Nağıllara inanmaq olmaz...

 

Bugünkü müsahibim Akademik Milli Dram Teatrının ən bacarıqlı və istedadlı aktyorlarından biri Rəşad Bəxtiyarovdu.

- Rəşad, bir az aktyorluq sənətini seçiminizdən, bu sənətə gəlişinizdən danışardınız.

- Mən o vaxtı orta məktəbi bitirəndə sənədlərimi universitetə verdim. Amma elə gətirdi ki, istənilən balı yığa bilməyib kəsildim. Sonra fikirləşdim ki, heç olmasa texnikuma daxil olum. Çünki tay-tuşlarımın arasında pərt olmaq istəmirdim. Sənədlərimi bu dəfə Mədəni-Maarif texnikumuna verdim. Şəkil çəkmə qabiliyyətim yaxşı olduğundan orda cizgi filmi rejissorluğu fakültəsini seçdim. Bir il oxudum. Sonra mənim bir müəllimim vardı. O, mənə məsləhət gördü ki, hazırlaşıb sənədlərimi İncəsənət universitetinə verim. Mən də elə etdim. Ancaq mən rejissorluq fakültəsini nəzərdə tutmuşdum. Balım aşağı olduğundan aktyorluq fakültəsinə qəbul olundum.

- Bu sənəti seçməyinə peşman olmadın ki?

- O vaxtlar əlbəttə ki, yox. Çox sevinirdim. Aktyorluq sənəti, ümumiyyətlə həyat mənə çox parıltılı və cazibəli görsənirdi. Amma sonralar başa düşdüm ki, həyat çətindir. Yaş keçdikcə adam başa düşür ki, nağıllara inanmaq olmaz.

- Müəllimləriniz kimlər olub?

- Mənim sənət müəllimim Əlabbas Qədirov olub. Universitet illərində onun mənə münasibəti çox yaxşı olub. Amma teatrda o, mənə qarşı heç bir güzəşt etməyib. Hələ lap birinci gündən nəinki mənə, başqa tələbələrinə də dedi ki, mən sizə heç nə etməyəcəm, məndən heç nə gözləməyin. Özünüz özünüzə yol açacaqsınız. Elə də oldu. Bunu bütün tələbələri etiraf edə bilərlər. Kiməsə rol versin, kimi isə tapşırtdırsın. Olmadı belə bir şey... Bu baxımdan onun erkən vəfatı məni çox kədərləndirdi. Çünki mən istəyirdim ki, o, mənim uğurlarımı görsünbununla fəxr etsin.

- Hal-hazırda teatra yeni gələn gənclərin, yaşıdlarınızın istedadı, bacarığı sizin özünüzü qane edir?

- Əlbəttə edir. Bizim teatrda istər yaşlı nəsil, istərsə də gənc nəsil olsun çox istedadlı aktyorlar var. Gənclərin adını bir-bir sadalamaq istəmirəm. Bizim sahənin adamları bir az dəymədüşərdilər (gülür). Amma mənim sırf gələcəyinə ümid bəslədiyim istedadlı yaşıdlarım var. Əslində bizim sənət bir az da şahmat oyununu xatırladır. Əgər güclüsənsə, qalib gələcəksən. Bu sənətdə hərtərəfli biliyə, gücə və ən əsası ağıla sahib olmaq lazımdır.

- Rol üstündə aktyorların mübahisəsi sizcə normal haldı?

- Bilirsinizmi, yaxşı rolu oynamağı hamı istəyir. Burda pis heç yoxdu. Kimsə özünə güvənib yaxşı roldan yapışırsa, deməli, cəsarətlidi. Amma bir məsələ var ki, hər kəs öz çəkisinə uyğun gücü qaldırmalıdı. Düzdü, heç kim istəməz ki, teatra gəlsin ömrü boyu boyük korifeylərin yanında tutaq ki, nizə tutsun. Bunu hansı aktyor desə, bilin ki, qeyri-səmimi danışır. Çünki kimsə nizəni ona görə tutur ki, zamanı gələndə həmin korifeyin, ustadın yerində o, özü olsun.

İnsan harda olur-olsun yaşadığı, işlədiyi yerə hörmət etməyi bacarmalıdı. Bu gün mən nizə tuturamsa, sabah iki kəlmə söz deyərəm, o biri gün iki kəlmə olar beş kəlmə, on kəlmə, belə-belə aktyor bişib bərkiyər etimadı doğruldar. Yəni hamı istəyir ki, yaxşı rollar ifa etsin, yadda qalsın, pul qazansın. Bir ki, bu kimi işlər birbaşa rejissorun sahəsidi. O, ətrafındakı hər bir aktyorun hansı potensiala malik olmasını aktyordan yaxşı bilir. Tamaşanının uğuru birbaşa rejissordan asılı olan məsələdi. İstər filmdə, istər tamaşada aktyor əgər rolunu pis ifa edirsə, deməli, bu rejissorun səhvidi. Çünki rejissor ya rolu düzgün aktyora verməyib, ya da aktyorla yaxşı işləməyib. Aktyor əgər aktyorluq sənətini seçib bu sənətə gəlirsə, deməli, onu da seçirlər. Heç kim birdən-birə gəlib teatra girə bilməz. Seçilirsən, gəlirsənsə, deməli, az da olsa istedadın var. İndi onu açmaq, üzə çıxartmaq artıq rejissorun gücündən asılıdır.

- Atalar oğullar problemi həmişə olub. Teatrda necə yaşlı nəsillə, gənc nəsilin bir-birinə olan münasibəti necədi? Hər hansısa problem olur?

