ŞƏHİDİN
SON ARZUSU: "ATAM NARAHAT OLMASIN..."
Bu
yazını müstəqilliyimiz, Vətən torpaqları
uğrunda
Şəhid
olan bütün Vətən oğullarına həsr edirəm
Dünyanın
çox az yerində şəhidlərə
dəniz layla çalar. Bizim Xəzər dənizi
şəhidlərimizə layla çalır.
Sumqayıtda, həm də Bakıda Şəhidlər
Xiyabanları Xəzərlə üz-üzədir:
Laylay beşiyim laylay
Evim-eşiyim laylay!
Sən get şirin yuxuya,
Çəkim keşiyin laylay!!
Vətənin
keşiyini çəkməyə gedənlərə, indi
laylanı ağ saçlı Xəzərim,
bir də anaları, sevənləri çalırlar.
Sumqayıtın 300-dən çox şəhidi var.
1992-ci ildən başlayan qanlı Vətən müharibələrində
canlarından keçdilər. Sonuncu sınaq
döyüşlərində daha bir şəhidi də
artdı Sumqayıtın. Ötən atəşkəs
dövründə müharibə bölgələrində qəfil
və ya nagahan düşmən gülləsindən ölən
şəhidlərimizə verilən dəyər son aylarda təəsəlli
yeri oldu. İndi cəbhə bölgəsində
fəda olan əsgərlərimiz sayqı ilə, hərbi
qaydalara uyğun torpağa tapşırılır.
...Dünyada
ən ağır görüş balasını itirmiş ata
və ana ilə olan görüşdür. Elə
bilirsən ki, səndə də günah var. İtkisi olan
qapıya yaxınlaşanda ürəyini ələk-vələk
edirsən ki, bu acı yükü çəkənlərə
təssəlli olan bir söz tapılarmı?! O yük
çəkilməz, o ağrının adı olmaz. O
yükün altına çiyin verən valideynlər ikiqat qəhrəmandırlar.
Nağıllarımızda, dastanlarımızda,
tariximizdə igid doğan anaların oğullarının
döyüşdə həlak olmasından sonra şax
dayandığını, sınmadığını
oxumuşduq.
Bu gün o analardan biri ilə tanış
oldum. Solmaz Abdinova. İki gün öncə Vətən
torpaqları uğrinda qəhrəmanlıqla həlak
olmuş, Azərbaycan Respublikasının "İgidliyə
görə 3-cü dərəcəli medalı" ilə təltif
olunmuş Hüseyn Etibar oğlu Abdinovun gənc anasını
tanıdım. Tomris ana kimi dayandı.
Canında təpər tapdı, evinə gələn-gedənləri,
başsağlığı verənləri mərdanə, mətanətlə
qarşıladı. Sonra mənimlə
söhbətə başladı. Hərdənbir oğlu
haqqında xatirələrini danışanda gülümsədi
də...
Aman amana
qaldı,
Halım yamana qaldı.
Bala, səni
görməyim,
Axır zamana qaldı.
1995-ci il aprelin 10-da dünyaya gəlmişdi. Onda atəşkəsdən
1 il ötməmişdi. O zaman balaca
Hüseyn heç bilmirdi ki, Azərbaycan müharibə şəraitində
yaşayır. Bütün kasıb ailələr
kimi qismətləri, nəsibləri bir qarınlıq
çörək idi. Ölkənin hər
yerində çətinlik var idi. Atası
dəmir yolunda fəhləlik edir, axşam süfrəsinə
gətirdiyi tikəsinə
"şükrançılıq" deyirdi.
"Stansiya Sumqayıt" - deyilən yaşayış massivindəki
əksər sumqayıtlılar kimi
kasıbçılığın köçünü
sürüdülər. Əslində babası
Hüseynin (Hüseynə babasının adını veriblər)
7 oğlu, qızı var idi. Etibar isə
kasıbçılıq ucbatından iki uşaqla kifayətlənmişdi.
