VİLLİ

(VİLAYƏT OMAROV)

 

Villi ilə görüşüb söhbətləşmək, yazacağım mənzərə üçün müəyyən etüdlər toplamaq çoxdankı istəyim idi. Yayın ən qızmar günlərinin birində İncə Dərəsinə səfər etdim.

Artıq çox şeylə, elə 3-cü qrup Qarabağ əlili olmağıyla da barışmış bu cəsur ürəkli insan Asdanbəyli kəndinin girəcəyində, bir zaman əsgərləri üçün tikdirdiyi kazarmada yaşayır. Özünə yurd yeri seçdiyi evinin tikintisi başa çatmayıb hələ. Heç bir təmiri olmayan bu evdə üç aslan balası - oğulları Mehdini, Qabili, Adili böyütməklə məşğuldur, İncə dərəsinin bu əfsanəvi igid balası...

Başı qarışmışdı, məni görmürdü. Görünür ovdan təzə qayıtmışdı. Əlində tutduğu iri, boz ilanı kötüyün üstündə tikə-tikə doğrayıb yanında zəncirlədiyi nəhəng qartalın qabağına atırdı. Acgözlüklə tikələri udan qartal, uzun qanadlarını yanına çırpır, sanki yerində rəqs edirdi.

-Bir zaman özün kimi əfsanələşmiş "Gümüş" adlı avçarkandan sonra meylini indi də qartala salmısan, deyəsən? - deyib məşğuliyyətindən ayırdım.

- Dəmirçoğlu? - deyib ayağa qalıxdı...

Artıq yay ayının od püskürən hikkəsi səngimiş, yaz eşqiylə torpağı-daşı dəlib çıxan al-əlvan çiçəklər çoxdan solub getmiş, bağların, baxçaların barı-bərəkəti dərilmiş, ura yerləri bozaran bostanların qurumuş tağları, əsən küləklərin uğultusu, gurlayan göylərin bulana-bulana hönkürməsi, bahar ümidini itirib, ağır-ağır sinəni döyən bir ürəyin əhvalını xtırladırlar sanki. Payızın gəlişi aydınca görünməkdədir:

 

PAYIZ ETÜDÜ

 

Yenə tağlar quruyacaq,

Bostanın uca yerində.

Vaxtsız çiçəklər bitəcək.

Torpağın yara yerində.

 

Bağ-bağatın yaraşığı,

İlmə-ilmə söküləcək,

Ağaclərın pıçıltısı,

Yarpaq-yarpaq töküləcək.

 

Yağışlar dimdikləyəcək,

Saralıb-solan cığırı,

Kimsə tapa bilməyəcək,

Yarpaqla dolan cığırı.

 

Xəzəl olan xəyalları,

Küləklər alıb gedəcək,

Sonuncu yarpaqları da,

Budaqdan salıb gedəcək.

 

Qızılgüllərin kolları,

Yaldız-yalqız üşüyəcək.

Yarıaçılmış qönçənin,

Üstünə qırov düşəcək.

 

O qönçə dərilib yenə,

Bir evə qonaq gedəcək.

Güldanda gülümsəyərək,

Ölümə salam verəcək...

 

Əlbəttə ki, biz bu misralarla möhtərəm oxucularımıza pessemist əhval-ruhiyyə aşılamaq niyyətində deyilik. Onsuz da xoş əhval -ruhiyyə də, ruh-əhval düşgünlüyü də hər kəsin düşüncə və yaşam tərzi ilə nizamlanır.

Vilayət Omarov (Villi) haqda yazacağım yazı payız fəslinin qədəm qoyduğu bir vaxta düşdüyü üçün oxucularıma sarılı, qırmızılı bir payız salamı söyləyib, bu maraqlı insanın mənzərəsinə başlamaq istəyirəm.

Ötən saylarda qələmə aldığimiz "Uzun Allahverən" mənzərəsinin birinci yazısından belə bir abzası təkrar nəzərinizə çatdirmaq yerinə düşərdi:

"Çöllən kişi aram-aram sözünə davam edərək Qarabağ müharibəsindən, Villinin göstərdiyi şücaətlərindən danışıb xüsusi olaraq vurğuladı ki, Villi də Uzun Allahverənin qohumlarındandır. Atası anbardar Mədəd uzun Allahverənin bacısı Söylünun nəvəsidir".

