Professor
Çağdaş Azərbaycan ədəbi-tarixi
mühitində müxtəlif ictimai baxış müstəvilərindən
aydın görünən yaradıcı şəxsiyyətlərdən
biri Rəşad Məciddir. Mən onu şəxsiyyəti və
yaradıcılığı haqqında bəzi mülahizələrimi
iki il öncə dostum Yaşar Qasımbəylinin Rəşadın
poeziyasına həsr etdiyi "İlk lirikanın cazibəsi"
(2012) kitabının "İlk lirika fenomeni" adlı
ön sözdə yazmışdım. Elə həmin
dövrdə dünya türklərinin əzəmətli
şəhərində - İstanbulda gözəl məclislərin
birində Rəşada söz vermişdim ki, 50 yaşı
tamam olanda onun haqqında bir yazı yazacağam və
adını da "Professor" qoyacağam. Mənə
"Professor" - deyə ən səmimi, ən ürəkdən
müraciət edən gənc müasirlərimdən biri Rəşad
Məciddir. Budur, vaxt-vədə gəlib
yetişib. Mən
türkçülüyün başqa bir mərkəzində
- Qubada yay yağışının süslədiyi nadir
günlərdən birində həyatımla bağlı
adamlardan biri - istedadlı dostum Rəşad Məcid haqqında
"Professor" adlı yubiley məqaləsini yazıram.
Naşı oxucu, qəlbiqara
cızma-qaraçı, istedaddan oddan qorxan kimi qorxan qarelərimiz
dahi M.Ə.Sabir demişkən, Gözünü bərəldib
təəccüb qarışıq sual edə bilər ki,
axı, Rəşad Məcidin elmi dərəcəsi yoxdur?!
Əvvəla budur ki, ədəbi-mədəni həyatda
öz işinin kamil mütəxəssisi olan şəxslərə
uzunmüddətli, səmərəli fəaliyyətinə
görə professor adı verilir. Elə isə ölkənin
ədəbi-mədəni və ictimai həyatında müstəsna
rol oynayan "525-ci qəzet"in baş redaktoruna - görkəmli
jurnalist və publisistə bu ad niyə verilməsin?! Bu gün "525-ci qəzet" Azərbaycanda 19-cu əsrin
ortalarında görkəmli şair Nekrasovun rəhbərliyi
ilə çap olunan, bütün rus ədəbi mühitini
öz ətrafında toplayaraq Rusiyada ədəbi-tarixi prosesi
təşkil edən "Sovremennik" məcmuəsi qədər
mühüm rol oynayır. Məhz mətbuat professoru Rəşad
Məcidin sayəsində "525-ci qəzet" təkcə
Azərbaycanda deyil, bütün türk dünyasında ən
çox oxunan, ictimai-tarixi düşüncəni ifadə edən
mətbuat nümunəsi kimi məşhurlaşıb. XIX əsrin əvvəllərində Azərbaycanda
M.F.Axundzadədən başlanıb gələn
maarifçilik hərəkatının əmələ gətirdiyi
iki məfkurə axınına -azərbaycançılığa
"Molla Nəsrəddin", türkçülüyə
"Füyuzat" məcmuələri rəhbərlik edirdi.
XXI əsrin əvvəllərində yeni tarixi
şəraitin tələbi ilə aktuallaşan bu fikir
axınlarına məhz Rəşad Məcidin "525-ci qəzet"i
rəhbərlik edir. Biz bu əməlin əhəmiyyətini
zaman keçdikdən sonra bütün əzəməti ilə
dərk edəcəyik. Necə ki, hətta Yaponiyada oxunan
"Tərcüman" sahibi Qaspıralının,
"Füyuzat" fədaisi Ə. Hüseynzadənin,
"Molla Nəsrəddin" "akademiyası"na 25 il rəhbərlik
etmiş Mirzə Cəlilin az qala yüz ildən sonra qədrini
bildik. "525-ci qəzet"in təkcə hər
həftənin şənbə günü çap olunmuş
saylarına görə Rəşad Məcidi filologiya,
jurnalistika, tarix, yaxud da fəlsəfə professoru
adlandırmaq olar. Bu gün bəzi
qeydçi və salnaməçi professor və akedemiklərin
kitablarına baxanda təəssüf edirəm ki, Qulam Məmmədlini
niyə akadamik seçməmişik?!
