"Başqa kimi isə sevmək artıq
mümkün deyil"
Ata tərəfindən
imtina və uşaqlıq qorxuları...
Sofi Loren
20 sentyabr 1934-cü il Roma şərəhinin yoxsullar
üçün nəzərdə tutulmuş xəstəxanada anadan olub. Onun anası Romilda Villani
musiqi məktəbində müəllimə, atası Rikardo
Şikollini isə tikintidə mühəndis işləyirdi. O, Romilda ilə qeyri-qanuni
olan münasibətindən qızının dünyaya gəldiyini
biləndə qəti sürətdə ondan imtina etmişdir. Uzun sürən qalmaqallardan, danışıqlardan
sonra o, öz soyadını Sofiyə verməyə razı
olmuşdur.
Böyük şəhərdə tək
qadınının bir uşaqla yaşaması Romilda
üçün çətinlik yaratdığından bir
müddət sonra o, qızını da götürüb
doğulduğu kəndə, ata yurduna geri
dönmüşdür.
Üç ildən sonra Sofinin anası yenidən Rikardo
ilə münasibət qurur. Onların daha bir
qızları doğulur. Bu dəfə də
Rikardodan nümunəvi ata olmasını gözləyən
Romilda təkrar yanılır. Çünki
Rikardo bu dəfə öz qızına heç öz
soyadını da vermədən yoxa çıxır.
Sofinin uşaqlığı çox çətinliklə
keçmişdir. Onun uşaqlıq illərinin xeyli
qorxuları olmuşdu. Ac qalmaq, qeyri-qanunu
doğulduğuna görə lağ yeri olmaq və müharibə...
Müharibə illərini də görən Sofi
bütün çətinliklərə rəğmən on
dörd yaşına qədəm basmışdı.
Müharibədən sonra Romilda kiçik bir restoran
açır.
O, öz musiqi qabiliyyətini xatırlayaraq həmin restoranda
royalda musiqilər çalır, Sofi isə masalara
yaxınlaşıb sifarişlər qəbul edir. Hündürboylu, arıq, burnu uzun, iri
ağızlı bu qıza həmin vaxtlar "diştəmizləyən"
ləqəbi verirlər.
Dəniz
Şahzadəsi...
Lakin on dörd yaşı tamam olanda həmin çirkin
qızdan əsər qalmır. O, həcmli saçları, iri
gözləri, cazibədər bədən quruluşu olan
yaraşıqlı bir qıza çevrilir.
Sofinin ilk arzularından biri aktrisalıq olur. O, istəyini anasına
bildirəndə, vaxtilə özü də aktrisa olmaq istəyən
ana qızının həmin arzusunun həyata keçməsi
üçün köməklik göstərməsinə qərar
verir.
1949-cu ildə Romilda Neapol şəhərində "dəniz
şahzadəsi" adlı gözəllik
yarışmasının keçirilməsindən xəbər
tutur. O,
qızını həmin yarışmaya göndərmək
istəsə də, Sofinin fərli paltarı olmur. Ana öz əlləri ilə qızına paltar tikib
hazırlayır. Özünün rəngi solmuş
tuflilərini ağ boya ilə boyayıb
hazırlayır.
On doqquz finalçı arasında Sofi "dəniz
şahzadəsi" titulunu qazanır.
Müsabiqədən sonra Sofi anası ilə Roma şəhərinə
gəlir. Romada o, bir neçə jurnallar üçün
fotolar çəkdirir, filmlərdə epizodik rollara çəkilir,
başqa gözəllik yarışlarında iştirak edib
uğurlar qazanır.
