MƏHƏMMƏD
FÜZULİ İLƏ GÖRÜŞDÜM
İnanmayan
inanmasın
Gəlin boynumuza alıb tam səmimiyyəti ilə etiraf edək ki, bu gün dünyada, elə bizim özümüzdə də ən şıdırğı bazar yalana məxsusdur. Necə deyərlər, bu
bazarda hamı matağını satır, özü də dəyər-dəyməzinə. Bir az da
konkret desəm, bu bazarda alış-verişə görə
vergi, yer pulu, daha nə bilim nə, pulları
olmadığından yalanın yekəsi 100 manat, balacası 1
qəpiyə. Bax, bu arada
şıdırğı alver gedir.
Ən maraqlısı odur ki, hamı yalanı
görür, amma gördüyü bu yalana ağzını
açıb, gözünü bərədlib elə baxır
ki, nəsə bir möcüzə baş verəcək, kimsə
"sim-sim, qapını aç!" deyəcək. Bax, insanlar belə
bir durumda, belə bir ovqatda hər gün yalan satıb, yalan
almaqla günü axşam edir. Təbii ki,
hərənin yalanı öz imkanına, öz istedadına və
qabiliyyətinə görədi. Bu işin
peşəkarları 100 manatlıq yalan satır, mənim, sənin
kimilər də iki-üç qəpiklik. Və buna da şükür edib işimizi davam
etdiririk, necə deyərlər, sükanı möhkəm
saxlayırıq.
Bəli, bütün bu dediklərim, daha doğrusu, qibtə
edib bilgisayara yazdırdıqlarım sizi bir növü
yazacağım yazıya, ortaya qoyacağım mövzuya
hazırlamaq üçün idi. Az-çox ədəbiyyatdan,
xalq yaradıcılığından xəbəri olanlar bilir
ki, aşıqlar istənilən dastanı, girişlə, yəni
ustadnamələrlə başlayıbdı. Mən də özüməuyğun bir ustadnamə
elədim və indi keçirəm məsələnin, yəni
mövzunun əsas mahiyyətinə.
Bugünlərdə şəhərimizin ünlü bir
yerində Məhəmməd Füzuli ilə
qarşılaşdım. Gözlərimə
inana bilmədim. O böyük sənətkar, o
böyük söz xiridarı büzüşüb
oturmuşdu. Oturuşundan həyat əlamətləri hiss
olunmurdu. Amma gözlərini göy üzünə
sancmışdıg Hərdən kiprikləri tərpənirdi.
Gözünün önündən sağa-sola
keçdim. Düşündüm ki, bəlkə
məni görə, gözlərini göy üzündən
çəkib gözucu da olsa mənə baxa. Amma istəyimdə yanıldım. Məhəmməd Füzuli gözünü göy
üzündən çəkmədi, yerə baxmadı.
Onda anladım ki, o böyük insan yerdən,
daha doğrusu, yerdəkilərdən küsüb. Artıq onlara baxmaq, onları görmək istəmir.
Çünki yerdəkilər elə bir hərəkət
edib, elə bir addım atıblar ki, onu nəinki dilə gətirmək,
hətta yazmaq da çox ağırdı, çox dəhşətdi.
Məhz bu dəhşətə görə, mən
o böyük dühaya yaşıma-başıma baxıb,
durduğum yeri anlayıb heç bir etiraz ifadə edə bilmədim.
Çünki şair, yəni Məhəmməd Füzuli
yüzə-yüz haqlı idi...