Rəşad Məcid ötən əsrin 90-ci illərindən
etibarən ədəbi prosesə şair və publisist kimi
daxil olub, əməli ilə şəxsiyyəti bir-birini
tamamlayan qələm adamı, fikir sahibi kimi özünü təsdiqləməyə
nail olub. O,
80-ci illərin ortalarında yazmağa başlasa da, "Hələ
ki vaxt var" ilk şeirlər kitabı 29 yaşında -
1993-ci ildə işıq üzü görüb. Bu, böyük
qalmaqallar, işğallar, "20 Yanvar" və Xocalı
soyqırımı kimi fəlakətlər, eyni zamanda ciddi
milli özünüdərk dövrü yaşamış Azərbaycan
tarixinin dönüş ili idi. Rəşad Məcidin ilk kitabı onun müəlliflinin
yaşadığı iztirabları təbii surətdə əks
etdirirdi. Bu toplunun hər səhifəsi gənc
qəlbin iztirabları ilə yoğrulmuşdu. 80-ci illərdə yazılmış o şeirlərdəki
arzularda, ürkək istəklərdə vətən həsrətləri,
elimizin, yurdumuzun başına gələcək müsibətlərin
nəfəsi hiss olunmaqdadır. Gənc qəlbin
poetik arzularını və şeir iztirablarını da bu
sıraya əlavə etsək, Rəşad
dünyasının ilk panoramını təsəvvür etmək
mümkündür. Rəşad Məcidin
çağdaş ədəbi prosesdəki poetik mövqeyini
orijinal bir təzrdə ortaya qoyan tanınmış tənqidçi,
Azərbaycan və özbək ədəbiyyatlarının
müqayisəli tədqiqatçısı Yaşar Qasımbəyli
bunu obyektiv bir səmimiyyətlə təqdim edir: "Rəşad
Məcid çağdaş Azərbaycanın
tanınmış ədəbi simalarından biridir. O,
istedadlı nasir, publisist, jurnalist, ölkənin mədəni-mənəvi
həyatına fəal təsir edən ideoloq və ictmaq-siyası
xadim kimi geniş dairələrdə çoxdan rəğbət
və şöhrət qazanıb.Vətənimiz sərhədlərindən
kənarda da məşhur olan humanist və mənəviyyatçı
qəzetlərimizdən birinin baş yazarı və baş
redaktoru kimi elimizin, yurdumuzun sevimlisinə çevrilib. Amma biz
Rəşad Məcid istedadının rəngarəngliyi və
çoxçalarlı cazibəsində heyrətlənərkən
bir mühüm cəhəti unuduruq: O, hər şeydən
öncə şairdir".
Mən
poeziyaya yanaşarkən müqtədir tənqidçilərdən,
xüsusən çox sevdiyim Belinskidən əxz etdiyim bir
üsula önəm verirəm: "Poeziyasında şairin
şəxsiyyətini - MƏN-ini axtarıram. Səhv
etmirəmsə, H.Heynenin sözüdür, şairi tanımaq
üçün onun vətəninə getmək
lazımdır. Ümumən, bu fikirdəyəm
ki, insan yaşadığı cəmiyyətdən çox,
doğulduğu təbiətə bənzəyir. Mən bu yaxınlarda AzTV-nın "Mədəniyyət"
kanalında Füzuli aşiqi, qəzəlxan şair Hacı
Mailin 60 illik yubiley mərasiminin təkrarına
baxırdım. O, çox maraqlı bir söz dedi:
"Şairin şeiri harada oxunursa, ora onun vətənidir. Zənnimcə, bu, poeziyaya, şair əzəmətinə
verilən çox mənalı bir qiymətdir. Balaca qardaşım, böyük dostum Rəşadın
poeziyasında "külli Qarabağın ab-havası",
xarı bülbülün ətri və əbədi həsrəti
var. Əlbəttə, Rəşadın məşhur "On
sentyabr" kitabına daxil olan, yaxud mətbuatda çap
olunmuş bir-birindən maraqlı şeirlərinin geniş təhliini
vermək fikrində deyiləm. Elə bilirəm
ki, onun erkən şeirlərindən olan "Məğrur
qaya" Rəşad Məcidin öz bədii fəlsəfi
obrazıdır. Dostum Rəşad elə zahirən də
bir az əzəmətli qayaya bənzəyir:
təbii, dözümlü, əyilməz... "Şair həmişə
özünü yazır" deyimi onun poeziyasında və
xüsusən "Məğrur qaya" şeiri ilə
özünü tamamilə doğruldur:
Bu
qayanın duruşundan əzəmət yağır,
Bu sahilin güvənc yeri, ümid yeridir.
