E Ş A T O

(uzun hekayə)

 

 (əvvəli ötən saylarımızda)

- Halal şöhrətə doğru!

 

Prodüsser Nəsrəddin köksündə çağlayan sevinc selindən vəcdə gəldi:

- İcazə ver, "Şık-Şlyager" titulunu Avropadan elimizə gətirdiyinə görə səni səmim qəlbdən təbrik edim və qara gözlərini, məxmər palanını, xüsusilə kəpənək misallı bantını odlu öpüşlərə qərq edim.

Eşato xoş təriflərin müqabilində təvazö ilə dilləndi:

- Qazandığım uğurları sahibimlə paylaşmaq mənim müqəddəs borcumdur. Nankorluq namərd qonşularımıza xas haldır.

Prodüsser Nəsrəddin nə fikirləşdisə, birdən söhbətin mövzusunu dəyişdi:

- Arzularımız reallaşsa, qazancımız çoxalsa, qənaət daxılına və sponsora ehtiyac duymasaq, gələcəkdə hansı addımlar atacağıq? Yəqin intibah sər tövlədən başlayacaq...

Eşatonun dili, başı əvəzinə proqnoz verən uzun qulaqları "yox" dedi.

- Əhdim var...

- Nə əhd?

- Hələlik soruşma. Deyilənlər başa gələndən sonra əhdimi özüm açıqlayacağam. Yaxşı olar ki, sən hamımızın xeyrinə olacaq bu niyyətə "amin" deyəsən.

Prodüsser Nəsrəddin mübhəm bir təklifi könülsüz qarşılasa da, xeyir-duasından qalmadı:

- Amin!..

***

Bu müsabiqənin uğuru Eşatonun cəmi iki hərflə ifadə olunan (i, a) çoxsəsli və çoxrəngli istedadını ortaya qoyacaqdı. Dünən güc yarışıydı, bu gün səs yarışı. Sabah yenə güc yarışı ola bilər. O, hər iki sahənin liderliyinə yiyələnə bilər. Bu, bir canda iki yüksək qabiliyyətin vəhdəti deməkdir. Bu, Tanrı tərəfindən istedad bəxşişinin səxavətlə paylanması deməkdir. Doğrudan da, Tanrı kiçikliyindən-böyüklüyündən, gözəlliyindən, çirkinliyindən asılı olmayaraq yaratdıqlarının hamısına ədalətlə, məhəbbətlə yanaşır. Fərq qoymaq, hər şeyə qulp qoyan insanın işidir.

Növbəti qələbə nələri vəd edirdi?! Onları hansı heyrətləndirici sensasiyalar gözləyirdi?! Nikbin prodüsser öncədən bunları görürdü.

- Sənin qələbəndən sonra şəninə çalınacaq alqışlar geniş və işıqlı salonu titrədəcəkdir!

Qələbəsinə əmin olan Eşato sakitcə cavab verdi:

- Bilirəm.

- Hamı səninlə yanaşı şəkil çəkdirməyi özü üçün bəxtəvərlik sanacaq!

- Bilirəm.

- Televiziyalar səni göstərəcək, mətbuat səndən yazacaq!

- Bilirəm.

- Adından, şəklindən istifadə etmək üçün reklam biznesləri razılığını almağa çalışacaqlar. Bunun üçün sənə yüksək qonorar təklif edəcəklər!

- Bilirəm.

- Haqqında yazılacaq kitablar, çəkiləcək sənədli filmlər barədə təkliflər alacaqsan!

- Bilirəm.

- Bunların piki "Şık-Şlyager" titulunun və bununla bağlı müxtəlif nominasiyalı mükafatların təqdimi olacaq! Biz sponsorun faizli borcunu da qaytaracağıq, üstəlik qazancımız da olacaq!

- Bilirəm.

Necə demişdilər, eləcə də oldu. Qatarlamı getdilər, avtomobilləmi şütüdülər, gəmiyləmi üzdülər, təyyarəmiylə uçdular - bilən olmadı. Əsası odur ki, təyin olunan məkana vaxtında çatıb yarışa qoşuldular. Gərgin keçən beynəlxalq yarışmada Eşato "İ-aaa!" möcüzəli səsiylə bütün rəqiblərini üstələdi. Və beləliklə, "Şık-Şlyager" mükafatının qanadları ilə incəsənətdə öz zirvəsini yaratdı - Eşato zirvəsi!

