özünüi şirin göstərsin deyə, qarşısına kim çıxır onun yanına gəldiyini bildirir.

 

- Kim mənimlə şirindir şirin qalıb, acı da ki, acıdı. Bəlkə də acını şirin eləmək olur, şirini acı eləmək mümkün deyil. "Ədalət"-in Aqil Abbası, Məmməd Arazın İradə Tuncayı mənim üçün dünyada ən şirin nemətdi. Üzgörənlik edənlər var, razıyam. Tanıyırsan, mən elələrindən deyiləm. Üzə düşüb kiməsə boğazdan yuxarı söz deyən bicdanlı adam sonra özündən utanır. Hamıdan çox özümdən utanaram. Özüm hər zaman özümləyəm axı.

 

- Seyran müəllim, həm içi, həm də çölü olan adamlar bilirsiz nə qədər azalıb? İçlə-çöl birləşib. İndi daha çox insanların çölü var. İç dünyası ilə oturub-duranlar yoxa çıxır.

 

- Bayaq İradə xanıma deyirəm ki, Məmməd əmi tez-tez yadıma düşür. Gəldim, onun ruhunu görməyə. O vaxt bir misra yazmasalar da belə, Məmməd əmi boyda nəhəng kişilər vardı. Elə bil hansısa qüvvə hamısını götürüb özüylə apardı. Onlardan sonra naqisliklər çoxaldı. Meydan boşalıb. Oyun bitib, hamı stadionu tərk edib- tamaşaçılar da, oyunçular da. 90 dəqiqə əvvəl gur-gur guruldayan meydan kimsəsiz ormana dönüb. Naqisliyin manevr eləməsi üçün idela şərait və imkan yaranıb.

 

- Mükəmməl adamların gərək iki dünyası olsun. Çölündəki yaşantıları barədə içinə hesabat versinlər.

 

- Oxucular elə başa düşər ki, ikiləşmiş adamlardan danışırıq...

 

- Yox, mən yaxşı mənada deyirəm.

 

- Ancaq əksəriyyət pis mənada başa düşə bilər. Bir dəfə jurnalist məndən soruşdu ki, adamlar var, işdə bir cür, evdə başqa cür olurlar. Dedim vallah mən bir Seyran Səxavətin öhdəsindən gələ bilmirəm. İki-üç Seyran olsa, bataram. Əlbəttə insanın iç dünyası olmalıdı. İş dünyası olmayan adam qaval kimi səs çıxaracaq.

 

- Deyirsiniz "Ədəbiyyat" qəzetinə qalxdım. Neçə illərdi oralara gəlib-getmirdiniz? Deyəsən dəyişiklik ürəyinizcə olub.

 

- Mən orda 10 il işləmişəm. Özü də cavan vaxtı, enerjimin tüğyan edən vaxtı. Eşitdim dəyişiklik olub. Qalxdım yuxarı ki, görüm nə var nə yox? Gördüm bir vaxtlar mənimlə işləyənlərdən yalnız bir korrektor qalıb.

 

- Başqa dəyişiklik müşahidə etmədiz?

 

- "Ədəbiyyat" qəzetini 18 ildir almırdım. Bir nömrəsini mənə verdilər, başdan ayağa oxudum. Başdan ayağa dəyişiklik olduğunu gördüm. Demirəm şedervdir. Təzə başlayıblar. "Ədəbiyyat" qəzetində bilirsən kimlər işləyib? Məmməd Araz orda işləyib... Elçin Hüseynbəylidən əvvəl orda 16 redaktor olub.

 

- Tarix yaradan o yazıçıların əksəriyyəti yoxdu. Qalanlar isə ədəbiyyat yazmaqdan, yaratmaqdan daha çox, oxumaqla məşğuldurlar. Zamanında nə yazıblarsa odur. "Ədəbiyyat" dəyişikliyi kimlərlə edəcək?

 

- "Ədəbiyyat" 34 ildir var. "Ədəbiyyat" bütün qəzetlərdən min baş yuxarıda ola bilər. Başqa qəzetlər söz naminə, sözün saflığı naminə "ilişə" də bilər. "Ədəbiyyat" qəzetinin itirməyə haqı yoxdu. Özün kim olursan ol. Nəslin, kökün, ətrafın olmasa sən heç kimsən. Çox dözmərsən, tab gətirmərsən, tez sınarsan. "Ədəbiyyat" qəzeti istedadlı adamları itirəndən sonra tək qaldı, tab gətirmədi.

İndi ümid edirik ki, baş redaktor cavan yazıçıdı. Təzə nəfəsdir. İstedadlı insanları yığar başına. Azərbaycan ərəmik ölkə deyil ki, istedadlı adamlar olub, var, olacaq.

