TƏZƏLƏNƏN KÖHNƏ
DƏRDİM
Bir kitab barədə
düşüncələrim
Adətən yeni kitablar barəsində fikirlərimi oxucularla bölüşməyə hazırlaşanda öz içimə çəkilirəm. Nə yazacağımı, necə yazacağımı
iç dünyamın
süzgəcindən keçirib
sonda qərar verirəm. Bu dəfə
də belə etdim. Amma...
Açığını deyəcəm, kitabı mənə təqdim edən çox hörmətli söz adamlarından biri sözarası vurğuladı
ki, oxuyun, xoşunuza gəlsə, fikirlərinizi mətbuata çıxararsınız. Bu günə qədər həmin o dəyərli söz adamından belə bir fikir
eşitməmişdim. Yəni o heç vaxt nəyisə yazmağı,
qeyd etməyi dilə gətirməyib.
Bu məsələni mənim öz ixtiyarıma buraxıbdı.
Ona görə də kitabı iş otağıma gətirdiyim andan onu vərəqləməyə,
gözdən keçirməyə
başladım. Bir də
gördümi ki, artıq o yazıların içərisindəyəm. Çünki, bu köhnə
dərd idi. Zaman yeni olsa da,
illər dəyişsə
də, həmin o köhnə dərd mənə o qədər hopub ki, onun
bir işartısı,
onun bir ilməsi gözümə
dəyən kimi, yenidən məni öz qoynuna çəkib aparır.
Bax, bu kitabdakı bütün sözlər,
cümlələr, xüsusilə
şəkillər həmin
o dərdin həm ifadəsi idi, həm də təqdimatı. Mən də
təzələnən köhnə
dərdimin içində
qovrula-qovrula, o anları
yenidən yaşaya-yaşaya
bu kitabı oxuyub başa çatdım. Sonra qatlayıb
bir kənara qoydum və növbəti günün
axırında da kitabı özümlə
birlikdə evə apardım. Onu kitabı rəfinə qoymaq üçün evin xanımına verəndə üzümə
baxdı və mən onun baxışlarından
həmişə dediyi
sözü yenə oxudum:
- Özünə yazığın
gəlsin, şəhidlərlə,
Xocalıyla, Qarabağla
bağlı bu qədər dərdli kitabları oxuyub ürəyini üzmə.
Bəli, mən özüm də həmişə dərddən, kədərdən
yazanda çalışmışam
ki, oxucunu ağlatmayım, oxucunu düşündürüm... onu
qələbəyə kökləyim,
qələbəyə səsləyim. Bax, bu kitabda da mənim
istədiklərim, yəni
tərəfdarı olduğum
məqam üstünlük
təşkil edir.
Burda da oxucu bilavasitə
dərdi yaşayıb
onun içində itib-batmır. Əksinə, həmin o hadisə ilə, dərdlə birlikdə özü də böyüyür, özü də vuruşur və sonda özü də qalib olur.
Dediklərimi kitabda toplanmış
bütün hekayələrdə
çılpaqlığı ilə görmək olar. Xüsusilə bu kitabın
şah damarı olan Qarabağ, müharibə, işğal,
insan amili və nəhayət, həmin o insanın torpaq sevgisi digər yanakı məqamları da o qədər cilalayıb ki, oxucu artıq
sanki bir-birinin davamı olan hekayələri oxumaqdan yorulmur. Əksinə hekayədən hekayəyə
keçidikcə, qəhrəmanlar
dəyişsə də,
hadisənin məğzi
yenilənsə də,
amma məqsəd, yəni qələbə inamı bitmir, əksinə daha da alovlanır. Şəxsən mən bir oxucu kimi kitabdakı
səhifələri çevirdikcə
dəyişən qəhrəmanların
həyat devizində qələbəni görürəm.
Elə bilirəm ki, növbəti hekayənin qəhrəmanı
Azərbaycan bayrağını
Şuşaya sancacaq...
Bəli, bütün bu düşüncələrim müəyyən
qədər pafoslu, emosional görünsə də, amma sırf
gerçəklik və
bu gerçəkliyi bütün söz adamları özləri üçün həyat kredosuna çevirirlər. Elə barəsində
söhbət açdığım
kitabın müəllifi
Salatın Əhmədli
də məhz həmin prinsiplərə digər əsərlərində
də sadiq olub və bu
kitabında da o sadiqliyi daha da qabardıb. Kitabdakı "Saçlarını
niyə kəsdirmisən?.." adlı hekayə ilk baxışdan
bir məişət probleminə, bir az da açıq
ifadə etsəm, hansısa sevən və sevilən tərəfin öz aralarında müzakirə
eldə biləcək
məsələsinə sanki
həsr olunub. Ancaq hekayəni oxuduqca bu gün həsrətini
çəkdiyimiz Kəlbəcərin
xoşbəxt günləri
ilə yanaşı, didərgin həyatı da göz önündə
canlanır. Orta məktəb şagirdi olan Yusifin bir
pıçıltısı, sevdiyi qızın saçlarına vurğunluğunu
ifadə edən "heç vaxt saçlarını kəsdirmə"
deyərək ayrılıb
getməsi və bu ayrılığın da ən uca
mərtəbə olan
şəhidliyə istiqamətlənməsi
son dərəcə kövrək
və həyatdan gələn bir gerçəklik təsiri
yaşadır insanda. Təsəvvür edin ki, Yusifin göstərdiyi qəhrəmanlıqlar, sonda
şəhid olması
və yalnız şəhidliyin bir anında imkan tapıb başlarını
dizi üstünə almış həkim vasitəsilə ismarıc
göndərməsi duyğulu
insanda nə qədər daxili bir gərginlik, daxili bir sızıltı
yaşadır. Özü
də müəllif bunu elə məharətlə
işləyir ki, yalnız həmin o son anda, Yusif həmin
o ismarıcı edəndə
bilir ki, başını qucağına
almış həkim onun tanıdığı
Şəfiqənin həyat
yoldaşıdı və
onun "saçlarını
heç vaxt kəsmə" sevgilisi də Şəfiqənin rəfiqəsidi. Yalnız müəyyən zaman keçəndən sonra Şəfiqə Yusifin son pıçıltısını
ona çatdıra bilir, təbii ki, həyat yoldaşından eşidəndən
sonra. Bu qəhrəmanlıq həm
də Yusifin adını daşıyan
bir uşağın dilində də ayrı bir xətlə
oxucuya yenidən çatdırılır. Məhz sinifdə şəhidlərdən
söhbət düşəndə
Yusif adlı məktəbli onun anasını və digər insanları əsirlikdən xilas edən Yusifin qəhrəmanlığından danışır və vurğulayır ki, həmin qəhrəmana görə, anam mən dünyaya gələndə adımı
Yusif qoyub.
