"Azərbaycan Sərhəd Mühafizəsi
öz gələcəyinə nikbinliklə baxır"
"Ölkəmizin sərhədləri
etibarlı şəkildə qorunur"
Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı, general-polkovnik Elçin Quliyev "Azərbaycan" qəzetinə müsahibə verib.
Adalet.az müsahibəni təqdim
edir:
"Azərbaycan müstəqil dövlət olaraq sərhədlərin
qorunmasını xüsusi vəzifə hesab edir və Azərbaycanın
Sərhəd Qoşunlarının gələcək
inkişafı bizim üçün çox vacibdir."
Heydər
ƏLİYEV
- Cənab
general-polkovnik, sizi və bütün sərhədçilərimizi
Azərbaycan Sərhəd Mühafizəsinin 95-ci
ildönümü münasibəti ilə təbrik edirik.
- Təbrikə
görə çox sağ olun. 18 avqust yalnız Azərbaycan sərhədçiləri
üçün deyil, dövlət səviyyəsində əlamətdar
günlərdən biridir. Çünki
dövlətçiliyin mühüm atributlarından
sayılan sərhədimizin öz ölkəmizin vətəndaşları
tərəfindən qorunması müstəqilliyimizin əsas
amillərindəndir.
Azərbaycanın
sərhəd mühafizəsi xidmətinin keyfiyyətcə
yenidən təşkili, formalaşdırılması və
inkişafı müasir tariximizin yaradıcısı, müstəqil
Azərbaycan dövlətinin qurucusu, bu dövlətin müstəqilliyini
əbədi və dönməz edən, öz xalqını
çox çətin və mürəkkəb vəziyyətlərdən
qurtararaq tərəqqi yoluna çıxaran ulu öndər
Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider sərhəd mühafizəsinə
daim yüksək diqqət və qayğı göstərmiş,
sərhədlərimizin toxunulmazlığının təmin
edilməsini dövlətimizin çox mühüm və
başlıca vəzifəsi kimi dəyərləndirmişdir.
Böyük dövlət xadimi sərhəd
mühafizəsinin qarşısında duran vəzifələri,
aparıcı istiqamətləri, sərhəd siyasətinin
yaxın və uzaq perspektivi üçün konseptual müddəaları
müəyyənləşdirmiş, milli sərhəd
strategiyasını yaratmış, eyni zamanda bu strategiyanın
əməli surətdə həyata keçirilməsini təmin
edən konkret fəaliyyət istiqamətlərini dəqiq
göstərmişdir.
Ulu
öndər 2000-ci il avqust ayının
16-da imzaladığı fərmanla avqustun 18-i sərhədçilərin
peşə bayramı günü kimi təsis olunmuşdur. Bu qərar tarixi varislik prinsipini və milli sərhədçilik
yaddaşını bərpa etmişdir. Azərbaycanda
sərhəd mühafizəsinin ilk dəfə dövlət
strukturu kimi yaradılmasına başlanılması bu sərəncamla
rəsmən təsdiq olundu. Milli
maraqlarımızı daim önə çəkən
böyük dövlət xadimi bununla Azərbaycanda dövlətçilik
ənənələrinin dərin kökləri olduğunu bir
daha göstərdi.
- Cənab
general-polkovnik, ölkəmizin sərhədçiləri
öz peşə bayramlarını necə
qarşılayırlar?
- Sərhədçilər
bu il də peşə bayramlarını
xidmətdə qazanılmış böyük nailiyyətlərlə,
yüksək əhval-ruhiyyə ilə qarşılayırlar.
İyul ayının 18-də Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin Dövlət Sərhəd Xidmətinin
Sahil Mühafizəsinin gəmi inşası zavoduna gəlişi
sərhədçilərin bayram əhval-ruhiyyəsinə
xüsusi ovqat gətirmişdir. Cənab Prezidentin sərhədçilərlə
görüşləri, yaradılmış xidmət və məişət
şəraiti ilə şəxsən tanış
olması, problemlərin həll edilməsinə yüksək
qayğı göstərməsi Vətənimizin sərhədləri
keşiyində dayanan hər bir sərhədçinin məsuliyyət
hissini xeyli artırır və böyük ruh yüksəkliyi
yaradır. Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi
milli sərhəd siyasətini uğurla davam etdirən Azərbaycan
Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin sərhəd
mühafizəsinə göstərdiyi xüsusi diqqət və
qayğı nəticəsində Vətənimizin
hüdudlarının yüksək səviyyədə
qorunması təmin olunmuş, güclü, dünya
standartlarına tam cavab verən, texniki cəhətdən ən
müasir səviyyədə təmin olunmuş sərhəd
infrastrukturu yaradılmışdır. Hazırda
ölkəmizin sərhəd mühafizəsi dinamik inkişaf
mərhələsindədir. Dövlət
sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi,
maddi-texniki bazanın gücləndirilməsi istiqamətində
çoxsaylı uğurlar qazanılmışdır. Hərbi hissələrdə zabit-gizir heyətinin məişət
şəraitinin yaxşılaşdırılması
üçün 2001-2014-cü illərdə 2291 mənzildən
ibarət 157 binada əsaslı təmir-tikinti işləri
aparılıb. 354 mənzildən ibarət
4 binanın tikintisi davam edir.
Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti
Azərbaycan sərhəd mühafizəsinin 95 illiyini təntənə
ilə qeyd edir. Bayram tədbirlərinin yüksək səviyyədə
keçirilməsi üçün Dövlət Sərhəd
Xidmətində xüsusi komissiya yaradılmış,
bütün hərbi hissələrdə geniş
hazırlıq işləri görülmüş, sərhəd
dəstələrində, hərbi hissə və bölmələrdə,
sərhəd zastavalarında silsilə tədbirlər
keçirilmişdir. Bu tədbirlər
sırasında bir qrup sərhədçinin "Heydər
Əliyev zirvəsi"nə və "İlham Əliyev zirvəsi"nə
yürüşü xüsusi yer tutub. Keçirilən
kütləvi tədbirlərdə, konsertlərdə,
elmi-praktik konfranslarda, görüşlərdə sərhədçi
veteranlar, Milli Məclisin deputatları, elm və incəsənət
xadimləri, yerli icra hakimiyyətlərinin və
hüquq-mühafizə orqanlarının, bələdiyyələrin,
idarə və müəssisələrin, ümumtəhsil məktəblərinin
çoxsaylı nümayəndələri iştirak etmişlər.
İctimaiyyət nümayəndələrinin
kütləvi iştirakı ilə keçirilən tədbirlərin
yerli və mərkəzi kütləvi informasiya vasitələrində
işıqlandırılması sərhədçilərin
peşə bayramını ümumxalq bayramı səviyyəsinə
qaldırmışdır.
Yubiley münasibəti ilə keçirilən təntənəli
tədbirlər sırasında yaradıcılıq müsabiqələri
xüsusi yer tutmuşdur. "Sərhədlərimizin keşiyində"
mövzusunda bədii ədəbiyyat, təsviri sənət, qəzet
məqaləsi və inşa yazı üzrə keçirilən
ümumrespublika müsabiqələrində peşəkar və
həvəskar rəssamlar, yazıçı və şairlər,
jurnalistlər, tələbələr, sərhədçi
zabit və gizirlər, onların ailə üzvləri, əsgərlər,
sərhədyanı rayonların ümumtəhsil məktəblərinin
şagirdləri iştirak etmişlər.
- Azərbaycanın
sərhəd mühafizəsində aparılan islahatlar barədə
məlumat verməyinizi xahiş edirik.
- Ulu
öndər Heydər Əliyevin ölkəmizdə
başladığı iqtisadi, siyasi, mədəni, hərbi
islahatlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab
İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət Sərhəd Xidmətində
keçirilən islahatlar ölkəmizdəki kompleks
islahatların tərkib hissələrindən biridir. Ölkəmizdə keçirilən hərbi
islahatların nəticələrindən biri kimi mərkəzi
icra hakimiyyəti orqanı statusuna malik olan Dövlət Sərhəd
Xidmətinin yaradılmasını xüsusi qeyd etmək olar.
Ölkəmizdəki sosial-iqtisadi, mədəni
inkişaf genişləndikcə Dövlət Sərhəd
Xidməti qarşısında duran vəzifələr də
yeni və daha məsuliyyətli xarakter dayışır.
Bu vəzifələrin yerinə yetirilməsi isə
öz növbəsində mükəmməlləşdirmə
proseslərinin ardıcıl xarakter daşımasını zəruri
edir. Aparılan islahatlar nəticəsində
Dövlət Sərhəd Xidmətinin idarəetmə sistemi təkmilləşdirilmiş,
sərhəd məntəqələri müasir texniki
avadanlıqlarla təchiz edilmiş, maddi-texniki baza xeyli
möhkəmləndirilmişdir. Sərhəd
məntəqələrində bir neçə ildir səyyar
radiolokasiya sistemləri tətbiq olunur, sərhəd
zastavalarının kompleks texniki vasitələri vahid
avtomatlaşdırılmış sistem tərkibində birləşdirilir.
Sərhəd zastavalarının daxili təhlükəsizliyinin
təmin edilməsi üçün texniki vasitələr
kompleksinin və çevik müşahidə postlarının
tətbiqi, sərhəd məntəqələrinin istiliyə
həssas olan səyyar və stasionar müşahidə vasitələri,
həmçinin radiolokasiya sistemləri ilə komplektləşdirilmiş
elektron-optik vasitələrlə təchiz edilməsi, Dövlət
Sərhəd Xidmətində rəqəmsal
informasiya-telekommunikasiya texnologiyası əsasında
qurulmuş səs, video və məlumatları inteqrasiyaetmə
imkanlarına malik vahid elektron informasiya sisteminin
yaradılması istiqamətində uğurlu tədbirlər həyata
keçirilir. Yaxın gələcəkdə
ölkəmizin sərhəd təhlükəsizliyinin fiziki
üsulla yox, əməliyyat və texniki yolla təmin
olunması istiqamətində mühüm işlər
görülür. Aparılan islahatlar
sırasında sərhəd qurumlarında şəxsi heyətin
tam peşəkar heyətlə komplektləşdirilməsi
xüsusi yer tutur ki, bu istiqamətdə də konkret
addımlar atılmaqdadır.
