Fırçam keçir Qarabağdan

Gənc rəssam Nərminə Vəliyevanın düşüncəsindəki "Xarı bülbül"

 

 Bu gün təkcə əli silah tutan əsgər və zabitlərimiz deyil, qələmlə yazıb yaradan şair və yazıçılarımız, fırça ilə sənət əsərləri çəkən rəssamlarımız da Qarabağ torpaqlarını erməni işğalından azad etmək üçün çalışır. Böyük möhtəşəm Qələbəyə birlikdə addım-addım gedirik.

Gənc rəssam Nərminə Vəliyeva da öz əsərlərində Qarabağ mövzusuna tez-tez yer ayırır. Nərminə xanım 1989-cu ildə anadan olub, Rəssamlar İttifaqının üzvü, Dövlət Rəssamlıq Akademiyasının dissertantıdı. Bakıda bir neçə xarici ölkədə fərdi sərgisi təşkil edilib. Amerikada, İtaliyada, Fransada, Yaponiyada, Rusiyada, Almaniyada, Estoniyada keçirilən sərgilərdə uğurla iştirak edib. Beynəlxalq Uşaq Yaradıcılıq Fondunun təşkil etdiyi sərginin qalibi olub.

Onun çəkdiyi "Xarı bülbül", "Şuşa qalası", "Düşmən gözü", "Ruhun rəqsi" adlı rəsm əsərləri bu yaxınlarda Avstraliyanın Melburn şəhərində təşkil olunan "Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda" layihəsi çərçivəsində keçirilən sərgidə nümayiş olunub.

İstedadlı rəssam bizimlə söhbətdə həmin tədbir barədə ətraflı danışdı: "Bu layihəni "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə həyata keçirirdi. "Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melbrunda" layihəsi çərçivəsində sərgi Melburndakı Dikin Universitetində təşkil olundu. Həmin sərgidə mənimlə yanaşı Şəhla Qəhrəmanlının Günay Həsənovanın əsərləri təqdim olundu. Universitetin müəllim tələbələri "Qarabağ atları", "Torpaq həsrəti", "Şuşa məscidi", "Xudafərin körpüsü" digər rəsm əsərlərinə tamaşa etmək imkanı qazandılar. Mənim həmin tədbirdə "Xarı bülbül", "Şuşa qalası", "Düşmən gözü", "Ruhun rəqsi" əsərlərim sərgiləndi. Sərgiyə gələnlər hər üçümüzün əsərlərini maraqla qarşıladılar, müsbət fikirlər söylədilər".

Nərminə Vəliyeva sənət əsərlərini dünyada yaşayan müxtəlif xalqlar arasında körpü hesab edir: "Musiqi kimi rənglərin dili birdi, ona görə rəsm əsərləri xalqlar arasında ünsiyyət körpüsü yarada bilir. "Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda" sərgisinə gələnlər bizim ürəyimizdən keçən fırça vasitəsilə çatdırdığımız hisləri, düşüncələri rahat anlaya bildilər".

Gənc rəssam belə tədbirləri əhəmiyyətli sayır belə hesab edir ki, təşkilatçılar çox mühüm bir addım atıblar: "Bayaq dediyim kimi, layihəni "Sönməz Məşəl" Mədəni Əlaqələr İctimai Birliyi həyata keçirir. Azərbaycan Dillər Universitetinin Xarici ölkələr ədəbiyyatı kafedrasının professoru Şəhla Nağıyevanın rəhbərlik etdiyi bu təşkilat çox mühüm bir görür. Azərbaycandakı reallıqları, Qarabağ həqiqətlərini dünyaya sənət əsərləri vasitəsi ilə çatdırır. "Rənglər çələngi: Azərbaycanın Dağlıq Qarabağ rəngləri Melburnda" layihəsinin reallaşmasında zəhməti keçən hər kəsə qəzetiniz vasitəsilə təşəkkürlərimi yetirmək istəyirəm. Belə layihələri davamlı etmək lazımdı, çünki bu bizim ümumi işimizin xeyrinə olar".

Hər bir Azərbaycanlı kimi Nərminə Vəliyevanın da qəlbində Qarabağın özəl bir yeri var. Gənc rəssam Qarabağa sevgisini belə izah edir: "Biz Qarabağ kimi bir ərazini itirmişik, ona görə bu dərd hamımızın ürəyində yara bağlayıb. Lakin insanın istəyi olanda bütün dərdlərə məlhəm tapa bilir. Biz ərazilərimizi gec-tez işğaldan azad edəcəyik. Şablon da səslənsə, deyim ki, bunun üçün hər birimiz çalışmalıyıq. Bunu özümüzə bir vətəndaşlıq borcu hesab etməliyik. Mən Allahın yardımı sayəsində fırçamla öz üzərimə düşən işi görməyə çalışıram. Buna nail olanda da daxili rahatlıq tapıram. Öz əsərlərimlə insanları düşündürəndə xoşbəxt oluram".

 

Etibar CƏBRAYILOĞLU

Ədalət.-2014.-16 avqust.-S.13.