Elə o müharibə illərindən bu günə qədər
əhalinin çoxsu kasıbçılıqdan 1,2,3 uşaqla kifayətlənməli oldular.
Ədabazlar, farmazonlar əziyyət çəkməməkçün
az uşaq istədilərsə, kasıblar
yoxluqdan çox uşaq istəmədilər ki, kiçik
maaşla necə dolanacaqlar?!
...Gün
batmışdı deyə, məclisə gəlib gedənin
ayağı kəsildiyindən Hüseyn haqqında xatirə
danışanlar qohum-əqrəba, bibi-xalalar, bibiqızı,
dayıqızı, əmioğlanları oldular.
Bibisi
qızı Ülkər dil-boğaza qoymadı ki... Hüseynin cikini-biçini açıb
tökdü. Gizli sevgisindən
danışdı. Kasıbçılıqdan
Hüseyn 9-cu sinifdən sonra məktəbə az-az
gedirmiş. Məktəbə getmədiyi hər
günü ata-anasına kömək etmək, 5 manat artıq
pul qazanmaq üçün fürsət idi. Məktəbə
az getsə də, gözü, könlü
eyni sinifdə oxuduğu mavigözlü, sarışın
gözəli tutubmuş. (Milli adət-ənənlərimizə
hörmət əlaməti olaraq sevdiyi qızın
adını yazmayacağam - müəllif). Hələ uşaq yaşlarından ondan qabaq
sırada oturan sarışın qızı cırnadar,
hörüklərini dartar, ya çantasına məktub qoyar,
ya da ki, onunla bir sinifdə oxuyan bibisi qızı Ülkərlə
xəbərlər göndərərdi. Əvvəl
sinif uşaqları elə bilirdilər ki, ötüb keçər...
lakin aylar-illər ötdükcə Hüseyn qıza daha da
çox bağlanırdı. Hətta 9-cu
sinifdə oxuyanda, işləyib qazandığı pulla
bayramların birində ona qızıl boyunluq da hədiyyə
etmişdi. Güc-bəla ilə Ülkər
bu hədiyyəni qardaşının sevdiyi qıza verə
bilmişdi. Əsgər gedəndə də Ülkərə
tapşırmışdı ki, qıza denən məni
gözləsin... bəlkə qayıtdım... Ülkər
də qızdan dil almışdı. Qız
qayıdıb Ülkərə nə desə
yaxşıdır?! "Anam bilsə, məni
öldürərər, ancaq denən ki, mən də onu bir
balaca istəyirəm..." Beləcə qəlbində bir
sevgi ümidi ilə getmişdi cəbhəyə bu balaca,
çəlimsiz oğlan... Bu faciəni eşidən
o mavigözlü, sarısaçlı qız neçə
gündür ki, Tomris ana kimi müqəddəs Solmaz ananın
yanına gəlmək istəyir, lakin yarasının
közünü qoparmağa ürək eləmir.
Qızcığaz neçə gecədir ki, yerinin içində
qovrulur, səhərləri dir gözlə açır... Çoxda kı, Solmaz xanım deyir ki, "Vətən
sağ olsun!!! - hələ ki,
yarası qaysaqlanmayıb, hələ ki, baş verənlərin
fərqində deyil, hələ ki, havalıdır, hələ
göynərtisi bundan sonra göynədəcək, hələ
gəzdiyi, ayağı dəydiyi yerlər bundan sonra
yandıracaq qəlbini...
Mən aşiq göyəm yerlər,
Göyərmiş göyəm
yerlər.
Mənə nişanə qaldı,
Ayağın dəyən yerlər...
Analar yanar ağlar,
Günləri sanar ağlar.
Dönər göy göyərçinə,
Yollara qonar ağlar.
Hüseyndən
2 yaş böyük olan bacısı Aysel danışa bilmədi
ki... Özünü şax tutmağa
çalışdı. Danışmaq istədi...
səsi titrədi... sözlər boğazını, ürəyini
yandırdı. Qonşuları ağbirçək
İntizar xala onun əvəzinə dedi:
Ağlayan başdan ağlar,
Kirpikdən, qaşdan
ağlar.