- Ölkəmizin
quru sərhədləri necə mühafizə olunur? Xüsusilə çətin şəraitə malik
dağlıq ərazilərdə sərhəd məntəqələri
yaradılıbmı?
-
Respublikamız müstəqilliyini bərpa etdikdən sonra
dövlət sərhədlərimiz boyunca, xüsusən də
sovet hakimiyyəti illərində qorunmayan şimal və
şimal-qərb istiqamətində sərhəd məntəqələrinin
yaradılması zəruri idi. Ulu öndər Heydər
Əliyevin, onun layiqli davamçısı, Azərbaycan Respublikasının
Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
cənab İlham Əliyevin ölkəmizin sərhəd
mühafizəsinə göstərdikləri xüsusi diqqət
və qayğı sayəsində bu istiqamətlərdə
önəmli işlər görülmüş, müasir sərhəd
infrastrukturu yaradılmışdır.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin 27
dekabr 2005-ci ildə imzaladığı "Azərbaycan
Respublikasının dövlət sərhədinin mühafizəsi
sisteminin 2006-2010-cu illərdə texniki inkişafına dair
Dövlət Proqramı"nın
uğurlu icrası bu istiqamətdə görülmüş
işlərin həm sürətinə, həm kəmiyyətinə,
həm də keyfiyyətinə çox böyük təsir
etmişdir. Şəxsi heyətin xidməti-döyüş və
sosial-məişət şəraitinin
yaxşılaşdırılmasına hesablanmış
quruculuq işləri və dinamik xarakter alan
texniki inkişaf sözügedən dövlət
proqramının yüksək səviyyədə yerinə
yetirilməsinin mühüm göstəricisidir.
Sərhəd xətti boyunca çoxsaylı yeni sərhəd
məntəqələrinin, sərhəd dəstələrinin,
qarnizon komplekslərinin istifadəyə verilməsi,
yaradılan mühəndis-texniki qurğuların istismarı sərhədlərimizin
mühafizəsi işinin səviyyə və
etibarlılığını artırmışdır. İndi
relyefindən, iqlimindən, şəraitindən asılı
olmayaraq Azərbaycanın sərhədləri
bütövlükdə ciddi nəzarət altındadır və
sayıqlıqla qorunur. Dağlıq ərazilərdə
sərhədlərin mühafizəsinin ən yüksək səviyyədə
təmin edilməsi xüsusi diqqət mərkəzindədir.
Bu məqsədlə 2014-2024-cü illərdə
Azərbaycan Respublikasının dövlət sərhədinin
dağlıq ərazilərdə mühafizəsi sisteminin
inkişafına dair xüsusi plan hazırlanmışdır.
- Cənab
general-polkovnik, dəniz sərhədlərimizin mühafizəsi
necə həyata keçirilir?
- Xəzəryanı
regionda yaranmış hərbi-siyasi vəziyyət, Azərbaycan
iqtisadiyyatının, xüsusilə neft sənayesinin sürətli
inkişafı Sərhəd Qoşunlarının
bütövlükdə, eləcə də dənizdə
güclənməsinin mühüm faktoru olmuşdur. Görkəmli dövlət xadimi Heydər
Əliyevin hakimiyyətə qayıdışından sonra sərhəd
gözətçi gəmilər briqadasının və
bütövlükdə Sərhəd Qoşunlarının
inkişafında yeni mərhələ başlandı. 1996-cı ildə ulu öndərin sərəncamı
ilə Müdafiə Nazirliyinin Hərbi Dəniz Qüvvələrinin
tərkibindən Sərhəd Qoşunlarının tərkibinə
3 gəmi verildi və dənizdə dövlət sərhədinin
mühafizəsinə ilkin şərait yaradıldı.
Ulu öndər Dövlət Sərhəd Xidmətinin
yaradılması barədə qərar verdikdən sonra ölkəmizin
sərhəd mühafizəsi sistemində yeni mərhələ
başlandı və dəniz sərhədlərimizin
qorunması istiqamətində də mühüm tədbirlər
həyata keçirildi.
