ONUN İNANDIĞI SABAHLAR

Zərifə xanım Budaqovanın xatirəsinə

 

1981-ci il idi. O vaxtkı dövlət universitetimizdə oxuyurdum. Dəhlizdə öz təbəssümü, şıltaqlığı yaraşığı ilə diqqət çəkən bir qızla tez-tez qarşılaşırdım: civə kimi qaynayırdı, bir yerdə durub dayanmırdı. Uşaqlardan öyrəndim ki, bu qəşəng qızın həm atası, həm anası akademikdi. İndi özünüz təsəvvür edin, kənddə oxumuş, əsgərlikdən gəlmiş bütün arzusu ədəbiyyat, elmi ictimaiyyət nümayəndələrini canlı şəkildə görmək, onlarla təmas qurmaq istəyi olan bir oğlan universitet dəhlizində iki böyük akademikin necə deyərlər, canından, qanından qopub gəlmiş bir qıza necə heyrətlə baxmasın. İndinin özündə o məqamlar mənə bir uşaq sadəlöhvlüyü bağışlasa da, amma mən həm öz yaşımı, dünyagörüşümü göz önünə gətirib o qıza o qəribə həsədlə baxmağımı bir növü bağışlanılan hesab edirəm. Yəni bu hər halda mənim kimi adamlar üçün günah sayılmaz. Lakin...g

Universitetin II kursunda artıq həmin qız mənimlə bir qrupda oxuyurdu. Rus bölümündəki təhsilindən imtina edib Azərbaycan bölümünə dəyişmişdi hətta mən artıq onun qrup nümayəndəsi idim. Ona görə qrup jurnalındakı qeydləri aparanda bütün məlumatları elə qızın özündən alıb jurnala yazmışdım bilmişdim ki, bu qız akademik Budaq Budaqovla akademik Zərifə xanım Budaqovanın ciyərparasıdı.

Universitet təhsili başa çatdı, hər kəs öz yolu ilə, öz taleyinin ardınca bir yolun ip ucundan tutub getməyə başladı. Amma bizim tələbəlik illəri ömrümüzə hopdu, yaddaşımıza yazıldı o uşaqların səmimiyyəti 35 ilə yaxındır ki, elə olduğu kimi yaşayır, davam edir, hətta ailələrə keçibdi. Məhz bu səbədəndir ki, bugünlərdə qələm dostlarımdan birindən eşitdiyim söz diqqətimi çəkdi. "Bakı xəbər" qəzetinin baş redaktoru hörmətli Aydın müəllim bildirdi ki, xəbərin var , bu günlərdə Zərifə xanımın 85 yaşı tamam olur. Necə deyərlər, arifə bir işarə bəs etdi. mən o böyük alimin, onun ailəsinin pərəstişkarlarından, istedadı qarşısında baş əyənlərdən biri kimi illərdən bəri içimdə qalan fikirləri, düşüncələri kağıza köçürmək qərarına gəldim. İstədim ki, mənim bu balaca yazım böyük akademikimizin yubileyinə hədiyyə olsun. Bunun üçün öncə internet saytı vasitəsilə mərhum alimimizin bioqrafiyasına nəzər yetirdim. Öyrəndim ki, Zərifə xanım əzəli torpağımız olan İrəvan şəhərində 1929-cu ildə doğulub. Özü elə bir zaman kəsiyində ki, onda dünyada hadisələrin ritmini tutmaq olurdu, axarını. Üstəlik tarixin həmin anında erməni azğınlığı tüğyan edirdi. Ermənistanın sovet-daşnaq rəhbərliyi millətçilik toxumunu gen-bol cücərdir bununla da İrəvandan, eləcə digər dədə-baba torpaqlarımızdan azərbaycanlıların depressiyasına nail olurdular. Həmçinin həmin illərdə qız uşaqlarının təhsil alması, ön cərgəyə çıxması özü bir problem idi hər ailədə buna imkan verilmirdi. Ancan cəmiyyətə qarşı sayqılı olan, dünyagörüşlü bir ailənin qız övladı Zərifə xanım orta təhsilini başa vurub 1946-cı ildə İrəvan Pedaqoji İnstitutunun tələbəsi adını qazandı. Bu məktəbi oxuyub başa vurmaq ermənilərin həmin o millətçiliyi üzündən baş tutmadı. Ona görə Zərifə xanım təhsilini Bakıda davam etdirməli oldu o, Azərbaycan Pedaqoji İnstitunu müvəffəqiyyətlə bitirib ən böyük arzusu olan Azərbaycan dilçiliyinin öyrənilməsi istiqamətində əməli fəaliyyətə başladı. İlk yeri Azərbaycan Elmlər Akademiyasının Dilçilik İnstitutu olan Zərifə xanım burada aspiranturanı bitirdi elmi araşdırmalarına görə, artıq hamının diqqət mərkəzində dayandı. İndi o, öz elmi araşdırmaları, təhlilləri, elmi məqalələri ilə demək olar ki, Azərbaycan ədəbiyyatını, Azərbaycan dilini öyrənən hər kəsin diqqətini özünə çəkirdi. Allahın verdiyi istedad, yorulmaq bilmədən işləmək əzmi Zərifə xanımı 1953-cü ildə keçmiş SSRİ-nin paytaxtında, yəni Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə etmək imkanı verdi. Bundan düz 10 il sonra isə Zərifə xanım artıq elmlər doktoru idi.

