YAŞA, EY HAQQ

Romandan səhifələr

 

 (əvvəli ötən şənbə saylarımızda)

- Allah özü köməyi olsun!

...Kabab gəldi. Süfrənin ətrafında cəm oldular. Məmmədəmin əlini uzadıb ilk tikəni göt-ürmək istəyirdi ki, göy şaqqıldadı, nə şaqqıldadı. Elə bil dünya məhvərindən çıxdı.

Bir göz qırpımında elə bil uçdu, töküldü səma; dağlar baş-başa gəldi, meşələr silkələnib qopdu yerindən. İldırımlar çaxdı, sel-su başına aldı hər yanı; dərələr qabardı, qalxdı. Boğuldu, qaraldı günəş. Yaz günü yaralandı sinəsindən. Bilmədilər tufandı, qasırğadı, nədi bu?!

Qorxudan uşaqların gözü böyümüşdü, az qalırdı bağırları yarıla. Qızlar bir-birinə sığınaraq, don vurmuş kimi quruyub yerlərindəcə qalmışdılar. Ümbülbəni Azəri bərk-bərk sinəsinə sıxmışdı. Yanıqlı səsi, yalvarışı ürəklərə od salır, hay-harayı iliyə, sümüyə işləyirdi: "Bu nə işdi biz düşdük? Bu bəla haradan gəldi başımıza? Sən özün dadımıza çat, ay Allah! Körpə balalarımıza yazığın gəlsin, pərvərdigara!"

Rəsul yaralı quş kimi atasının qolları arasında çırpınırdı. "Dünyanın sonu çatıb elə bil?" - Məmmədəminin beynində bu fikir qığılcımlandı. Bircə an, tək bircə an sonra dağların arasından hayqırıb gələn qapqara sel onları süfrə ilə bir yerdə ağzına aldı. Məmmədəmin səsinə nə qədər güc verdisə, səsi çıxmadı. Elə bil boğazı kilidlənmişdi - səsi də, sözü də qandal altında idi. Gözləri baxa-baxa sel uşaqları da, Ümbülbənin də, Məmmədəlini də götürüb aparırdı. Nə qədər əl-qol atsa da, onlara çata bilmirdi; anbaan uzaqlaşırdılar. Getdikcə nəfəsi qaralır, qüvvəsi tükənirdi. Son gücünü, bütün iradəsini toplayıb var səsi ilə sularda qərq olan əzizlərini, doğma-larını harayladı:

- A...zər!!!

- ...

- Rə...sul!!!

- ...

- Lə...ti...fə!!!

- ...

- Xa...li...də!!!

- ...

- Üm...bül...bə...ni!!!

- ...

- Ə...li!!!

Yenə səs çıxmadı, cavab gəlmədi onlardan... Boğazı tıxandı, səsi qırıldı, gözlərinə qaranlıq çökdü. Və dünya zülmətə büründü...

...Əlini gözünün üstündən çəkməyə qorxurdu. Bu qorxu ürəyindən sümüklərinə süzülüb axırdı. Hələ də anışdıra bilmirdi ki, bu yuxudur, yoxsa həqiqət. Beləcə iki hissin arasında çırpı-nırdı: "Kaş uşaqların başında bir iş olmaya".

Səs gəldi. Deyəsən qapı döyülürdü. Dinmədi. Ancaq heç nə də eşitmədi. Ürəyində do-landırdı: "Bəlkə qulağım səsə düşüb?"

- Taq...taq... taq!! - Qapını bir də zərblə vurdudar. Daha şübhə yeri qalmadı, sıçrayıb yataqdan çıxdı. Qapıya sarı gedə-gedə:

- Kimsən? - soruşdu. - Gəlirəm.