- Xeyr. Mən sizə tam səmimi deyim ki, mənim istər ortayaşlı, istərsə yaşlı nəsillə münasibətim daha yaxşıdı, nəinki gənclərlə. Mənə xoş gəlir onların söhbətlərində iştirak etmək. Çünki onların həm həyat, həm səhnə təcrübələri çox olduğundan söhbətləri maraqlı olur. Həm nələrisə öyrənirəm, fəxr edirəm ki, yaşlı nəsli istedadlı güclü olan teatrda işləyirəm. Bilirsiniz, bayaq dediyim kimi biri var lap epizodik rol da olsa, hansısa ustad sənətkarın yanında işləyib ondan nələrsə öyrənəsən. Biri var ki, istedadsız bir aktyorun yanında xırda rol oynayasan. Onda adam istər-istəməz fikirləşir ki, ay Allah, mən günah işləmişdim ki, mənə bu cəzanı verirsən? (gülür)

- Ortabab aktyor olaraq qalmaqdan qorxmursunuz?

- Bilirsiniz, bizim sənətdə olan adamlar yəni aktyorlar çox sadə, nağıllara, vədlərə inanan insanlardılar. Biz həmişə ümid edirik. Yəni bu gün kimsə gəlsin mənim başımı sığallayıb desin ki, sən yaxşı aktyorsan, səndən yoxdu, mən o dəqiqə ona inanacam. Elə biləcəm ki, məndən güclüsü yoxdu. Bir sözlə, sadəlöhv tayfayıq.

Mən vətənimi, millətimi, bayrağımı sevən adamam. İstənilən rolu yaratmaq üçün bütün gücümü, canımı qoymuşam. Yenə qoymağa hazıram. Çünki nəinki mənim mənimlə çiyin-çiyinə işləyən hər kəsin içərisində sənətə sevgi var. Əgər o sevgi olmasa, yaşamaq işləmək çətin olar.

- On yeddi ildi tetarda işləyirsiniz. Tamaşadan əvvəl ya sonra həyəcan olur?

- Açığı deyim təzə-təzə gələndə həyacanım olub. O da rəhmətlik müəllimim Əlabbas Qədirovla tərəf-müqabili olduğumdan əmələ gəlib. Çünki fikirləşirdim ki, mən gözümü açıb Əlabbas müəllimi görmüşəm. Birdən rolumu pis ifa edərəm, tamaşadan sonra o, mənə irad bildirər. Neçə il onunla tərəf-müqabili olanda belə hisslər keçirirdim. Elə bilirdim ki, yenə o, müəllimdi, mən şagird.

Amma sizə bir söz deyim, son bir-iki ildə səhnədən əvvəl mən həyəcan olur. Bilmirəm, bəlkə indi daha məsuliyyətli olmuşam, ya nədirsə. İndi səhnəyə çıxana qədər məndə həyəcan olur. Təxminən tamaşanın ilk beş dəqiqəsindən sonra normal halıma düşürəm.

- "Şorgöz deputat" tamaşasındakı rolunuzu uğurlu rol hesab etmək olar. Bir az bu tamaşa haqqında danışardınız.

- Həmin rola məni tamaşanın rejissoru Nicat Kazımov dəvət etdi. Mən Nicatla "Kabuslar" tamaşasında işləmişəm. Yəni o, özü əvvəldən mənə dedi ki, mən bu rolu sənin üzərində yoxlayacam, əgər alınsa sən bu tamaşada oynayacaqsan. Alınmasa yox. Onun sözləri, səmimiyyəti mənim ürəyimə yatdı. çalışdım ki, rolu elə işləyim ki, o, bəyənsin. İş prosesində elə oldu ki, orda fiziki hərəkətlər etmək lazım gəldi. Mən o hərəkətləri bacarmırdım. Amma səy göstərib həmin hərəkətləri öyrəndim. Sonra gəlib rolu ifa etdim, həmin hərəkətləri göstərdim. rejissoru qane etdim. "Şorgöz deputat" tamaşasının prosesi çox maraqlı idi. Mən həmin prosesdən, Nicatın aktyorlarla işləməsindən çox zövq aldım. Çünki o, adamla böyük qardaş kimi davranırdı. biz öz fikirlərimizi ona deməkdən çəkinmirdik. Bizi dinləməyi bacarırdı. Nicatla lap kor aktyor da rahat işləyə bilər. Çünki səhnədə etmək lazımdı hamısını sənə başa salır. Aktyora bircə rola ürəyini qoymaq qalır.

Düzdü həmin tamaşadakı rolum çox ağır idi. Tamaşa boyu tər tökə-tökə gəzirdim. Amma buna baxmayaraq öz rolumdan, ifamdan ləzzət aldım.

- "Bir ailəm var" serialında da çəkilirsiniz. Serialda işləmək necə maraqlıdı?

- Həmin serialın ilk bölümlərindən çəkilirəm. Çox maraqlı çəkiliş qrupudu. Məni rejissora aktyor dostlarım məsləhət görüblər. Yəni rejissorla heç bir tanışlığım olmayıb serialdan əvvəl. Amma rejissor çox savadlı istedadlı insandı. Həm gəncdi. Gənc olmasına baxmayaraq o da aktyorlarla işləməyi bacarır. Bizim hər birimizi ayrı-ayrılıqda dinləyir, diqqət göstərir. İnşallah yeni mövsümdə yəqin ki, yenidən həmin serialla tamaşaçıların görüşünə gələcəyik.

- Yeni rollarınız varmı?

Ramiz Həsənoğlunun "Generalın son əmri" tamaşasıdı. Orda şeypurçu əsgər rolum var. Bir gənc rejissor Ərtoğrulun "Keçmişdən zəng" tamaşasında rolum var. Ərtoğrulla da işləmək xoşdu. Çünki o, gənc olsa, maraqlı rejissordu.

 

Samirə Əşrəf

Ədalət.-2014.-7 avqust.-S.4.