Dünya boyda sevgi
payın var sənin
Kəmalə ABIYEVA
Çox
bəyənməsəm də, bu
sualları tez-tez verirlər şairlərə:
“necə oldu ki, şeir yazmağa
başladız?”, “şeir
nədi?”, “şeir ən çox sevincdən, yoxsa kədərdən yaranır?”
Əbülfət Mədətoğlunu oxuyanda nədənsə bu suallar yadıma
düşür. Düşünürəm ki, Əbülfətin şeirləri daha çox kədərdən
yazılır. Sonra düşünürəm
ki, şeir elə kədərdən yaranır. Yəni şeir baxdığımız
yox, gördüyümüzdü,
duyduğumuzdu, hiss etdiyimizdi
– anlamaqdı əslində.
Şeir,
ümumiyyətlə, gözündən
içinə keçən
nə varsa, yaşamı, həyatı,
insanları görməkdi,
olduğu kimi görmək, anlamaqdı.
Və təəssüf ki, gördükcə, anladıqca
daha çox kədərlənərsən. “Nədənsə kədər mənə daha doğmadı”, “nəyi itirəcəm qorxam təkliyimdən savayı” deyərsən.
Əslində, hər kəsin
öz təkliyi var, hər kəs
yalnız olur milyonların içində.
Bu təbiidi, bu doğaldı, bu realdı, yaşayançün, anlayançün
bu, qaçılmazdı.
Bu zaman özünlə
olursan, təkcə özün olursan: ...sığınıb bir otağın küncünə
susmuşam... özümdən
başqa heç kimlə danışmıram.
Düşünməyin ki,
kimdənsə, ya da dünyadan küsmüşəm... yox,
sadəcə indi daha çox ətrafla anlaşmıram
və odur ki, susaraq gözləyirəm...
Və bu elə poeziyadı, şeirdi. Dərdi olmayanmı var?
Təbii
yox. Amma şair deyil hamı desin ki: “qurtulmaq çətindi dərddən,
acıdan, hər addım başında üzünə durur”, ya da
Ovub qoydun ortaya,dərdimi
sünbül kimi,
Fırlanıram başına havalı bülbül kimi.
Həyatı ancaq özü üçün yaşayanlar,
məsələn, aclığı
yalnız özü
ac qalanda yaşayan və bu aclıq
üzündən hər
kəsi, hər şeyi tapdamağı bacaran heç vaxt şeir, ya nəsə maraqlı bir hekayə yaza bilməz. Bu heç
onun ağlına da gəlməz. Bunu insanın kim olduğunu
anlayan edə bilər. Çünki onu ”gözlərini yummağa qoymayan bir qəhər
var” həmişə.
Dan yeri söküləndən
oturmuşam dərdlərin
Qapısının ağzında...
Baxdıqca izlərini görürəm
əritdiyim
illərin hamısında.
Və başqalarının
həyatını ağırlaşdıranları
da “həyatımı
alt-üst edən qəlbi saxta var – əllərini ürəyimin qanıyla yuyan”ları da şair görər. Və şair deyər ki, “adamlardan itki kimi get”.
Kiprik ucundakı
yaş dünyada ən ağır daş - bunu da şeir bilər.
Kədər göy qurşağıtək
kəsib keçir içimdən.
Sıx gözünü
ovcuma, susamışam
içim mən.
Və özünü
sorğu-sual etməyənlər,
yəni cavab verə bilməyəcəkləri
suallarla dolu həyat yaşayanlar nə şeir yazar, nə şeir oxuyar, nə kimsəyə sevinc yaşatmaq, ya gərək olmaq üçün yaşayar.
Anlaya bilmirəm – qoyuram qarşıma
Papağımı yox, özümü...
Və başlayıram
sorğu-suala.
Bilmirəm, özünü qarşısına
qoyub sorğu-sual edənlər nə qədərdi, amma bilirəm ki, var. Onlar fərqlidilər – onlar İNSANDILAR. Mənimçün Əbülfət bəy də fərqli biridi. Dost bildiyimdi, dost dediyimdi. İllər ötəndən
sonra gördüyümdə
doğmalıq hiss etdiyimdi.
İndiki cavanların bir
çoxundan fərqli
olaraq yalnız qədəh vurmaqdan yaranan dostluq deyil bu. Yəni heç düşünə
də bilmirəm ki, Əbülfət sərxoşluq etməklə
özündən “hamıdan
ağıllı qəhrəman
şair” obrazı yaratmaq istəyər.