Əlini dəstəyə uzadanda bir anlıq dayandı, nəsə tərəddüd elədi. İstədi gələnin kimliyini bir də soruşsun. Ancaq dərinə getmədi. Daha doğrusu, bunu özünə sığışdırmadı. Tərəddüd etməyi səbəbsiz deyildi. Burada ən çox ürək qızdırdığı, sözünü-sirrini gizlətmədiyi, özünə yaxın dost, sirdaş bildiyi adamlardan, daha doğrusu, həmvətənlərdən biri - Əlibəy Hüseynzadə ona dönə-dönə tapşırmışdı: "Ehtiyatlı igidin anası ağlamaz deyiblər. Sən də heç vədə ehtiyatı əldən vermə. Arxanca casus sala bilərlər. Nə çoxdu satqın, anasının əmcəyini kəsən. Çalış bir müddət gözə çox görünmə, özü də hər yetənə ürəyini açma. İndi elə vaxtdır ki, Bakıda, Moskvada hələ əlindən zəncir gəmirirlər. Uzaqda olsan da adın gələndə çoxlarının canına üşütmə düşür. Yaxşı bilirlər Müsavatın lideri, Azərbaycanın vicdan səsi Məmmədəmin Rəsulzadə nə qədər ki, sağdır, susdurulmayıb, onların rahatlığı olmayacaq, onların gözlərinə yuxu getməyəcək. Ona görə də sən özünü həm balaların, həm də Azərbaycan üçün qorumalısan. Bu, sənin Vətən qarşısında borcundur, Əmin bəy!".

Əlibəy Hüseynzadənin sözləri elə bil onu yuxudan ayıltmışdı. Aydınca duyur, hiss eləyirdi ki, hər addımına göz qoyurlar.

Qapını azca aralayıb çölə boylandı. Kandarda palıdı rəngli kürk geymiş bir adam dayan-mışdı. O dəqiqə tanıdı. - İllərdən bəri İstanbul universitetində dərs deyən İsmayıl müəllim idi. Aralarında dərin xətir-hörmət vardı. Bir-birinin qədir-qiymətini yaxşı bilirdilər.

Elə qapının ağzındaca çox mehribanlıqla, ürək genişliyi ilə əl tutub görüşdülər. Bir az na-rahat və narazı görünürdü İsmayıl.

- Gözə dəymirsiz, Əmin bəy? Siz sarıdan nigaran qalmışdım. İki-üç dəfə redaksiyaya getmişəm. Heç kəs səhih söz deyə bilmədi.

- Üstünə yüngüllük, nasazlamışam.

- İndi necəsiniz?

- Deyəsən, yavaş-yavaş düzəlirəm.

- Allahın köməyilə yaxşı olarsınız. Ancaq bir az özünüzə də fikir ferin.

- Görək də...

Məmmədəmin ev sahibi kimi əl-ayağa düşdü. Sobaya odun atdı, çay qoydu. İsmayıl üzrxahlıq elədi. Ürəyində isə özünü danladı: "Tək adamdır. Gəldim, əziyyət verdim. Gərək uşaqlardan birini göndərəydim". Tezcə də fikrini döndərdi: "Yox, bu yaxşı düşməzdi. Əmin bəy dağdan ağır insandır. Borcumdur ki, onun yanına mən özüm gəlim".

Ordan-burdan söhbət saldılar, tanış-bilişi soruşdular. Məmmədəmin hiss eləyirdi ki, İsmayıl bir ayağını qaçaraq qoyub; nəsə deyib getmək istəyir.

- İsmayıl müəllim, bəlkə mənə bir sözün-sovun var? - deyə soruşdu.

- İstəyirəm bu axşam bir zəhmət çəkib biz tərəflərə təşrif buyurasınız.

- Xeyirdirmi?

- Balaca yığışmaq istəyirik.

- Nə münasibətlə?

- Sabah İstanbulla vidalaşırıq. - İsmayılın səsi titrəyən kimi oldu. - Ona görə də fikir-ləşdim ki, bir dərdləşək.

- Deməli, gedirsiniz...

- Əmin bəy, başqa yolumuz yoxdur, getməliyik! - İsmayıl köksünü ötürdü. - Biz özümüz heç... Uşaqlar dözə bilmirlər. Axşam-səhər "Bakı" deyib dad eləyirlər. Evi yıxılsın qürbətin! Onun sarayından vətəndə qəbir daha gözəldir.

- Bəs nə bilmisən vətəni, qardaş! Əbəs demirlər ki, vətənə gəldim, imana gəldim.

- Adam hər dərdə, möhnətə dözə bilərmiş, bircə vətən həsrətindən savayı.

- Səni qorxutmaq istəmirəm, - Məmmədəminin nigaran baxışları onun üzündə gəzdi. - Oralarda vəziyyət o qədər də yaxşı deyil. Hələ də tuthatut, damlahadamladır. Belə getsə, millətin axırına çıxacaqlar, bu qırmızı imperiyanın nökərləri.

- Bilirəm, Əmin bəy, bilirəm!

- Bilirsən, bəs, onda...

