Daha müasir, daha güclü sabahlara doğru

 

Son illər Azərbaycanın qazandığı uğurlar hər birimizdə böyük fəxarət hissi doğurur. Artıq dünyanın hər yerində Azərbaycan innovativ inkişafda olan dövlət kimi tanınır, yüksək inkişaf tempi layiqincə qiymətləndirilir. Dünyanın nüfuzlu beynəlxalq təşkilatları Azərbaycanın ən islahatçı dövlət olduğunu etiraf edirlər.

Azərbaycanda da təhsilin fundamental inkişaf tarixinin ən nəzərəçarpan mərhələsi sözsüz ki, ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Məhz bu baxımdan ulu öndər təhsildə əsas rol oynayan, avanqard, fədakar, müqəddəs müəllimləri qiymətləndirib deyərdi: "Müəllim vəzifəsi ona görə şərəflidir ki, o cəmiyyət üçün ən dəyərli, bilikli, zəkalı vətəndaşlar hazırlayır". Bu gün Azərbaycanda ümummilli liderin arzuladığı ideyalarını uğurla həyata keçirən praqmatik dövlət başçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin titanik səyi nəticəsində surətli və innovativ inkişaf göz qabağındadır.

Çiçəklənmiş Azərbaycanımızın cavahiri olan, sözün əsl mənasında, inanılmaz templə gözəlləşən Şeyx Nizami yurdu, qədim Gəncədə fəaliyyət göstərən, yüksək kadr hazırlığı ilə məşğul olan Gəncə Dövlət Universiteti də öz intibah dövrünü yaşayır və uğurlara imza atır.

14 aprel 1938-ci ildə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə İkillik Müəllimlər İnstitutu kimi ilk qədəmlərini atmış, 1943-cü ilin payızından Həsən bəy Zərdabi adına Kirovabad Dövlət Pedaqoji İnstitutu olaraq fəaliyyət göstərmiş, ulu öndər Heydər Əliyevin "Azərbaycan Respublikasının təhsil sisteminin təkmilləşdirilməsi haqqında" 13 iyun 2000-ci il tarixli Fərmanı ilə Universitet statusuna malik olub Gəncə Dövlət Universiteti adlandırılmışdır.

Universitetin əsas məqsədi yüksək ixtisaslı mütəxəssislər hazırlamaqdır. "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"da da qeyd olunduğu kimi, təhsil sahəsində insan resurslarının müasirləşdirilməsi əsas məsələdir. Bu məqsədi reallışdırmaq üçün ilkn şərt olaraq müasir innovativ təlim metodlarını tətbiq etməyi ustalıqla bacaran, keçilən dərslərin tələbələr tərəfindən səmərəli mənimsənilməsini təminləşdirən səriştəli təhsilverənin formalaşdırılması və Universitetimizdə təhsilverənlərin peşəkarlığının yüksəldilməsidir. Təhsil alanların nailiyyətlərinin qiymətləndirilməsi üzrə yeni sistemlərin qurulması, onların istedadının aşkara çıxarılması və bu istedadın daha da inkişaf etdirilməsi diqqət mərkəzində dayanmalıdır.

Universitetin dörd tədris korpusu var. Hal-hazırda həmin korpuslar təhsil, tədris üçün yararlı hala salınmış və bu sahədə işlər bu gün də davam etdirilir. Sevindirici haldır ki, korpuslarda müəllim və tələbələr artıq güclü internet xidmətindən istifadə edə biləcəklər. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə Aztelekom tərəfindən bütün korpuslara "Fiber optic kabel"in çəkilişi uğurla başa çatdırılmışdır.

İkinci ən mühüm addım "Elektron universitet" layihəsinin reallaşdırılmasıdır. Cənubi Koreyanın beynəlxalq əməkdaşlıq təşkilatı olan "KOİCA" Universitetimizin təhsil və inzibati işlərinin avtomatlaşdırılmış sisteminin yaradılmasına yardımçı olmağı öz üzərinə götürmüşdür. Bunun üçün ilkin hazırlıq mərhələsi yekunlaşmışdır. Optik kabel çəkilmiş, server otağı hazırlanmışdır.

