"SUNAMİ"
Müzahim İsmayılzadənin yeni kitabı
Azərbaycan oxucusu son illərin yazı mövzusu olan torpaq işğalı, qaçqınlıq, milli münaqişə, terror barədə bir-birindən maraqlı, bədii, sənədli, hətta tarixi kitablar mütaliə edib və bu kitabların sırası getdikcə daha çox tirajlanır. Təbii ki, bu həm zamanın tələbidi, yəni yaşadığımız dövr, içərisində olduğumuz hadisələr hər bir söz adamını öz istedadının, qələminin gücü daxilində ortaya qoymağa sövq edir. Bax, bu mənada özünün bir-birindən maraqlı publisist yazıları və bədii əsərləri ilə diqqəti çəkən Müzahim İsmayılzadə özünün bugünlərdə işıq üzü görmüş "Sunami" adlı roman və hekayələr kitabını da oxuculara təqdim edərkən günümüzün ağrılı mözusunu qabardıb onu oxucunun masasına gətiribdi.
Öncədən deyim ki, yüksək poliqrafik nəşr məhsulu olan və kifayət qədər də tərtibat baxımından oxucunu özünə çəkən bu kitab elə ilk səhifəsindən başlayaraq maraqla oxunur. İstər müəllifin bir növü oxucu ilə ünsiyyət qurmaq üçün yazdığı "Bu mənəm - Müzahim İsmayılzadə" adlı tanışlığı, istərsə də son dərəcə kövrək duyğuları ifadə edən "İrəvanda xal qalmadı" adlı publisist qeydlər "Sunnami" romanını oxumaq üçün əsl ip ucudu. Çünki həmin auradan çox rahatlıqla romana keçmək mümkündür.
Əvvəldə də xatırlatdığım kimi, romanın əsas mövzusu azərbaycanlı və erməni vətəndaşların sovet dönəmindəki birgə yaşışları və bu həyatın içərisində baş verən ayrı-ayrı detallardı. O detallar ki, bunu həmin dövrü yaşamış hər bir Azərbaycan insanı normal qəbul edib, hətta iştirakçısına və şahidinə də çevrilib. Yəni istər kirvəlik münasibətləri, istər qonşuluq, istər bir-birinə müəyyən mənada güvənmək, hətta güzəştlər etmək kimi hallar həmin o sovet dbnəminin qardaşlıq ailəsində bir həyat gerçəkliyi idi. Müzahim müəllim də məhz bu gerçəkliklərin ayrı-ayrı detallarını çox ustalıqla bir-birinə elə qaynaq edibdi ki, hadisələr və yazıçı dili öz axarı ilə davam edir. Nə oxucu yorulur, nə də oxucuda təqdim olunan hadisələr şübhə yeri qalmır.
Yeri gəlmişkən, burada romanın adı ilə bağlı bir fikri söyləmək də istəyirəm. Təbii ki, sunaminin nə olduğu hər kəsə məlumdur. Bu təbiət hadisəsini cəmiyyət hadisəsi ilə eyniləşdirmək və erməni işğalının addım-addım bu sunamiyə çevrilməsini çığır-bağırsız, sakit bir şəkildə oxucuya təqdim etmək mənə elə gəlir ki, müəllifin uğurudur. Ən xırda münaqişələrin bir-biri ilə bağlılığı və həmin o əyalətlərdən başlayan, sonra ermənilərin qədim torpaqlarımızda - Göyçədə, İrəvanda törətdikləri qaçqınlığın, köçkünlüyün başlanması, bu hadisələrin şəhər və rayonlarına təsiri, orada başlanan mitinqlər və digər detallar bizim şahidi olduğumuz böyük bir prosesin mənzərəsidir. Bax, həmin mənzərə demək olar ki, müəllifin peşəkar qələmi ilə romana çevrilib.
Mən bu romanda şahidi olduğum və mənə təsir edən bir çox məqamları öz həyatımda da izlədiyimdən onları bir oxucu duyumu ilə qəbul edir və özümü həmin hadisələrin bir növü yanında görürəm. Bütövlükdə isə Müzahim İsmayılzadənin "Sunami" romanı bədii ədəbiyyat nümunəsi kimi məndə çox xoş və bir az da nostalji hisslər oyatdı. Görünür, bu da həmin o dövrün biz nəslin yaddaşında, həyatında vurduğu naxışlardan qaynaqlanır. Bütövlükdə isə romandakı obrazlar, xüsusilə kirvələrin bir-birinə olan yanaşması, bir-birinə əl tutması, uşağın yaşaması üçün ona erməninin ad qoyması, mehriban gediş-gəliş, qonaqlıqlar, amma bunun arxasındakı erməni məkrləri, bir sözlə, tamah hissi, hərislik, bəzən milli marağı nəzərə almamaq, öz mənafeyini önə çəkmək... bütün bunlar hamısı romanı oxuduqca özü-özlüyündə bəlli olur.
Mənə elə gəlir ki, dəyərli həmkarım, qələm dostum Müzahim İsmayılzadənin digər əsərləri kimi, bu romanı da oxucular tərəfindən maraqla qarşılanacaq. Xüsusilə yurd-yuva nisgili yaşayan, torpaq həsrəti çəkən oxucular bu romanı oxuduqca təzələnən xatirələrin işığında yurda dönüş inamını daha da möhkəmləndirəcəklər.
Bir oxucu olaraq bu uğurlu əsərə görə, Müzahim İsmayılzadəni təbrik edir, ömrünün uğurlu sunamilərinin zəngin olmasını arzulayıram.
Əbülfət
MƏDƏTOĞLU
ədalət.-2014.-5 avqust.-S.4.