 

- Ancaq sayı azalıb. Niyə?

 

- Ədəbiyyatdan tələb etmək olmaz ki, istedadlı insanların sayını çoxaltsın.

 

- 60-cı illərdə bütün sahələrdə adlarını sadalamaqla tükənməyən yüksək istedada malik insanlar vardı. Nə baş verdi ki, ardı gəlmədi?

 

- Söhbət saydan gedirsə, ədəbiyyatda, incəsənətdə indiki qədər kütləvilik görməmişəm. Mədəniyyətin qazanı tərsinə qaynayır. Görmüşük buxar qazanın ağzından yuxarı çıxar. İndi buxar qazanın altından deşik açıb aşağı gedir.Yəqin o qazanı biri götürüb sacayağın üstünə qoyacaq ki, sən belə qaynamalısan.

 

- Çoxdandır görüşmürük. Əvvəllər belə deyildiniz.

 

- Görünmək bu binaya gəlməkdən ibarətdirsə, əvvələr "Ədəbiyyat" qəzetinə gələrdim. Bu qəzet doğulduğum kənddən sonra mənim ikinci kəndimdir, ikinci paytaxtımdır. Ora gəlirdim, səninlə büfetdə, dəhlizdə görüşürdük. Deyirdin Seyranı gördüm. Ədəbiyyatda isə nə qədər görünmək mümkündü, o qədər də varam.

 

- Son vaxtlar televiziyalarda tez-tez görünürsüz. Aparıcılar hər mövzudan soruşur, bircə ədəbiyyat barədə danışdırmırlar Sizi. Adama elə gəlir ki, ədəbiyyatdan getmisiz?

 

- Gedəsi yerim yoxdu. Evim də ədəbiyyatdı, qəbrim də. Aparıcını da, televizora baxanı da başqa şeylər maraqlandırır. Onlar sən gözlədiyin sualı verməyəcəklər. Məişət deyilən anlam yoxdu. Gördüyümüz və yaşadığımız hər şey ədəbiyyatdı. Hətta ədəbiyyatın janrları belə, yoxdu. Ədəbiyyatı, şeirə, nəsrə, dramaturgiyaya bölmək düz deyil. Mənim üçün ədəbiyyatda janr yoxdur. Yalnız bir janr var, o da sözdür. Həqiqətə aparan söz. Ədəbiyyata elə yerdə kürsü qurublar ki, ordan nə qədər qışqırırsan xalqın qulağna heç nə gedib çatmır. Xalqın qulağı da təzə söz eşitmədiyinə görə artıq kar olur. Sonra da lap qulağının dibində bağırırsan, heç nə eşitmir.

 

- Seyran Səxavət yurdunu itirib, nəhəng yazıçı dostlarını itirib, mənsub olduğu xalqının yaxşı dəyərlərini itirib... Bəs qazandığı nə olub? Bu boyda itkidən sonra nə qazanasan ki, əvəzi çıxsın?

 

- Qazanc? Bu barədə heç nə deyə bilmərəm. "Həyatın qanunu belədir ki" ifadəsindən xoşum gəlməsə də, təkrar etməyə məcburam. Belədi, əziz dost, həyatın qanunu belədir ki, çox böyük itkilərdən sonra o itkiləri mənəvi mənada unutdura bilən qazanclar olur.

 

- Yəni həyatınızda balans yarada bilmisiz?

 

- Həyatını balanslaşdıran adam ola bilməz. Biz istəyirik ki, dünən itirmişiksə, bu gün onu qazanaq. Bir məşhur rus mahnısı var: "Net, net, net, net... Ya xocu seycas. Net, net, net, net...ya xocu seqodnya.

 

- Bu, mahnılarda ola bilər, eləmi?

 

- Mahnılar həyatın bir anıdı. Həyat anlardan ibarətdir, düzdü, amma anlar bütövlükdə həyat yaradır. Sən mahnılara çox da inanma, oğlum. Qazanmağa da tələsmə. Biz yaralanmışıq, razıyam, itirmişik, çox şey itirmişik. Bütöv deyilik, yarıyıq. Yaralıyıq. Yaralıyıqsa, xəstəyik. Eşitməmisən, "xəstə nə qədər armud istəsə, armud vaxtında yetişər". Bir armudun yetişməsi üçün qış çıxmalıdır, yaz gəlməlidi, tumurcuqlar çiçəyə çevrilməlidi. Meyvə çiçəkdən sonra ola da bilər, olmaya da. Biz inanırıq ki, o meyvə olacaq. Armud ayı kimi yuxudan ayılmalıdı.

