60 YAŞIN "İLĞIM"I

 

Müasir Azərbaycan poeziyasının istedadlı nümayəndələrindən biri-Ağacəfər Həsənli 60 yaşının astanasındadır. Aprelin 30-da o, ömrünün yeni bir onilliyinə qədəm basacaq. Onu ürəkdən təbrik edirəm. Bu yazıda Ağacəfər Həsənlinin "Mlğım" adlı yeni şeirlər kitabından söz açacağam.

"İlğım" Ağacəfər Həsənlinin ikimininci illərdəki (daha doğrusu, XXI əsrdəki-V.Y.) poetik aləmini əks etdirir və buradakı şeirlər bir şairin əlli yaşla altmış yaş arasındakı keçilmiş məsafənin də xəritəsini əyani şəkildə nümayiş etdirir.

Ağacəfər Həsənli artıq öz ömrünün zirvəsinə qalxır. O yüksəkliyi müdriklik də adlandırmaq olar.Amma o, bu zirvədə həm gələcəyə, yəni irəliyə və perspektivə üzünü tutur, həm də keçmişə boylanır. Keçmiş təkcə xatirələr və yaşanmış ömür deyil, həm də tarixdir. Elə bir tarix ki, Ağacəfər Həsənli adlı bir şairin yetişməsində və formalaşmasında mühüm rol oynayıb.

"İlğım" "Yurd nəğməsi" adlı bir şeirlə açılır və bu da təsadüfü deyil. "Arxamca atılan su" ilk şeirlər kitabı da "Vətən" şeiri ilə açılırdı. O şeirlə "Yurd nəğməsi" arasında 35 ildən artıq bir zaman məsafəsi var. Amma diqqət yetirdikgördük ki, Ağacəfər Həsənlinin Vətən və Yurd haqqında poetik düşüncələri eyni sevgidən, eyni hissdən doğub, ancaq təbii ki, getdikcə kamilləşib. Birinci kitabdakı şeirdə Vətənə məhəbbətin ifadəsi ilə qarşılaşırıq:

 

Gərək sənin torpağına qarışam,

Qayalara həkk eləyəm adımı.

Dəli-dolu çaylarınla barışam,

Sonra çapam sahilində atımı.

 

Axırıncı kitabdakı şeirdə isə artıq Vətən, Yurd sevgisinə bələnən, böyük bir həyat yolu keçən, təbiəti, torpağı, eli-ulusu qədərincə tanıyan bir insanın könül duyğuları öz poetik həllini tapır:

 

Heykəldi ağacın, məlhəmdi suyun,

Tikanlı qanqalın ipəkdən yumşaq.

Yeddinci qatına qalxmışam göyün,

Çünki sifətimi şehlə yumuşam.

 

Qalın kitablardır taxıllı çölün,

Səhifə-səhifə, mərz-mərz oxudum.

Ətrindən məst oldum, öldüm sünbülün

Yığdım buta-buta, dərz-dərz oxudum.

 

Ağacəfərin Azərbaycan sevgisi "İlğım"dakı bir çox şeirlərdə öz əksini tapır və bu şeirlərin içində "Qurtarmır Vətən" xüsusilə seçilir. Bu şeirdə Vətən məhəbbətinin tükənməzliyi öz parlaq ifadəsini tapır. Poetik sanbalına görə bu şeiri Azərbaycan şəninə yazılan nümunələrin öncülləri sırasına qatmaq olar:

 

Yerdən aram-aram aralanırsan,

göynən ha uçursan, qurtarmır vətən.

Dolanıb başına pərvanələr tək,

öpürsən, qucursan, qurtarmır vətən.

 

Torpağı köksünə od-atəş verib,

sönük ürəklərdən od almır vətən.

Dalınca hərcayı danışanı var-

hər yoldan ötəni otarmır vətən.

 

Müqəddəs ruhların behişt yeridir,

ocaq Azərbaycan, pir Azərbaycan.

Harda baş ucaldan övladı varsa,

orda bərqərardır bir Azərbaycan.