Xəzər
dənizinin Azərbaycana mənsub hissəsində kəşf
edilmiş neft və qaz yataqlarının, neft və
qazçıxarma platformalarının və ixrac boru kəmərlərinin
mühafizəsi, habelə Xəzər dənizindən
qeyri-qanuni məqsədlərlə istifadə edilməsi cəhdlərinin
mümkünlüyü baxımından dəniz sərhədlərimizin
mühafizəsinin beynəlxalq standartlar səviyyəsində
təşkil edilməsinə, ən müasir texniki
avadanlıqlarla təchiz olunmasına sonrakı illərdə
ölkə rəhbərliyi tərəfindən daim xüsusi
diqqət və qayğı göstərildi. Dəniz sərhədlərimizin
mühafizəsinə yüksək qayğı göstərən
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin
Ali Baş Komandanı cənab İlham Əliyevin 18 fevral
2005-ci il tarixli sərəncamı ilə
Dövlət Sərhəd Xidmətinin tərkibində daha
geniş və çevik imkanları özündə cəmləşdirən
yeni struktur - Sahil Mühafizəsi yaradıldı və dəniz
sərhədçilərinin qarşısına qoyulmuş vəzifələr
daha mühüm xarakter daşıdı.
Sahil mühafizəsinin maddi-texniki bazası möhkəmləndirilmiş,
komanda-idarəetmə məntəqəsində, sahilboyu
texniki-müşahidə məntəqələrində xidmətin
yüksək səviyyədə təşkili və
aparılması təmin olunmuş, döyüş vahidlərinin
sayı artırılmışdır. Həmçinin
axtarış, xilasetmə və digər əməliyyatların
təxirəsalınmadan yerinə yetirilməsi, neft
platformalarının mühafizəsi, dənizdə dövlət
sərhədinin mühafizəsinə aviasiya qüvvələrinin
cəlb edilməsi və xidmət aparan sərhəd gözətçi
gəmiləri ilə qarşılıqlı əlaqə
imkanları daha da genişlənmişdir.
2008-ci il noyabr ayının 8-də cənab Ali Baş
Komandanın iştirakı ilə xidməti istifadəyə
verilən Sahil Mühafizəsinin yeni bazası Xəzər dənizində
dövlət maraqlarımızın yüksək səviyyədə
qorunmasına, fasiləsiz müşahidə və nəzarət
imkanlarının artırılmasına geniş imkanlar
yaratmışdır. Dəniz sərhədlərinin müasir
mühafizə sisteminin yaradılması məqsədilə
sahilboyu texniki müşahidə məntəqələri
şəbəkəsi yaradılmış, dənizdə
operativ vəziyyəti açıqlamaq, xilasetmə və dəniz
sərhədlərinin mühafizəsinin kompleks həyata
keçirilməsi məqsədilə sualtı akustik sistemin
quraşdırılması, mərkəzləşdirilmiş
idarəetmə sisteminin təşkil edilməsi, dəniz sərhədlərinin
mühafizəsinə aviasiya qüvvələrinin cəlb
edilməsi işləri aktual məsələlərdir. Müasir tipli radioelektron və naviqasiya cihazları,
qəza-xilasetmə və digər avadanlıqlar
quraşdırılan sərhəd gözətçi gəmilərinə
və katerlərinə malik olan Sahil Mühafizəsi tərəfindən
Xəzər dənizində hər cür hava şəraitində
dövlət sərhədinin qorunması tam təmin olunub.
Cənab Prezidentin 2013-cü il 11 sentyabr tarixli sərəncamı
ilə təsdiq olunan "Azərbaycan Respublikasının dəniz
təhlükəsizliyi strategiyası"na əsasən
Dövlət Sərhəd Xidmətinə həvalə
edilmiş vəzifələrin icrası, o cümlədən
Xəzər dənizində dövlət sərhədlərinin
mühafizəsi sahəsində mümkün təhdidlərin
qarşısının alınması üzrə qüvvə
və vasitələrin gücləndirilməsi istiqamətində
zəruri tədbirlər görülür.
Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin
iştirakı ilə cari il iyul
ayının 18-də istifadəyə verilən gəmi
inşası zavodu dəniz sərhədlərimizin mühafizəsində
çox mühüm rol oynayacaqdır. Zavodun
imkanları hesabına sərhəd gözətçi gəmiləri
yenilənəcək, sərhəd sularında dövlət
maraqlarımızın qorunması imkanları xeyli dərəcədə
genişlənəcək və nəticə etibarı ilə
dəniz sərhədlərimizin mühafizəsinin, sərhəd
rejimi qaydalarının, karbohidrogen ehtiyatlarının
hasilatı və nəqli infrastrukturunun təhlükəsizliyinin
təmin edilməsinin səviyyəsi daha da yüksələcəkdir.
- Xəzər
dənizindən söz düşmüşkən, "Bulla-dəniz"
yatağındakı 90 nömrəli quyuda baş vermiş qəzanın
aradan qaldırılmasında, müxtəlif xilasetmə əməliyyatlarında
sərhədçilərimiz peşəkarlıq
nümayiş etdirirlər.
