LİRİKA - 2013

(əvvəli ötən şənbə saylarımızda)

 

Tərlan istedadlı şairdir və əgər müasir şeirimizdə şairin özünüifadəsindən gen-bol söz açsaq, deyərik ki, o, bu mənada öz hiss və duyğularını, içindən keçənləri və içində yaşananları şeirə gətirən şairlərdəndir. "Mən sevdiyimi gəzirəm, məni SEVDİYİM axtarır", yaxud "Səni gizlədib gəlmişəm, mənim olmadığın yerdə" kimi özünüifadə edən misraların və həm də ayrı-ayrı bu tipli şeirlərin müəllifidir. Onun axtarışları da çox zaman uğurla başa çatır. Xüsusilə, rənglərin poetik yozumunda, təbiətlə insan qəlbinin harmoniyasını incələməkdə səriştəlidir. Ancaq söhbət Dərd obrazından gedir və deyək ki, Tərlan bu anlayışın mahiyyətindən daha çox, onun görüntüləri, üzdə olan və daxili mənasını ifadə etməyən çalarları ilə çox əlləşir, daha doğrusu budur ki, o görüntüləri şeirinə yeri gəldi-gəlmədi yükləməklə məşğul olur. Dərddən çox danışır, amma bu dərdlərin sadəcə özündən söz açır, onların mahiyyətinə, törənmə, yaranma səbəblərinə nüfuz edə bilmir. Dərdləri sadalamaq hələ Dərdin mənasına varmaq demək deyil.

Şeir aşıladığı fikirdən, o fikrin poetik ifadəsindən asılı olmayaraq bütöv, canlı orqanizm kimi nəzərə çarpmalıdır. Cəmi dörd misradan ibarət olan bayatılarımız buna parlaq bir nümunədir. Onlarla adı bəlli şeirlərin də adlarını çəkə bilərik. Amma bu sadalamalara ehtiyac yoxdur. Bugünkü Azərbaycan şeirində məhz gözə görünən bir qüsur da yazılan şeirin qeyri-bitkin, içində müxtəlif variasiyaların bir ümumi xəttə çevrilməməsidir. Fikir ardıcıllığı, ilk misradan sonuncu misraya qədər uzanan "yolun" məntiqi düzümünü axtarsaq, o bütövlük anlayışının həqiqiliyini izləsək, çox zaman məyus olarıq. Amma yaxşı nümunələr də az deyil. Vaqif Bəhmənlinin "Vəzifə", Nisə Bəyimin "Sən hələ yaşamamısan", Zirəddin Qafarlının "Payız", Qəşəm Nəcəfzadənin "Məni müharibəyə aparmayın", "Rafiq Tağı öldü", Rəfail Tağızadənin "Qürbət vağzalda qar", Xanım İsmayılqızının "Çiçək olmaq istərdinmi?", Rəşid Faxralının "O yaşda qal", Əbülfət Mədətoğlunun "Bizə açılan qapı", Musa Aslanxanlının "Keçirəm kəndimizdən", Gülnarə Cəmaləddinin "Müharibə dövrünün qadını", İnqilab İsaqın "Necə susum mən?", Sabir Yusifoğlunun "Bizi qurtaran qadın", Elxan Zal Qaraxanlının "Azərbaycan simfoniyası", Əli Nəcəfxanlının "Ömrümüzün yük qatarı" şeirlərini bu mənada təqdir edirik. Bu şeirlərin hər birinin üzərində dayanıb, onları həqiqi şeir nümunəsi kimi təhlil etmək olar.

 

Məni müharibəyə aparmayın, düşmən öldürən deyiləm,

Mənə silah verməyin, satıb kitab alacam,

Mənə düşmən göstərməyin, dost olacam,

Şeir oxuyacam əsgərlərə səhərdən-axşamacan.

Məni müharibəyə aparmayın.

