BİZİM RƏŞAD MƏCİD
(Rəşad Məcidin
50 yaşına)
Onu çoxdan
tanıyıram. Dost deyilik,
amma aramızda səmimi ünsiyyət var ki, bəlkə elə
bu da dostluq deməkdir.
Bu gün ədəbi aləmdə
Rəşad Məcidin öz yeri var və o yer Rəşad Məcidə
göydən verilməyib, hansı bir simsar havadarınsa ona bu
yeri bəxş elədiyi də yanlış fikir olardı.
Rəşad Məcid öz
ağlı, istedadı və bir az da cəsarətiylə,
ən əsası işgüzarlığıyla o yerə
sahib çıxıb.
Azərbaycanın üzdə
olan bir ziyalısıdır. Tutduğu
Yerin adı elə Rəşad Məciddir.Qarabağlı,
Ağcabədili, Bakılı, Azərbaycanlı Rəşad
Məcid.
Avqustun 21-də Rəşad Məcidin 50 yaşı tamam
olur. Cümə axşamı. Həftənin
müqəddəs günündə. Deyəsən
seyidliyi də var. Olsun! Üzündən-gözündən
həmişə nur və təbəssüm əskik olmayan bu
adamın bir kimsəyə pisliyinin keçdiyini eşitməmiş,
görməmişəm. Dostluqda sabit
adamdır. Kiminlə dostluq edirsə, sonadək
varır. İki yaxın dostunu
tanıyıram - Aqil Abbası, Zakir Fəxrini. Bir yerdə Quzanlıya getmişik və onların
dostluğuna həsəd aparmışam. O səyahətdə
Rəşadın bizim müasir şairlərdən necə
gözəl şeirlər əzbər söylədiyinin
şahidi oldum.
Rəşad Məcid şairdir. Ədəbiyyata da
şeirlə gəlib.
Rəşad Məcid nasirdir. "10 sentyabr"
adlı maraqlı bir hekayəsi var.
Rəşad Məcid publisistdir. Yaxşı yazıları var. Bu
yazılarda maksimum həqiqətə can atır.
Rəşad
Məcid neçə illərdir "525-ci qəzet"in
baş redaktorudur. Azərbaycanda nəşr edilən
iki-üç oxunaqlı, maraqlı qəzetlərdən
birinin baş redaktoru.
Rəşad Məcid Azərbaycan Yazıçılar
Birliyin katibidir. İşinə söz ola bilməz.
Son on ildə ədəbi gəncliyin
formalaşmasında doğrudan da onun qayğısını,
təşkilatçılığını, ədəbi
hamiliyini hamı təsdiq edə bilər.
Və Rəşad Məcid gözəl atadır.
ŞAİR
Öncə tanıdığım ŞAİR Rəşad
Məcid olub.
Hətta onun şeirləri barədə bir məqalə
də yazmışam.
Babalar
yaşıdı ağacım,
Çiçəyin, gülün yadıma gəlməz.
Sən ki, əsrlər görmüsən.
Torpaq
yaşıdı dağım,
Dünya
yaşıdı Gün işığım,
Bir silkələyin
yaddaşınızı,
Mən
sizi tanıdım,
Siz məni tanımadınızmı?
Tanıdılar, sevdilər.
1993-cü ildə çapdan çıxan "Hələ
ki vaxt var" şeirlər kitabıyla gəldi ədəbiyyata. Əslində,
gəlmişdi. Amma kitab artıq ədəbi
ictimaiyyətin diqqət mərkəzinə çevrilir və
içindəkilər əsl poeziya nümunələri kimi təqdir
edilirsə, gənc şairin gəlişi fərəh
doğurur. Həm özü, həm də
oxucular üçün.
Rəşad Məcidin o kitabda toplanan şeirləri
öz poetik saflığı, təmizliyi və əlbəttə,
ifadə səlisliyilə dərhal diqqəti cəlb edirdi. Ay işığı
süzülürdü şeirlərindən.
Bu
dağlarda ay işığı-
Çəməni
bürüyən şehdir,
Bir ahıl saçında zehdir.
Bu
dağlar ay işığında
Nəsildən-nəsilə
saflıq aparan
Yelkənli gəmidir.
Bu
dağlar ay işığında
Üz-gözü
südə bulaşmış
Körpə kimidir.