"Ot kökü üstdə bitər" - deyiblər. Aslan südünü aslan balası əmib aslan ola bilər ancaq.

Villinin Qarabağ döyüşlərində göstərdiyi igidlikləri, şücaəti olduğu kimi qələmə alsaq, bizim mənzərə ölçümüzdən çıxıb, irihəcmli bir əsər alınar. Mənim təqdim etdiyim bu etüd parçası isə onun mənzərəsinə azacıq işıq sala bilər, uzaqbaşı.

 

Todan əməliyyatı

 

O zaman idi ki, istər Qarabağda, istərsə də digər bölgələrdə gedən döyüşlərdə, qayda və qanunlar pozulur, nizam-intizamsızlıq baş alıb gerirdi. Nizami ordu hələ tam formalaşmamış, ayrı-ayrı könüllü dəstələr yaranırdı.

Ural hərbi dairəsində xidmət edib, orada hərbi ali təhsil almış Vilayət Omarov 1990-cı ildə vətənə qayıdır, elə o zamandan da Məhəmməd Əsədovun komandanlığı altında fəaliyyət göstərən "Omon" dəstəsində xidmətə başlayır. Qarabağda gedən "Daşaltı", "Kərkicahan", "Drınbon", Şuşa və digər döyüş əməliyatlarının çoxunda iştirak etmiş, igidliyi, şücaəti ilə dillərdə dastana çevrilmişdi...

Şuşa uğrunda gedən döyüşlər uğursuz nəticələnmış, artıq düşmənlər, Şuşanı işğal etmişdilər. Öz dəstəsiylə Şuşa-Laçın yolunu kəsib, bu yolla Şuşanın əlaqəsini kəsmək əmri alan Villi qalın meşələrdən keçib həmin yolu nəzarətdə saxlamalıydı.

Bu əməliyyatda qanlı döyülər gedir, hər iki tərəf xeyli itkiyə məruz qalır. Döyüşdən sonra Villinin nə ölüm, nə də dirim xəbəri çıxmır və itkin düşür...

Neçə gün idi ölüm-dirim xəbəri məlum olmayan Villini itkin hesab edən dəstə üzvlərinin üzü gülmür, çoxu onu ölmüş hesab edirdilər...

Bir tərəfi qrad mərmisiylə uçub dağılmış qəsəbə yeməkxanası çox zaman saqqalı könüllülərlə dolu olar, bir çox döyüş əməliyyatları elə oradaca hazırlanardı.

İçərisi ala-qaranlıq yeməkxananın qapısından keçib, sağ küncdəki stola yaxınlaşan naməlum döyüşçünün saqqal basmış üzündən yorğunluq qarışıq qəzəb yağırdı. O üstünün parçası cırılmış stulu arxaya itələyib üstündə oturdu. Əlində tutduğu sellofan torbanı divarın küncünə qoyub, çiynindən çıxardığı avtomatı stolun sağ tərəfinə söykədi. Yeməkxanada işləyən ofisant xanım demək olardı ki, bu ərazidəki döyüşçülərin hamısını tanıyırdı.

- Nə yeyəcəksiz, qardaş - deyib ofisant xanım bu naməlum əsgəri xəyallarından ayıddı.

- Nə olsa. Amma bir az tez elə - deyıb, yenə xəyala daldı.

Buğlanan xörəyi acgözlüklə yeyib qurtardıqdan sonra xanımı çağirdı:

-Xanım, bunları pul əvəzi qəbul et - deyib, küncə soykədiyi torbanı xanıma uzatdı. Gənc xanım torbanı açarkən bərkdən qışqırdı. Sellofan torba əlindən yerə düşdü. Kənarda oturmuş döyüşçülər səs gələn tərəfə dönüb, ofisianta yaxınlaşdılar. Yerə səpələnmiş qulaqları gorüb naməlum əsgəri mühasirəyə aldılar.