 

- Düz deyil. Hardasa məntiq sınıqlığı var. İtkilərimiz sürətlə oldu. Torpaqlar çiçəklənməmiş getdi, mənəvi dəyərlərimiz meyvə vermədən çürüdü... Qazanc üçün niyə fəsillər fəsilləri əvəz etməlidi? Axı neçə yüz il?..

 

- Elə deyil. İtkilərimiz anidən baş verməyib. Sənə elə gəlir. Biz nəticəni görmüşük. Prosesdən xəbərimiz yoxdu. O torpaqların bu mənəviyyatın itirilməsi min illər davam edən prosesin nəticəsidi. Çiçəklənmə, mayalanma olmasaydı, o torpaqlar getməzdi. Qəfildən torpaq getmir haa...

 

- Ümumiyyətlə qəfildən heç nə olmur.

 

- Bəli, qəfildən heç nə olmur. Deyirlər filankəs qəfildən dünyasını dəyişdi. Necə yəni qəfildən? Onun xəstəliyi olmasa ölməz. Ola bilsin xəstəliyindən xəbəri olmayıb. Yaxud sən, yox, Allah eləməsin, sənə qıymaram. Mən maşınla qəzaya düşürüəm.

 

- Mən də Sizə qıymaram, elə deyin, sən...

 

- Olsun adam. Adam qəzaya düşür. Yazırlar ki, qəflətən öldü. O, savadlı sürücü olsaydı, vaxtında vəsiqə alanda yol hərəkət qaydalarını tam mənimsəsəydi, tələskənliyə yol verməsəydi, faciə yaşamazdı. Deməli, qəfil olmayıb, proses əvvəldən başlayıb.

 

- Eşitmisiz, Markes öldü?

 

- Yaxşı eee... Doğrudan? Öldü? Eşitmişdim xəstəxanadadı. Allah ona Kolimbiyacasına rəhmət eləsin.

 

- Bu itki Azərbaycan ədəbiyyatı üçün böyük itki hesab edilirmi? Lap elə Ermənistan, Qazaxıstan, Hindistan ədəbiyyatı üçün də...

 

- Markesin fiziki yoxluğu dünya ədəbiyyatı üçün itkidir. Çox nəhəng yazıçıdır. Çox kasıb olub. Özünə nə qədər inanırmışsa, bangdan külli miqdarda pul götürüb gedib dünyanın ən bahalı otellerində oturub başlayıb yaradıcılığa.

 

- Hüquq fakultəsində aldığı təhsili yarımçıq qoyub.

 

- Dərk edib ki, hüquq onluq deyilmiş.

 

- İnamın, ümidin Markes nəhəngliyi...

 

- Dəqiq analiz etdin. Rusiyanın çox sevdiyim, nəhəngliyi qədər az təbliğ olunan nasiri var - Yuri Kazakov. Ondan soruşublar ki, necə oldu yazmağa başladın? Deyir ki, pəltək idim, danışmaq istəyirdim, adamlara çox söz demək istəyirdim. Gördüm danışmaq çətindi, yazmağa başladım. Əsl ədəbiyyatı Azərbyacana, Ermənistana, Mozambikə bölmək olmaz. Bir ədəbiyyat var - dünya ədəbiyyatı.

 

- Biz o ədəbiyyatın tərkibində varıq?

 

- Tərkib bir az təşkili məsələdir. Mənim aləmimdə təşkil olunan bütün görüşlər, yazılar, tədbirlər zədəlidi, saf deyil.

 

- Məqsədli olan hər şey pisdi.

 

- Orijinalıq, gözəllik qeyri-iradi baş verən hadisələrdədi. Onu hesablamırsan, gözləmirsən. Əksər adamların Yevlaxa gedə bilmədiyi vaxtlarda İspaniyada oldum. Bizim gid xanım - Əfrayi. Markesin katibəsi işləmişdi. Ona dedim ki, mənim burda bir ispan qohumum var, onu necə tapa bilərəm. Təəcübləndi ki, azərbaycanlının ispan qohumu necə ola bilər...

 

- Lorkanı deyirdiz?

 

- Hə, dedim onun gitarasında segah çalmaq istəyirəm. Dünyanın istedadlı yazıçıları biri-birini tanımasa da, bir-birinin xeyrinə-şərinə getməsədə, qohumdular. Çünki onlar sözün belindən gəlib. Ataları birdir. "Mama" başqa olsa da olar.

 

Ceyhun Musaoğlu

ədalət.-2014.-19 aprel.-S.9.