Yol boyu bircə dəfə kefləri pozuldu. Sanki Eşatonun antena-qulaqlarına Yaşıl Obada partlayan düşmən minasının səsi gəldi. Müğənni-heyvan qeybdən yetişən bu vahiməli səsdən xeyli əndişələndi. Yaxşı ki, Nəsrəddin kişi vaxtında tozlu papağına bir çırtma vurub narahatlığı ötüşdürdü.

Geri qayıdanda kefləri kök idi. Eşato sahibi ilə zarafatlaşmağa girişdi. Daha doğrusu, ciddi fikrini zarafat vasitəsiylə ünvanına çatdırdı:

- Bu gedişlə hamıdan mükafat alacağam, deyəsən, bir səndən başqag

Prodüsser Nəsrəddin ucadan səsləndi:

- Bir ovuc kişmişin məndə!

- Onda yandı qızın dədəsi!..

Yol boyu xərclərini hesabladılar. Gəlirləri çıxarlarını üstələdi.

Nəsrəddin kişi Eşatosunun yalmanına sığal çəkib dedi:

- Bizə əl uzatmayan Ərzaq Komitəsinin pisliyi özünə qaldı.

***

Yeni bağlaşma daha cazibəli, daha möhtəşəm görünürdü. Beynəlxalq güc yarışında beş qitənin idmançıları meydan sulayacaqdılar. Yarışın adı eynicinsli heyvanların xüsusiyyətinə uyğunlaşdırılmışdı: "Şılı-Şıllaq". "Şılı-Şıllaq" idman növü mürəkkəb, yəni, sintez əlamətli olduğu üçün tamaşaçıların və mütəxəssislərin diqqətini çəkirdi. Belə ki, iştirakçılar bu yarışmada eyni zamanda güləş, dzü-do, boks və karate ünsürlərindən istifadə etməyə icazəliydilər. Bir neçə gündən sonra yarışın şərtləri aydınlaşdı. Yarış rekord miqdarda maliyyə ilə təmin edilmişdi. Xeyli maraqlı kontraktlar bağlanmışdı. Yarışın gedişini media və efir sahibləri işıqlandıracaqdılar. Bəzi televiziya kanalları yarışın gedişini birbaşa yayımlayacaqdı. Artıq biletlər satılıb qurtarmışdı. "Şılı-Şıllaq" yarışı hansı qitənin üzünə güləcəkdir - Avropanınmı, Asiyanınmı, Afrikanınmı, Amerikanınmı, Avstraliyanınmı? Yarışın axırıncı günündə bu həyəcana son qoyulacaqdı.

Məşqçi Nəsrəddinlə idmançı Eşato qan-tər içində məşq edir, fasilə məqamı çatanda müxtəlif məsələləri müzakirə edirdilər. Söhbətləri hərdən gerçəyə, hərdən də zarafata, məzəyə söykənirdi. Artıq püşk atılmışdı. Hərə öz rəqibi haqqında məlumat toplamağa, onun güclü və zəif cəhətlərinə bələd olmağa çalışırdı. Eşato qəribə bir tale ilə üzləşmişdi. O, dörd rəqiblə şıllaq sınağına çıxacaqdı. Qəribəliyi ondaydı ki, onlar həm rəqib, həm də düşmən idilər. Bununla belə, soyadları tanış gəlirdi: Qılyan, Qulyan, Qəlyan və Hoşiyan.

Bundan sonra məşqçi ilə idmançı arasında uzun bir dialoq başladı:

- İgidim Eşato! Rəqiblərin haqqında hansı məlumatlara maliksən? Onlar beynəlxalq dərəcəli idmançılardır. Əndişələnmirsən ki?