Bir
gün o, öz dostları ilə gecə klublarının
birində əylənərkən məşhur gözəllik
yarışmalarının birində jüri kimi iştirak edən
və Sofinin gələcək ulduz kimi görüb ona yüksək
xal verən məşhur prodüsser Karlo Ponti ilə tanış olur. Karlo Sofidən
22 yaş böyük olur. Karlo onuna tanış
olduqdan sonra Sofini bir çox film sınaqlarına aparır. Lakin demək olar ki, bütün rejissorların yekdil
fikri bundan ibarət olur ki, Sofi kino üçün yararlı
deyil. Onun həddindən artıq iri
yanları, dolu bədəni, uzun burnu var. Bunun
üçün də ona plastik əməliyyat və
arıqlamağı məsləhət görürlər.
Lakin aktrisa bədənində heç bir dəyişiklik
etməyəcəyini bildirir.
Böyük
məhəbbət, skandallarla yanaşı addımlayan
şöhrət..
Ondakı gözəllik təkcə Karlo
üçün əyan olur. O, Sofiyə düzgün səhnə
yerişini, danışmağı öyrədir. Gələcəyin
aktrisası aktyor məktəbi keçir, klassik ədəbiyyatla
tanış olur, modanın və dəbdəbənin
sirlərini öyrənir.
Nəhayət 1952-ci ildə ona yarı sənədli
"Afrika dəniz altında" filmində baş rolu oynamaq
qismət olur.
Bir müddət sonra prodüsser Qoffredo Sofiyə
Loren təxəllüsünü verir. Bundan
sonra Sofi Loren bir ildə on filmə çəkilir. Lakin əsl uğuru o, Vittorio de Sikonun "Neapolun
qızılları" filmi ilə qazanır.
Aktrisanın kinokaryerasında çox mühüm yer tutan,
onun sənət müəllimi hesab olunan de Siko onunla
müqavilə bağlayır. Rejissor hər il
Sofini bir filmə çəkilir. Bu müqavilənin
sayəsində "Dünən, bu gün, sabah",
İtalyansayağı nikah" kimi şedevr filmlər meydana
çıxır.
1954-cü ildə çəkiliş
meydançasında Marçello Mastroyanni ilə Sofi Lorenin
görüşü təşkil olunur. Həmin
vaxtdan onların qırx ilə yaxın davam edən tərəf-müqabillikləri
yaranır.
1955-ci ildə Sofi artıq çox məşhur və
sevilən aktrisa olur. Onun şəkilləri jurnalların
üz qabığını bəzəyir. Onu artıq İtalyadan kənar ölkələrdə
də tanımağa başlayırlar.
Həmin ərəfədə Sofinin onlardan imtina
etmiş, bacısına öz soyadını verməyən
atası yenidən peyda olur. O, qızı ilə əlaqə
yaratmaq istəsə də aktrisa onunla görüşdən
imtina edir. Məşhur və imkanlı
qızından pul qoparmağa çalışan ata başqa
yola əl atır. Vaxtilə
soyadını vermədiyi qızına öz soyadını
verməyə küllü miqdarda pul müqabilində
razılıq verir. Sofi bacısı
üçün buna razılıq verir. Pul
ödəndikdən sonra isə atası üçün
bütün qapıları bağlayır.
Bir müddət sonra aktrisa Hollivuda gedir. Orda da bir
neçə filmə çəkilir. Karlo Ponti ilə
Sofi Lorenin münasibətləri artıq iş müstəvisindən
çıxıb sevgiyə çevrilir. 1957-ci il
18 sentyabrında Monte öz arvadından boşanıb Sofi
Lorenlə Meksikada ailə həyatı qurur. Bu
nikahdan xəbər tutan İtaliya mətbuatı Sofini
fahişə, Karlonu isə ikiarvadlı adlandırırlar.
Həmçinin İtaliyada onların
nikahını həqiqi hesab etmirlər.
Hətta Vittorio de Sikonun "Çoçaro" filminə
çəkildikdən sonra qazandığı "Oskar"
mükafatına görə də Sofini İtaliyada təbrik
etmirlər.