Universitetin hərtərəfli inkişaf etdiriməsi amillərdən biri ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlıqdır. Bu, hər şeydən əvvəl mütəxəssis mübadiləsi, təhsil sahəsində qabaqcıl təcrübənin mənimsənilməsi, elmi və metodiki sahələrdə yeniliklərin əldə edilməsi, onlardan bəhrələnmə və dünyagörüşün artması deməkdir. Universitetin rektoru, professor Yusif Yusibovun işgüzar, səmərəli və məqsədyönlü tədbirləri nəticəsində az bir vaxtda böyük uğurlar qazanılmışdır. Təkcə onu demək kifayətdir ki, son altı ayda qardaş Türkiyə Cümhuriyyətində "Mövlana" mübadilə proqramı çərçivəsində iyrimi ali təhsil müəssisəsi ilə, o cümlədən Kastamonu, Giresun, Firat, Ərzurum Teknik, Çankaya, Ərzincan, Nevşəhir Hacı Bektaş Vəli, Bitlis Eren, Aksaray, Uşak, Bozok, Cumhuriyyət, Hacettepe, Ərdahan universitetləri ilə müqavilələr imzalanmış, 70 nəfər müəllim və tələbənin sənədləri onların komissiyalarına göndərilmişdir. Xüsusilə qeyd etmək yerinə düşərdi ki,bu məsələlərlə sırf məşğul olan elm və tenika üzrə prorektor Pərvin Kərimzadənin çox ciddi fəaliyyəti nəticəsində ali məktəblərlə əməkdaşlıq sahəsində böyük uğurlar əldə edilmiş, bir neçə istiqamətdə yüksək reytinqə malik, ali məktəblərlə müqavilələr bağlanmışdır. Avropa istiqamətində Fransanın Yuxarı Elzas, Strasburq, Reyms, Şampan-Arden, Albaniyanın Vitrina, MDB ölkələri istiqamətində Belorusiyanın Vitebsk, Ukraynanın Poltava Ticarət və iqtisad Universiteti, Gürcüstanın Tbilisi və Kutaisi Dövlət Universitetləri, Özbəkistanın Nizami adına Daşkənd Pedaqoji İnstitutu və Azərbaycanın Bakı Dövlət, Sumqayıt Dövlət, Texniki Universitetləri, AMEA Aşqarlar Kimyası və Kimya Problemləri İnstitutu, Bakı Ali Neft Məktəbi ilə əməkdaşlıq uğurla davam etdirilir.

Universitetin beynəlxalq layihə və proqramlarda da iştirakı istər müəllim, istərsə də tələbə hazırlığında öz bəhrəsini verməkdədir. Gəncə Dövlət Universiteti Avropa Şurasına daxil olmayan dövlətlərdə ali təhsilin inkişafına, Boloniya prosesinin reallaşmasına kömək məqsədilə yaradılmış və Avropa Şurasının layihəsi olan "TEMPUS" proqramına qoşulmuşdur. Universitetimiz kurikkulum sisteminin Avropa standartlarına uyğunlaşdırılması məqsədi daşıyan "CURDEUS", beynəlxalq əlaqələrin təkmilləşdirilməsi və yenidən qurulmasına xidmət edən "UNİVİA", əlil tələbələrin təhsilə cəlb edilməsi məqsədilə yaranmış "ESVİDİP" layihələrində də yaxından iştirak edir. "CURDEUS" layihəsi çərçivəsində artıq müəllimlərimiz Polşanın Lodz, Hollandiyanın Leyden və Portuqaliyanın Dövlət Universitetində mübadilə keçiblər.

Bütün dövlətlərdə ali təhsilin Avropa modeli üzrə inkişafı məqsədinə, müəllim və tələbələrin mübadiləsinə xidmət edən "ERASMUS" proqramında iştirak etməyimiz həqiqətən Universitetimiz üçün ciddi bəhrə vermişdir. Keçən il yalnız iki tələbəmiz bu proqramdan bəhrələnmişsə, 2014-2015-ci tədris ilində onların sayı 10 nəfərə çatdırılmışdır. Həmin tələbələr İtaliyada, Fransada, Polşada və Finlandiyada bakalavr, magistratura və doktorantura səviyyəsində təhsillərini davam etdirəcəklər. Finlandiyadan olan 1 nəfər tələbə layihə çərçivəsində Universitetimizdə təhsil alıb. Alman akademik mübadilə xidməti olan "DAAD"la da əlaqəmiz mövcuddur. Alman dili kafedrasının müdiri Vüsalə Kərimovanın təşəbbüsü ilə "DAAD" təşkilatı alman dili müsabiqəsi keçirmiş və bu müsabiqədə qalib olan 6 nəfər tələbəmiz Almaniyanın müxtəlif ali məktəblərində bir müddət təhsil alacaqlar.