 

Şeir sonacan belə bir fikir üzərində qurulub və müharibəyə tamam fərqli bir münasibətin daşıyıcısı olan bir insanın düşüncələrini ifadə edir. Amma belə düşünənlər varmı? Zahirən "yox" cavabı alınar. Yəni müharibəyə münasibətdə ya cəsur, ya da əksinə, qorxaq adamlar haqqında düşünərik. Şeirdə "məni müharibəyə aparmayın" deyən gəncin əslində, nə cəsur, nə də qorxaq olduğu aydınlaşır. Amma "məni müharibəyə aparmayın" tezisinin poetik bəyanı müharibəyə nifrət təbliğ edir. Xanım İsmayılqızının "Çiçək olmaq istərdinmi?" şeiri belə başlayır:

 

Çiçək olmaq istərdinmi?

Əllərdə olan,

Qoxusu içə çəkilən,

Ətri alınan,

Təəssüf ki. Tez solan...

 

Sonrakı bəndlərdə "Hava olmaq istərdinmi", "Ay olmaq istərdinmi?", "Günəş olmaq istərdinmi?" sualları qoyulur və o sualların şərhi ilə qarşılaşırıq. Və sonda:

 

Çiçəktək ətri alınan,

Havatək başda fırlanan,

Aytək parasında qalan,

Günəştək hər gün ölərək,

Hər gün yenidən doğulan,

Adam olmaq istərdinmi?

 

Bu şeir bir fikrin məntiqi şəkildə, ilk bənddən sonuncu bəndə kimi ardıcıllıqla davamı və sonda da maraqlı bir assosiasiyanın yekunu ilə diqqəti cəlb edir. Doğrudur, elə bu şeirdə "təəssüf ki, tez solan", "təəssüf ki, hərdən çatmayan", "təəssüf ki, hərdən parasında qalan", "təəssüf ki, hər gün batıb doğulan" kimi hər bəndin sonluğunu tamamlayan və əslində, fikrin poetik ifadəsində səlis səslənməyən misralar da gözdən qaçmır, amma bu şeir bütövdür, tamdır.

TƏKİ ORTADA ŞEİR OLSUN... Müasir Azərbaycan poeziyasını şeirin ayrı-ayrı vəznləri və formaları baxımından izləsək, doğrudan da iki fərqli mənzərənin şahidi olarıq.

Birinci mənzərə ürəkaçandır. Hecada da, əruzda da, sərbəstdə də nümunə göstərilməli şeirlər az deyil.

Bu heca:

 

Azdım ürəyimin küçələrində,

Yüyürüb üstümə qaçan olmadı.

Gəlib sevgimizin önündə durdum,

Döydüm qapısını, açan olmadı.

 

(Səhər)

Bu əruz:

 

Yenə ey gül, sənə naləmlə şikayətlənirəm,

Məni əfv eylə ki, kuyində cəsarətlənirəm.

 

Qəmi-hicrin məni bir halə salıb ki, ey vah,

Əksim ayinəyə düşdükdə şərafətlənirəm.

 

Arifəm, bircə işarət mənə bəsdir, ey gül,

Baxışınla nə deyirsənsə, kifayətlənirəm.

 

(Hacı Arif Buzovnalı)

 

Bu da sərbəst:

 

Bu gecə

qəribliyin yığıldığı otelin

ən qəribiyəm.

 

bu izdihamlı şəhərin

qaynaşan otelində

tənhalıq içindəyəm.

 