- Yox, canım! Qılyanın, Qulyanın, Qəlyanın kimliklərini yadıma saldım. Üçünün də anasını yaxşı tanıyıram. Bizim nankorlardandır. Vaxtında dillərinə inanıb onlara dədəlik eləmişəm. Qucağımda böyütmüşəm. Qoduq çağlarını xatırlasalar, yadlarına düşəsək. Onlardan ehtiyatlanmıram. Qılınc qınını kəsməz. Yekələri olan Hoşiyan gözümə birtəhər dəyir.

- Yəni, onu nokauta, ya heç olmasa, nokdauna sala bilməzsən?

- Mümkündür. Onda gərək xərcə düşəsən, iki ovuc kişmişindən keçəsən.

- Razıyam. Təki zırpı rəqib üzərində parlaq qələbə çalasan. Artıq da verərəm. Qorxuram çox yeyib qızıxasan, əsas mətləb yaddan çıxa. Sizin nəsil köhnənin suyuğudur. Babaların madyan gözəlçələri yoldan çıxardıb dünyanı qatırla doldurmadılarmı?

- Əşşi, keçmişi qurdalama. Bu meydan o meydan deyil. Burda prinsip məsələsi var.

- Canım, onlar erkəkli-dişili qədim peşənin kamil mütəxəssisləridir. Boş damarını bildikləri üçün o erkəklər dişilərdən də betər qaş-göz oynadıb, əndam fırladıb, naz-qəmzə atıb səni yoldan çıxardacaqlar. Bir də görəcəksən ki, kürəyini yerə vurublar. Daha gec olacaq. "Şılı-Şıllaq" yarışmasını məğlubiyyətlə tərk edəcəksən.

- Sənə dedim ki, narahat olma. Düzdür, vaxtilə mən də az qələt qarışdırmamışam. Boynuma alıram. Hamısı yanımda gözükölgəlidir. Elə hallar olub ki, dişisiylə erkəyinə - xanımıyla bəyinə fərq qoymamışam. Elə məni danlayırsan. Məgər özünüz elə deyildiniz? "Xanım çıxdı - canım çıxdı" əməli sizdən qalmayıbmı? Ancaq bu gün o mentalitetin ağzına daş qapamaq günüdür. Xahiş edirəm, məni Molla Nəsrəddinin, Məmmədhəsən əminin, Sanço Pansonun eşşəkləri ilə dəyişik salma. Mənə də Eşato Qaragözlü deyərlər! Yoxsa, yenə inanmırsan? Bu çətinliyin öhdəsindən gələcəyəm. Xahiş edirəm...

- Yarış məramını de, inanım.

- Bu yarışlarda "Torpaq!", "Yaşıl Oba!" hayqırtıları ilə döşək üzərinə çıxacağam. Baban Qoç Koroğlu - Qıratın arxadaşı demişkən, bu gün "leş leşin üstünə qalanmaq gərək".

- Bax, indi inandım andına. Bu yarışmadan da qələbə ilə çıxacağıq! Mükafatın dəyəri 10 milyon dollardır! Bundan sonra bütün bağlı qapılar üzümüzə açılacaq! Simic Ərzaq Komitəsinin istehlak zənbilini zibilliyə tullayacağıq! Heç kəsə borcumuz olmayacaq! Ehtiyacın nə olduğunu bilməyəcəyik! Kef çəkəcəyik, kef!..

Məşqçi Nəsrəddin sözlərinin təsdiqi kimi tozlu papağına şəstlə bir çırtma vurdu.