 

Ağacəfər Həsənlinin altmış yaşı ərəfəsində qələmə alınan bu şeirlərdə onun ömür yolunun mərhələləri öz əksini tapır. Bir şair ömrüdür: burada xoşbəxt günlər olub, nisgilli anlar da, hətta illər . Qazancı da olub (söhbət mənəvi dəyərlərdən gedir-V.Y.), itkiləri . Deyir ki: "Gün görmədim adamtək qurumadım badamtək. .. Əridi köhnə şamtək, hayıf, ömür-xəzinə. Acam-toxam, şadam ki, qalacaqdır adım kigBu ömrü yaşadım ki, od-ocağım isinə".

Şairin "Rəngdir" şeirinin müəllifi Səməd Mənsura ithaf etdiyi "İlğım" şeiri onun poetik fikrin tutumu ilə seçilən şeirlərindəndir. Məşhur "Rəngdir" şeirinin sanki yeni, müasir bir versiyasını yaradır Ağacəfər..

 

Yalandı Həmzənin qız qaçırması,

gözdən qaçırması ilğımdı, ilğım...

İlğımdı Platon, münəccim Tusi,

Fukidit, Heredot, Homer ilğımdı,

ilğımdı Troya müharibəsi-

əski hun ilğımdı, şumer ilğımdı.

Dinlər uydurmadı, dinlər ilğımdı.

mələklər, şeytanlar, divlər ilğımdı.

İlğımdı dünyada hər şey ilğımdı.

 

"İlğım" kitabındakı şeirlərin müəyyən qismi Ağacəfər Həsənlinin keçilmiş ömür yolu, yaşadığı illər haqda poetik düşüncələrini əks etdirir. O, sanki bu suallara şeirlərində cavab axtarır: Mən kiməm, həyatda, yaşadığım cəmiyyətdə yerim, mövqeyim hansı mərtəbədədir, köküm, mənşəyim hardan gəlir, xoşbəxtlik, səadət, sevgi nədir, insanlar arasında mənəvi qarşıdurmaların, maddi əksliklərin səbəbi nədədir? Əlbəttə, bu suallar təkcə indi yox, yaradıcılığa başladığı ilk illərdən onu narahat edir.

Mən kiməm? Bu suala ilk növbədə "Mən şairəm" cavabı gələcək. Çünki Ağacəfər Həsənlinin şeirlərində yalançı patriotizm görməzsiniz, o, sadəcə olaraq öz şair taleyindən söz açır. həmişə bu fikirdədir ki, görəsən onu bir şair kimi etiraf edirlərmi, şeirlərini oxuyurlarmı?

 

Mən şeir yazmıram, şeir dərirəm,

mübarək sözlərin ucalığından.

Misra köçürtdüyüm vərəqlər bir dəm

şikayət etməzlər qocalığından.

 

Ucadır şeirin meyvə ağacı,

sözün ətəyindən tutasan gərək.

Sifət göstərməyə çatsa əlacın

yaşıl yalmanına yatasan gərək.

 

Yarpaqlar ömrünü tək-tək bitirər,

meyvələr sulanıb qarıyanacan.

Qələm ağacları şeir gətirər,

üstündə mürəkkəb quruyanacan.

 

Artıq altmış yaşına gəlib çatan Ağacəfər Həsənli keçdiyi ömür yoluna indi soyuqqanlılıqla nəzər salır, keçmişə həm gözəl xatirələr mənbəyi, həm bu günə ibrət dərsi kimi boylanır. Deyir ki: " yol var-keçib gəldim, keçməyə yenə yol var". Yəni hələ ömür bitib-tükənməyib, həyat davam edir.

Ağacəfər Həsənli həm gözəl sevgi şairidir. onun təsvirlərində sevgi həm müqəddəs, ali bir duyğudur, həm insanı ucaldan, qəlbini işıqla dolduran Günəşdir, həm iki insan arasındakı hidcrandır, ayrılıqdır, sevincdir, vüsaldır ... Bu haqda söhbətimizə Ağacəfərin "Arxamca atılan su" ilk şeirlər kitabında təsadüf etdiyimiz bir şeirlə başlayaq:

 

Baxışın sirr alandı,

Kirpiyin sıralandı.

