ƏNƏNƏVİ ŞEİRİN QEYRİ-ƏNƏNƏVİ SƏCİYYƏSİ

 

Çağdaş şeirimizin bu gün "ən bərk gedən", işlək qollarından biri sözsüz, ədəbiyyatımıza çoxdan pasport almış ənənəvi hecadır. Təəssüf ki, bu gün onlarla, yüzlərlə (bəlkə də minlərlə - müəllif) əlinə qələm götürüb şeir yazanların əksəriyyəti elə başa düşür, heca vəznində söz qoşmaq, söz düzmək olduqca asandır. Ancaq unudurlar ki, heca vəznində babat nəsə quraşdırmaq mümkündür, az-çox ədəbi təcrübəsi, istedadı olan şəxslər bunu bacararlar, onun isə yaxşı şeir nümunəsi olması hələ şübhə doğurar. Çünki gərək imzan seçilə, yəni dediyimiz onların, yüzlərin, minlərin içindən fərqlənəsən, say artırmayasan...

Qədim Naxçıvan torpağında yazıb-yaradan şair qardaşımız Əbülfəz Ülvi də qələm götürəndən, necə deyərlər, böyük sözün sehrinə düşəndən özünü əsasən dosdoğma heca şeirində sınamağa başlayıb. Necə eləyəsən ki, başqalarını təkrar eləməyəsən, onlara oxşamayasan? Bu sual onu bərk düşündürüb, qarşısında isə şəxsən tanış olduğu, sevib-seçdiyi müasir klassiklərin say-seçmə kitabları - Bəxtiyar Vahabzadənin, Nəbi Xəzrinin, Əli Kərimin, Məmməd Arazın, Hüseyn Arifin, Söhrab Tahirinonlarla başqa ustad sənətkarların. Əbülfəz utana-utana, çəkinə-çəkinə, ürkə-ürkə oxuyub-öyrənib və öz sözünü axtarıb tapana qədər dalınca düşüb, sonra dərgilərin, qəzetlərin qapılarını döyüb. Könül çırpıntılarını təcrübəli, peşəkar həmkarlarına göstərib. Bəh-bəh deyənlər də olub, xəbislikdən şeirlərin üstündən sükutla keçənlər də. O, isə təmkinlə həmişə səviyyə gözləyib, vaxtını, məqamını gözləyib, birsözün min bir əzabına dözüb.

Bu gün Əbülfəz Ülvi imzasını ədəbiyyatımızda təsdiq eləmiş istedadlı qələm sahiblərimizdən biridir. Şeirlərindən təkcə qocaman, bənzərsiz Naxçıvan torpağının duzu-ətri deyil, bütövlükdə Azərbaycan torpağının rayihəsi gəlir. Sanki şairin əsərlərinin ruhuna doğulduğu yerin dadı, şəhdi-şirəsi, ab-havanın xumar məstliyi və təmizliyi, suların sərinliyi və dərinliyi, gülşən çöllərin yovşan, kəkotu qoxusu hopub. Şairin "Naxçıvan" şeirinin iki bəndinə diqqət yetirək:

 

...Badamlın, Sirabın məlhəmə dönür,

Şöhrət qazanmısan öz bağlarınla.

O qədər uzundur qoynunda ömür,

Az qalır yarışa duz dağlarınla.

 

Nuhun adınadır adın, Naxçıvan,

Batabat güc alır mehrin selindən.

Sən demə, hüsnünə vurulduğundan,

Araz kəmər olub, düşmür belindən.

 

Şeir axtarışdır və müəyyən mənada da kəşfdir. Yalnız istedadlı, vaxtın, gecə-gündüzün fərqini hiss eləməyən talantlar hər köhnə sözü yenidən "kəşf" edir, öz ifalarında ona yeni rəng verir, duyğu-düşüncə süzgəcindən keçirir, yaxşı nümunə ortaya qoya bilirlər. Əbülfəzin "Naxçıvan" poetik mətnində kifayət qədər özünəməxsusluq, təzə deyim tərzi var və qədim Əcəmi torpağı barədə yüzlərlə şeir-nəğmə yazılsa da, onun da əsəri yaddaqalandır. Bu yerdə dahi alman şairi (XX əsr) Rayner Rilkerin məşhur sözlərini xatırlamaq yerinə düşər: "Yazmadan yaşaya biləcəyini düşünürsənsə, yazma".