Bu
qayanın qarşısında dalğalar - fağır,
Yüz dalğanı sinəsində ovub, əridir.
Bu
qayanın kökü dərin, qaməti uca,
Turanlar da vüqarını sarsıda bilmir.
Yağışların
gur selində çimir doyunca,
Şimşəklərin hədəsindən qorxub əyilmir.
Təkcə bədii yox, həm də
yazıldığı dövrün sosial təlatümlərinə
mətnaltı ictimai-siyasi cavab verən bu şeirdə
"şəfəqləri qucağına sıxıb
qızınan" məğrur qayadan həyatın
tufanlarına dözmək dərsi almaq istəyi poetikləşir. "Məğrurluq-səadətdir"
tezisi şeirin əsas leytmotivi kimi səslənir.
R. Məcidin
poeziyaya gətirdiyi iki yeniliyi qeyd etmək istəyirəm:
birincisi, o, duyduğu, duyub da tapdığı obrazı ən
müvafiq, ən uyğun sözlə ifadə etməyi
bacarır. Təhtəlşüur obrazı hər yetən
sözə təslim etmir; ikincisi, poeziyada taftalogiyaya
çevrilmiş, urvatdan salınmış ucuz patetika və
süni pafosa qurban verilmiş Vətən mövzusuna poetik
konkretlik gətirməyə nail ola bilir.
Onun heç kimə bənzəməyən iç
dünyasında dəruni duyğuları ilə bəslənmiş
öz poetik vətəni var: "Aylı dağlar",
"Yollar" şeirləri buna misal ola
bilər. Aylı dağları "bir ahıl
saçında gümüşü zehə",
"üz-gözü südə bulaşmış körpəyə"
bənzədir. Adətən, şeirdə
dağın ucalığını, əzəmətini əks
etdirən obrazlar işlədilir. Qara saçda ağ cığır mənasını verən
"zeh" sözündən poeziyamızda bəlkə də
ilk dəfə Rəşad istifadə edib. Ucaların
gözəlliyini həm bu ifadə, həm də ay
işığının dağa olan sevgisini, təmizlik və
ülviyyətini üz-gözü südə
bulaşmış körpə ilə qiyaslayır.
Poeziyada
"yol" obrazının çoxlu mənaları var: Orta əsrlərin
möhtəşəm sufi ədəbiyyatında
o təriqət, Tanrı dərgahına yönəlmiş
nur-işıq mənasında işlənir. Ümumiyyətlə,
yol mədəniyyətdir, yollar dünyanın belinə
qurşanmış kəmərdir, dünyada hava yolları, su
yolları... və tale yolları var. Qaraçıdan
soruşublar ki, Vətənin haradır? O belə cavab
verib: Yollar!
Dərədə
çən, düzdə günəş,
Zirvədə dumandı yollar.
Bir kədərdən
yaralanıb,
Min sevinc umandı yollar.
Kədər
yükü ağır olar,
Kədərli
yol fağır olar,
Doğulanda
cığır olar,
Öləndə çəməndi yollar.
Ümumiyyətlə,
"ay ışığı" və "yol"
obrazına R. Məcid tez-tez, özü də müxtəlif
poetik rakurslardan müraciət edir, onun şair ürəyi həmişə
ay işığında yol gedir ("Ürəyim yol gedir...").
