Sabahın Cəlilabadı
Bölgələrimizdə, ayrı-ayrı şəhər və rayonlarımızda 2014-cü ilin birinci yarısına yekun vurulur, görülən işlər təhlil edilir. Cəlilabad rayonunda bu dövr ərzində uğurlu nəticələr qazanılıb. Birinci 6 ayın yekunları ilə bağlı keçirilən müşavirədə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov qazanılan uğurlar barədə danışıb, tikinti-abadlıq işlərinin davam etdirilməsi üçün ciddi tapşırıqlarını verib. Görülən işləri obyektiv təhlil edən icra hakimiyyətinin başçısı bildirib ki, Dövlət Proqramlarının icrası ilə bağlı irəli gələn vəzifələr həmişə olduğu kimi, bundan sonra da ardıcıl yerinə yetiriləcək.
Bağların bəhəri
Rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmənin inkişafına nail olmaq məqsədi ilə Cəlilabadda ardıcıl tədbirlər həyata keçirilir. Bunun nəticəsində də yazlıq əkinlərdən gözləndiyindən xeyli artıq məhsul əldə edilib. Rayonda üzümçülüyün inkişafına xüsusi diqqət ayrılıb. Bağların ümumi sahəsi 1500 hektara çatdırılıb, üzümlüklərin genişlənməsi üçün davamlı tədbirlər həyata keçirilir.
Təsərrüfatlarda yetişdirilən məhsulların saxlanması üçün tədbirlər davam etdirilir, soyuducu kameralar, taxıl anbarları tikilərək istifadəyə verilib. Heyvandarlığın inkişaf etdirilməsi istiqamətində Dövlət Proqramında nəzərdə tutulan işlər uğurla həyata keçirilib. Təsərrüfatlarda mal-qaranın və quşların sayı xeyli artıb. Cəlilabad şəhərində qapalı ət satışı məntəqəsinin tikintisi yekunlaşmaq üzrədir.
Rayon İcra Hakimiyyətinin rəhbərliyi sahibkarlığın inkişaf etdirilməsini və yeni iş yerlərinin yaradılmasını daim diqqət mərkəzində saxlayır. İş adamlarına münbit şəraitin yaradılmasının nəticəsidir ki, ümumi məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi artaraq 98 faizə çatıb. Bu gün "Avanqard" MMC-nin, "Cəlilabad-şərab-2"ASC-nin, "Kristal" MMC-nin, "Namiq-94" mebel fabrikinin istehsal etdiyi un, şərab, konserv və mebel ölkəmizdən kənarda da özünə alıcı toplaya bilib. "Cəlilabad-broyler" ASC son illərdə olduğu kimi, bu ilin birinci 6 ayı ərzində də istehlakçılara diri və kəsilmiş quş əti satışında nailiyyətlər əldə edib. Müəssisənin istehsal etdiyi keyfiyyətli məhsullara tələbat gündən-günə artır.
Firavanlığa və sabaha aparan yollar
Cəlilabad son illər aparılan genişhəcmli abadlıq-quruculuq işlərindən sonra tanınmaz dərəcədə dəyişib. Heydər Əliyev Seyrəngahı, Heydər Əliyev Mərkəzi, Dövlət Bayrağı Meydanı, Şahmat mərkəzi, Rayonlararası Diaqnostika Mərəzi, Dəmir-beton məmulatları zavodu, Rayon Mərkəzi Xəstəxanası, Olimpiya Kompleksi, Uşaq bağçası və digər obyektlər istifadəyə verilib. Bütün bunlar zəhmətkeş, torpağa bağlı cəlilabadlıların rifahı üçündür.
Ən önəmli məqamlardan biri də odur ki, bütün bu işlər təkcə Cəlilabad şəhərində həyata keçirilməyib, Göytəpə şəhərini və rayonun ayrı-ayrı kəndlərini əhatə edib. Sadatlı, Soltankənd, Zəhmətabad, Həziabad, Cəlayir, Komanlı, Çünzəli, Bəcirəvan kəndlərində müasir tələblərə cavab verən məktəb binaları, tibb və rabitə obyektləri tikilərək istifadəyə verilib. Mərkəzi İstirahət Parkı əsaslı təmir və bərpa olunaraq yenidən qurulub. Böyük Vətən müharibəsində həlak olan cəlilabadlıların xatirəsini yaşadan kompleks yenilənib, həmin ərazidə xeyli abadlıq işləri görülüb. Ələt-Astara magistral yolunun Cəlilabaddan keçən 15 kilometrlik hissəsində 15 min ədəddən çox ağac əkilib, hasarlar inşa edilib.
Bu gün Cəlilabad şəhər məscidi təmir olunur, Məmmədrzalı və Cəfərli, İncilli, Kövüzbulaq kənd məktəbləri üçün yeni və müasir tələblərə cavab verən binalar tikilir.
Rayonda yolların çəkilməsinə böyük önəm verilir. Dövlət başçısının sərəncam və göstərişlərinə uyun olaraq bu sahəyə diqqət artırılıb. 14 yaşayış məntəqəsini əhatə edən Hamarqışlaq-Sadatlı avtomobil yolunun inşası vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirilib. 34 kilometrlik Qarazəncir-Qarakazımlı-Bayxanlı avtomobil yolunun Qarazəncir-Əliqasımlı-Qarkazımlı-Bayxalı yolu 33 min nəfərlik əhalinin gediş-gəlişini asanlaşdırıb. 45 kəndi əhatə edən Cəlilabad-Yardımlı yolunun xeyli hissəsi asfaltlaşdırılıb, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd yolunda işlər davam edir. Prezidentin sərəncamına əsasən Göytəpə-Komanlı, Göytəpə-Kazımabad, Cəlilabad-Soltankənd, Təklə-Bayxanlı, Əliqasımlı-Üçtəpə, Xanəgah-Mikayıllı yollarının asfaltlaşdırılması nəzərdə tutulub. İnşası başa çatan və çəkilməsi planlaşdırılan yeni yollar təkcə insanların həyatına firavanlıq gətirmir, həm də bu yollar onları sabaha aparır.
2003-cü ildə ölkə başçısı seçildikdən sonra İlham Əliyev tez-tez bölgələrimizə səfər edərək görülən işlərlə yaxından tanış olur. Bu müddət ərzində 6 dəfə Cəlilabadda olan dövlət rəhbəri müxtəlif təyinatlı obyektlərin açılışında iştirak edib, rayon ictimaiyyətinin nümayəndələri, ziyalılar və sadə vətəndaşlarla görüşüb. Ölkə rəhbəri son illərdə Cəlilabadda həyata keçirilən işlərə yüksək qiymət verib və bu qədim diyarın işıqlı sabahına inamını ifadə edib: "Mən çox şadam ki, son illər ərzində Cəlilabad rayonu doğrudan da öz inkişaf dövrünü yaşayır. Rayon hərtərəfli inkişaf edir, bütün məsələlər öz həllini tapır. Bir sözlə, inkişaf, dinamika var və bu dinamika gələcək illərdə də saxlanılmalıdır. Cəlilabad daha da sürətlə inkişaf etməlidir və edəcəkdir".
Zəhmətsevər rayon sakinləri də bu etimadı doğrultmağa səy göstərir və sabahın Cəlilabadını qurub-yaratmaq üçün çalışırlar.
E.
CƏBRAYILOĞLU
ədalət.-2014.-9 avqust.-S.4.