- Billi!!? Bu sənsən? - onu tanıyan dostlarının sevinclərinin həddi-hüdudu yox idi...

***

Çaykənddə gedən döyüşlər səngimək bilmir, erməni yaraqlıları müqavimət göstərir, şiddətli döyüşlər günü-gündən daha da alovlanırdı. Villi xeyli vaxt idi ki, öz dəstəsiylə bu ərazidə döyüşürdü.

Atası Mədəd kişinin qırxını verib, İncə dərəsindən geri dönən Villi eşidir ki, o gedəndən sonra ermənilər hücum edib onların postunu almış, Todan kəndinə od vurub yandırmış, qanlı döyuşlərdə dəstəsindən üç nəfər həlak olmuşdu. Nofəlin ölüm xəbərini eşidəndə beyninə qan sıçrayır. Sonra "Milli qəhrəman" adı ilə təltif olunmuş Nofəl Quliyev onun ən sevimli döyüşçüsü idi.

"Sənin qanını yerdə qoymayacağam" - deyib, başında qurduğu əməliyyatı tezliklə həyata keçirməyə tələsirdi.

Qışın şaxtalı dekabr ayı idi. Ertəsi gün özü ilə 4 nəfər döyüşçü götürüb yanıb tüstülənən Todan kəndinə tərəf üz tutdu. Planı Erkəc kəndindən keçib, Todanın yuxarı hissəsində yerləşən yüksəkliyi ələ keçirmək idi. Adam yaşamadığından kəndin həyət-bacası yabanılaşmışdı. Erkəcin yuxarı hissəsindən keçəndə gözü telefon dirəyinə sataşdı. Telofon xəttini dartıb qırdı ki, postla əlaqə kəsilsin. Plan üzrə iki hissəyə bölünməli, posta yaxınlaşarkən hər iki tərəfdən əl qumbaralarını səngərin içinə atıb, oradakıları məhv etməli, posta yiyələnməli idilər. Bomboz, çılpoq təpənin döşünə çatanda Villi iki nəfəri ayırıb sağ tərəfdən posta yaxınlaşmağı əmr edib, özü də qalan iki nəfərlə sol cinahla dikdirin başına tərəf yollandılar. Təpənin arxasından qəfil çıxan silahlı erməni yaraqlısı düz onlara tərəf gəlirdi. Başıasağı gələn erməni onları hələ görmurdü. Villi sağ cinahla gedən əsgərlərinə baxıb onlara işarə etmək istədi. Amma onlar geri baxmadan irəliləyirdilər. O yanındakı iki nəfərə işarə etdi ki, siz geri dönün. Elə bu anda üzbəüz gələn erməni onları görüb dayandı. Qalın kürk geymiş saqqalı erməni bir çiynindən avtomat aşırmış, digər çiynindən isə iki ədəd qrantamyot asmışdı. Onları görən erməni çaş-baş qalıb bir anlıq dayandı. Ağlına gəlməzdi ki, Azərbaycan yaraqlıları düz qərargahın yanına qədər gələ bilərlər. Vılli nə fikirləşdisə, əliylə erməniyə susmaq işarəsi verdi. Sonra aşağı, dərədək bulağa tərəf düşməsini işarə edərək bulağa tərəf qaçmağa başladı. Bu işdən baş açmayan erməni havaya bir qatar güllə atdı. Daha gözləməyin yeri deyildi. Villi tez geri dönüb erməniyə atəş açdı. Avtomatı əlindən düşən erməni arxası üstə yerə yıxıldı. Dərhal da qalxıb post tərəfə qaçmağa başladı. Villi ikinci güllə ilə onu yerə sərdi. Uşaqlara aşağı, kəndə tərəf qaçmağı əmr etdi. Əks halda bu çılpaq təpədə bir an içində onları dənləyəcəkdilər. Özü isə erməniyə yaxınlaşdı. Arxası üstə uzanmış erməni lal baxışlarla ona baxırdı. "Bu da sənin qanın, Nofəl qardaşım" - deyib, bir qatar gülləni onun qarnına doldurdu. Erməninin silahlarını götürüb, uşaqların arxasıyca özünü meşəyə saldı. Artıq ermənilər onları görmüşdü. Yaxşı ki, atılan güllələrin heç biri onlara dəymədi. Özlərini ilk evin divarının arxasına verdilər. Gözlənilmədən sol tərəfdən onları atəşə tutdular. Divarın arxasında gizlənmiş Villi sərrast atəşlə erməninin birini vurdu. Ağzı üstə uzanmış digər erməni pulemyotla onları fasiləsiz atəşə tutdu:

- Uşaqlar, mən onu atəşə tutacam, həmin anda özünüzü meşənin qalınlığına verın. Sonra siz onu atəşə tutun ki, mən də buradan çıxa bilim - deyib, pulemyot atanı atəşə tutdu. Özlərini meşəyə verən əsgərlər də eyni halı təkrar etdilər və qısa zamanda kənddən uzaqlaşıb, dik yuxarı öz qərargahlarına tərəf getdilər. Yola çıxanda Milli ordunun BTR-ləri erməni tərəfə atırdılar. Villi atanlara yaxınlaşıb:

- Hədər yerə niyə atırsınız? - deyə soruşanda dedilər ki, orada 4 nəfər döyüşçümüz mühasirədədi.

Villi gülümsəyərək:

- O, biz idik, - deyir.

Elə həmin gün axşam Ermənistandan yayımlanan radio efirindən xəbər verildi ki, Azərbaycan yaraqlıları Todana hücum edib, bir dinc sakini, bir erməni əsgərini öldürüblər. Ölənin birinin Asqa Aqanesyan olduğunu bilən kənd sakinləri Villiyə əhsən deyərək həmin erməninin Qonşu kənddə sovxoz direktoru olduğunu söyləyirlər. Onun bütün erməni yaraqlılarını maliyyələşdirən qəddar bir quldur, qan içən bir cani olduğunu da əlavə edirlər...

***

Villi sözün həqiqi mənasında həmin illərdə göstərdiyi şücaətlərlə əfsanələşmiş, haqqında dillərdə əfsanəvi rəvayətləri dolaşan qəhramanlardan birinə çevrilmişdi.

Qarabağ, Caykənd və digər döyüş bölgələrində misilsiz igidliklər göstərmiş Vilayət Omarov Qazaxda üç batalyona komandan təyin olunur. Bir yanı Avey, Daş Salahlı, bir yanı Şıxlı, Babakər, bir yanı isə İncə Dərəsi sərhədləri boyunca onun komandanlığı altında müdafiə olunurdu.

Villinin yaratdığı 19 nəfərdən ibarət xüsusi kəşfiyyat dəstəsi istər "qulaq", istərsə də girov gərək olduğu zaman dərhal əməliyyatlar edər, bütün tapşırıqları uğurla həyata keçirərdilər.

Bir gün İncə dərəsində biçin zamanı ermənilər bizim posta hücum edib, postda dayanan Məcid Yaqubovu girov götürmək istəyirlər. Uzun Allahverənin nəvəsi Məcid sayıqlıq göstərir, ermənilərlə atışma başlayır.

Villi komandan kimi həmin döyüşdə ön sırada döyüşürdü.

Ancaq bu döyüşdə qəfil güllə onu da haqladı. Açılan güllə sol əlinin biləyindən keçib, sinəsinə dəyir. Körpücük sümüyünü sındıraraq ciyərindən keçir, üç qabırfasını sındırıb kürəyinin arxa tərəfindən çıxır. Villinin yaralanması nə qədər ağır olsa da döyüşçülər ruhdan düşməyir, düşmənə ağır itkilərlər verərək geri otuzdururlar...

Qartalını yemləyən Villiyə son olaraq bir sual vermişdim:

- Ən böyük arzunu bilmək olarmı?

- Arzum əmələ gələndimiki?- deyib susmuşdu.

 

Məmməd Dəmirçioğlunun təqdimatında

Ədalət.-2014.-16 avqust.-S.12.