"Dünyada kədərsiz şair
yoxumuş..."
Şair Vahid
Əlifoğluya həsr olunmuş ədəbi-bədii gecədən
düşüncələr
... Dan
üzü şəfəqli, hava sıcaq,
bağ-bağçası, düz-dərəsi ətir qoxuyur,
nur saçırdı, - dünən!
Gecə də
ulduzlu bir gecəydi, - dünən!
Ancaq... sübh çağı, qaranlıqlar öz
rübəndini büküb-bürmələyib
uzaqlaşdığı bir anda göyləri burum-burum buludlar
öz cənginə aldı. Həzin-həzin yaz
yağışı yağmağa başladı.
Mən...
pəncərəmdən təbiətin bu əsrarəngiz
mənzərəsini seyr edə-edə xəyala daldım; bəlkə...
təbiət bu gün dünyadan vaxtsız köç eləyən
nakam şair Vahid Əlifoğlunu yad etdiyimizi bildiyindən belə
tutqundur?!.
Bəlkə
heç... bu yağış deyil, təbiətin göz
yaşlarıdır?!. Bəlkə də...
Açıl,
sabahım, açıl!
Açıl,
ağ günlər eşqinə!..
Müdriklərdən
biri deyib: "Şair gərək xalqın ruhunu başa
düşsün, onun yaşadığı
ağrıları qanında, canında hiss edə, onun səviyyəsində
dayana bilsin".
Şair gərək
torpaq kimi bar versin,
Şair gərək bayraq kimi ucalsın.
Yazanda da,
xalqdan,
eldən güc alsın.
Şair gərək
öndə getsin dar gündə,
Vətəndaşlıq ruhu olsun köksündə.
Daş
kimi ovulsun,
su tək
içilsin.
Nə az, nə azacıq, - düz 10 il
çadırın dar kölgəsinə sığmayan
şair Vahid Əlifoğlu uzun müddət özünə gələ
bilmədi. Yuxarı baxdı, - bığ,
aşağı baxdı, - saqqal gördü. Nə edəcəyini yəqinləşdirə bilmədi.
Uzun-uzadı düşündü, özünə
qapıldı. Baxdı ki:
Dünyada
kədərsiz şair yoxumuş,
Şairlik taleyin qəsdindən keçir.
Asanca
yazılan şeir yoxumuş,
Şeir ölümlərin üstündən keçir.
Vahid bu 10 ildə asan şeir yazmadı, yazanda da
gördü ki, Əzrayıl dayanıb başının
üstündə.
Qabağıma
ölüm çıxar,
Qırxım ötər, ilim çıxar.
Yüz
çörəkdən əlim çıxar,
Bir şeir yazana kimi.
Və... təkcə şairlər bilir ki, şeir necə
yaranır, ərsəyə gəlir. Bir şeir
yazana kimi min yol ölüb dirilirsən, cəhənnəm əzabı
çəkirsən.
Onda da ola Vahid Əlifoğlu. Hər
günü min aya bərabər olan çadır həyatı,
onun ağır yükü çiyinlərini döyənək
eləyən şair Vahid Əlifoğlu.
Qaçqın
bir kümə tikdi,
Köksündə qəmə tikdi.
Tikmədi
ürəyincə,
Zamanın hökmü tikdi.
Şair
V.Əlifoğlu yazdı:
Bu tale
hökmüdür, aman qalmayıb,
Əl atıb tutmağa saman qalmayıb.
O yurda, o
kəndə güman qalmayıb,
Məni bu çadıra bağlayan nədir?
Əslində, özü yetərincə dərk eləyirdi
onu çadıra bağlayan nədir. Bilirdi ki, qədəri
budur, "alın yazısı"dır, taleyin
hökmüdür. "Çadırdan-çadıra
gəlin köçən qız"ı yazdı və həyat
ona çox qəribə gəldi. Çünki
çadır əbədi yurd yeri deyildi, necə ki, bu gün
izi-tozu belə yoxdur. Ancaq "Doğum
haqqında şəhadətnamə"yə doğum yeri kimi
"çadır şəhərciyi" yazanda, diksindi.
Eləcə də, çadır şəhərcikdə kimsəsiz,
tənha qarının özünə ev
tikməsinin həyat eşqindən irəli gəlməsini
bilsə də, bir ayağı gorda olan qarının həyat
tərzi istər-istəməz izzət-nəfsinə toxundu.
Güman
var qabaqda, demə bu yaşda,
Qırıldı ömrümün simi bu yaşda.
Kimə ev tikirsən, kimə, bu yaşda,
Çadır
şəhərcikdə ev tikən
qarı?