R.Məcidin şeirləri ahəngdar bir cazibə ilə
ahənrüba kimi oxucunu çəkir, aparır. Onlardan qopmaq,
ayrılmaq çətindir. Fəqət
biz bu cazibəni dəf etməliyik, şeir gözəlinə
aludəçilikdən əl çəkib
yazıçı və publisist Rəşad Məcidin də
sənət aləminə baş vurmalıyıq.
R. Məcidin
"Cənnət dərəsi" (1987) və "10
sentyabr" (2003) adlı iki hekayəsi çap olunub. "10 sentyabr" böyük əks-səda
doğurdu. Bu hekayə barədə görkəmli ədəbiyyat
xadimlərinin - Elçinin, Anarın, R. Rövşənin, S.
Səxavətin, B. Əlibəylinin, V.Yusiflinin, A.Abbasın,
habelə A.Qaraçənlinin, Sevdanın, Ə.Məmmədovun,
E.Səlcuqun, T.Abdinin, Ü.Muxtarovun - on üç müəllifin
müxtəlif formatlı təqdiredici yazıları çap
olundu.
Xalq yazıçısı Elçin "10
sentyabr"ı "xoş gözlənilməzlik",
"böyük nəsrə apara biləcək yolun uğurlu
başlanğıcı", xalq yazıçısı Anar
"Azərbaycan xarakteri yaradan əsər" kimi dəyərləndirdilər. "Hekayənin
"10 sentyabr" adlandırılması qətiyyən təsadüfi
deyil. Çünki bütün
Amerikanı lərzəyə salan dəhşətli 11 sentyabr
faciəsinin ilk təməl daşının haçan,
harada, amerikalıların ayağı dəyən hansı
ölkədə qoyulduğunu bu gün araşdırıb
tapmaq çox çətindir" (R. Rövşən).
R. Məcidin "10 sentyabr" kitabına ön söz
yazmış tənqidçi Bəsti Əlibəyli, fikrimizcə,
bu əsəri tamamilə düzgün təhlil edir: "Hekayənin
başlıca uğuru, şübhəsiz ki, dəqiq
müşahidə ilə bağlıdır. Əgər
türkiyəli tərcüməçi, yaxud orta asiyalı
şəxs hekayəni oxuyub müəllifin ünvanına məktub
yazırsa ki, sadəcə adam və ölkə
adlarını dəyişəndə "10 sentyabr" əlahiddə
olaraq Azərbaycan deyil, həm də Türkiyənin, həm də
Orta Asiyanın və qeyri-ölkələrin siyasi
reallığıdır, deməli, yazıçı
çağdaş dünyanın ən həssas
damarını da şübhəsiz, tutub. Və
dünyanı, bəşəriyyəti ədəbi
ustalıqla əks etdirməyə nail olub".
Mənim
fikrimcə, hekayənin bədii-fəlsəfi gücü
aşağıdakı cəhətlərlə
bağlıdır:
1. "10
sentyabr" həssas və güclü müşahidə,
mövcud ictimai gerçəkliyə dərindən bələdlik
və sözə qənaətlə dəqiq üslubda
yazılıb.
2. Əsər
dünyanın ən qorxunc imperiyası olan SSRİ-nin
dağılmasından sonrakı milli çaşqınlıq
və tərəddüdlü psixoloji durumu (taksi
sürücüsü olan mühəndis partbiletini
saxlayır, onun arvadı dinə yuvarlanıb
görücülük iddiasındadır) əks etdirir.
3. Hekayənin
qəhrəmanları - sovet dönəminin
sayılıb-seçilən ziyalıları - mühəndis,
tarixçi, elmi işçi, həkim qəflətən alilikdən
adiliyə enmiş, onların isimləri yox, təbii ki, həm
də taleləri baş-ayaq olmuşdu.
4.
Yazıçı unudulmuş pul kisəsi faktından istifadə
edib Azərbaycan türklərinin düzlüyünü,
saflığını, "əmanətə xəyanət
etməmək" kimi ali mənəvi
keyfiyyətlərini, amerkalıların isə insaf və
insanlıqdan məhrum olmalarını əks etdirir. Əslində, sərvətimizi acgözlüklə
üyüdən gonbul amerikalının arvadının
unutduğu kisəsindəki pul bizim özümüzün idi.
