Həqiqətin böyüyü
Çirkablara daş atmalıdır, həm də doluncaya, edilincəyə, ortadan vücudları qaldırılıncaya qədər daş atmalıdır, mümkün qədər böyük daşlar atmalıdır. qayalar yuvarlamalıdır... Fədai lazımdır, fədai!Yuxarı sıçrayan murdarlıqlardan qorxmayan fədai! Türk qanlı, müsəlman etiqadlı, firəng fikirli, Avropa qiyafəli fədai! Əli bəy Hüseynzadə.
Salyandan başlayan və sonu
olmayan bir yolun yolçusu
Böyük mütəfəkkir Əli bəy Hüseynzadə Kür sahilində - Salyanda doğuldu. Salyandan keçən Kür çayı onun həyatından, taleyindən də keçib getdi. Əvvəlcə bu çayın mənsəbindən mənbəyinə doğru - Tiflisə üz tutdu. Bir gün ordan daha uzaqlara yollandı. Beləliklə, bu yollar onun həyatında axıracan yazıb bitirə bilmədiyi bir şeirə çevrildi:
Ucundadır dilimin
Həqiqətin əzəmi.
Nə qoydular deyəlim,
Nə kəsdilər dilimi.
Bilirmisən cahillər
nə yapdılar Vatana?
Nə
qoydular uyusun,
Nə qoydular oyana.
Ayıltmadı
qələmim
Şu türk ilə əcəmi.
Nə
qoydular yazalım,
Nə qırdılar qələmi.
Sonralar Əli bəylə yolları birləşəndə
Üzeyir bəyin bu sözlərə gözəl bir musiqi
yazdığı da deyilir. İndi o musiqi əlimizdə yoxdur və
onun izlərini yalnız itib gedən o illər və o yollar
bilir...
Əli bəy
Hüseynzadə Azərbaycan xalqının milli
oyanışında, əsası Mirzə Fətəli Axundzadə
və Həsən bəy Zərdabi tərəfindən qoyulan
milli maarifçilik hərəkatının,
islamçılıq və qərbçilik
ideyalarının inkişaf etdirilməsində müstəsna
rol oynayan, millətimizin islam ümmətçiliyindən
islam milliyyətçiliyinə və oradan türk milliyyətçiliyinə
keçidinin əsas ideya və əməl rəhbərlərindən
biridir. O, "türkləşmək, islamlaşmaq,
avropalaşmaq" milli dirçəliş və milli istiqlal
formulu ilə türkçülüyün siyasi məramnaməsini,
elmi-nəzəri əsaslarını və milli istiqlal
mücadiləsinin "Ana Yasası"nı
hazırladı və tariximizə
"türkçülüyün atası" kimi daxil oldu. Sonralar milli dövlətçilik ideologiyasına
çevrilən bu triada bayrağımızdakı rənglərdə
əbədilik qazandı və xalqın qan yaddaşına
daxil oldu. Türkçülüyün böyük
ideoloqu Ziya Göyalp Əli bəyi özünün ustadı
sayaraq həmin üçlü qayəni belə ifadə
edirdi: "millətini tanı, ümmətini tanı, mədəniyyətini
tanı!", yəni "türk millətindənəm,
islam ümmətindənəm, Batı - Avropa mədəniyyətindənəm".
10
yaşlı Əli bəyin sonrakı həyatında əvəzsiz
rolu ilə seçilən böyük Mirzə Fətəli
onun 32 il Qafqaz şeyxülislamı olan
babası Axund Əhmədi belə qiymətləndirirdi:
"Müxtəlif elmlər və fənlər sahəsində
astronomiya, coğrafiya, hesab, riyaziyyat, tarix, hikmət və
xüsusilə fiqh sahəsində bütün Qafqaz ölkəsində
şeyxülislamın tayı-bərabəri yoxdur. O, filosof təbiətli,
liberal məsləkli, tərəqqi sevən, fitrən fəsahətli
bir adamdır."
Sankt-Peterburqda
universitet təhsili görən Əli bəy sonradan Türkiyəyə
gedərək 1890- 95-ci illərdə İstanbul Universitetinin əsgəri-tibb
fakültəsində ali tibb təhsili də
alır. Bir müddət həkim - dermatoloq kimi
çalışan, sonralar İstanbul Universitetində elmi
araşdırmalarla məşğul olam Əli bəy
Hüseynzadə, eyni zamanda, siyasi fəaliyyətini də
genişləndirir. Nəticədə Sultan II
Əbdülhəmidin həbs qərarı ilə bağlı
təqiblərə məruz qaldığı
üçün şəhəri tərk etməli olur və
deyilənə görə, 1903-cü ildə bir hindli tacirin gəmisində
gizli şəkildə Hindistana, oradan Çinə, ordan da
Bakıya gəlib çıxır...