Vahid
Əlifoğlu apreldə, - çiçək ayında
dünyaya gəlib, - düz 62 il öncə.
Füzuli Rayon Mədəniyyət Evi bununla əlaqədar
yazın ilk ayında ədəbi-bədii gecə təşkil
etdi. Maraqlı keçən
görüşdə şairin həyat və
yaradıcılığına güzgü tutuldu, xatirələr
çözələndi. Əvvəlcə
"Qayıdış-1" qəsəbə tam orta məktəbin
şagirdi Aytac Cəfərli V.Əlifoğlunun həyat salnaməsi
haqqında danışdı. Qeyd etdi ki,
şairə "Görənlərdən xahiş olunur
ki..." adlanan və həcmcə əvvəlkilərdən
böyük olan dördüncü kitabını görmək
qismət olmadı. Ötən il yaxın dostu,
şair-publisist Əbülfət Mədətoğlunun
qayğı və diqqəti, xeyriyyəçi,
"Vektor" Elm Mərkəzinin Prezidenti, professor Elçin
İsgəndərzadənin maddi dəstəyi sayəsində
işıq üzü görən bu kitab dörd il əvvəl
dünyasını dəyişən şairə, onun
poeziyasına olan əvəzsiz ehtiramdır.
Həmin
məktəbin Ana dili-ədəbiyyat müəllimi Sevda
Rüstəmova isə vurğuladı: "Vahid
Əlifoğlunun həcmcə kiçik olan bu kitablarında hər
sözün, hər misranın məna yükü o qədər
böyükdür ki, onların hər biri ayrıca bir əsərin
mövzusu ola bilər. Başdan-başa
dərdlə yoğrulub bu misralar. Bu, şəxsi
dərd deyil, bu, vətənsizlik, haqsızlıq ədalətsizlik
dərdidir. Bu;
Hamı
doğma bildiyi dərd,
Sən
demə, heç kimin deyil, -
deyə
haray çəkən bir şairin Qarabağ fəryadıdır".
Mərasimdə
şair Qafqaz Qorqanlı, eloğlusu Yasir Heydərov ürək
sözlərini dilə gətirdilər, dost itkisinin
ağrısından danışdılar. Şagirdlərdən
Şamil Cəfərli, Ağa Ağazadə, Leyla Məmmədli,
Fəxri Fərmanlı, Leyla Hacızadə, Dilbər
Rzaquliyeva, Gülnur Fərmanlı Vahid Əlifoğlunun
şeirlərindən nümunələr söylədilər.
Müğənnilərdən Sərvan Sərvanlı
və Müşfiq Əliyev mahnı çələngini ərməğan
etdilər. Şairin sözlərinə bəstələnmiş
"Nə bilim" mahnısı ifa olundu.
Təntənəli gecədə "Dost gedib,
özümə gələ bilmirəm" adlı kompozisiya
tamaşaçılar tərəfindən rəğbətlə
qarşılandı.
Aparıcı
qeyd etdi;
Vahidin qələm dostları, onu sevənlər çox
idi. Adi həyatda
da dostları vardı, əksər hallarda sadə insanlarla təmasda
olardı, ancaq ürək dostu, can sirdaşı barmaqla
sayılan qədər idi. Zaman göstərdi
ki, can sirdaşı hesab elədiyi bir neçə insana
güvənməkdə yanılmamışdır. Onlar
- Aqil Abbas, Rəşad Məcid, Elçin İsgəndərzadə,
Əbülfət Mədətoğlu və başqaları
V.Əlifoğlu dünyadan köçdükdən sonra da
onun ailəsi ilə sıx əlaqə saxlayırlar.
Əməkdar jurnalist, şair-publisist Əbülfət
Mədətoğlu haqqında tədbirdə daha geniş, minnətdarlıqla
danışıldı. Qeyd olundu ki, Əbülfət müəllim
Vahidin sadiq, sədaqətli dostu olduğunu zaman keçdikcə
sübut və təsdiq elədi. Heç
şübhəsiz, V.Əlifoğlunun ürəyində
Əbülfət Mədətoğlunun xüsusi yeri vardı.
Vahid heç kəsə ərk eləmədiyini
çəkinmədən Əbülfətə edərdi.
Bəzən lap danlardı, - acığını onun
üstünə tökər, "Sənin
nə ölümün var bu şəhərdə" deyərdi.
O, bunu amansızcasına deyərdi, çünki "şəhərdən
baxanda çadır görünmürdü". Ona görə
Vahid Əlifoğluna elə gələrdi ki, Azərbaycanın
paytaxtı Bakı deyil, - çadırdı!
