YAŞA, EY HAQQ
(əvvəli ötən
şənbə
saylarımızda)
Məmmədəmin səssizcə qapıdan çıxır, silahlı əsgərin qabağında buraya necxə gəlmişdisə, eləcə də öz "yeraltı iqamətgah"ına qayıdır. Addımını içəri qoyan kimi Abbasqulu qabağına qaçır:
- Niyə çağırmışdılar?
- Gedirik!
- Hara?
- Moskvaya.
- Ay can, ay can! - Abbasqulu uşaq sevincilə əlini-əlinə vurur. - Ay səni həmişə xey-irxəbər olasan. - Səbrini boğa bilməyərək soruşur, - bəs nə vaxt?
- İki-üç günə.
- Deməli gedirik! - Abbasqulunun nəfəsi açılır, köksü genişlənir.
- Hə, gedirik, - deyə, Məmmədəmin də onun sevincinə qanad verir, - gedirik, qardaş!
Abbasqulu
duruxur:
- Bu bir
hiylə olmaya?
- Yox,
olmaz, - Məmmədəmin onu sakitləşdirir. Abbasqulunun
ürəyinə çökən şübhə, qorxu hissi
çəkilib gedənə oxşamır:
- Əmin bəy, aparıb orada başımızı əkməzlər
ki?
Məmmədəmin
bilə-bilə ikibaşlı cavab verir:
- O
baxır Stalinin vicdanına. Əgər vicdanının itirməyibsəg
- Əmin bəy, - deyə Abbasqulu ürəyini ovcuna
alır, - sizin dostunuzda olsa, o çopurdan gözüm
heç su içmir.
-
Hansı çopurdan? - Məmmədəmin özünü o
yerə qoymur, gülümsəyir. -Söhbət kimdən
gedir, Abbasqulu?
-
Özünüz yaxşı bilirsiniz, Əmin bəy, - onun da
dodaqlarına ötəri bir təbəssüm qonur. - Onu cəmisi
iki-üç dəfə görmüşəm. Nəsə...
heç qanım qaynamayıb. Yaman məkrli gözləri var. Baxanda adamın bu
üzündən keçib, o üzündən
çıxır. Göz də ürəyin
aynasıdır.
- Ancaq
neyləməli, qardaş, - Məmmədəminin səsi
yavaşıyır. - İndi taleyimiz o
çopurun əlindədir. Bizi
öldürə də bilər, yaşada da.
- Əmin bəy, qadan alım, ölüm
sözünü uzaq elə. Bu dünyada hələ
nə görmüşük ki? - Dönüb soruşur -
Bəs heç demirsən, Məmmədəlinin axırı
necə olacaq?
- O da
bizimlə gedəcək.
- Bu, lap
qiyamət oldu.
Abbasqulu nədənsə birdən-birə
yazıqlaşır. Qanadı qırım=lmış quşa dönür.
- Nə
oldu sənə? Qanın niyə qaraldı birdən?
- Məmmədəminin sınayıcı baxışları
onun üzündə gəzir. - Bəyəm Məmmədəlinin
bizimlə getməyi ürəyindən deyil. Yoxsa aranızda söz-sov olub, incimisiz bir-birinizdən?
- Yox, nə
danışırsan, Əmin bəy.
- Bəs
onda?..
-
Heç...
-
Abbasqulu, özün yaxşı bilirsən ki,
düzünü deməsən, əl çəkən deyiləm.
-
Çox sınamışam... - Abbasqulunun səsi elə bil
üşüyür. - Əvvəlcədən
sevinmək mənə düşmür. Gedib
sağ-salamat Moskvaya çatmayınca, orada sərbəst, asudə
gəzib dolanmayınca, fələk də gəlsə bu
işlərə inana bilmərəm. Bəlkə
də qırmızılar bizə tələ qurublar. Adam heç ağlına sığışdıra
bilmir ki, onlar bizi belə sakitcə buraxsınlar, biz də
çıxıb Moskvaya gedək. Soruşmazlar,
niyə tuturdular ki, niyə də buraxdılar? Özləri
yaxşı bilirlər ki, ürəyimiz heç vədə
onlarla düz gələ bilməz! Biz barışa bilmərik
- düşmənik, düşmən kimi də
qalacağıq! Əmin bəy, özünüz deyin, düz
fikirləşirəm?