Mən Məhəmməd
Füzulini gördüm... Şəhərimizin
bir yerində (adını çəkib reklam etmək istəmirəm
- Ə.M.) bir qalaq kitab yığılmışdı
üst-üstə. Daha doğrusu, zibil kimi
qalaqlanmışdı. Həmin o
kitabların içərisində bir vaxtlar əl-əl
axtardığımız elmi-bədii ədəbiyyat nümunələri
də vardı. Üstəlik də Məhəmməd
Füzulinin çox nəfis şəkildə işlənmiş
Azərbaycan, ingilis və rus dillərində olan kitabı... Kitabı görəndə gözlərimə inana
bilmədim. Tam səmimiyyətimlə deyirəm,
Məhəmməd Füzulini orada, həmin o kitab
qalağının içində görəndə
özümə də, durduğum yerə də, olduğum
camiyəyə də, yaşadığım məmləkətə
də xoflu, şübhəli baxdım. Bu necə ola bilər? Sözün
Allahını gətirib bura necə atıb gediblər?!
Və bunun ardınca düşündüm ki, əgər Məhəmməd
Füzuli bura gətirilibsə, bəs onda rəhmətlik Osman
Sarıvəlli demiş, "və sairələr" görəsən
hara atılacaq? Bu necə yanaşmadı? Bu necə məntiqdi? Ümumiyyətlə, bu hərəktin
adı nədi?...
Hə, Məhəmməd Füzulini gördüm. Amma bu dəfə
onun heç kiprikləri də tərpənmirdi. Bütünlüklə çıxıb getmişdi
göy üzünə. O gördüyüm yerdə
qalan onun quru cəsədi idi, o da yavaş-yavaş əriyib
qarışırdı torpağa. Yəni
Bakının küləyi müxtəlif, zir-zibilləri
müxtəlif istiqamətlərdə qovub gətirirdi bu kitab
qalağının üstünə. Və
yavaş-yavaş üstünü toz basan kitabların
adlarını oxumaq çətinləşirdi, o cümlədən
də Məhəmməd Füzulini.
Mən onda anladım ki, biz hələ Məhəmməd
Füzulinin topuğu səviyyəsinə qalxmışıq. Gör bizim hələ
nə qədər qarşıda yolumuz var. Biz hələ o
yolu məhz Məhəmməd Füzulidən öyrənib
onun misralarının içindən keçib irəliyə
getməliyik, əgər özümüzdə təpər
tapa bilsək. Hə, çox
üzücü oldu. O boyda dühanı, o boyda dahini, o
boyda söz Allahını görüb onunla danışa bilməmək
çox üzdü məni. Elə o
üzüntü ilə də anladım ki, söz
adamının özündən başqa bir kimsəsi yoxdu.
Belə bir məşhur ifadə var, hamı da yerli-yersiz təkrarlayır:
-
Türkün türkdən başqa dostu yoxdu!
Bax, mən
indi bir daha etiraf edirəm ki, Məhəmməd Füzulini
gördüyüm yerdə, gördüyüm durumda elə
bil ki, söz adamının təkliyini dərk elədim və
birmənalı olaraq yaddaşıma, ürəyimə
yazdım ki, söz adamının sözdən və
özündən başqa bir kimsəsi yoxdu. Elə
həmin o təsirlə də Füzuli sözünün
işığında bu misraları kağıza
köçürdüm.
İndi
daha
çox
hiss edirəm
təkliyin məndən
güclü olduğun...
və
bu gücün qarşısında
addım-addım
geriləyən-
ürəyimin
sarsıldığın,
solduğun...
Öz
içinə sığınan,
yumruq
kimi sıxılan
öncə göy üzünə,
dağılıb,
sonra
bir
nöqtəyə yığılan
buludlar
tək
təkliyin gücündən
gözlərimin dolduğun -
elə
təkliyim kimi də
qəbul
edirəm!..
***
Bugünlər
məmləkətdə bir vətən coşqusu var... Hər kəs Qarabağdan, hər kəs torpaqdan, hər
kəs əsgərdən və nəhayət hər kəs Azərbaycandan
danışır. İnanın ki, son illərdə az qala arxa plana keçən, şouların
kölgəsində qalan bu hissin qəfil ildırım kimi
çaxması, fontan kimi püskürməsi hamı kimi mənim
də ürəyimi dağ boyda etdi. Anladım
ki, demək hər şey bitib qurtarmayıbmış. Demək hələ hər şey qabaqda imiş.