Bütün elmi fəaliyyətini dilçiliyə həsr edən, çoxlu sayda monoqrafiyalar, elmi əsərlər, dərs vəsaitləri yazıb ortaya qoyan Zərifə xanım təkcə Azərbaycanda deyil, keçmiş SSRİ məkanının elmi dairələrində də kifayət qədər tanınırdı. Onun rus dilində yazdığı elmi məqalələr, elmi vəsaitlər, etdiyi çıxışlar, məruzələr, həmçinin oxuduğu mühazirələr həmişə böyük maraqla qarşılanıb. Demək olar ki, həyatının ən böyük mənasını elmdə, axtarışlarda tapan Zərifə xanım ilk dəfə fəaliyyətə başladığı Dilçilik İnstitutunda Müasir Azərbaycan Dilçiliyi şöbəsində ömrünün sonuna qədər şöbə müdiri işləmişdi. Onun 150-dən artıq elmi əsəri gun də dilçiliklə məşğul olanların stolüstü kitabıdı.

Zərifə xanımın ömür-gün yoldaşı Budaq Budaqov da bütün həyatını Azərbaycan elminə həsr etmişdi. Elə ona görə də onların qoşa ömrü qoşa şam kimi elmimiz üçün yanmış, alovlanmış və şöləsini ətrafa səpələmişdi. Bu gün də hər iki alimin davamçıları onları böyük məhəbbətlə xatırlayır və anırlar. Həyatdan 60 yaşının tamamına az qalmış köçən, arzuları yarımçıq qalan Zərifə xanım Budaqovanın aprel ayının 28-də 85 yaşı tamam olur. Vaxtsız əcəlin xalqımızdan, elimizdən qopardığı dilçiliyimizin ən böyük araşdırıclarından olan Zərifə xanım bu gün də xalqımızın, doğmaların, onun açdığı cığırla gedənlərin qəlbində əbədi yaşayır. Bu əbədi ömrü o, öz ziyası ilə, öz əmək fəaliyyəti ilə, öz insanpərvərliyi ilə və nəhayət öz ana sevgisi ilə qazanmışdı. Çünki o, tələbələrinə, davamçılarına əsl ana diqqəti, ana qayğısı göstərirdi, onlarla qürur duyurdu, onların sabahına inanırdı. Onu yaşadan da inandığı həmin o sabahlardı.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-24 aprel.-S.5.