Gözəl şair Balayar Sadiqin redaktorluğu ilə işıq üzü görən "Məni sənsizliyə öyrətmə" kitabı Əbülfəz Ülvinin sayca neçənci kitabıdır, unutmuşam. Əlbəttə, heç məsələni o say çoxluğunda da axtarmaq düzgün deyil, əsas kəmiyyət deyil, keyfiyyətdir. Şairin bu yeni poetik toplusunu açırsan, düzüm-düzüm misralar, bənd-bənd parçalar fikrinə, xəyalına o saatca hakim olur, səni əlçatmazlığa, qeyri-adi aləmə səsləyir, çəkib aparır. Bəli, elə yaxşı poeziyanın gücü də, qüdrəti də budur.

 

Birisi xeyirə aparır pənah,

Birisi üz tutur şər gedən yola.

Yol yoldur, qəribə odur ki, Allah,

Yolçular tapılır hər gedən yola.

 

Bu təsirli misralar haqqında söz açdığımız kitabın yeddinci səhifəsini bəzəyən "Bu yolla" şeirindən götürülüb. Səriştəli ədəbiyyat adamına da, zövqlü oxucuya da bəllidir ki, yol-cığır barədə yazılan bütün əsərlərin sayı-hesabı bilinmir, bəlkə elə dünyadakı yollar, cığırlar qədərdir. Əbülfəz haqlı olaraq kitabının üz qabığında, əvvəlində tərcümeyi-halını verməyib. Əvəzində "Yollar" adlı şeirini toplunun arxa hissəsində yerləşdirməyi məsləhət bilib. Doğru qərar, doğru seçimdir. Əsl şairin avtobioqrafiyası elə yazıb ortaya qoyduqlarıdır, nəinki hamıya bəlli tərcümeyi-halı. Yol simvolik məna-məzmun kəsb edir hiss olunur ki, şairin tutduğu yol-əqidə yolu, məslək yolu, vətəndaşlıq yoludur, söhbət heç tozlu-tozanaqlı, dağların belinə dolanan, uzaq-uzaq ünvanlara çıxıb gedən adi yoldan getmir.

Əbülfəz Ülvinin "Məni sənsizliyə öyrətmə"sində yaxşı şeir nümunələri çoxdur: "İki gül balanı bağrına verib", "İndi", "Səni", "Çəkir", "Bürünüb", "Qorxuram", "Sahibsiz itlər", "Düşməsin", "Xoşbəxtliyin qafiyəsi", "Seçib", "Qəlb orderi", "Bəlkə səkkizinci notdur", "Qızdırır", "Qədər", "Atdım", "Gedir", "Evinə", "Əsgər ocağı", "Bənövşə olsaydım", "Dağlar düşünürdü", "Var", "Torpağı öpdüm", "Yetim olarmış", "Dadır", "Ömrü", "Çıxıb", "Bundan belə" s. Adlarını çəkdiyim çəkmədiyim nümunələrdə şair sözlərdən düzgün istifadə edir, onları yerli-yerində işlədir, bənzətmə metaforaları başqalarının təsirindən yaranmayıb, yalnız olsa-olsa misra bəndlərdə ümumi Azərbaycan heca şeirinin ruhunu duymaq olar.

Dünya böyük, dərdi-səri çox. Gələn peşimandı, gedən . Çünki bu gen dünyada iki qüvvə həmişə qarşı-qarşıyadı; xeyirlə şər, haqla nahaqq, ədalətlə ədalətsizlik. Vaxtilə ustad Məmməd Araz bu natarazlığı qamçılayır, ürək ağrısı ilə yazırdı: "Dünya düzəlmir ki, düzəlmir, baba". başqa bir şeirində "Dünya sənin, dünya mənim, dünya heç kimin" qənaətinə gəlirdi. Əbülfəzin isə öz qənaətinə görə, "haqsızlar can atır qaşıya haqqı" dırnaqarası "haqlı qətnamələr, qərarlar çıxır, yenə yedirirlər naşıya haqqı". Düzdür, atalar "haqq nazilər, üzülməz" söyləyib, hər tərəfdə isə "üstündən su içir haqqı yeyənlər". Şair "Haqqı" şeirində xalqımızın Qarabağ düyününü qabardır, sonda bu ictimai motivə əlvan poetik don biçir:

 

Ülvi, bir sual ver, "həmsədr bəyə",

Qoy özü düz desin, gəlsin düz rəyə.