- Dövlət
Sərhəd Xidməti Vətənimizin sərhədlərinin
toxunulmazlığını təmin etməklə
yanaşı, əhalinin sosial problemlərinə, müəyyən
kömək üçün daxil olmuş müraciətlərə
heç vaxt biganə qalmır və qala da bilməz. Çünki sərhədçilər ölkə
vətəndaşlarının qayğı və problemləri
ilə birgə yaşayır və çətinliklərin,
çatışmazlıqların aradan
qaldırılmasında onlara yaxından kömək göstərməkdən
qürur duyurlar.
Sərhədçilərin
peşəkarlığı və məharəti nəticəsində
qaz platformasındakı alov ram edilmiş, Xəzər dənizinin
ekologiyasına, həmçinin dövlət büdcəsinə
dəyə biləcək ziyanın qarşısı
alınmışdır. Mən burada bir məqamı
da xüsusi vurğulamalıyam ki, yanğının
söndürülməsinə əlverişli şəraitin
yaradılması üçün atəşlər məhz
ulu öndərin uzaqgörən qərarı ilə Dövlət
Sərhəd Xidmətinə Dövlət Neft Şirkəti tərəfindən
verilmiş gəmilərdən birindən
açılmışdır.
Bundan əlavə, müxtəlif səbəblər
üzündən dənizdə qalmış
balıqçılar dəfələrlə sərhədçilərin
ekstremal şəraitdə xidmət etmək
bacarıqlarına malik olmaları sayəsində xilas ediliblər. Bu faktlar əyani
şəkildə göstərir ki, sərhədçilərimiz
çətin, ekstremal məqamlarda qarşıya qoyulmuş vəzifələri
yerinə yetirməyə qadirdirlər.
- Dövlət
Sərhəd Xidməti həm də Xəzərdə bioloji
resursların qorunmasında fəallıq göstərir,
qanunsuz balıq ovuna qarşı mübarizə aparır. İstərdik ki, bu barədə də
oxucularımıza məlumat verəsiniz.
- Dəniz
sərhədlərimizin mühafizəsinin fasiləsiz təşkil
edilməsi, dövlət sərhədlərinin pozulması əlamətləri
aşkar olunduğu zaman minimal vaxt sərf etməklə daha
çevik tədbirlərin görülməsi
imkanlarının yaradılması qanunsuz ov, təbii və
bioloji sərvətlərə ziyan vurulması
hallarının aşkar edilməsi və sərhəd rejiminə
nəzarətin gücləndirilməsi işinə də
müsbət təsir etmişdir. Nəticədə
balıqçılıq, ovçuluq, elmi-tədqiqat, idman gəmilərinin,
motorlu və motorsuz digər üzmə vasitələrinin
qeydiyyata alınması, yanalma körpülərindən dənizə
çıxması, dənizdə olması, üzməsi və
geri qayıtması qaydalarına əməl edilməsi proseslərinə
nəzarətin səviyyəsi yüksəlmişdir.
Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub
bölməsində qanunsuz ov, təbii və bioloji sərvətlərə
ziyan vurulma hallarının aşkar edilməsi və sərhəd
rejiminə nəzarətin gücləndirilməsi məqsədilə
mütəmadi rejim tədbirləri həyata keçirilir,
qanunsuz balıq ovu ilə məşğul olan üzmə
vasitələri barəsində müvafiq tədbirlər
görülür. Keçirilmiş rejim tədbirləri
zamanı dənizdə qadağan edilmiş ərazilərdə
qurulmuş balıq ovlama vasitələri, qarmaqların bərkidilməsi
üçün istifadə olunan dəmir parçalarından
hazırlanan lövbərlər yığılaraq məhv
edilir. 2014-cü ilin ilk 6 ayı ərzində Xəzərdə
1 milyon 478 min metr müxtəlif çeşidli balıq ovlama
toru, 293 min ədəd istifadəsi qadağan olunmuş balıq
ovlama qarmaqları aşkar olunaraq
götürülmüşdür.
- Dövlət
Sərhəd Xidmətinin Aviasiya dəstəsinin fəaliyyəti
oxucularımız üçün maraqlıdır.
- Ulu
öndər Heydər Əliyevin xüsusi göstərişinə
əsasən Səngəçal hərbi aerodromu Dövlət
Sərhəd Xidmətinin istifadəsinə verilib və 2002-ci
ilin oktyabr ayında Azərbaycan Sərhəd Mühafizəsinin
tarixində ilk dəfə Aviasiya dəstəsi
yaradılıb.
Aviasiya dəstəsi Dövlət Sərhəd Xidmətinin
tərkibində müstəsna əhəmiyyətə malik
olan bölmələrdən biridir. Bu dəstə
lazım gəldikdə ölkəmizin sərhədlərinə
havadan nəzarəti təşkil edir, dəniz sərhədlərinin
və ixrac-boru kəmərlərinin, neft platformalarının
mühafizəsində, dənizdə və quruda xilasetmə tədbirlərinin
həyata keçirilməsində, taktiki təlimlərdə
yüksək peşəkarlıq nümayiş etdirir.