- Başqa çarəm, çıxış yolum yoxdur, - İsmayıl az qaldı uşaq kimi hönkürüb ağlasın. - Məni də, arvad-uşağı da qazamata bassalar, tikə-tikə eləsələr belə,gedəcəyəm!

- Sənə yaxşı yol, qardaş! - Məmmədəmin də kövrəldi, qəhər boğdu onu. - Sağ-salamat gedib çatasan! Vətənə bizdən də salam yetirərsən.

- Hökmən, Əmin bəy, hökmən! - dedi İsmayıl. - Allah qoysa, tezliklə sizi də Bakıda qarşılayarıq. Gün o gün olsun ki...

Məmmədəminin dodaqlarında acı bir təbəssüm gəzdi.

- Belə görürəm ki, mənim Bakı ilə görüşüm uzun çəkəcək, çox uzun...

- Elə deməyin, Əmin bəy...

- Desəm də, deməsəm də belədir, qardaş! - Baxışları dondu, şüşələndi. - Bakının yol-ları mənim üzümə elə bağlanmayıb ki!..

- Ümidimizi ovxarlayaq, - dedi İsmayıl. - Dünyanı yenən də, yaşadan da ümiddir. Gö-rək gələcək nə göstərir.

Məmmədəmin heç nə demədi. Deyəsən, fikri başqa yerdə idi. İsmayıl əllərini ovuşdura-ovuşdura:

- İcazənizlə mən gedim, - dedi.

- Nə tələsirsən belə?

- Dükan-bazara dəyməliyəm. Görüm qohum-əqrəbaya pay-puş üçün nə tapıram.

- Hə, lazımdır, gedəndə əlinə baxacaqlar.

- Demək danışdıq, Əmin bəy...

- Gələrəm, hökmən! - Məmmədəmin onu arxayın etdi.

İsmayıl qapıdan çıxarkən dedi:

- Ancaq bir şərtim var.

İsmayıl duruxdu.

- Ürəyinə başqa şey gəlməsin. - Məmmədəmin əlini dostunun çiyninə qoydu. - Qo-naqlığa gələcəyəm, ancaq limana, sizi ötürməyə yox.

- Buna mən heç özüm də qıymaram, Əmin bəy. Nə üçün əziyyət çəkəsiniz?

- Bunun harası əziyyətdir? Ancaq istəmirəm ki, bizi bir yerdə görsünlər, görsələr, orada səni incidərlər. İstanbulu qırmızıların xəbərçiləri, casusları, terrorçuları başına alıb. Özün də mənim vəziyyətimi bilirsən.

- Bilirəm, Əmin bəy, yaxşı bilirəm.

Bir-birlərinə:

- Axşamacan! - deyib, ayrıldılar.

İsmayıl döngədə gözdən itincəyə qədər Məmmədəmin onun ardınca baxdı. Elə belə yavaş-yavaş ürəyini çən-duman aldı, qəm-qüssə bürüdü. Və tək qaldı, tənhalaşdı. İçində yanıqlı bir istək gəzirdi: "Görəsən, belə bir gün mənə də qismət olacaqmı? Mən də İsmayıl kimi Vətənə üz tuta biləcəyəmmi?"

Pəncərədən boylandı. Evin qabağındakı armud ağacının budaqlarına qonmuş qara qarğalar qanad vurub qarıldaşırdı...

 

* * *

O, dost-tanış, qohum-əqrəba arasında qaynar təbiətli, coşğun ruhlu, dönməz-əyilməz bir insan kimi tanınırdı. Hərdən çox adi, kiçik bir hadisədən, mübahisədən, yarpaq titrəyişindən belə təsirlənib riqqətə gəlir, məhvərindən, məcrasından çıxıb sahillərinə sığmırdı; hərdən də nəyisə ürəyinə salıb, özünə dərd eləyirdi. Belə anlarda don vurmuş bənövşə kimi qaralırdı. Təzadlı iki qütb arasında beləcə ömür eləyir, taleyin ona bəxş etdiyi ayları, illəri sayırdı. Dostları əbəs yerə demirdilər: "Məmmədəmin ürəkdən qəm, havadan nəm çəkir".

İsmayılın qəfil, gözlənilməz gəlişi onu nə qədər sevindirib kövrəltmişdisə, gedişi də bir o qədər qəhərləndirib məyus eləmişdi.