"Türklər
ya ölər, ya hicrət
edərlər, fəqət, qul olmazlar"
"Qafqazdakı
türk balalarına türklüyünü bildirən, həsəb-nəsəbini
(soykökünü) öyrədən", "rəsuli- həqq"
("haqq elçisi"), "irqin (türklərin) ən
mükəmməl öndəri", "külli-müsəlman
aləminin iftixarı", "türk xalqlarına kimliyini
bildirən dahi", "bütün türk dünyasında
peyğəmbər kimi üfüqlər açan",
"ilk turançı", "dahi mütəfəkkir",
"fövqəlbəşər", "qüzey günəşi",
"bütün türk dünyasının mücahidi",
"türkçülüyün atası, "yazı
ustadı"...
Bütün bunlar Əli bəy Hüseynzadənin
böyük və mürəkkəb portretini canlandırmaqda əziyyət
çəkən epitetlərin yalnız bir qismidir.
1903-1910-cu
illərdə Əli bəy Hüüseynzadə Bakıda
Əlimərdan bəy Topçubaşov, Əhməd bəy
Ağaoğlu kimi tanınmış ziyalılarla,
böyük mesenat, maarifçi-xeyriyyəçi Hacı
Zeynalabdin Tağıyevlə əlaqələr qurur və millətin
oyanışında, xalqın maariflənməsində əvəzsiz
rolu olan mətbuat vasitəsilə milli mücadiləyə
başlayır. Çünki o dövrün
ziyalıları hesab edirdilər ki, "mətbuat bir millətin
lisanı (dili), samiəsi (qulağı), nəzəri
(gözü), beyni deməkdir. Mətbuatsız millət
söyləyəməz, eşidəməz, görəməz...
("Füyuzat" 1907, № 29)...
Bu illərdə Rusiyada baş verən siyasi proseslər
çar hökumətini müəyyən islahatlar aparmaq məcburiyyətinə
qoyur. Bu tarixi
şəraitdən yararlanmaq istəyən Azərbaycan
ziyalıları - Əlimərdan bəy Topçubaşov,
Əhməd bəy Ağaoğlu, Əsədulla bəy
Muradxanov, Fərrux bəy Vəzirov, Adilxan Ziyadxanov, Mirzə
Əsədullayev, Mustafa ağa Vəkilov və Əli bəy
Hüseynzadə 1905-ci il martın 15-də Hacı Zeynalabdin
Tağıyevin mülkündə yığıncaq
keçirərək yerli azərbaycanlılara da mədəni,
sosial-iqtisadi, siyasi hüquq və azadlıqların, o cümlədən
ana dilində ümumi təhsilin verilməsinə, mətbuat və
kitabların nəşr edilməsinə dair Rusiya hökumətinə
təqdim etmək üçün ərizə - petisiya
hazırlayırlar. Həmin il aprelin 21-də
Qafqaza yeni təyin olunan canişin Vorontsov-Daşkovla
görüşərək Azərbaycan ziyalıları ana
dilində "Həyat" qəzetinin nəşrinə,
çətinliklə də olsa, razılıq ala bilirlər. "Həyat" qəzetinin sahibi Hacı Zeynalabdin
Tağıyev, naşiri Əlimərdan bəy
Topçubaşov, redaktorları Əli bəy Hüseynzadə
və Əhməd bəy Ağaoğlu idi. "Həyat" qəzeti o dövrdə Azərbaycanda
nəşr olunan yeganə anadilli qəzet idi. Cəmi 10 ay (07.06.1905- 04.09.1906) yaşasa da, Azərbaycan
xalqının milli dirçəlişində,
türkçülük ideyalarının yayılmasında
bu qəzetin müstəsna rolu oldu.
"...
Ey türk! İstər darıx,
istər
karıx, yaxandan
əl
çəkəcək deyiləm..."