-
Abbasqulu, sən başqa cür də fikirləşə bilməzsən.
- Məmmədəmin onu qolları arasına alıb
özünə sarı çəkdi. - Ona görə də
səni belə çox istəyirəm, özüm qədər
inanıram sənə!
...Dəmiryol
vağzalı... Moskva qatarının yola düşməsinə
az qalır. Perron arı pətəyi
kimi qaynaşır. Məmmədəmin də,
Məmmədəli də xüsusi vaqon-salona qalxırlar.
Bu, Stalinin vaqonu-dur. Şeylərini
yerbəyer edib dəhlizə çıxırlar. Məmmədəlinin yaxından
tanıdığı Serqo Orconikidze də, milli
Gürcüstan hökumətinin Ankaradakı elçisi Semyon
Mdivianinin qardaşı Budu Mdiviani və bir sıra başqa rəhbər
işçilər də Stalinlə gedirlər. Vaqonda seyrəklikdir. Bir azdan Stalin kupenin
ağzında görünür:
- Hə,gəlmisiniz? - deyə, əlini
Məmmədəminə uzadır. - Sizinkilər, yerli
kommunistləri deyirəm, Abbasqulu Kazımzadəni bizimlə
getməyə qoymadılar.
- Niyə?
- Məmmədəmin tutulur.
- Dediklərinə
görə niyəsi çoxdur, - deyir. - Ona qarşı
böyük hiddətləri var. Əlindən zəncir gəmirirlər.
Deyəsən, əleyhinə iş qaldıracaqlar.
- Bəs
siz...
- Mən
çox qarışmaq istəmədim sizinkilərin işinə.
Qoy özləri bildikləri kimi də eləsinlər.
Mənim əsas qayğım siz idiniz...
- Bu
heç yaxşı olmadı. - Məmmədəmin təəssüfünü
boğa bilmir.
- Kefinizi
pozmayın. - Stalin onu sakitləşdirmək istəyir.
- Eh,
Abbasqulunu burada məhv edəcəklər. - Məmmədəmin
ağır-ağır başını tərpədir. - Mən
belə bilsəydim...
Stalinin
gözləri qıyılır:
- Sizlərdə
bir misal var: "Yüz fikir bir borcu ödəməz". Mən sizi yaxşı başa düşürəm,
yoldaş Rəsulzadə. Dosta sədaqətinizi,
etibarınızı da bilirəm. Ancaq səlahiyyətimdən
sui-istifadə etsəydim, sizinkilərin xoşuna gəlməzdi.
Araya inciklik düşər, mərkəzə
inamsızlıq yaranardı. İstədim
bu məsələni respublikanın rəhbəri kimi Nərimanov
özü həll etsin.
- Sizi
yaxşı başa düşürəm, yoldaş Stalin.
O, Stalindən
ayrılır. Bu ara Azərbaycan Xalq
Komissarları Sovetinin sədri Nəriman Nə-rimanov gəlir.
Salamlaşırlar.
- Abbasqulu
hanı? - Nərimanov soruşur.
- Ona icazə
vermədilər.
- Hm... biz onun da getməsini demişdik.
- Siz ola
bilsin ki, demişdiniz.
- ...
Məmmədəmin
onun fikrə getdiyini görüb:
-
Görünür, sizdən aşağıdakılar mane
olurlar, - deyir. - Qorxuram başına bir iş gətirələr,
sizin heç xəbəriniz də olmasın.
- Mən
hökmən yaxından maraqlanaram, - Nərimanov onu
arxayınlaşdırır. - Çalışaram ki, dostlar
bir-birindən ayrı düşməsinlər.
Baxışları toqquşdu. Sual verdi, sual
aldı baxışlar. Dil-dodaq susdu. Ürəklər danışdı, yalnız ürəklər.
