TARİXİN ŞAHİDİ GƏDƏBƏY

REGİON

 

Layihənin istiqaməti: Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi

 

Dağlara söykənib, dağ vüqarlıdı

 

(Əvvəli ötən sayımızda)

 

Öncədən bir etiraf dilə gətirmək istəyirəm. Bu da daxili bir zərurətdən qaynaqlanır. Belə ki, Gədəbəyə budəfəki səfərimdə gördüyüm mənzərə həqiqətən ürəkaçan oldu. Belə ki, şəhərin girişindən başlayan abadlıq işi birmənalı şəkildə göstərirdi ki, bu rayonda quruculuq-abadlıq işləri planlı şəkildə həyata keçirilir. Yəni küçənin sağı və solu eyni bir ustalıqla, eyni bir mühəndis peşəkarlığı ilə səliqəyə salınır. Təbii ki, bu da dərhal diqqəti çəkir, göz oxşayır. Üstəlik, rayon haqqında, xüsusilə onun mərkəzi haqqında xoş təəssürat yaradır. Axı müdriklər də söyləyib ki, istənilən kənd, istənilən qəsəbə, şəhər öncə yolundan tanınır. Bax, bu mənada Gədəbəydə çəkilən yolların keyfiyyəti və eləcə də əhəmiyyəti xüsusi önəm daşıyır.

Bir anlıq arxada qalan zaman kəsiyinə diqqət yetirsək, onda məlum olar ki, Gədəbəyin indiki inkişafının yenidən qurulmasının əsas göstəricilərindən biri, daha doğrusu, ən zəruri şərti ölkə prezidenti cənab İlham Əliyevin bu regionla bağlı imzaladığı sərəncamlardan qayanqlanır. Heç də təsadüfi deyil ki, Azərbaycan prezidentinin imzaladığı sərəncamda da xüsusi vuruğlanmışdı ki, rayonun sosial-iqtisadi inkişafını sürətləndirmək, insanların rifah halını yaxşılaşdırmaq, yeni yerləri açmaq hər kəsin əsas vəzifəsi olmalıdı. Burada söhbət icra strukturlarından, eləcə də özəl qurumların üzərinə düşən vəzifələrdən gedirdi. Məhz həmin sərəncamlara uyğun olaraq Gədəbəy-Qaravəllər, Qarıkənd-Misginli-Çalburun, Qızıltorpaq-Ağbaşlar avtomobil yollarının yenidən ən yüksək səviyyədə tikilib istifadəyə verilməsi əsas tapşırıq kimi aidiyyəti qurumların üzərinə qoyulmuşdu. Sevindirici haldır ki, həmin vəzifə yüksək keyfiyyətlə icra olunmuş və artıq həmin istiqamətdə avtomobillərin hərəktinə çətinlik yaradacaq heç bir maneə qalmamışdı. Deməli, bu da ordan qaynaqlanır ki, insanlar onlara göstərilən diqqət və qayğıdan həm ruhlanır, həm də onu dəyərləndirməyi bacarır. Bax, bu mənada Gədəbəyin 30-a yaxın kəndini birləşdirən Şınıx bölgəsinin ən yüksək səviyyəli asfalt yolla təmir edilməsi burada işgüzar mühiti də fəallaşdırmış, adamların kəndə, torpağa qayıdışını sürətləndirmişdi. Təbii ki, rahat yolla gedib-gəlmək, həmin rahat yolun keçdiyi ərazilərdə təsərrüfat qurmaq, yerləri açmaq sahibkarlar üçün xüsusi stimul vermişdi. Lap açıqlığı ilə şərh etsək, onda demək lazımdır ki, artıq yol xərclərindən əlavə texnikaya yönələcək xərclərdən azad olan sahibkarlar həmin vəsaiti öz məqsədlərinə, yəni görəcəkləri işə ünvanlayırlar. Deməli, son nəticədə qazanan bütün gədəbəylilər olur. Elə yeri gəlmişkən, elə buradaca əslən Gədəbəydən olan əməkdaşımız İqbal Aydınoğlunun bölgəyə son səfərindən sonra dilə gətirdiyi bir fikri xatırlamaq istərdim. Jurnalist həmkarımız vurğulamışdı ki, artıq rayonu gedib-gələndə heç bir narahatçılıq hissi keçirmirəm. Çünki yollarımız o qədər rahat, çaylar üzərində salınan körpülər o qədər möhtəşəmdi ki, sadəcə adam maşın idarə etməkdən ləzzət alır.