Dövrün
ziddiyyətlərini, çətinliklərini, dil və mədəniyyət
problemlərini görüb anlamaq baxımından məşhur
publisist Ömər Faiq Nemanzadənin bir fikrinə diqqət
yetirmək kifayətdir: "Hə, ey türk! İstər
darıx, istər karıx, yaxandan əl çəkəcək
deyiləm. Sən hər şeyi öyrənmək
istədiyin halda bircə zadı-yəni özünü bilmək
istəmirsən, niyə öz soy və nəslindən xəbərin
yox? Niyə sənə "Kimsən?"
dedikləri vaxt həqiqi cavabında aciz qalırsan? Niyə sadəcə deyə bilmirsən ki, mən
türkəm. Niyə deyə bilmirsən
ki, şiəlikdən, sünnilikdən, babılıqdan əvvəl
sən türk idin. İndi də türksən və
bundan sonra da türk qalacaqsan...".
Tədqiqatçılardan Əsgər Quliyev qeyd edir ki. belə bir tarixi şəraitdə,
yəni "türk" kəlməsinin hətta dilə belə
gətirilmədiyi bir tarixi məqamda Əli bəy
Hüseynzadə "Həyat "qəzetinin səhifələrində
çap etdirdiyi "Türklər kimdir və kimlərdən
ibarətdir?" adlı əsəri ilə türk
xalqlarına, o cümlədən Azərbaycan türklərinə
üz tutaraq "Biz ki, türk oğlu türkük, biz ki,
millətlərin ən qədimi və ulusuyuq", -deyə
hayqırır, bəzi mətbuat orqanlarında Çingiz
xanın və Əmir Teymurun monqol kimi göstərilməsini
tənqid edir, onların türk olduqlarını və nəsillərindən
olan şəxsiyyətlərin də adlarını çəkərək
onların hər zaman türkcə
danışdıqlarını və türkcə
yazdıqlarını bildrirdi. Məşhur
Amerika tarixçisi Tadeuş Svyatoxovski Azərbaycan tarixi ilə
bağlı araşdırmalarında xüsusi olaraq qeyd edir
ki, "XX əsrin əvvəllərində türk
xalqlarına kimliyini bildirən bir nəfər var idi. O
da Əli bəy Hüseynzadə idi ."
Çətinliklər çox idi. Bir yandan da ermənilərin
"Həyat" qəzeti barədə donosları bitib
tükənmirdi. Onların diqtəsi ilə
Qafqaz canişini təcili olaraq "Həyat"ın sərlövhəsindəki
"türk" sözünün "tatar" sözü
ilə əvəzlənməsini tələb edirdi. Təzyiqlərə
dözməyən "Həyat"ı qapamaqdan başqa bir
yol qalmadı... Çox keçmədi ki,
böyük maarifçi, xeyriyyəçi Hacı Zeynalabdin
Tağıyevin maliyyə yardımı ilə
"Füyuzat" dərgisi nəşrə başladı.
Əli bəy "Həyat"da başladığı
türkçülük ideyalarını
"Füyuzat"da da davam etdirərək,
türkçülüyün siyasi proqramı olan
"türkləşmək, islamlaşmaq, avropalaşmaq"
formulunu bitkin bir sistem halına gətirdi:
"Füyuzat"ın tutduğu yol türklük, müsəlmanlıq
və avropalılıqdır" ("Füyuzat", 1907, №
23). Professor Şamil Vəliyev füyüzatçılıqla
bağlı yazır: "Füyüzatçılıq hiss,
duyğu və düşüncənin coşqunluğunun,
ümumxalq yaşantılarının mükəmməl ifadəsini
həyat səhnəsinə çıxarır, bədii-publisistik
şüurun etnogenetik enerjidən bəhrələnmə
forma və üsullarını müəyyənləşdirirdi..."
"Füyüzat" jurnalı, eyni zamanda, Azərbaycan ədəbiyyatında
yeni bir istiqamətin - Hüseyn Cavid, Məhəmməd Hadi,
Abbas Səhhət, Abdulla Şaiq və başqalarının təmsil
olunduğu romantik "Füyuzat" ədəbi məktəbinin
yaranmasına səbəb oldu. Lakin bu dərginin də
ömrü uzun olmadı... Abdulla Şaiqin təbirincə desək:
"Azərbaycan türklərinin milli haqlarının
aynası" olan "Füyuzat" dərgisi Sultan 11-ci
Əbdülhəmidin təzyiqi ilə 1907-ci il
noyabrın 1-də qapandı.
Bu millətin Məcnunları və ya "Həqiqətin
də dadı və ləzzəti var."