***

Yarış Amerika qitəsində təşkil olunmuşdu. Canlı yayımları dünyanın yüzlərlə şəhəri qəbul edirdi. Ortada nəqd 10 milyon dollar pul vardı. Başqa nominasiyalardan gələn mükafatları da əlavə etsək, heyrətləndirici rəqəm yaranırdı. Kim? Kim aparacaqdı bu qədər sərvəti? Çempion adı hansı azman iştirakçıya nəsib olacaqdı? Həlledici turun oyunu davam edirdi. Tamaşaçılar gərgin keçən oyunun onuncu raundunu izləyirdilər. Finalda Himar Hoşiyanla Eşato Qaragözlü üz-üzə gəlmişdi. Görüşün son dəqiqələri gedirdi. Hoşiyan xal hesabı ilə irəlidəydi. Vəziyyətin xoşagəlməzliyinə dözməyən məşqçi Nəsrəddin hirsindən özünü yeyib-tökürdü. Deyəsən, Eşatonun nəfəsi tükənirdi. Rəqib çox zırpı idi. Onun zərbələrindən yayınmaq mümkün olmurdu. Bu gedişlə məğlubiyyət qaçılmaz olacaqdı. Rəqibin hücumunu dayandırmağa Nəsrəddin kişinin ovucladığı qara kişmiş də Eşatonun hayına çatmırdı. Daha bir zərbə. Qaragözlünün gözləri qaraldı, başı dumanlandı, dizi üstə çökdü. Hakimin qələbə fitini çalmasına az qalmışdı. Hoşiyan təkəbbürlə meydanda dövrə vurur, həlledici zərbəni endirməyə fürsət axtarırdı.

Birdən sanki möcüzə baş verdi. Eşatonun qulaqlarına Yaşıl Obada basdırılan minaların partlayış səsləri gəldi. Minaların partlayışından zərər çəkən insanların, heyvanların vahiməli fəryadı göylərə bülənd oldu. Elə bu anda Eşato göz qırpımında ayağa qalxdı. Rəqib üzərinə ox kimi süzüb qoşalalaşdırdığı dal ayaqları ilə Himar Hoşiyanın qaşqasına güclü karate zərbəsi endirdi. Eşato Qaragözlünün havada oynayan nallarından elə bil şimşək çaxdı. Rəqibə qalib gəlmək üçün hədəfi düz seçən bu tutarlı və qəzəbli zərbə (bəli, bəli, qəzəbli zərbə) qələbə üçün bəs elədimi? Sonrasını bilmək üçün nüfuzu və reallığı ilə seçilən beynəlxalq şərhçinin sözlərini dinləyək. Tərəfsiz mövqe daha inandırıcı, daha ədalətli olur:

- Zərbə! Bu son zərbədirmi? Döşəyə sərilən Hoşiyan huşunu itirib. Eşatonun şıllaq zərbəsi nokauta, yoxsa nokdauna hesablanacaq? Hakim doqquza qədər saymağa başlayır. Say başa çatana kimi dinləyiciləri və tamaşaçıları məlumatlandırım ki, Yaxın və Orta Şərqin Şıllaq oyunu, Uzaq Şərqin - Çinin və Yaponiyanın Karate oyunu anlamını verir. Bu oyun eşşəklər arasında daha geniş yayılmışdır. Eşato Qaragözlü ilkin rəqiblərini - Qılyanı, Qulyanı, Qəlyanı çox asanlıqla, necə deyərlər, qovrulmuş tum kimi çırtladı. Hərəsinə bir tutarlı şıllaq zərbəsi bəs elədi. Onların arasında ən güclüsü və təcrübəlisi Himar Hoşiyandır. Bağışlayın... Diqqət!.. Diqqət!.. İndicə hakimin son qərarı - son fiti eşidiləcək! Bu fitdən sonra türk müğənnisi Barış Mançonun "Sevimli Eşşək" mahnısı əzəmətlə səslənəcək! Budur, hakimin qələbə fiti səslənir. Döşəyə sərilmiş Himar Hoşiyan hələ də tərpənmir. Eşato Qaragözlü nokautla rəqibinə qalib gəlir! Və "Şılı-Şıllaq" yarışmasının çempionu kimi 10 milyonluq dəyərində mükafatın sahibi olur! Çoxminli salon qaliblə birlikdə onu yarışlara hazırlayan məşqçi Nəsrəddini də alqışlayır. Təbrik edirik! Eşq olsun qaliblərə! Sağ olun! Yeni yarışlarda görüşənədək!