Onların bir-birinə - Azərbaycan Milli şurasının
keçmiş sədri, "Müsavat" partiyasının
lideri Məmmədəmin Rəsulzadənin Azərbaycan xalq
Komissarları Sovetinin sədri, varlığı bolşe-vizm
ideyaları ilə yoğrulmuş, təpədən-dırnağacan
kommunist olan doktor Nərimanova, Nərima-novun isə ona deyiləsi
nə qədər sözü vardı. Aralarındakı
giley, soyuqluq, inciklik günbəgün artıb, dərinləşib
az qala düşmənçilik həddinə
çatmışdı. İyirminci ilin 27 aprel
gecəsində Məmmədəmin Rəsulzadə hakimiyyət
kürsüsü ilə vidalaşmış,
"Müsavat"ın parlaman binasının başı
üzərində dalğalanan o gözəl üçrəngli
bayraq zor-güclə, qəddarcasına endirilmişdi. Nəriman Nərimanovun dövranı təzə
başlayırdı. Azərbaycanın, eləcə də
qəriblikdə qalmış ulu Azərbaycan
toropaqlarının - Zəngəzur, Borçalı
mahallarının, Dərbənd ellərinin hansı səmtinə
güzarın düşsəydi, bu sözlər
qulağına dəyərdi: "Rəsulzadənin günəşi
batıb, yerində Nərimanovun günəşi
doğub".
Azərbaycan o məşum gecədən - 27 aprel gecəsindən
bəri nə qədər qurbanlar vermişdi, nə qədər
oğullar, qızlar itirmişdi. Bu torpağın hər
qarışında qan dizə çıxır, ah-nalə ərşə
dayanırdı. Analar saç yolur,
ağı deyir, qarğışlarını
hörük-hörük kürəklərinə
atırdılar. Atalar isə vaxtsız xəzan vurmuş
yarpağa dönmüşdülər...
Azərbaycan hər gün taleyin yeni bir zərbəsini
ala-ala, ümidli-ümidsiz günlərini yaşayırdı. Şuraların
burada - "Azərbaycan Şərqin qapısında
mayakdır" - deyə-deyə qanını sorduğu bu cəfakeş,
bəxti neftindən də qara torpaqda ilk bolşevik
payızı sona çatmaqda, ömrünü qışa
ver-məkdə idi.
Onlar Stalinin getdiyi vaqon-salonun dəhlizində üzbəüz
dayanmışdılar. Aralarında iki-üç addım məsafə
vardı. Görüşəndə
bir-birlərinə əl uzatmağa ürək eləməmişdilər;
ikisi də ehtiyat etmişdi ki, birdən əli havada qalar, pərt
olar.
Deyirlər, ehtiyat igidin yaraşığıdır. Ancaq bəzən
ehtiyat həddini aşıb-adlamaq gərəkdir,
aşıb-adlamayanda çox vaxt risk anı deyilən o
göz qırpımı adamı ömürlük
yandırıb-yaxır; necə deyərlər, qəbirdə
də dinclik, rahatlıq vermir ona.
Onlardan
biri - ya Məmmədəmin, ya da Nəriman bir addım,
heç olmazsa yarımca addım qabağa gəlsəydi, bu
vida, bu ayrılıq dəqiqələri başqa məcraya
düşərdi: aradan çox-çox illər ke-çəndən
- sovet imperiyası yerlə yeksan olandan sonra onları heç
kəs düşmən kimi üz-üzə gətirib,
üz-üzə qoymağa cəsarət etməzdi.