Sadəcə, həmin zamana ehtiyac kəsirmiş
qarşımızı. Zaman ehtiyacı
axır ki, Lazımın şax damarını sıxdı və
şah damarı sıxılan Lazım millətin içində
bir partlayış etdi - özü də mənəvi
partlayış, psixoloji partlayış. Bu da müharibəni
unudan, Qarabağı yaddan çıxaran, bəzən Azərbaycana
da aid olduğunu hiss etdirməyən Bakını Qarabağa
yönəltdi, Bakını Azərbaycanın etdi... Çayxanalar, parklar, bulvarlar "Qarabağ!" deməyə,
"Azərbaycan!" söyləməyə, "Əsgər!"
hayqırmağa başladı. Və nəticədə
günün real bir mənzərəsi bir növü hər kəsi
özünə döndərdi, özünə qaytardı.
Təbii ki, biz türklər də özümüzə
qayıdanda həm kimliyimizi bilirik, həm də böyük
oluruq!!!
Saytlarda,
telekanallarda müharibə ilə bağlı xəbərləri,
görüntüləri izlədikcə, döyüş
bölgəsindəki doğmalarla telefon bağlantıları
qurub hadisələrdən xəbər tutduqca bizi birləşdirən
Vətən sevdasının böyüklüyü
qarşısında həm əyildim, həm də qürurlu,
dəyanətli, cəsarətli bir görkəm aldım.
İçimə dolan kövrək, amma son dərəcə
müqəddəs və sərt izlər qələbənin
bizimlə olacağına şübhə yeri qoymadı!..
İndi
bu hisslərin içərisində, yəni az
qala bir-biriylə vuruşmağa hazır olan iki məqamın
içində dayanıb özümə də baxıram, Məhəmməd
Füzuliyə də, çevrəmə də. Doğrudan da biz möcuzəyik. Bu boyda sevgimiz,
bu boyda iç dünyamız olduğu halda, bəzən elə
addımlar atırıq, elə laqeydliklər nümayiş
etdiririk, elə biganələşirik ki, heç cür
anlamaq mümkün olmur. Necə deyərlər,
baş sındırırsan, başını divara
döyürsən, yenə anlaya bilmirsən ki, bu iki məqam,
bu iki hiss bir xalqın, bir millətin içində necə
yerləşir?
İndi fikirləşəcəksiniz ki, mən kimlərəsə
dərs keçirəm, nəsihət verirəm. Yox, inanın,
bir olan Allah haqqı mən gördüyümü,
yaşadığımı yazmağı daha çox sevirəm,
daha çox istəyirəm və heç vaxt da bəlağətli,
təmtəraqlı sözlər axtarmıram, yazını
birnəfəsə yazıram. Yazdığım
yazıda söz qurtaranda yazı da qurtarır. Ona görə də son günlərin iki məqamı
məni həqiqətən bütün mənalarda dəli
edib. Necə deyərlər, bir əlimdi,
bir yaxam. Özüm özümlə
vuruşdayam, özümü, həm də səni anlamağa
çalışıram. Bilmirəm, anlaya
biləcəm, yoxsa yox. Axı indi sənin
başın qarışıb. Sən indi
başqa dünyanın adamısan... başqa düşüncələrlə,
başqa xəyallarla yaşayırsan. Həmin
o düşündüklərini, xəyalından
keçirdiklərini obrazlı desəm, səni xəyallandıranları
Məhəmməd Füzuli nəzmə çəkib. Mən
isə:
Başın
qarışıb,
ya da
işin
başından aşıb
vaxt tapa
bilmirsən -
gəlmirsən,
göz
yaşınla,
nəfəsinlə,
yoluna
boylanan
baş
daşımı
isitmirsən...