-
Qonşu ölkələrin sərhəd xidmətləri ilə
əməkdaşlıq məsələləri hansı
prinsiplər üzrə həyata keçirilir?
- Dost
qonşu dövlətlərin sərhəd mühafizə
orqanları ilə sıx əlaqələr mövcuddur və
hazırda bu əlaqələr inkişaf etməkdədir. Aparılan məqsədyönlü fəaliyyət nəticəsində
ölkəmizin sərhəd mühafizəsi dünya ölkələrinin
müqabil qurumları arasında xüsusi nüfuz qazanıb.
Gürcüstan sərhəd xidməti ilə
qarşılıqlı anlaşma və mehriban qonşuluq
prinsiplərinə əsaslanan əməkdaşlıq əlaqələri
mövcuddur. Türkiyə Respublikasının Silahlı Qüvvələri
ilə təlim-tədlris, komanda idarəetmə mərkəzi,
aviasiya və hərbi tibb, habelə çevik qüvvələrin
peşəkarlıq səviyyəsinin yüksəldilməsi
sahəsində əməkdaşlıq münasibətləri
inkişaf edir. İran İslam
Respubliksı Nizam-İntizam Qüvvələrinin Sərhəd
Polisi ilə münasibətlər yüksələn xətlə
inkişaf etməkdədir. İki dövlət
arasındakı sərhəd məsələləri barədə
mütəmadi olaraq müzakirələr keçirilir. Son illərdə Azərbycan və Rusiya sərhəd
xidmətləri arasında qarşılıqlı əlaqə
xeyli güclənmişdir. Azərbaycan-Rusiya
dövlət sərhədlərinin müəyyənləşdirilməsi
üzrə dövlətlərarası delimitiasiya
komissiyasının 16 illik işi
yekunlaşdırılmış, 2010-cu ildə iki ölkə
arasında "Dövlət sərhədi haqqında"
saziş imzalanmışdır. Bakı və
Rusiya Federasiyası şəhərlərinin beynəlxalq hava
limanlarının sərhəd nəzarəti bölmələri
ilə sərhəd əməkdaşlığı
yaradılmışdır və bu ədaqələr
inkişaf etməkdədir.
Xəzər dənizində transsərhəd mütəşəkkil
cinayətkarlığın qarşısının
alınması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi,
transxəzər iqtisadi layihələrin həyata keçirilməsi
məqsədilə Rusiya, Qazaxıstan və Türkmənistanın
sərhəd qurumları ilə ikitərəfli əməkdaşlıq
əlaqələri inkişaf etməkdədir.
Son vaxtlarda Azərbaycanın həm regional əməkdaşlıq
istiqamətində böyük nailiyyətlər əldə
etməsi, həm də ümumdünya dəyərlərinin
milli maraqlarımıza uyğun formada tətbiqi Dövlət
Sərhəd Xidmətinin beynəlxalq əməkdaşlıq
əlaqələrinə də müsbət təsir edir və
bu əlaqələr şaxələnib genişlənməkdədir.
Dünya
dövlətlərinin müvafiq qurumları ilə
qarşılıqlı faydalılıq əsasında
işgüzar əlaqələrin yaradılması dövlət
sərhədlərimizin mühafizəsinin və peşəkarlıq
səviyyəsinin yüksəldilməsinə, yeni
texnologiyaların mənimsənilməsinə və tətbiqinə,
transxəzər iqtisadi layihələrin həyata keçirilməsinə,
neft-qaz ixrac-boru kəmərlərinin sərhədboyu zolaqdan
keçən hissələrinin mühafizəsinin təşkilinə,
TRASEKA, Şərq-Qərb və GUAM dəhlizlərinin təhlükəsizliyinin
təmin edilməsi kimi mühüm sahələrə, sərhəddə
mövcud olan problemlərin aradan qaldırılmasına
müsbət təsir göstərir. Hazırda Dövlət Sərhəd
Xidmətinin ABŞ-ın, Avropa ölkələrinin, NATO,
Avropa İttifaqı, Beynəlxalq Miqrasiya Təşkilatı,
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı ilə
uğurlu əməkdaşlıq əlaqələri
vardır. Bir neçə ildir ki, Sərhəd
Məsələləri üzrə Beynəlxalq Konfransın
(Şiofok konfransının) bəzi işçi qrupunun
iclasları Bakıda keçirilir.
- Cənab
general-polkovnik, sərhədçilərimiz hərbi, mənəvi-psixoloji,
fiziki hazırlıqları, cəsurluqları ilə
seçilirlər. Bunun səbəbi nədir?