Bayır qar, içəri dar... Bir yandan da can ağrısı... Düşüncələri durub-dincəlmir, gah durulur, gah da onu çəkib hara isə aparırdı. Nə qədər fikirləşsə də bir yana çıxa bilmirdi. Çöldə-bayırda olanda, dost-tanışın əhatəsinə düşəndə başı işə-gücə, sönüb-səngimək bilməyən qızğın söhbətlərə, yerli-yersiz mübahisələrə qarışır, bir qayğıdan üzülüb başqa qayğıya qoşulurdu. Bəzən də uzaqlarda qalmış əlçatmaz, ünyetməz günlərin xəyalı, ürəkdə yuvalanan şirin xatirələri onu qanadına alıb üzü vətənə sarı uçurdu.

Bütün bunlar Məmmədəminə hərdən çox şeyi unutdururdu; günün necə gəlib, necə keç-diyini, axşamın necə düşdüyünü hiss eləmirdi. Daha doğrusu, bunların heç fərqinə varmırdı. Vaxt özü də sağından, solundan hiss olunmadan axıb gedirdi...

Evdən bayıra ayaq qoymadığı bu üç gün ona üç qərinədən uzun gəlmişdi: cəhənnəm əzabı çəkmişdi bu üç gündə. Elə bil divarlar üstünə yeriyirdi. Deyirdin, ürəyi qəfəsə salınmış quşdur, çırpınır - azadəliyə, asudəliyə can atırdı: "Adam üçcə gün də belə qalsa, ürəyi partlayar. Təklik yaman dərdmiş! Bakıda, "Osobı otdel"imn podvalında həftələrlə işgəncə çəkəndə hər an, hər saat ölüm hökmü gözləyəndə nədənsə heç bu qədər darıxmırdım. Bilirdim ki, Bakının havası ilə nəfəs alıram, əlimi uzatsam, evimə, uşaqlarıma, qohum-əqrəbaya çatar. Düşünürdüm ki, başıma bir iş gəlsə, ömrüm qırılsa, doğma torpaqdan uzaq düşməyəcəyəm, ona qarışıb, ona qovuşacağam...

Bir də o vaxt bilirdim ki, yanımda nəfəs var, Abbasqulu mənimlədir. Çətin anlarımda, nə-fəsim darıxanda başımın üstündən çəkilmirdi. Onun necə geniş, dözümlü, dəyanətli ürəyi varmış! Yaxşı deyiblər ki, adamı yolda, səfərdə tanıyarlar.

Uzun illər boyu, dostluq, yoldaşlıq eləsək də, "Müsavat"ı bir yerdə qurub-tiksək də, sözümüz çəp gələndə aralanıb, bir-birimizdən gen gəzdiyimiz vaxtlar da olmuşdu. Neyləyəsən, həyatdır, insanın xislətini əlindən almaq olmaz ki!

Bolşevik istilasından sonra görəndə ki, ölüm arxamızca düşüb, qarabaqara, addımbaaddım bizi izləyir, canımızı götürüb Bakıdan çıxanda, Lahıca pənah aparanda Abbasqulu yolda nə fə-dakarlıq qaldı eləməsin?! Bəlkə də şəhərdən mənimlə birgə çıxmasaydı, sağ qalmazdım. Anası tək doğub onu, əvəzi yoxdu. Sözünün əvvəli-axırı bu idi: "Əmin bəy, bir firqə yoldaşı kimi bu-rada sənin həyatına mən cavabdehəm. Odur ki, gərək söz mənim ola. Bakıda sən deyəni mən eşidirdim. İndi də mən deyəni sən eşitməlisən. Qürur öz yerində, ancaq əsas candır. Burada ikimiz də bir adam kimi olmalıyıq, ikimiz də Məmmədəmin Rəsulzadəni, Azərbaycan istiqlalının ümidini, gələcəyini, günəşini sönməyə qoymamalıyıq!"

Elə sözlər tapıb deyirdi ki, adam varından yox olurdu. Təbi gələndə şer deməyi də vardı. Qılığa girməkdə, adamı ram etməkdə ona heç kəs çatmazdı. Şirin dilini işə salanda ilanı yuva-sından çıxarar, əli qılınclı Əzrayılı yolundan döndərərdi.

Gecə-gündüz öz-özümə, taleyimə qibtə eləyirdim ki, nə yaxşı, Abbasqulu kimi bir dostum var, nə yaxşı, bu çətin gündə, dar ayaqda yanımdadır.

 

(ardı var)

 

Nahid HACIZADƏ

Ədalət.-2014.-2 avqust.-S.6.