Universitetin Fransız dili kafedrası Strasburq Universiteti ilə ciddi əməkdaşlıq edir. Qeyd etmək lazımdır ki, Xarici dil müəllimliyi (fransız dili) ixtisası üzrə Universiteti bitirmiş tələbələrin buraxılış işləri və imtahanı fransızlar tərəfindən qəbul edilir (GDU və Strasburq Universitetləri arasındakı əməkdaşlıq müqaviləsinə əsasən).

Azərbaycan Respublikasının Təhsil Nazirliyi müxtəlif eimi tədbirlərin, o cümlədən Respublika və beynəlxalq elmi konfransların, simpozium və konqreslərin keçirilməsinə xüsusi diqqət yetirir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin əmrinə əsasən Gəncə şəhər İcra hakimiyyətinin dəstəyi ilə "Müasir biologiya və kimyanın aktual problemləri" və "Riyaziyyat və İKT-nin tətbiq sahələri", "Yeni tədris texnologiyaları" mövzusunda keçirilimiş beynəlxalq konfransda nüfuzlu ali məktəb nümayəndələri, AMEA-nın institutlarını təmsil edən 125-dən artıq alim, altı ölkənin təmsilçiləri iştirak etmişlər. Konfransın materiallarının kitab şəkilində nəşr etdirilməsi isə iştirak edən alimlər, eyni zamanda Universitetin tarixi üçün ən layiqli hədiyyə olmuşdur. Məlumdur ki, praktik təcrübələrin keçirilməsi məsələsi həmişə xüsusi diqqət mərkəzindədir.

Tələbələrin yaxşı oxumaları onların Universitetin ictimai həyatında, tədbirlərində yaxından iştirak etmələrinə gözəl bir stimuldur.

Şübhə yoxdur ki, tələbələrin lazımi səviyyədə təhsil almaları ilə bərabər, sağlam insan kimi yetişmələri də rəhbərliyin diqqət mərkəzindədir. "Sağlam bədəndə, sağlam ruh olar". Cənab Prezidentin Respublika üzrə idmana, idman tikililərinə göstərdiyi qayğının əvəzsiz olduğu göz qabağındadır. Universitetimiz də bu doğma, isti diqqət və qayğıdan qədərincə bəhrələnmişdir. Tələbələrimiz rəhbərliyin qayğısını dərk edir, qiymətləndirir, həmişə öndə olmaq üçün səy göstərirlər. Son vaxtlar şəhər və Respublika yarışlarında, olimpiadalarda qazanılan nəticələr bunun bariz nümunəsidir.

Universitetin müəllim və tələbələri üçün ən vacib olan, zəngin kitabxanası vardır ki, universitetin müəllim və tələbələri, hətta, şəhərdə olan univesitetlərin və təhsil ocaqlarının tələbələri də buradan istifadə edir. Ümumi fondu 578800 ədəddən çox olan bu zəngin kitabxanada, 360500 nüsxədən artıq ədəbiyyat saxlanılır. Bunlar dərslik və dərs vəsaiti elmi, bədii, ictimai-siyasi ədəbiyyatlardır. Ancaq bu xəzinənin saxlandığı yer həddən artıq yararsızdır. Onların lazımi səviyyədə qorunması, tələbələr üçün kitabxanadan istifadə şəraitinin, elektron kitabxananın yaradılması əsl problemə çevrilmişdir. Universitetin yeni rəhbərliyi bu qüsuru tezliklə aradan qaldırmaq sahəsində ciddi səy göstərir.

Yataqxanaların müasir tələblər baxımından tezliklə təmir edilib tələbələrimizin ixtiyarına verilməsi, Universitet qarşısında duran ən mühüm vəzifələrdəndir. İnanırıq ki, bu məsələ də vaxtında öz həllini tapacaqdır.

Gəncə Dövlət Universiteti illərlə qazandığı şərəfli, şanlı ənənələrini saxlamaq və yaşatmaqla irəliləyir. Onu hələ qabaqda nə qədər gözəl işlər, yalnız və yalnız uğurlar gözləyir.

 

Əliqulu QULİYEV,GDU-nun fəxri professoru, Riyazi analiz kafedrasının dosenti,

Nüvər NƏSRULLAYEV, GDU-nun Həndəsə və cəbr kafedrasının dosenti

Ədalət.-2014.-13 avqust.-S.4.