-
Düzgün qeyd edirsiniz. Sərhədçilərin
hərbi, mənəvi-psixoloji, fiziki hazırlığı
yüksək səviyyədədir. Təbii
ki, mövcud səviyyəyə qalxmağı təmin edən
müxtəlif amillər vardır. Romantik
peşə sahibi olan sərhədçilər Vətənə
daha çox bağlı olurlar. Sərhədçilər
sərhədin müqəddəsliyinə zərrə qədər
xələl gəlməsini istəmirlər və bu yolda canlarından
hər an keçməyə həmişə
hazırdılar. Qoruduqlarının qədrini
bilən sərhədçilər həm də Vətənin
daxilində sabitliyin, asayişin, inkişafın, tərəqqinin
olmasını daim arzulayırlar. Məhz
buna görə də sərhədçilər həm Vətənin
müdafiəsində, həm də dövlətçiliyin
qorunub saxlanılmasında fədakarlıqla qəhrəmanlıq
nümunələri göstərə biliblər və bilirlər.
Sərhədçilər Vətənə
bağlı olduqları qədər xalqa və xalq tərəfindən
seçilmiş Prezidentə daim sadiqlik nümunəsi göstərirlər.
Bu hisslərlə yaşayan sərhədçilər
hərbi hazırlığa, döyüş
hazırlığına xüsusi fikir verirlər. Hər bir sərhədçi tam şəkildə dərk
edir ki, Vətən sevgisi sözlə deyil, əməllə
sübut olunur və bunun üçün yüksək hərbi
hazırlıq, peşəkarlıq, qabiliyyət çox
vacibdir. Əldə silah gecə-gündüz
sərhəd naryadına çıxan sərhədçilər
daim döyüş tapşırığını yerinə
yetirirlər və bu zaman hər cür gözlənilməz
hadisəyə, eləcə də fədakarlığa
hazır olurlar. Beləliklə,
döyüş hazırlığı ilə mənəvi-psixoloji
hazırlıq vəhdət təşkil edir və hər bir
sərhədçidə cəsurluq hissi yaradır.
Sərhədçilərimizin göstərdikləri qəhrəmanlıq
və cəsurluq nümunələri çoxdur. İstər
torpaqlarımızın erməni təcavüzündən
müdafiəsində, müstəqilliyimizin və dövlətçiliyimizin
qorunmasında, istər Azərbaycan Respublikasının
dövlət təhlükəsizliyinin təmin edilməsində,
istərsə də xarici ölkələrin xüsusi xidmət
orqanları əməkdaşlarının kəşfiyyat və
terrorçuluq fəaliyyətinin qarşısının
alınmasında, dövlət sərhədlərinin
toxunulmazlığının təmin edilməsində
xüsusi xidmətlərinə, göstərdikləri şəxsi
igidlik və şücaətə görə onlarca sərhədçi
yüksək təltiflərə layiq
görülmüşdür. Erməni
işğalçılarına qarşı döyüşlərdə
mərdliklə vuruşmuş baş leytenant Eldar Məmmədov
Azərbaycanın Milli Qəhrəmanı adına,
leytenant Tahir Bədəlov "Azərbaycan Bayrağı"
ordeninə layiq görülüb. Azərbaycan dövlətçiliyinə
qarşı yönəlmiş təhdidlərin
qarşısının alınması zamanı şücaət
göstərmiş gizir Faiq Cəfərov, hazırda
polkovnik-leytenant rütbəsində xidmət edən
İntiqam Atakişiyev, qəhrəmancasına həlak
olmuş baş leytenant Əmiraslan Əliyev və sərhədçi
kursant Bəhruz Mansurov Azərbaycanın Milli Qəhrəmanı
kimi yüksək ada layiq görülmüşlər.
Zaqatala Sərhəd
Dəstəsinin Qubek istiqamətində Hacı Maqomedovun və
onun başçılıq etdiyi cinayətkar dəstənin zərərsizləşdirilməsində
göstərdikləri şücaətə görə əsgər
Anar İsmayılov (ölümündən sonra) və
ağır yaralanan Təbriz Quliyev "Azərbaycan
Bayrağı" ordeninə, əsgərlər Cabir Murtuzov və
Pərvin Rüstəmov "İgidliyə görə"
medalına layiq görülmüşlər. Göytəpə
Sərhəd Dəstəsinin əsgəri Eltun İsgəndərov
2009-cu ildə sərhəd pozucuları ilə atışmada
komandirlərinin və əsgər yoldaşlarının həyatını
öz həyatı bahasına xilas edərək Azərbaycanın
Milli Qəhrəmanı zirvəsinə yüksəlmiş və
XXI əsrdə bu adı alan ilk Vətən
oğlu olmuşdur.
- Cənab
general-polkovnik, valideynlərlə hərbi hissələr
arasında əlaqələr barədə də məlumat
verməyinizi xahiş edirik. Mətbuatdan məlumdur
ki, Dövlət Sərhəd Xidmətinin hərbi hissə və
bölmələrində "Valideyn günləri"
adlı tədbir keçirilir.