Çünki bilir ki, bu nə
şair olmaqdı, nə qəhrəman olmaqdı, nə istedadlı olmaqdı, nə yaşamaqdı...
Bir ömrüm var uduzduğum udduğum,
Günlərini saymaq indi nağıldı.
Ay diz çöküb ətəyindən tutduğum,
Niyə mənim yurdum-yuvam dağıldı? –
deyən şair
elə öz həyatıyla, yazılara
köçürdüyü, köçürə bilmədiyi
duyumu ilə, sevgisi, ayrılığı,
həsrətiylə sözdü,
söz sahibidi. Onun nə şerlərində,
nə də yazılarında heç kəsdən ağıllı
görünmək, nəsihət
vermək iddiası yoxdu. Əbülfət Mədətoğlu sadəcə, oxucuyla danışır, dərdləşir.
Oxucu özü anlayır onun ağlını da, demək istədiyini də. Çünki o şeirlərində
özüdü: “Mən
yazdığım şeirlər
elə mənim özüməm”. Əbülfət öz qızını gözüyaşlı qoyub
tanıyıb-bilmədiyi, görmədiyi
bir qızcığazın
göz yaşından
yaza bilməz. Bilir ki, bu poeziyaya
saxtakarlıq gətirməkdi,
sözə yalan donu geyindirməkdi. Bilir ki, oxucu bunu
hiss edəcək, anlayacaq.
Söz onunçün qiymətlidi.
Sözü mən necə deyim sahibi göydə
tutsun,
Kobud, ya incə deyim, onu yerdən götürsün.
Səslər, hecalar belə ürəyə xal salmasın,
deyim ki, söz də elə ortalıqda qalmasın.
Elə alınmasın
ki, Əbülfət kədərindən yazır. Bu onun kədəri deyil, “yanmaq boyuna biçilən ürəklərin” –Vətən
həsrətli, yerini-yurdunu
tapa bilməyənlərin,
namərdliyi, ədalətsizliyi,
haqsızlığı görənlərin,
sevgini qoruyanların kədəridi. “Sevgimi dilsiz edən bir dil
arzusundayam”, “ilahi eşq dünyada bir səndədi, bir məndə” – deyir, sevgidən yazır. Və bütün bunları
yaşayır. Bütün bunları
yaşayanların yaşamaqdan,
yaşamaqçün çarpışmaqdan
bezdiyi anlar olur.”Niyə mən?” sualıyla üzbəüz dayanıb
əlbəyaxa olduğu
zamanlar olur Əbülfət kimi:
...Mənim adım, bütün həyatım,
Və bir misram da
çörəyə çevrilmədi,
ev olmadı, pul olmadı...
şairin yarımçıq
şeiri kimi
qaralanmış kağız
parçasına çevrildi
atıldı zibil qutusuna.
Bəlkə doğurdan ürəyimizi
– ürəyini “zibil qutusu” eləmək lazım deyil. Yəni nadanlığı,
xəyanəti, haqsızlığı,
torpaq, Vətən acılarını ürəyə
yükləmək lazım
deyil? Axı, ürəklərini “təmizcə” saxlayanlar
var. Ancaq özüyçün
yaşayanlar var. Bacarmaq
olarmı? Bacararsanmı? Mən
SƏNƏ demək istəyirəm
ki, sənin misraların həmişə
ac olduğumuz çörəyə
çevrilib. Hamısının da evi var. Hər
oxucu ürəyi onların evidi. Və bu misralar anlayan
üçün xərcləndikcə
bitməyən var – dövlətdi. Bir də...Bir də
“Mən kədəri hərdənbir gülən
görmək istədim,
Baş qoyub dizim üstə
ölən görmək
istədim”
– deyən Əbülfət
Mədətoğluna onu
sevənlərə, onun
kimi sevənlərə,
yaşayanlara kədərlərinin
ölməsini arzulayıram.
İnanıram ki “bu günlərin birində dərd öləcək əlində”. Və bir
də unutma ki, dediyin kimi
“Dünya boyda sevgi payın var sənin”.
P.S. Əbülfət
Mədətoğlunun “Mənim kimi sevə
bilsən” kitabını oxuyurdum. Ondan yazdım.
ədalət.-2014.-9 avqust.-S.15.