Bilmirsən
ki
sonuncu dəfə
məzarım üstə
düzdüyün qərənfillər
bir
üzü üstə
solub...
qönçəsinə
toz-torpaq
dolub...
imkan
olanda
gəl!
Gəl və
qərənfilləri
o biri
üzü üstə çevir...
əgər unutmamısansa
özün bilirsən
axı
səni sevən
qərənfilləri də
tər
sevir!..
***
Zamanın
burulğanında nə qədər sağa-sola, lap elə 360 dərəcə fırlansaq da,
daşa-divara çırpılsaq da, yenə hərəmiz
öz bildiyimiz yolun yolçuluğunu davam etdiririk. Çünki bizdən öncə də belə
olub, bizdən sonra da belə olacaq. Dünya
deyilən hər nədisə, onun yazılmamış, amma ən
sərt şəkildə möhürlənmiş qanunudu.
Böyük Səməd Vurğun demişkən,
"bir yandan boşalıb, bir yandan dolur". Deməli, karvanına qoşulub getdiyimz bu
ömrün hər məqamı əslində bir tarixdi, bir
gerçəklikdi. Ancaq biz onu tarixləşdirə
bilmirik, onu gerçək durumda ortaya qoymaq barədə
düşünmürük. Bu da səbəbsiz
deyil. Səbəb isə...
Bu gün, yazarlar dili ilə desək, daha çox mədə
başdan qabağa keçib. Başlar daha çox
mədəni düşünməyə məhkum olub. Bu da ömrün məhz həmin istiqamətə
daha çox sərf olunmasına, xərclənməsinə
yaşıl işıq yandırır. Elə
bil ki, yemək və yaşamaq terminləri bir-birinə o qədər
qovuşub ki, sanki əkizləşiblər. Bax bu da həmin o müqəddəs duyğuları,
müqəddəs hissləri, istəkləri pərdələməyə,
bir küncə sıxışdırmağa başlayıb.
Təəssüf ki, bunu başlar da bilir,
başbilənlər də. Amma nədənsə... Eh nə
isə!..
Hə, mən yaşadıqlarımın, gördüklərimin,
iştirakçısı olduqlarımın özülünə
söykənib bu qərara gəlmişəm ki, silahla da,
sözlə də, yəni hər kəs bacardığı
ilə çox böyük işlər görə bilər. Buna öncədən
sifariş verməyə ehtiyac yoxdur, bu içdən gəlir.
Amma neyləyək ki, indi içimizdə
şeytan da rahatlıqla at oynadır. Axı
deyirlər, şeytan da mələkdi. Nə isə...
Bütün yazdıqlarımdan sonra oxuyub yoruldunuzsa, onda
üzrxahlıq edib bu sevgi dolu misraları diqqətinizə
çatdırıram. Oxuyun və günahımdan keçin.
Həyat
düşməz gözümdən
Nə qədər qəmli olsa.
Mənim sevdiyim kimi -
Məni sevənim olsa!..
Yuxum kəpənək kimi
Kipriklərimi sayar...
Ürəyimin səsini -
Uçub hər yana yayar!..
Qəmin çeşidlərinə
Sevinc donu biçirəm...
Həyatın verdiklərin -
Şərbət kimi içirəm!..
... Həyat düşməz gözümdən
Nə qədər qəmli olsa.
Mənim
sevdiyim kimi -
Məni
sevənim olsa!..
P.S. Məhəmməd
Füzulini görüb, onunla söhbət edə bilməsəm
də, amma həmin o kitabdan bir nüsxə özümlə
götürdüm. Gücüm buna
çatdı. Məni bağışlayın ki,
Füzulinin adı çəkilən yazıda şeirlərimdən
istifadə etdim...
Əbülfət MƏDƏTOĞLU
abulfatm@box.az
ədalət.-2014.-9 avqust.-S.8.