Taksi sürücüsü olan mühəndis bunu yaxşı
dərk edir: "Bunlar Soveti - gül kimi hökuməti
dağıtdılar, bizi bir-birimizə qaldırdılar,
işsiz-gücsüz qoydular, kölələrə
çevirdilər - özlərinə, öz xeyirlərinə
görə. Gəlirlər, neftimizi aparırlar, bizi adam yerinə də qoymurlar. Barı,
Qarabağı qaytaraydılar".
5. Hekayə
mistik bir eyhamla - taksi sürücüsünün
görücü arvadının 10 sentyabrın səhəri
"nəsə olacaq, yaman qorxuram" sözləri ilə
bitir. Beləliklə, əsər Amerikaya dərs
vermiş 11 sentyabr faciəsinin ərəfəsini əks
etdirir, bu faciəni adi adamların təəccübünün
yekunu kimi mənalandırır.
6. Hekayənin
sosial-psixoloji, poetik- mənəvi gücü və
aktuallığı bir də bundadır ki, o, 10 il sonrakı - bugünkü oxucuya amerikan
imperializminin Misir, İraq kimi Şərq ölkələrində
demokratiya adı altında çoxəsrlik islam mədəniyyətini
amansızcasına dağıtdığını
unutmamağa səsləyir.
7. Nəhayət,
"10 sentyabr"ın gücü onun saf realizmindədir. O,
XXI əsr Azərbaycan ədəbiyyatının ilk uğurlu
realist hekayələrindən biridir.
Rəşad Məcid istiqlal dövrünün ziyalısı, istedadlı jurnalist, səriştəli publisist və tənqidçidir. Bəsti Əlibəyli onun "Ağ qoç, qara qoç", "Nə yaxşı tapdım özümü", "Uğura aparan yol" kimi məqalələrini xatırladır, fikrimizcə, Rəşadın tənqidinə xas başlıca keyfiyyəti düzgün təyin edir: "Ədəbi-tənqidi yazılarında nəzəriyyəçiliyə aludə olmadan mətnin öz içindən çıxış etməsi, məqalə və müsahibələrindəki tutumlu informasiya yükü də onun bu müstəvidə sanbalını artıran amillərdəndir". Əslində, müasir ədəbi tənqidin ən zəif metodoloji qüsuru müəyyən nəzəriyyələrə güvənməsi, mətnin içinə girə bilməməsidir. Rəşadın tənqidi bu mənada da özəlliyini saxlaya, orijinal təsir bağışlaya bilir.
Və nəhayət, professor Rəşad Məcid Ü.Hacıbəyli, Mirzə Cəlil, N.Nərimanov, Ə.Hüseynzadə, Ə.Ağaoğlu, Şahtaxtlı kimi milli korifeylərimizin ənənələrini yeni dövrdə özünəməxsus səriştə və cəsarətlə davam etdirən usta publisistdir. Publisistika zəmanənin ən müxtəlif suallarına cavab verən, çevik ədəbi janrdır. Zövqlü ədəbi dil, cəsarətli fikir, tarixilik duyğusu, vətəndaş, ziyalı yanğısı R.Məcidin publisist yazılarını səciyyələndirən, onların ictimai təsir gücünü artıran, müəllifinə nüfuz qazandıran peşəkarlıq xüsusiyyətləridir.
Tarixi keçmişimizə böyük ehtiram bəsləyən, yaşadığı dövrün mənəvi tarixinin yazılmasında öz qəlbi və zəkası ilə fəal iştirak edən, Vətənin gələcəyi ilə bağlı qayğılarla yaşayan Rəşad Məcid müstəqil Azərbaycanın yetirdiyi görkəmli fikir adamlarından biridir.
Nizaməddin
ŞƏMSIZADƏ,
Respublika Dövlət
mükafatı laureatı, filologiya elmləri doktoru, professor
Ədalət.-2014.-9 avqust.-S.6.