Gözümdən damla düşdü

Torpağa sırğalandı.

 

O gecənin barı dan...

Sökülmədi barı, dan.

Gözüm doqqazda qaldı-

Bir baxmadın barıdan.

 

Üzür səni həsrət indi,

Bu dağ-düyün həsrətindi.

Gəl ömrünü məhəbbətin

Əzabına həsr et indi.

 

Bu şeir həm formaca, həm məzmunca diqqətəlayiq nümunədir. Birinci ikinci bəndlərdə müəllif cinas qafiyələrdən istifadə etmişdir. "Gözümdən damla düşdü Torpağa sırğalandı"-bu isə uğurlu metaforadır. Sonuncu iki misra ("Gəl ömrünü məhəbbətin Əzabına həsr et indi") isə şeirin məzmununu, qayəsini ifadə edir. Ağacəfərin digər kitablarındakı sevgi şeirləri poetik sanbalına görə uğurludur. O, cavanlıqdan-tələbəlik illərindən üzü bəri keçirdiyi sevgi hisslərini, yaşanılan duyğuları maraqlı, oricinal deyimlərlə ifadə edir.Bu şeirlər küllən oxucuda belə bir duyğu yaradır: sevgi heç vaxt tükənmir. Ağacəfərin ikimininci illərdə yazdığı sevgi şeirlərində eyni hiss, eyni duyğular-məhəbbətin tükənməzliyi ideyası öz əksini tapır. Amma təbii ki, yeni şeirlərdə kamillik daha çox nəzərə çarpır. Sevgi şeirləri barədə qeydlərimizi Ağacəfərin "Tanrı pıçıltıları" kitabında "Ömrümə nöqtə qoyursan" şeiri ilə nöqtə qoyaq:

 

Ox atıb yayını gizlətməyin var,

Gah məni qanıma qərq eləyirsən.

Gah da dərdli-dərdli boğub hirsini,

Bir az keçmişindən fərq eləyirsən.

 

Günlərin nizamı pozulub tamam

Döyürsən qapımı cümə bitməmiş.

Sən mənim ömrümə nöqtə qoyursan,

Nöqtəni qoymazlar cümlə bitməmiş.

 

Kitabda Ağacəfərin "Vahimə" adlı poeması da təqdim edilir. Poema Qarabağ müharibəsi haqqındadır-A.Həsənli publisistik tonla Rusiyanın xain qonşularımızın Azərbaycanla bağlı məkrli əməllərindən söz açır, müharibənin doğurduğu maddi mənəvi itkiləri yada salır.Poemada məkrli Erməni obrazı ilə qarşılaşırıq. A.Həsənli erməninin hamıya məlum olan çirkin, idbar sifətini belə açıqlayır: "Ermənistan-nökərsən- qulbeçəsən, köləsən. Bir gün cəza çəkərsən, öz yerini bilməsən..Sən satqınsan, çapırsan- söyləmişlər adına. Minib yorğa çapırsan, özgələrin atına". Müəllif qisas-intiqam duyğusu ilə həmvətənlərini səsləyir:

 

Kiçik Qafqaz dağlarından

boylanıb Şuşa, çağırır.

Füzulinin bağlarından

bir könlü şüşə, çağırır.

 

O səs gah yox olur, itir,

gah canlanır sətir-sətir.

Gah da ruhumuzu didir-

Ağdam görüşə çağırır.

 

Xan kəndində sökülür dan,

üfüqlərdən tökülür qan.

Əsir Vətən torpağından

Hər oymaq, guşə çağırır.

 

Hər bulaq ağlayan çağa,

ruhum göydə əlbəyaxa.

Qarı düşmən otarmağa,

qeyrət örüşə çağırır.

 

Ağacəfər Həsənlinin 60 yaşı ərəfəsində işıq üzü görən "İlğım" kitabı onun yaradıcılığında müdriklik çağının başlandığından xəbər verir biz bu yolda şair dostumuza uğurlar arzulayaq!

 

Vaqif YUSİFLİ

Ədalət.-2014.-22 aprel.-S.6.