Bəli, onun şeirlərinin əksəriyyəti sanki
Ay işığına tamaşa edərkən
yazılmışdı və Rəşad Məcid təbiətin
romantikasını şeirə gətirirdi. Bu şeirlərdəki
təşbeh zənginliyi heyrət doğururdu. Oxucu təbiətin gözəlliklərini bu təşbehlərlə
bir daha duyurdu. Necə yəni "çəmən
zirvənin çiynində bəzəkli şaldı",
"zirvədə dumandı yollar", "öləndə
çəməndi yollar". Hələ
metaforalar silsiləsi. Necə yəni "Çiçəklər
can atar ay işığına", "Dağlar
çiçək boyu kiçilib, enib". Elədir:
Dağlar
çiçək boyu kiçilib, enib,
Yaylaqlar təkliyi
dərd eləyəndə,
Hüznlü
ah kimi payız mehini,
Çaylar
dərələrə səpələyəndə,
Bir
oğlan gəzəcək yurd yerlərini-
Qəlbində, könlündə, gözündə
bahar.
Axacaq
günəşin nuru torpağa,
Budaqlar titrəyib pıçıldaşacaq.
Bir
oğlan gəzəcək-qəlbində bahar,
Saralan çəmənlər yaşıllaşacaq.
Bunlar - bu mənzərələr romantik duyğulu bir gəncin
təbiət məcnunluğu idi. O, təbiətin şeiriyyətini
Poeziyaya gətirmək istəyirdi və deyim ki, "Təbiəti
şeirə gətir" deyən ustadı Məmməd
Arazın poetik yolunun yolçusu oldu.
Yağış yağır. Bəs sonra?
Sonrası şeirin işidir:
Buludlar
dağılar,
Səmada
haçan,
Çəmənin
çiçəyi
Ağıl çaşdırar.
Günü
demirəm heç
Torpağa
baxsan,
Yamyaşıl
otlar da
Göz qamaşdırar.
Bu şeirlərin ilk kitabının çapından
xeyli əvvəl yazıldığını güman edirəm. O, təbiətdə
insanı, insanda təbiəti görən bir şair kimi diqqəti
cəlb edirdi. Amma illər keçdi...g Rəşad Məcid o
gözəlliklərə hüznlü bir gözlə
boylandı: bu da dağılmış yurd yerləri...
Həsrət
axıb sinəsindən,
Şimşək çaxıb sinəsində.
Bu
yaylağın sinəsində
Yurd yerləri yara kimi.
Və bir də Rəşadın sevgi şeirləri. Onlarda sevinc də
vardı, qəm də. Qəmli şeirləri sevdiyimdən
Rəşadın o ruhda yazdığı gözəl bir
şeirindən o zaman olduğu kimi indi də təsirlənirəm:
Aldın
gecələri, əlimdən aldın,
Altun gecələri əlimdən aldın.
Mən
günün, gündüzün heyrət yükünü,
Bir
gözəl misranın böyüklüyünü,
Sevda
alovunu, nifrət odunu,
Kədərin,
sevincin tanış dadını,
Çəkib
ürəyimə, yığıb qəlbimə
Gecələr
sıxardım ağ varaqlara.
Rəşad Məcid daha şeir yazmır, - iddiasında
deyiləm. Bəlkə də yazır. Amma bu cür
gözəl şeirlərin müəllifinin bir şair kimi
susması onun birinci "günahıdır"...
NASİR
Mən bilən Rəşad Məcidin indiyə kimi iki
hekayəsi - "Cənnət dərəsi" (1987), "10
sentyabr" (2003) çap edilib. İkinci hekayə
çap edilən kimi haqqında bir sıra yazılar dərc
edildi. Mən də yazdım. "10 sentyabr" doğrudan maraqlı hekayə idi.
Uğurlu başlanğıc kimi qiymətləndirildi.
Siyasi reallığı bədii reallığa
çevirən bu hekayədə Rəşid əsl azərbaycanlı
xarakteri yaratmışdı. Təfsilata
varmaq istəmirəm. Ancaq qeyd edim ki, hekayədə
reallıq hissi çox güclü idi və bu hekayənin əsasında
gözəl bir bədii film də yarana bilərdi.
Rəşad Məcid daha hekayə yazmır, nəinki
povest, roman. Bəlkə də yazır. Onun nəsrdə
də susmasını şəxsən bir oxucu kimi
anlamıram. Bu da onun ikinci
"günahı".