Qardaşı ölən bacı,
Durar, obaşdan ağlar.
Solmaz
xanım dedi ki, özü də qəsəbədəki hərbi
hissədə işləyir. Hüseyn hərbiyə
könüllü gedib. Baxıb ki, onun
yaşında olan oğlanları əsgərliyə
çağırıblar. Durub gedib
Sumqayıtdakı hərbi komissarlığa. Deyib ki, gəlmişəm. Buradakı
hərbiçi uşağa əvvəl bir hərbə-zorba gəlib
ki, indiyə qədər hardaydın? Get validenyinlə gəl.
Səhərisi gün anasına qoşulub gedib.
Məlum olub ki, səhlənkarlıq hərbi
komissarlığındır. Hüseyn
Abdinov yada düşmürmüş. Uşaq
tez-tələsik hərbə aid sənədlərini
toplayıb. Bu ilin yanvarın 25-i isə gecə
saat 12-də evdən çıxıb. Dünən
yas yerində bir qohumları deyib ki, hərbi komissarlıqda son
dəfə Hüseyn Abdinovu görənlərdən olub.
Soruşub ki, bala hara düşmüsən?!
Uşaq cavabında deyib: "Bibi Ağdama
düşmüşəm. Ora gedənlər də
çox vaxt qayıtmır". Solmaz
danışır ki, neçə dəfə türk
televiziyalarında şəhidlərin dəfn mərasimlərinə
və ya onlara həsr olunan kinolara baxandan sonra deyirmiş ki,
"Nə xoşbəxtdir ki, şəhid olub. Kaş mən də əsgər gedəndə şəhid
olaydım". Solmaz deyir ki, bir neçə dəfə
bu sözləri deyəndə üstünə
çımxırdım ki, ağzından yel aparsın...
Qız-gəlinlə
söhbətimi bitirib, keçdim qapısında
qırmızılı-qaralı lent bağlanan həyətə...
Şəhid Hüseyn Abdinovun atası Etibarla
söhbət etdim. Dedim bəlkə bir yuxu-zad
görmüşdün qardaş?!
- Həmin
gecə yuxumda gördüm ki, Ağdamdayam. Oğlumun
yanına getmişəm. Oturub söhbət
etdim. Durub qayıdanda mənə dedi ki, ata məzuniyyətim
var. Dayan bir yerdə gedək. Apar məni... - Səhər
yuxudan ayıldım, fikir məni götürdü.
Öz-özümə fikirləşdim ki, uşağın
başında nə iş var?!
Sonra
oğlundan danışdı:
- Durum
deyim ki, oğlum yaxşı oğlan idi, deyəcəksiniz ki,
balasını tərifləyir. Hüseyn lap kiçik
vaxtlarından çox zəhmətkeş idi. Elə
hey istəyird ki, hər işdə mənə kömək
etsin. Təkcə mənə yox, bu qohum-əqrəbanın,
qonum-qonşunun bütün xeyrinə-şərinə
yarayardı. Bir balaca boyu vardı, dam dolusu
toyu vardı-misalı elə bil onun üçün
deyilmişdi. Heç yadımdan çıxmayacaq, iki il bundan əvvəl özünün fəhləçilik
edib qazandığı pulla bu həyətdə mənim 50 illik
yubileyimi təmtəraqla keçirtdi. Belə
oğulu necə unudum?! Ancaq qəddimi
şax tutmuşam. Biz şəhid verməyə
öyrəncəliyik.
Bir əmim
oğlu da Rəfail Abdinov 10 il bundan əvvəl
şəhid oldu. Hüseyni gətirən əsgərlərdən,
zabitlərdən oğlumun necə yaralandığını,
necə öldüyünü soruşdum. Dedilər
ki, səngərdə əvvəlcə başının sol tərəfindən
güllə keçib, boynunu sıyırıb. Lakin yıxılmayıb. Ayağa
durub, yenə də silahını alıb döyüşməyə
başlayıb. Bir az keçmiş
isə düşmənin atdığı güllə sol
qolunun altından keçərək kürəyindən çıxıb.