***

İki gündən sonra onlar doğma yurdlarına sarı döndülər. Yaxınları, idman təşkilatları, media yarışma qaliblərini təntənə ilə qarşıladı. Hətta Ərzaq Komitəsi istehlak zənbilində irəliyə doğru bir dəyişiklik etməsə də, təbrik teleqramını əsirgəmədi. Qalırdı 10 milyon dollarlıq pulu ələ gətirmək. Qaydaya görə pul çempionun adına yazılmaqla müvafiq banka köçürüləcəkdi. Yatıra qovuşmaq həyəcanı kasıb Nəsrəddinin yuxusunu ərşə çəkmişdi. Qazanılan varidat Nəsrəddini birdəfəlik kasıblıq zolağından çıxardacaqdı. Tezliklə o, zənginlər zümrəsinə qovuşacaqdı. Adətən arzudan arzu doğduğunu deyirlər. Gerçəklik isə bu fikrə düzəliş verir: pul olan yerdə arzular bəhrəyə çevrilir. Kasıb Nəsrəddin bir-birindən gözəl, bir-birindən cazibəli arzuların qanadlarında dünyanı dörd dolanırdı. Bircə pul tez əldə olunaydı. Görəsən o, bu pullarla necə davranacaqdı? Elə "xozeyin" bu baş mövzuda Eşato ilə söhbət aparırdı. Gərgin keçən yarışlardan sonra Eşato özünü yüngül və qayğısız hiss edirdi. O, sahibinin vurnuxmaqdan içini dağıdan hisslərini duyurdu. Bununla belə, cavab vermək, yanan tamah ocağına bir odun da atmaq əvəzinə sahibinə soyuqqanlıqla qulaq asırdı.

Nəsrəddin:

- Yeni yarışlara dəvət alınana qədər biz öz biznesimizi qurmalıyıq. 10 milyon dollarımız var. Bu günü yatsaq, yuxumuzda da görə bilməzdik. Nədən başlamalıyıq? Mən deyirəm böyük biznesə bank açmaqdan başlayaq. Varidat sənin adına olduğu üçün obyekti "EşatoBank" adlandırsaq, daha məqsədəuyğun olar. Necədir sənin üçün?!

Eşato:

- Minaaxtaran təşkilatın büdcəsi nədən bu qədər zəifdir? Onlar kifayət qədər maliyyə ehtiyatına malik olsaydılar, nə qədər vaxtsız gələn ölümü qabaqlayar, düşmənin niyyətini puça çıxarardılar.

Nəsrəddin:

- Bəlkə dairəvi səyahətdən başlayaq? Avropanı, Amerikanı, Afrikanı, uzaq Avstraliyanı qarış-qarış gəzək, yeyib-içib kefə baxaq?! Bu yaşda hərə öz çinsi ilə eşqbazlıq eləsə, aləm olar, ömür uzanar.

Eşato:

- Niyə donor dövlətlər minaaxtaran təşkilatlara ögey nəzərlə baxırlar? Axı bu təşkilatlar günahsız qurbanların qarşısını almaq niyyətilə fəaliyyət göstərir.

Nəsrəddin arxadaşına suallar yağdırsa da, onun cavablarını eşitmirdi. O, onu düşündürən cazibəli, ecazkar maraqların ağuşundaydı:

- İgidim Eşato, daşınmaz əmlak da gəlirli sahədir. Bəlkə özümüzdə və ya xaricdə, məsələn Dubayda mülk almaq işinə girişək?!

Elə bu vaxt Yaşıl Oba tərəfdən partlayış səsi eşidildi. Yenə mina partlamışdı. Yenə kimsə yaralanmış, kimsə şəhid olmuşdu. Qəzəb və nifrətdən gözləri həlqələnən heyvancığaz əndişə içində insan adlanan sahibinin üzünə baxdı. Anan ölsün, ay Eşato, sahibin səni başa düşənə, anlayana kimi çəkdiyin dərd axırına çıxacaq. Sahib tozlu papağına bir çırtma vurub havanı bulandırdı. Eşato yarıkədərli, yarıqəzəbli bir səslə dilləndi:

- Ey mənim alicənab sahibim, minaaxtaran təşkilatın maddi imkanları bundan sonra...

Nəsrəddin kişi hirslə mətləbdən yayınan arxadaşının sözünü kəsdi:

- Minaaxtaran təşkilat!.. Minaaxtaran təşkilat!.. Çek sənin adınadır. Sən mənə de görüm, üst-üstə bankda nə qədər pulumuz var?