O bir,
yaxud da yarımca addımı bəlkə də doktor Nəriman
Nərimanov atmalı idi. Çünki or-tada
xeyli yaş fərqi vardı; Nərimanov əlli, Rəsulzadə
isə otuz altı yaşın içində idi. Məmmədə-minin qəlbi Nərimandan bərk
incik idi; ona görə ki, Nərimanın tutduğu yol,
yeritdiyi siyasət Məmmədəminin xoşuna gəlmirdi,
ürəyincə deyildi. Bir yandan da Nəriman artıq
hökm-fərma idi, çünki indi Azərbaycan Sovet
Respublikasının başında o dururdu, necə deyərlər,
qılıncının dalı da kəsirdi,
qabağı da. Bir az da dərindən
baxanda, Məmmədəmin nəzarət altında idi və
onu Mo-skvaya əslində dustaq kimi aparırdılar.
O, nəinki
bir addım, heç yarım addım da atmadı, əllər
bir-birinə toxunmadı, bir-birini sıx-madı. Ancaq
onların özlərindən başqa sonralar da heç kəs
bilməyəcək ki, ikisi də - Nərimanov da, Rəsulzadə
də ömrü boyu o inadkarlıq anının, atılmayan
addımın peşmançılığını çəkəcək;
dəhlizdə, pəncərə qarşısında
sükutla üz-üzə dayandıqları anları tez-tez
xatırlayacaq, göynəkli-göynəkli yada salacaqlar;
ürəklərində dustaq edib dilə gətirmədikləri
söz-söhbəti qəbir evinəcən özləri ilə
aparacaqlar. İkisi də yanıb-yaxılacaq ki,
o anları gərək əldən verməyəydilər; gərək
dilləri susmayaydı, ürəkdən gələni gərək
dil deyəydi, dil söyləyəydi. Ürəklərin
sözü isə çox idi, bitib-tükənən deyildi.
Ürəklər deyir, baxışlar təsdiqləyirdi:
"- Doktor Nərimanov, Abbasqulunun taleyindən arxayın olum?"
"- Əmin bəy, əlbəttə ki, ol".
"- Mənim sənə həmişə hörmətim olub".
"- Mənim də. Ancaq bu başdan deyim ki, çiyinlərinə ağır, çox ağır yük götürmüsən, doktor!"
"- Bilirəm, Əmin bəy, bilirəm... Gözlərindən oxuyuram ki, məni ittiham eləyirsən. Bəlkə də haqlısan. Ancaq bunu da deyim ki, mən bu vəzifəyə can atıb, susayıb gəlməmişəm. Məni çağırıblar, dəvət eləyiblər... Həm də yoldaş Leninin xahişilə, tapşırığı ilə gəlmişəm".
"- Bəs gəlməkdə məramın, məqsədin nə olub?"
"- Bu sualın min bir cavabı var".
"-
Mini qalsın bir yana, tək bircəciyini
de, ən əsasını".
"- Əmin bəy, biz dost olmasaq da, həmişə bir-birimizin yerini bilmişik, hörmətini sax-lamışıq. Buna şübhən yoxdur ki?"
"- Yoxdur".
"- Mənim səmimiyyətimə tam inana bilərsən. Mən ömrümdə şöhrət, vəzifə xəstəsi ol-mamışam".
"- Əgər belədirsə, onda niyə nə üçün gəlirdin bu vəzifəyə? Özü də necə?! Padşahlar, sultanlar kimi, kəcavədə, rus soldatlarının çiynində varid olmusan kabinetinə. Düzdür?"
"- Düzdür. Mən xalqın coşub-daşan istəyinə qarşı gedə bilməzdim, Əmin bəy. Səmi-miyyətlə deyim ki, bundan - mənə yad görünən, adət etmədiyim bu təntənədən necə sıxıldığımı, xəcalət çəkdiyimi bəlkə də təsəvvür edə bilməzsən. Ancaq nə gizlədim, xalqın mənə göstərdiyi bu böyük hörmətdən, sonsuz ehtiramdan bir insan kimi fərəh-fəxarət duyduğumu, qanadlandığımı söyləməsəm, əlbəttə, bəlkə dəbuna inanmazsan. Ancaq mənim Azərbaycana gəlişim yalnız xeyrədir, özü də beş-on adamın yox, bütün millətin, bütün Azərbaycanın xeyrinədir".
(ardı var)
Ədalət.-2014.-23 avqust.-S.6.