O haqq qoruyursa - üçün, niyə -

Göndərə bilmirik Şuşaya haqqı?

 

Vətən torpağının allı-güllü təbiəti, quşqonmaz ucalıqları, yurd həsrətinin doğurduğu ovqat, dost-qardaş sevgisi, çılğın məhəbbət-eşq notları, dəli-dolu istək, vurğunluq Əbülfəz Ülvinin bütün şeirlərinin ana xəttidir. Bu mənada "Yaranıb" gəraylısı xarakterikdir:

Pak gözündə tük axtarma,

Öz gözündə tir yaranıb.

Eşq yolunu dik axtarma,

Eşq yolunda pir yaranıb.

 

Mövzunu gərək şair yaşaya bilə ki, sonra ürəyindən, hiss duyğularından keçirə-keçirə qələmə ala bilsin. Söylədiyimiz kimi, Əbülfəz Ülvinin yeni poetik toplusunda xeyli maraqlı məhəbbət şeirləri toplanıb. Həmin ədəbi yazıların əksəriyyəti səmimi təsir bağışlayır, oxucuya nəsə deyir. Bəzən isə şair ustalıqla allestrasiya yaradır bu söz oyunu oxucuya təbii gəlir. "Məni" qoşmasında bir bəndə nəzər yetirək:

 

Qar verməz qərarı düzünə çəksən,

Söz olmaz həyanı sözünə çəksən.

Sən özün özünü özünə çəksən,

Ölə, çəkə bilməz sərvət, mal məni.

 

Bu bənddə "q" "z" samitlərinin düzülüşü qəribə harmoniya, oynaq musiqi ritmi yaradıb. Həm fikir var, hikmət var, həm gözəl forma axtarışı bəhrəsini verib. Şeirin sonu daha gözlənilməzdir:

 

Ülviyəm, qəlbimi sıxa bilərlər,

Dən olub saçıma çıxa bilərlər.

Bəlkə nədə isə yıxa bilərlər,

Eşqdə yıxa bilməz Rüstəm Zal məni.

 

Əbülfəz Ülvinin şeirlərində diqqətimi bəlkə cəlb eləyən ən qabarıq cəhət fikrin dolayısı ilə deyil, yığcam şəkildə birbaşa ifadəsidir. "Mehrinlə silkələ", "Amma", "Yavər dayı", "Olmaya", "Yoxdur", "O boyda sevgi", "Axtarıram", "Axır ki", "Deyiləndə", "Tək dərd onda deyil" "dediklərimizə konkret sübutdur. Müəllif haqlı olaraq, "Xəbər səd-sərhədi aşa bilməsə, daha o xəbərdən xəbər olar?" ("Tək dərd onda deyil") poetik sualın cavabını özü xırdalayır, "Həsrətin sultanı, xanı olmaram, vüsal dəmlərinə etsən qul məni" ("Axır ki"). Bu özünüqurbanlıq, özünüfəda təsadüfdən doğmur, ortada sədaqətin, etibarın, etirafın təsdiqinə içilən anddır, çəkilən qoldur. Bir lirik qəhrəmanın, vəfa aşiqinin ürək səsidir, qəlb harayıdır, söz-söz, kəlmə-kəlmə misralara çevrilib.

P.S. Yayın bu qorabişirən avqustunda Nobel mükafatçısı Qabriel Qarsia Markesin "Anlatmaq üçün yaşamaq" avtobioqrafik xatirələr romanını ağır-ağır oxuyurdum. Onu da bildirim ki, gənc yazar Turanın tərcüməsində əsər uğurlu alınıb. Ancaq roman romandı, şeir şeir. Bu mənada Əbülfəz Ülvinin poeziya buketini romanı tamamlamamış mütaliə elədim xeyli yüngülləşdim, zövq duydum yenidən Markesin unudulmaz xatirələrinə döndüm.

 

Ağacəfər Həsənli

Ədalət.-2014.-6 avqust.-S.4.