Publisistik fəaliyyətlə yanaşı Əli bəy
Hüseynzadə pedaqoji sahəyə də xüsusi diqqət
ayırırdı. 1907-ci ilin avqustun 25-dən sentyabrın 4-dək
Bakıda keçirilən Azərbaycan müəllimlərinin
II qurultayının təşkili və keçirilməsində
onun da müstəsna rolu vardı. "Füyuzat"
məcmuəsi bağlandıqdan sonra Əli bəy 1908-1910-cu
illərdə "Səadət" Ruhani Xeyriyyə Cəmiyyətinin
Bakıda təsis etdiyi "Səadət" məktəbində
əvvəlcə türk dili və ədəbiyyətı
müəllimi, sonra həmin məktəbin müdiri oldu.
Bu dövrdə müəllimlər işə
müsabiqə yolu qəbul edilirdi. Belə
müəllimlərdən biri də məşhur Üzeyir bəy
Hacıbəyli idi.
Əli bəyin Üzeyir bəylə əməkdaşlığı
və dostluğu təkcə məktəb həyatı və
mətbuatla məhdudlaşmırdı. Türk - islam
dünyasında ilk opera sayılan Üzeyir bəy Hacıbəylinin
"Leyli və Məcnun" operasının Hacı
Zeynalabdin Tağıyevin teatrında baş tutan ilk
tamaşasının (1908) bədii tərtibatçısı-
rəssamı da Əli bəy Hüseynzadə idi..
Zaman
sürətlə dəyişirdi və
"Füyüzat"ın qapadılmasından az sonra Sultan II Əbdülhəmid də öz
taxt-tacı ilə vidaşmalı oldu. Ardınca
keçmiş inqilabçı dostlarının - gənc
türklərin dəvətilə Əli bəy 1910-cu ilin
sonunda Türkiyəyə köçmək qərarına gəlir.
Ə.Quliyev qeyd edir ki, dövrün tanınmış
ziyalılarından Əlabbas Müznib Əli bəyi "bir
bölük maarif yetimi olan Qafqaz müsəlmanlarının
atası" adlandırır, onu "dilsizlərin dili,
karların qulağı, korların görən
gözü" hesab edir, onun gedişiylə "Qafqaz əhalisinin
başsız, böyüksüz" qalacağını
ürək ağrısı ilə dilə gətirirdi...
Əli bəy Hüseynzadə Bakı - İstanbul
marşrutu ilə səfəri zamanı Tiflisdə dəmiryol
vağzalında böyük ədib Cəlil Məmmədquluzadə
ilə görüşür. Sovet ədəbiyyatşünaslığında
molla nəsrəddinçilərlə füyuzatçılar
həmişə üz-üzə qoyulsa da, C.Məmmədquluzadə
Əli bəyin ictimai-siyasi fəaliyyətini yüksək qiymətləndirirdi:
"Əli bəy Hüseynzadə kimi bir yazı ustadı mən
tək bir cavan yazıçıya yazı barəsində
dediyi sözü mən ciddi bir söz hesab edəm gərək."
Türkiyəyə dönən Əli bəy
Hüseynzadə İstanbul Universitetininin professoru kimi
universitet bağlanana qədər (1933) pedaqoji fəaliyyətlə
məşğul olur. Onun vaxtı ilə Avropa dəyərləri ilə
bağlı söylədiyi fikirlər indi də
aktuallığını itirməyib: "Biz
avropalıların ədəbiyyatlarına, sənayelərinə,
elm və maariflərinə, kəşfiyyat və
ixtiralarına müraciət etmək istəyirik,, özlərinə deyil! Biz istəyirik ki, islam ölkəsinə onların beyinləri
girsin, boğazları, mədələri girməsin. Biz istərik
ki, ölkəmiz onların beyinlərini həzm etsin, yoxsa mədələrində
həzm olunmasın... "
"Ərzincanda
bir quş var"
Sonrakı dövrdə Əli bəy Hüseynzadə Azərbaycanda
iki dəfə olur - 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti
hökuməti müvəqqəti olaraq Gəncədə fəaliyyət
göstərdiyi dövrdə (16 iyun 1918 - 17 sentyabr 1918)
Əhməd bəy Ağaoğlu, Axund Yusif Talıbzadə ilə
birlikdə dövlət quruculuğu məsələlərini
Azərbaycanın siyasi və hökumət rəhbərləri
ilə müzakirə edir və 1926-cı ildə Bakıda
keçirilən Türkoloji qurultayda nümayəndə olur. I Beynəlxalq
Türkoloji qurultayda iştirak edən Ə.Hüseynzadənin
"Qərbin iki dastanında türk" adlı məqaləsi
o dövrdə Bakıda nəşr olunur. 1926-cı il martın 25-də Vətəndən sonuncu dəfə
ayrılan Əli bəy Hüseynzadə bir müddət
Atatürkə sui - qəsddə iştirak iddaiası ilə
Ankarada məhkəmə qarşısında dayanmalı olsa
da, az sonra sərbəst buraxılır. Ancaq Atatürk 1938-ci
ildə dünyasını dəyişəndə Əli bəy
ən gözəl şeirlərindən birini yazır:
"Ondan öncə və sonra."