PUBLİSİST
Bax, buna söz yox. Bir neçə kitabı
çıxıb. Hərdən öz
baş redaktor olduğu qəzetdə publisistik məqalələri
də dərc edilir. Şeir, nəsr
yazmamağının "günahlarını" bu
yazılara görə bağışlamaq olar.
Publisistikasında həddən artıq səliqəlidir. Fakt həqiqətini
bədii həqiqətə çevirə bilir. Sadə, təmkinli təhkiyə tərzi var.
Hansı məsələdən, problemdən söz
açırsa, "dəlicəsinə" müdaxiləsiz
də keçinə bilmir. Həyat hadisələrinin
huşyar gözü ilə mənalandırılması,
ictimai-siyasi olaylara həqiqət prizmasından qiymət verilməsi
o məqalələrin təqdir olunmasına səbəbdir.
Misallar gətirməyəcəyəm. Lazım da
deyil.
BAŞ REDAKTOR
Azərbaycanda çox qəzet çıxır. Bu balaca
ölkədə (ərazisinə görə deyirəm) bu qədər
qəzetin çıxmağı və əksəriyyətinin
də ayda, ildə bir dəfə "işıq"
üzü görməsi dəhşətdir. Bu,
hamımızın problemidir, amma heç kim
bunu yoluna qoya bilmir ki, bu salfetkalardan xilas olaq.
Azərbaycanda oxunan, sevilən qəzetlərin sayı isə
çox deyil, bəlkə barmaqla sayılacaq qədərdir. "525-ci qəzet"
də onlardan biridir. Onun baş redaktoru Rəşad
Məciddir.
Mən də bu qəzetin daimi oxucusu, hərdən daimi,
hərdən də təkəmseyrək müəlliflərindən
biriyəm. Özüm xoşladığım,
başqalarının da bəyəndiyi bir çox məqalələrim
bu qəzetdə çıxıb. Üstümə
qaytarılan yazılarım da olub və gizlətmirəm ki, Rəşad
Məciddən incimişəm də. Mənim kimi daimi
müəllifləri az deyil qəzetin.
Hər şənbə "525-ci" qəzeti kioskdan
alıram. O
biri günləri də hərdən. Bu qəzet
həqiqətin güzgüsüdür. Həqiqət
isə bundan ibarətdir ki, qəzet milli ideologiyanı təmsil
edir. Azərbaycançılıq
ruhundadır. Amma hər şənbə "Ədəbiyyat
səhifəsi"ni daha çox bəyənirəm.
Hərdən ortabab yazılar olsa da, deyərdim
ki, "Şənbə səhifəsi" əsl ədəbiyyat
güzgüsüdür. O qəzetdə Yaşar
Əliyev, Yusif Rzayev kimi canfədailər var.
KATİB
Rəşad Məcid Yazıçılar Birliyinin
katibidir. Gənclər
üzrə iş aparmaq ona həvalə edilib. O da bu vəzifəni
ləyaqətlə yerinə yetirir. "Gənc
ədiblər məktəbi" (1 və 2) onun təşəbbüsü
ilə yaradılıb. O "məktəb" həm
pedaqoji xarakter daşıyır, həm də ədəbi. Gənclər bu məktəbdən çox şey əxz
edir, hətta mənfəət götürürlər.
O mənfəət də bundan ibarətdir ki, hər il Rəşad Məcidin təqdimatı ilə
iyirmi cavan ədib təqaüd alır, Rəşad Məcidin
canına dua eləyirlər. Onların əksəriyyəti
artıq Yazıçılar Birliyinin üzvüdür.
Burda bir az ifratçılıq da olsa,
varlığa nə darlıq, səxavət kanı olmaq da pis
deyil.
Rəşad Məcidin qapısı həmişə
açıq olur. Qəbul günləri-filan yoxdur. Müsafirləri də elə cavanlardır.
Rəşad Məcidi sevməyən cavanlar da var və bəzən
mətbuatda onun üstünə alov püskürürlər. Bir az əsəbiləşir,
sonra təmkini, səbri onu idarə edir. Cavanları
bağışlamaq lazımdır belə yerdə və o da
bağışlayır.
Daha nə deyim? Rəşad Məcid necədirsə, qoy
elə Rəşad Məcid olaraq qalsın, üzündən
təbəssümü heç vaxt əskik olmasın.
Ona uğurlar arzulayıram.
Ədalət.-2014.-23 avqust.-S.14.