Gətirdiyimiz şeir parçaları olsun ki, hecanın, əruzun və sərbəstin adi nümunələridir, amma hər üç vəznin poetexniki elementlərini özündə əks etdirir. Bu gün istər hecada, istər əruzda, istərsə də sərbəstdə çoxlu, hətta sayıb hesablaya bilmədiyimiz nümunələri ilə qarşılaşırıq. Təbii ki, maraqlı nümunələr az deyil və deyək ki, xəsislik eləmədən də o şeirlər üzərində dayana bilərdik. Amma buna ehtiyac varmı? Şeirin vəznləri və formaları zaman keçdikcə inkişaf edir, təkmilləşir, yeni poetik çalarlarla diqqəti cəlb edir və ötən onilliklərlə müqayisədə bu yenilikləri görməmək mümkün deyil. Azərbaycan şeirində əsrlər boyu "hökmranlıq" edən əruz vəzni və qəzəl janrı yenidən çiçəklənir. Hətta klassik ənənəyə qayıdış-Divan ədəbiyyatı dirçəlir. Füzulinin, Seyid Əzim Şirvaninin, Əliağa Vahidin - bu üç nəhəng klassikin ənənələri müasir poeziyada da özünün yeni çalarları ilə diqqəti cəlb edir. Beş qəzəl yazan müəllifin bu sahədə nisbətən uğur qazandığını söyləmək olar: Hacı Arif Buzovnalı, İlqar Fəhmi, Yasin Xəlil, Əvəz Qurbanlı və Əli Aslanoğlu qəzəlin yeni bir mərhələyə keçidini "rəsmiləşdirməyə" can atırlar. Hələlik qəzəl digər şeir formaları ilə müqayisədə nisbətən arxa plandadır, deyək ki, heca və sərbəst şeir şəkilləri ilə rəqabətdə zəif nəzərə çarpırlar. Buna da səbəb əruzun tam və mükəmməl dərk olunmasında, mənimsənilməsində müəlliflərin kifayət qədər bilgili olmamasıdır. Amma hər halda, adlarını çəkdiyimiz bu müəlliflərin qəzəlləri bir çox hallarda klassik qəzəllərdən fərqlidir, bu qəzəllərdə XXI əsrin ruhu duyulur. Yeni təfəkkür tərzi hiss olunur. Qəzəllərdə əksər hallarda klassik poeziyadan gələn mürəkkəb tərkibli ərəb-fars sözləri az işlənir, dilimizin öz imkanları, hətta vaxtilə qəzələ yaraşdırılmayan sözlər və ifadələr gəlir. Bu sırada birincilik İlqar Fəhmiyə məxsusdur. Amma qəzəldə baş verən yeniləşməni təkcə dilin sadələşməsi ilə izah etmək doğru deyil. Bütün Azərbaycan qəzəlinə xas olan bir xüsusiyyət var ki, onu da obrazlı şəkildə belə ifadə edə bilərik: FÜZULİLİK. Obrazlı ifadə tərzi, hər beytdə təşbih, metafora zənginliyi, əruzun musiqi, ritm, melodik ahənginə riayət və bütöv qəldə beytlər arası məntiqi əlaqəni hifz etmək dahi Füzulidən gəlir və onun çoxəsrlik sələfləri bu ənənəyə sadiq qalmışlar. Bax, bizim qəzəl yazan yeni müəlliflər də bütün "novatorluqları" ilə bərabər, Füzuli dərsini yaxşı mənimsəməlidirlər.

 

O yarın dərdidir alnımda qırış şəklində,

Göz yaşımdır yağan ahəstə yağış şəklində.

 

Həsrətin kölgəsidir gözlərimin altında,

Həkk olubdur əbədi, qəmli baxış şəklində.

 

Quşbaşı qardı yağır sanki bəlalar göydən,

Çəkilir taleyimin surəti qış şəklində.

 

Bu qədər söz dedi Yasin sənə, rəhmin yoxmu,

Rəsmini çəkdi şeirlə, di danış şəklində.

 

Yasin Xəlilindir bu qəzəl və hiss olunur ki, o, az-çox füzuliliyə meyl edir. Amma elə Yasin Xəlilin, Hacı Arifin, Əli Aslanoğlunun, Əvəz Qurbanlının qəzəllərində ortabab nümunələr az deyil.

Keçək heca şeirinə. Doğrusu, burada da bir-birindən fərqli nümunələr nəzərdən yayınmır. Doğma dilimizin zərifliyini, incəliyini, kövrəkliyini, sərt və coşqun çalarlarını bəlkə də heca şeiri qədər başqa vəznlər yüksək səviyyədə ifadə edə bilməz. XX əsr Azərbaycan poeziyasını küllən nəzərdən keçirdikdə "heca əsri" kimi səciyyələndirə bilərik. Bəs bu gün, XXI əsrdə necə? Mübahisə doğursa da, deyək ki, o aparıcı tendensiya indi də davam edir. Baxın:

 

Tanrı möhlət verə, qismətim ola-

Qayıdam, yenə də çıxam dağlara.