Axır ki, mətləb üstünə gəlindi. Eşato dərindən bir nəfəs alıb saymazyana dedi:

- Bizim heç bir bankda, heç nə qədər pulumuz yoxdur.

Kasıb Nəsrəddin dik atıldı. Sanki onu ilan çalmışdı. Eşitdiyinin dəhşəti o qədər böyük idi ki, qulaqlarına sığışdıra bilmirdi. Yersiz hərəkətinə görə arxadaşını qınadı:

- Dost dostla belə zarafat etməz. Qəfil zərbədən adamın ürəyi partlayar.

Eşato eyni soyuqqanlıqla:

- Qazandığım pulların hamısını ANAMA-nın - minaaxtaran təşkilatın hesabına köçürmüşəm. Bundan sonra günahsız qurbanların, ölümlərin sayı azalacaq. Bir başqası da mənim kimi hərəkət etsəydi, itkilərimiz heçə enərdi.

Nəsrəddin kişi dəli kimi qışqırdı:

- Bu ola bilməz!..

Eşato:

- And içirəm ki, dediklərim doğrudur. Gözləyirdim ki, humanist hərəkətimə görə sən mənim qərarımı alqışlayacaqsan.

Nəsrəddin kişinin qəzəbi getdikcə alovlanırdı. O, sadəlövh heyvanın hərəkətini heç cür başa düşə bilmirdi:

- Sən neylədin?! Sən ağlasığmaz hərəkətinlə parlaq gələcəyimizi məhv etdin! Sən, doğrudan da, heyvansan! Sən əsl eşşəksən! Mən səni cəzalandıracağam!

Hər kəs öz adıyla çağrılır: İnsan insan adıyla, heyvan heyvan adıyla. Adıyla qürur duymaq hər kəsə xoşdur. Eşato da ömür boyu Allahın ona verdiyi adla qürur duymuşdu. Ancaq bu dəfə yox. Bu dəfə sahibinin tələffüzündə, məna vurğusunda adından xəcalət çəkdi. O, hərəkətindən, qərarından təşəkkür gözlədiyi halda, amansızcasına, nadancasına təhqir olunurdu. O, bu təhqirə dözməyəcək, insan adlanana nümunə göstərəcəkdi. Həyatının bahasına olsa belə.

Eşato sahibinin üzünə qınayıcı bir nəzərlə baxdı. Sanki onun insan adını daşıdığına acıyırdı. Birdən kəskin sürətdə üzünü çevirib Yaşıl Obaya tərəf götürüldü. Arxasınca düşən sahib onu geri, geri döndərmək istəyirdi:

- Hara gedirsən? Geri dön! Qarşı tərəf minalı sahədir. Təsadüf nəticəsində həyatını itirə bilərsən! Xahiş edirəm, fikrindən daşın, geri dön!

Eşato qaça-qaça sahibinə cavab verirdi:

- Mən ölümü təsadüfən yox, məqsədli seçmişəm. Həyatımı fəda etməyə qərar vermişəm. Mən özümü fəda etməklə bir düşmən minasını öldürəcək, bir insan həyatını xilas edəcəyəm. Bir heyvan olaraq bu, mənim sizlərə sonuncu xidmətim olacaq.

Bir azdan Yaşıl Oba sahəsində mina partlayışı baş verdi. Eşato ən yaxşı, ən ülvi niyyətlər uğrunda canını fəda etdi. Nəsrəddin kişi bu qeyri-adi ölümü öz gözləri ilə gördü. Partlayış o qədər güclü idi ki, ətrafa səpələnən qəlpənin biri heç vaxt tozu əksilməyən sahibin papağını yaralayıb şikəst etdi. Sahib təəssüflə başını bulayıb dodaqaltı mızıldandı:

- Bədbəxt heyvan!.. Özü canından keçmişdi, ara yerdə mənim papağımı da güdaza verdi, şikəst elədi. Əlacım nədir, gərək gedəm yamaq saldıram...

 

Ədalət.-2014.-1 avqust.-S.4.