Bir sevginin işartısı olan bir cümlə bir qəhrəmanın ayrı-ayrı tərəflərdən
təqdimatını oxucu
üçün sərgiləyir. Bu da həm obrazı
tam bitkin halda ortaya qoymaq məharətidi,
həm də oxucunu yormadan, əlavə hisslərlə,
duyğularla yükləməndən
birbaşa qəhrəmanla
baş-başa qoymaq bacarığıdı.
Mən Salatın xanımın bu kitabdakı "Zirzəmidə qazılan məzar", "İnildəyən
torpaq", "Gül
öpüşü", "Təndir yarası",
"Körpə səsi,
ana nəfəsi",
"Bir çanaq
un" və digər
bir-birindən maraqnlı
süjetlərə malik
hekayələrin hər
birində qəhrəman
obrazlarına xüsusi
sevginin şahidi oldum. Bu kitabın
üzərində müəllif
adı olmasa da, oxucu onu
oxuyarkən ilk öncə
yazarın məhz azərbaycanlı olduğuna,
torpaq itkisini, şəhid acısını
yaşayan millətə
məxsusluğuna şübhəsiz
inanacağına əminəm.
Çünki əvvəldə də xatırlatdığım
kimi, bütün hekayələrin arxa planında, yəni müəllifin durduğu yerdə bir Azərbaycan sevgisi dayanıb. Bax, bu da kitaba marağı, əsərləri oxumağa
həvəsi daha da artırır.
Mən bu kitabda "Başdaşı əhvalatı" adlı hekayə üzərində ayrıca dayanmaq istəyirəm. Çünki həmin hekayə bir bitkin əsər kimi müxtəlif zamanları öz daxilində qarşılaşdırır. Burada həm sovet dönəmi var, həm işğal var, həm də uzaq bir tarix. Həmin dönəmləri üzə çıxaran erməni obrazıdı. Yəni şuşalı Sabirin uşaqlıqdan tanıdığı, bir məhəllədə böyüdüyü Arsaq əsərin birinci hissəsində necə deyərlər, normal, bütün keyfiyyətləri yerində olan bir insan kimi təqdim olunub. Əslində Dağlıq Qarabağda yaşayan hər kəs, o cümlədən mən də ermənilərin sifətlərini zaman-zaman görmüşük və ağlımıza gəlməyib ki, bu sifətlərin arxa qatları da var. Müəllif də bunu məhz həmin prizmadan olduğu kimi təqdim edir. "Erməni canıyananlığı, "erməni qonaqpərvərliyi" hekayənin əvvəlində o dövrü yaşayanlar üçün tanış bir mənzərədi. İkinci məqamda erməni qonaqpərvərliyi, erməni yarınmağı da ortaya gəlir. Burada artıq Arsaq öz məktəb yoldaşına iş təklif edir, atasının başdaşını Yerevana aparmaq, əvəzində yaxşı pul qazanmaq şəraiti yaradır. Bax, bu hadisənin Yerevan məqamında erməninin iç üzünün qatı açılır. Sən demə, əslində bu başdaşı deyil, xüsusi hazırlanmış bir qəlibdi. Onun içərisi qızılla, qaş-daşla, zinət əşyaları ilə doludu və sərxoş erməni bu varidatın Azərbaycandan talan edildiyini dilə gətirir. Nəhayət, Şuşanın işğalı və dünənki yaltaq erməninin Sabirə tuşlanan silahı...
Bəli, mən bu əsərlərin hər biri haqqında ayrı-ayrılıqda daha ətraflı fikir söyləyə bilərdim. Ancaq ədəbiyyatşünas olmadığım üçün bu fikrimdən ayrılaraq mənə doğma olan dərdlərdən bəhs edən bu kitabı araya-ərsəyə gətirən müəllifə təşəkkürümü bildirirəm. Və düşünürəm ki, bu cür hekayələr yaddaşımız üçün, bizim intiqam, qələbə hissimizin alovlanması üçün çox vacibdi.
P.S. Bir fikri də
vurğulamalıyam. O da
kitabın adı ilə bağlıdı. Mən bir oxucu kimi,
kitabın adıyla onun əhatə etdiyi dünyanın arasında uyğunsuzluq görürdüm. Çox
istərdim ki, müəllif bu kitabı "Ata fəryadı"
və yaxud da "Gül öpüşü" adı
ilə oxucuya təqdim edəydi.
Ədalət.-2014.-9
dekabr.-S.6.