"Ədalət"in
vaxtı: Telli Pənahqızı ilə
"Zamanın
nəbzini tutanlara həsəd aparıram"
Zamana loğman deyirlər – bütün yaraları sağaltdığı üçün.
Amma zamanın siması təkcə bununla bitmir ki: o valideyndi – tərbiyə edir, müəllimdi – öyrədir,
dost tək barışdırır,
düşmən tək
qızışdırır, bəzən özgə kimi utandırır, bəzən doğma kimi təsəlli verir. Ancaq bir
şey danılmazdı
ki, zaman mütləq qazandırır,
sadəcə kimlərəsə
çox, kimlərəsə
az nəsib olur. Azın-çoxun səbəbi həmişə
müxtəlif olur, amma xoşbəxt o insandı ki, qazandıqları, lap elə
həmsöhbətim kimi
zamandan "cırmaq-cırmaq
qopardıqları” daha
çoxdur. Elə həyat əzmi bu deyilmi?! Amalın,
istəklərin, əqidənin
uğruna çarpışmaq!..
"Ədalət”in vaxtı”na
vaxt qatan bu qonağımızı
da daha yaxından
tanıyaq:
Əliyeva Telli Pənah qızı – jurnalist, şairə, publisist, nasir. 1954-cü ildə Qərbi Azərbaycanda, Vedibasar mahalının Böyük Vedi kəndində anadan olub. 1971-1976-cı illərdə
Azərbaycan Dövlət
Universitetinin jurnalistika
fakültəsində təhsil
alıb.
Əmək fəaliyyətinə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkətində başlayıb. "Günün
ekranı" redaksiyasında
şöbə müdiri,
baş redaktorun müavini, informasiya xidməti üzrə sədr müavini, ikinci proqram üzrə baş proqram direktorunun müavini vəzifəsilərində
çalışıb.
Bədii
yaradıcılığa tələbəlik
illərindən başlayıb.
Dövri mətbuatda şeir, oçerk və hekayələri dərc olunur. "Ömrün qoşa izləri” (1995), "Tanrımla
söhbət” (1999), "Uzun
incə bir yol varmış” (2011) və. s kitabları ilə oxucularını sevindirib.
... Və Telli Pənahqızının
düşüncələri:
- Zaman nədir və sizin üçün
nə əhəmiyyət
kəsb edir?
- Zaman bizə ayrılmış ömür
kəsiyidir. Onu mən nə dəyişdirə bilərəm,
nə qabaqlaya, nə də saxlaya! Saatın əqrəbi, təqvimin günləri, günün
ovqatı, ilin fəsilləri, fəslin də ab-havası bizə məhəl qoymadan öz işini göməkdədir.
"Zamandan güclə, cırmaq-cırmaq qopardıqlarım
da var”
- Zamanın sizdən qopardıqları çox
oldu, ya sizin zamana verdikləriniz?
- Bəlkə də apardıqları desəm daha caiz olar!
Atamı-anamı, sevdiyim
insanları, dost dediklərimi,
uşaqlığımı, gəncliyimi, gözəlliyimi,
uzun qap-qara hörüklərimi, yaşamaq
eşqimi, reallaşdırmağa
macal tapmadığım
arzularımı, buz baltası kimi möhkəm sandığım
sağlamlığımı...
Mənim
ondan aldığım
(özü də güclə, cırmaq-cırmaq
qopardığım) şeylər
də var: qalxdığım zirvə,
qazandığım ad-san, yaşadığım
ləyaqətli vətəndaş
və insan ömrü, 10 kitabım, yaddaşlara köçən
şeirlərim, yanımda
olan dostlarım, məni xatırlayan, tanıyan insanların məhəbbəti, insanlara
olan heç vaxt tükənməyən
məhəbbətim, şəfqətim,
dəyişməyən xasiyyətim,
səmimiyyətim, hər
kəsi başa düşüb anlamaq qabiliyyətim və dinləmək səbrim.
"Zamanın yanımdan necə sürətlə keçdiyini görüb susduğum anlar üçün təəssüflənirəm!”
- Həyatınızda vaxt itkisi olubmu? Ömrünüzün hansısa
dönəmində əldən
verdiyiniz zaman fürsəti üçün
təəssüfləndiyiniz məqamlar varmı?
- Var, özü də bir deyil,
beş deyil. Ailə qurmaq fürsətini qaçıranda,
hazır dissertasiya işımi jurnalistikaya fəda eləyəndə,
sağlamlığımı bir televiziya süjeti çəkmək
xatirinə qəddarcasına
istismar eləyəndə,
həyamı gözləyib
haqqımı tələb
eləməyəndə, özümü
gözə soxmayib:
"yəqin ki, kimlərsə mənim bu mütəvaziliyimi qiymətləndirəcək!"- deyəndə, vaxtın -zamanın yanımdan necə sürətlə keçdiyini görüb susduğum anlar üçün indi... təəssüflənirəm!
"Xatirələr və keçmişə "yas
tutmaq" adamı məhv edir”
- Bəs sırf özünüz, bəzən
depressiyaya qapılıb
bilərəkdən "vaxt
öldürmüsünüzmü?"
- Mənim elə bir "vaxt öldürmək " şakərim
yoxdur. Başımı qatmağa həmişə
bir iş tapıram.Yoxsa, xatirələr və keçmişə
"yas tutmaq" adamı məhv edir. Ən çətin
anlarımda belə məndən də pis vəziyyətdə
olanlar düşünüb, şükür eləyirəm.
Başqa bir yol da yoxdur axı...
"Zamanın
nəbzini tutmaq tək-tük adamlara nəsib olur”
-
Zamanın nəbzini tutmaq asandır?
- Yox, mən
zamanın nəbzini tutanlara həsəd aparıram, zamanın
nəbzini tutmaqsa, ancaq tək-tük adamlara nəsib olur,
çünki o da öz zamanına bənzəyir, bəzən
sakit döyünur, bəzən elə təlatümə gəlir
ki, heç döyüntüsünü saymağa macal
tapmırsan!
-
Vaxtınızı necə bölürsünüz?
Zamanınızı daha çox nə alır?
-
İş, ev, tədbirlər, qayğılar, yazı -pozular,
qohumlara, dostlara baş çəkmək və ya onların
nazını evdə çəkmək və s. Amma dayaz
insanlarla ünsiyyət, düzəlməyəcək bir
işin dalınca getmək məcburiyyəti də
vaxtımı alanlar sırasındadır.
"Vaxtın
fürsətindən yararlanmağı bacarın”
- Vaxtla
bağlı oxuculara nə tövsiyə edərdiniz?
-
Vaxtın qədrini bilin, vaxtın fürsətindən
yararlanmağı bacarın, bu
günün işini sabaha saxlamayın və...
özünüzü sevin, həyatınızı sevin. Hisslərinizi
heç kəsə qurban etməyin, sədəqə verməyin!
Biz də
"Ədalətin” vaxtı”nın qonağına Vaxtın
onunla həmişə ədalətli davranmasını arzu
edirik.
Şəfiqə
Şəfa
Ədalət.-
2014.- 4 dekabr.- S.5.