Ağdamın yaxınlığındakı
"N" saylı xəstəxanaya çatdırılandan
20 dəqiqə sonra keçinib. Son sözü:
"Atama deyin narahat olmasın..." - olub.
Ağdamdı, xam yeridi,
Vətəndi can yeridi.
Qolumdan güllə dəydi,
Solumdan qan yeridi.
Durna sanınnan keçər,
Ötər, yanınnan
keçər.
İgid vətən yolunda,
Ölər, canından
keçər.
Dayısı, əmiləri də çox xatirələr danışdılar. Dedilər ki, bu balaca cılız qəhrəmanın qəlbində nə qədər həyat eşqi var imiş... Hətta əsgər gedəndə dayısına deyib ki, gəlib evimizi tikib bitirəcəyəm. Onu yola salmaq üçün qurulan məclisdə isə ""Cütçü" oynayıb. Özü də ki, elə oynayıb ki, qohumların çoxsu onun bu rəqsinə heyran qalıb... Atası Etibar isə neçə il bundan əvvəl oğlu üçün əlavə ev tikməyə başlayıb. Evi tikib bitirib, içərisinə gəlin gətirəcəkdilər... Etibarın olan-qalan bir oğlu var idi... Onun Vətən uğrunda qazandığı medalına sahib oldu... Bu həyətdə toy çalmaq istəyirdilər... bütün atalar-analar kimi... Allah ermənini, ona zəhər verən kərtənkələ rusun evini yıxsın... neçə-nəçə arzu kamı gözdə qoydular. Oğul Vətənin keşiyini çəkmək üçün doğulur, oğul Vətən, Vətən oğul əmanəti deyirlər... Nə yazıqlar olsun ki, 18-19 yaşlı balalarımızı cəbhəyə aparanda, onların bir çox ailələrdə tək olmasını nəzərə almırlar. Ancaq nə gözəl ki, vətən uğrunda, torpaq, bayraq uğrunda şəhid olmaq da hər kəsin taleyinə yazılmır. Bizim son 1 həftədə canından keçən balalarımız bu Vətən uğrunda ölməyi bacardılar. Həm Vətənimizə, həm ailələrinə, həm nəsillərinə şərəf gətirdilər. Qonşular dedilər ki, çox kasıb yaşayan Abdinovlar ailəsi həyət-bacanın, evlərinin bərbadlığından xəcalət çəkirmişlər. Lakin Tanrı bu ailəni elə şərəfləndirdi ki... Xəcaləti Azərbaycanda uşaqlarını hərbdən yayındırıb qaçırdanlar, müharibə qurtarmayınca xaricdə işlədənlər, oxudanlar, göyərdənlər, yekəldənlər, şişirdənlər, qudurdanlar çəksinlər. Onlara belə şərəf - Vətən qeyrəti çəkmək şərəfi, o uca ŞƏHİD adına yüksəlmək şərəfi heç vaxt qismət olmayacaq!!! Onlar utansınlar!!!
Dağların
şaxta, qarı,
Dörd yanı
oldu barı.
Kasıb
balası şəhid
Kəsilsin
qaydaları.
P.S: Sonda
Hüseynovlar ailəsi bir istəkdə bulundular. Dedilər ki,
dövlətimizdən bir xahişləri var: Hüseyn Abdinovun
təhsil aldığı 43 saylı məktəbə
Hüseynin adını versələr, bu məktəblilərin
və məktəbin tarixinə yazılar. Uşaqlarımızda
Vətənpərvərlik hissini artırar. Və yaxud
da 100 ildir "Stansiya Sumqayıt "adlanın qəsəbənin
adını "Hüseynoba", "Hüseynabad"
qoysalar, bu yerlərin əhalisi də fəxarət duyar.
Çünki Hüseyn Abdinov bir evdən deyil, bir eldən gedən
oğuldur!!!
Aida EYVAZLI
Ədalət.-2014.-7 avqust.-S.3.