- Valideynlərlə
hərbi hissələrin əlaqələrinin
yaradılması Dövlət Sərhəd Xidmətinin
ictimaiyyətlə əlaqələr istiqamətindəki fəaliyyətinin
tərkib hissəsidir. İctimaiyyətlə əlaqələrin
inkişafı, əhali ilə sıx münasibətlər
qurulması sərhədlərin mühafizəsinə öz
müsbət təsirini əhəmiyyətli dərəcədə
göstərir. Sərhəd mühafizəsi
əslində bütün cəmiyyətin işidir. Vətənini sevən onun sərhədini də
sevir. Sərhədin
toxunulmazlığı Vətənin
toxunulmazlığıdır. Buna görə
də sərhəd bütün ölkə ictimaiyyətinin,
xüsusən sərhədyanı ərazilərdə
yaşayan insanların birgə səyi ilə mühafizə
edilməlidir. Bu müqəddəs işə
ictimaiyyəti də cəlb etmək üçün Dövlət
Sərhəd Xidməti əhali ilə yaxın münasibətlər
qurur.
Sərhədçilərin
yerli əhali ilə sıx əlaqələri, yerlərdə
problemlərin həllində yaxından iştirakı, sərhədyanı
kənd və rayonlarda keçirilən kütləvi tədbirlərdəki
fəallığı, dövlət sərhədlərimizin
mühafizəsinin təşkili, aparılan tikinti-quruculuq
işləri, əldə olunan nəticələr barədə
kütləvi informasiya vasitələrinə mütəmadi məlumatların
verilməsi və s. sərhəd mühafizəsinin
ümumxalq işi olması barədə ictimaiyyət
arasında sağlam rəyin formalaşmasında mühüm
rol oynayır.
Valideynlərin Dövlət Sərhəd Xidmətinin hərbi
hissələri ilə əlaqəsi övladları sərhədçilərin
sırasına qatıldığı ilk günlərdən
başlayır. Dövlət Sərhəd Xidmətində
hərbi xidmətə yeni çağırılmış hər
bir əsgərin valideynlərinə xüsusi məktublar
göndərilir, tövsiyə və təkliflər verilir.
Bununla da valideynlərlə hərbi hissələrin
əlaqəsi başlayır və əsgərlərin xidmətə
daha yaxşı həvəsləndirilməsinə imkanlar
yaranır. Keçən ildən etibarən Azərbaycan
Respublikasının Silahlı Qüvvələrində ilk dəfə
olaraq Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində,
sərhəd bölmələrində "Valideyn günləri"nin keçirilməsinə
başlanılmışdır. Valideynlər hərbi hissə
və sərhəd mühafizəsi barədə məlumatlar
alır, övladlarının xidmət və məişət
şəraiti ilə yaxından tanış
olurlar. Xidmətdə fərqlənən əsgərlər
təltif olunur, valideynlərə təşəkkür məktubları
verilir. Valideynlərin təklif və rəyləri
dinlənilir. Bu tədbir şəxsi heyətin
vətənpərvərlik ruhunda tərbiyə edilməsində
və hərbi kollektivlərdə sağlam mənəvi mühitin
yaradılmasında böyük əhəmiyyət
daşıyır.
- Azərbaycanın sərhədlərinin mühafizəsi səviyyəsini necə qiymətləndirirsiniz?
- İndi relyefindən, iqlimindən, şəraitindən asılı olmayaraq Azərbaycanın quru və su sərhədləri bütövlükdə ciddi nəzarət altındadır və sayıqlıqla qorunur. Sərhəd xətti boyunca çoxsaylı yeni sərhəd məntəqələrinin, sərhəd dəstələrinin, qarnizon komplekslərinin istifadəyə verilməsi, yaradılan mühəndis-texniki qurğuların, ən müasir texniki vasitələrin istismarı sərhədlərimizin mühafizəsi işinin səviyyə və etibarlılığını artırmışdır. Bu gün Dövlət Sərhəd Xidmətində quruculuq, inkişaf, təkmilləşdirmə, mükəmməlləşdirmə prosesləri uğurla davam edirsə, deməli sərhədlərimizin mühafizəsinin səviyyəsi də yüksələn xətlə davam etməkdədir.
Heydər Əliyev ideyalarına, dövlətçiliyə, xalqa sədaqətini dəfələrlə nümayiş etdirən Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərhədlərimizin mühafizəsinə göstərdiyi yüksək etimadı doğrultmaq üçün şərəflə, ləyaqətlə xidmət edir, doğma Vətənimizin sərhədlərinin göz bəbəyi kimi qorunması naminə səy və bacarıqlarını əsirgəmir. Azərbaycan Sərhəd Mühafizəsi öz gələcəyinə nikbinliklə baxır. Bu nikbinlik Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yeritdiyi müdrik siyasətə və onun rəhbərliyi altında əldə edilən taleyüklü qələbələrə əsaslanır.
- Müsahibə üçün çox sağ olun.
Ədalət.-2014.-19 avqust.-S.2.