Elə həmin ərəfədə aktrisanın
bacısı köhnə faşist diktatoru Mussolininin oğluna
aşiq olub onunla ailə həyatı qurur. Ailə və
Sofi bu nikaha qarşı olsalar da Mariyanı öz fikrindən
döndərə bilmirlər. Sofi bu səbəbdən
ona təklif olunmuş bir çox yaxşı rollarından məhrum
olur. Lakin bütün söz-söhbətlər
və skandallar Sofi Lorenin şöhrətinə xələl gətirmir.
O, həmin illərdə ard-arda "Honkonqun
qrafiniyası", "El Sid", "Millioner" kimi filmlərə
çəkilir. 1964-cü ildən, 1978-ci ilə
qədər Sofi Loren dörd dəfə "qızıl qlobus"a
layiq görülür.
Həbs
qorxusu, iyirmi dörd milyon və xilas...
Karlo ilə olan nikahları İtaliyada qanuni
sayılmadığından o, dünyaya övlad da gətirə
bilmir. Bunun üçün də Karlo keçmiş
arvadı Culiyana Fiastridən İtaliya qanunları çərçivəsində
boşanıb 1966-cu ildə Sofi Lorenin qanuni əri olur. Bundan sonra Sofi bir neçə dəfə hamilə
qalsa da, uğursuzluqla nəticələnir. Uzun sürən müalicələr nəticəsində
nəhayət 1969-cu ildə onların bir oğlu doğulur.
Dörd ildən sonra həkimlərin
bütün qadağalarına baxmayaraq Sofi ikinci dəfə
ana olub dünyaya daha bir oğlan gətirir.
Onun ətrafındakı insanlar Sofini "dəli
ana" adlandırırlar. O, bir dəqiqə olsun belə
övladlarını gözdən qoymur, onlara heç kimin
yaxınlamasına icazə vermir. Hətta
uşaqlarına görə kinonu tərk etməyə belə
hazır olur. "Sevgi və ailə mənim
üçün hər şeydən vacibdir" deyir.
Lakin İtaliya hökumət qüvvələri bu
cütlüyü yenə də rahat buraxmırlar. Karlo Ponti
1977-ci ildə güclü vergi ödənişindən
yayındığı üçün məsuliyyətə
cəlb olunur. Karlo Parisə qaçır.
İtaliya qanunları çərçivəsində Karlo
iyirmi dörd milyon dollar cərimə olunub dörd il həbsə məhkum olunur. Lakin
Sofi Lorenin səyləri nəticəsində bütün vergi
borcları ödənilir. Karlo 18 gün həbs
cəzası alır.
Uşaqları doğulduqdan sonra aktrisa artıq filmlərə az-az çəkilməyə başlayır. O, öz ətriyyatını yaradır, adını daşıyan zinət əşyaları, paltar və eynək mağazları açır.
1991-ci ildə Sofi Loren fəxri legion ordeni və fəxri
"Oskar" alır.
Həmçinin
1960-cı il "Oskar", 1961-ci ildə "Kann",
1958-1998-ci illərdə "Venesiya", 1965-1997-ci illərdə
"Moskva", 1994-cü ildə "Berlin" kimi nüfuzlu
film festivallarında ən yaxşı qadın aktrisa
mükafatlarına layiq görülür. Beş
dəfə isə "Qızıl qlobus" mükafatı
qazanır. Mükafatlarının
çoxluğu səbəbi ilə o, "Ginnes" rekordlar
kitabına da düşür.
1994-cü ildə Sofi Loren sonuncu dəfə
özünün ən uzun ömürlü partnyoru olan
Marçello Mastroyanni ilə "Pret-a-porte"filminə
çəkilir.
2007-ci ildə Karlo Ponti ağciyər xərçəngindən
dünyasını dəyişir. Jurnalistlərin bir daha
ailə həyatı qurarsınızmı sualına aktrisa belə
cavab verir. "Heç vaxt. Başqa kimi isə sevmək artıq mümkün
deyil".
Üç nəvə sahibi olan 80 yaşlı
aktrisanın böyük oğlu Karlo drijor, balaca oğlu isə
rejissordu.
Samirə Əşrəf
Kaspi.-2014.-23 aprel.-S.5.