Əllərimi qoyub qaşımın üstdə,

Bir ürək dolusu baxam dağlara.

 

Bu könlün taxtından enən Şah kimi,

Görən, saxlayarmı sular şəklimi?

Təklənib, döyülən bir uşaq kimi,

Gözümün yaşını sıxam dağlara.

 

Görən nə yazıbdı alnıma Yazan?

Dağlara yazmasa-alnımdan pozan,

Bir bulaq üstündə qəbrimi qazam,

Qarışam dağlara, axam dağlara.

 

(İlham Qəhrəman)

 

Heç bir tərifə, heç bir izahata ehtiyac duymadan deyə bilərik ki, bu şeir hecanın bugünkü ən gözəl nümunələrindən biridir. Laçın ağrısını-yurd itkisini bundan da, qəlb yanğısını bundan yaxşı necə ifadə etmək olar? Biz heca şeirinin müasir poeziyamızda belə parlaq nümunələrindən misallar gətirə bilərik. Musa Yaqubun, Məmməd İsmayılın, Firuzə Məmmədlinin, Sabir Rüstəmxanlının, Vaqif Bəhmənlinin, Rüstəm Behrudinin, Əlizadə Nurinin, Səhərin, İbrahim İlyaslının, Zirəddin Qafarlının, Ağacəfər Həsənlinin, Məcnun Göyçəlinin, Sabir Sarvanın, Kəmaləddin Qədimin, Ofelya Babayevanın, İslam Sadığın, Məmməd İlqarın, Balayar Sadiqin, Fərqanənin, Bahadur Fərmanın, Nazim Əhmədlinin, Əlirza Həsrətin, Afaq Şıxlının, Adil Cəmilin, Sara Selcanın, Nurafizin, Anar Aminin. Sakit İlkinin, Əlirza Xələflinin, Ehtiram İlhamın yaradıcılığında belə nümunələr az deyil. Amma o da var ki, bu yaxşı nümunələr heca şeirinə olan kütləvi, hətta qarşısıalınmaz meylin qarşısında balaca bir "ərazini" təşkil edir.

Sərbəst şeirə gəlincə, bu gün bəlkə kəmiyyət etibarilə heca ilə yanaşı durur. Müəyyən eksperimentlər də nəzərdən qaçmır. Amma hər eksperimenti də uğurlu hesab etmək olmaz. Dünya poeziyasında sərbəst şeirin meydanı daha genişdir və bizim şairlərin bir çoxu sanki bu "mənzərədən" gözüdolusu həzz alıb, müasir şeirimizin "ərazisində" də bunları "əkib becərməklə" məşğul olurlar. Unudulur ki, Azərbaycan sərbəst şeirinin öz ənənələri var: Rəsul Rza bu ənənəni yaradan ustad şair kimi Əli Kərimin, Fikrət Qocanın, Fikrət Sadığın, Vaqif Səmədoğlunun, Ələkbər Salahzadənin, İsa İsmayılzadənin, Camal Yusifzadənin, Vaqif Bayatlının, Çingiz Əlioğlunun, Tofiq Abdinin, Adil Mirseyidin, Elçin İsgəndərzadənin, Qulu Ağsəsin, Rəfail Tağızadənin, Qəşəm Nəcəfzadənin, Elxan Zal Qaraxanlının, Səlim Babullaoğlunun, Feyziyyənin yollarını işıqlandırdı. Eksperimentlərə gəlincə, qoy bu eksperimetlərin sayı çoxalsın, amma ortada şeir olsun, fikrin və hissin vəhdətindən yaranan, forma əllaməçiliyinə yox, sözün poetik imkanlarına yol açan şeirlər yaransın.

2013-cü ilin lirikası haqda bu qədər. Deyə biləcəklərimizi dedik, demədiklərimizi də sonra deyərik...

 

Vaqif YUSİFLİ,

filologiya elmləri doktoru

 

Ədalət.-2014.-9 avqust.-S.14.