Kamal
günündən öncə
Ellər bizim deyildi.
Günlər
olmuşdu gecə
Yollar bizim deyildi.
Tarix
unudulmuşdu,
Yazılar pozulmuşdu.
Oxuyanlar
bayquşdu,
Dillər bizim deyildi.
Əli bəy Hüseynzadənin mətbuatda dərc
olunan son yazısı 15 yanvar 1940-cı ilə aiddir. Şeir
Ərzincan zəlzələsinə həsr olunsa da, Əli bəy
Hüseynzadənin yorulmaz tədqiqatçılarından olan
Azər Turan yazır ki. onu həm də
Əli bəyin vəsiyyəti kimi də qəbul etmək
olar:
Ərzincanda
bir quş var,
Dalda yuva arıyor.
Qanadından
qan sızar,
Dərdə dəva arıyor.
Gördü
fəci bir ölüm
İraq yerdən gələn var.
Üzərində
kəfən: Qar,
Ya rəbb, nədir bu zülüm?
Bu hadisədən
az sonra - 1940-cı il martın 17-də
Əli bəy İstanbulda dünyasını dəyişib və
şəhərin Qaracaəhməd məzarlığında dəfn
olunub.
Əli bəyin özündən sonra yaşayan
ideyaları və övladları qaldı. Əslən
çərkəz qızı olan Ədhiyyə xanımla
izdivacdan oğlu, məşhur rəssam Səlim Turan,
qızları Saidə və Feyzavər dünyaya gəliblər.
Yüksək təhsil alan
övladlarından böyük qızı Saidə bəyim
2002-ci ildə, Səlim Turan 1994-cü ildə
dünyasını dəyişib. Üçüncü
övladı 1920-ci ildə doğulan Feyzavər bəyim
İstanbulda yaşamaqdadır.
P.S.
Görkəmli alim Yaşar Qarayevin sözləri ilə desək,
Azərbaycan sovet ədəbiyyatşünaslığında
və siyasi-ictimai fikrində Əli bəy Hüseynzadəyə
və "Füyuzat" ədəbi məktəbinə
qarşı yağdırılmış iftira və böhtan
fəvvarəsi ilə müqayisədə hətta üzdəniraq
"erməni mənbələri" və "əlyazmaları"
da "toya getməli" görünür... Bu mənada
müstəqil ölkəmizdə "Əli bəy
Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi
haqqında" Azərbaycan Prezidentinin 21 yanvar 2014-cü il tarixli Sərəncamı böyük tarixi əhəmiyyətə
malikdir. Əli bəy Hüseynzadə milli mədəniyyət
və ictimai-siyasi fikir tariximizdə mütəfəkkir bir
şəxsiyyət olmaqla yanaşı, həm də
böyük maarifçi. həkim-tibb
professoru, rəssam, musiqişünas, tərcüməçi
idi. Bu mənada Əli bəyin müasiri, görkəmli
tarixçi Yusif Akçuraoğlu haqlı olaraq yazırdı
ki, "əfsanəvi Əli bəy dünyanın
bütün dillərini, elm və fənlərin hər
növünü, ədəbiyyat və incəsənətin hər
şöbəsini tamamən əhatə etmiş və tətbiqə
müvəffəq olmuş fövqəlbəşər
idi..."
P.S.
Yazı Azərbaycan Mətbuat Şurası və ATXƏM-in təşkilatçılığı
ilə keçirilən müsabiqəyə təqdim olunur.
Bəxtiyar QARACA,
yazıçı-publisist
Ədalət.-2014.-24 aprel.-S.6.