Aparıcı
qeyd etdi;
V.Əlifoğlu şifahi xalq ədəbiyyatından
qaynaqlanan bir şair idi. Məsələn; Atalar sözü var deyir, "Allah
dağına baxıb qar yağdırar"
Vahid isə
yazır:
Bəndə
dönük, dözər Allah,
Əzəllərdən-əzəl Allah.
Qarladanda
gözəl Allah,
Baxar dağına, qarladar.
Yaxud, yenə belə bir ifadə var,-"Ələkçinin
qıl verəni".
Görün
V.Əlifoğlu bu ifadəni necə poetikləşdirib...
Bəxt
yazıdır, baxmır yaşa,
Qismət dərdə yol verəndir.
Bu məmləkət
başdan-başa,
Ələkçiyə qıl verəndir.
Yenə
bir misal... "Məsləhətli don gen olar". Atalar sözüdür.
Vahid isə
deyir:
Don qalıbsa məsləhətə,
Dərzilərin adı nədir?
Daha bir misal; çox sərtliklərə dözənlər
haqqında deyirik ki, filankəsin canı elə bil it
canıdır.
Vahid bu
xalq deyimini şeirdə aşağıdakı kimi ifadə
edir:
Hər it
ömrü yaşıyanın
Canı
da bərk olmur, kişi!..
Şair V.Əlifoğlu yaradıcılığı əsas
verir ki, onun poeziyası araşdırılmalı, tədqiqat
işi aparılmalıdır.
Aparıcı
qeyd etdi;
Övlad sevgisi heç bir sevgiyə bənzəməz. Vahid
Əlifoğlu "iki övladım-iki gözüm" deyib
iki qız balasını böyütdü çadır şəhərciyində.
Ancaq siz onların adına fikir verin:
Günel - Elgün! Lap düzü, mən ilk dəfədir
belə güzgülü adlara rast gəlirəm. Şair övlad adlarında da bir poetiklik yaratmışdı.
Fərəhli hal odur ki, övladları da bu dünyaya
atalarının gözü ilə baxırlar, onunla qürur
duyurlar. Mən bu gün Vahid Əlifoğlunu xatırlayarkən
yenə də onun səsinə diqtə kəsilirəm. Sanki o səs "Çadırda boy atdı mənim
qızlarım" deyir.
Hələ
pöhrəydilər dan ulduzlarım,
Hələ körpəydilər dan ulduzlarım.
Hələ...
nə görmüşdü mənim
qızlarım,
Məni
bağışlayın, canım, - qızlarım!
Çadır
ağrıları qəlbimi sıxır,
Çadır ağrıları dağ yeli kimi,
gur şəlalə kimi içimə axır.
Mən çəkə bilmirəm bu dərd yükünü,
Bu dərd duz salıdır,
bu dərd çox ağır...
Məni bağışlayın canım, - qızlarım,
Çadırda boy atan dan ulduzlarım!
Müəllifdən: Mən bu yazımı şair V.Əlifoğlunun sözləriylə yekunlaşdırıram:
Harda ki dərd
artır gündə bir ovuc,
Ağla bu nağıla sən də bir ovuc.
Vətən
torpağıyam mən də bir ovuc,
Bir gün qoyacağam üzümü yerə.
Epiloq
Ən
gözəl azadlıq ölməkdir! - V.Əlifoğlu belə
deyir. Özü də (ən
yaxşısı!) ölməmişdən qabaq 5-10 ermənini
də azad eləyəsən Qarabağdan. V.Əlifoğlunun
qənaəti, istəyi belədir.
Və yenə
deyir: Əbülfət, yatanda qulağına pambıq
tıxa. Qoyma məni ölməyə.
Haçan qulağında adımı haraylasalar, bil ki tay ölmüşəm.
V.Əlifoğlu
həm də deyir: Adamın şəkli də ölür, -
özü öləndə... Ancaq şeirləri
qəlblərdə yaşadığı kimi, şəkli də
yaşayır.
Bu gün
-2014-cü ilin aprel ayında 62 yaşının tamamında
V.Əlifoğlu sözünün, şeirinin
işığında onun Əbədiyyətə dönən
ömür kitabı vərəqləndi. Xatirələr
çözələndi. Biz - "Başı gətirmişəm,
papağım qalıb" deyən V.Əlifoğlunu qəlbən
sevənlər onunla dünən də birlikdəydik, bu
gün də birlikdəyik, sabah da birlikdə
olacağıq.
Məkanı cənnət olsun!
Sabir Arazlı
Özgün,
AYB və AJB
üzvü, "Yaddaş" Milli mükafatı,
"Qızıl qələm" və "Araz" media
mükafatı laureatı
Ədalət.-2014.-25 aprel.-S.6.