Bəli, elə bir neçə ay bundan öncə Gədəbəydə keçirilən bir tədbirdə də əslən rayondan olan ziyalıların xüsusi vurğuladıqları fikirlərdən biri də məhz abad yollarla bağlı idi. Həmin tədbirdə çıxış edən professor İzzət Rüstəmov, şair Dəmir Gədəbəyli, publisist Polad Qasımov və digərləri xüsusi vurğulamışdılar ki, bugünün Gədəbəyi ötən illərin Gədəbəyini artıq kölgədə qoyubdu. İndi Gədəbəydə aparılan abadlıq, quruculuq həqiqətən göz, könül oxşayır. Elə həmin tədbirdə gədəbəyli ziyalılara bir növü hesabat verən rayon icra hakimiyyətinin başçısı Ramiz Yedyarov bildirmişdi ki, bu gün Gədəbəydə təkcə yolların, parkların, küçələrin abadlaşdırılması ilə bitmir. İndi rayonda məktəblərin, xəstəxanaların, körpələr evlərinin, mədəniyyət ocaqlarının və digər sosial obyektlərin bərpası, yenilərinin tikilməsi işləri də planlı, həm də sürətli şəkildə həyata keçirilir.

İcra başçısı iştirakçıların diqqətinə çatdırmışdı ki, son dövrlərdə rayonda məktəb tikintisi sahəsində görülən işləri rəqəmlə ifadə etsək, onda bəlli olar ki, bu ilin dərs ili ərəfəsin00də Novosaratovka kəndində 200 yerlik, Qoşabulaq və Samanlıq kəndlərində hər biri 180 yerlik, Slavyankada 360 yerlik, Arıqdam kəndində 480 yerlik müasir tipli məktəb binaları tikilib istifadəyə verilibdi. Özü də həmin məktəblərin demək olar ki, zəruri invertar təminatı da vaxtında məktəblilərin və pedaqoji kollektivin ixtiyarına verilib. Əgər rayonda aparılan həmin abadlıq işlərinin ümumi mənzərəsini statistika ilə qeyd etmək istəsək, onda məlum olar ki, son bir neçə ildə dağlar qoynunda yerləşən Gədəbəydə təqribən 70 məktəb binası öz qapılarını gələcəyimiz olan məktəblilərin və onların təlim-tərbiyəsi ilə məşğul olan pedaqoji kollektivlərin üzünə açıbdı. Təbii ki, müasir məktəblərin imkanları daha böyükdü. Yəni bu məktəblərdə oxumaq da, dərs demək də həm asandı, həm də məsuliyyətlidi. Hər bir təminatı olan pedaqoji kollektivin son nəticəsi kimi ali məktəblərə qəbulu Gədəbəy üçün uğurlu saymaq mümkündü.

Bəli, bu gün Gədəbəydə insanların təkcə işləməsi üçün yox, həm də normal istirahəti üçün də gərəkli şərait yaradılıbdı. Belə ki, rayonun mədəniyyət ocaqlarında günün tələblərinə cavab verən şəraitin mövcudluğu mədəni-kütləvi tədbirlərin keçirilməsinə, insanların bu tədbirlərə ürəklə qoşulmasına bir stimul olubdu. Elə Gədəbəyə səfər edərkən şahidi olduğum bir məqam da həmin fikirlərimə rəvac verdi. Yəni şahidi oldum ki, bu qədim torpaqda insanlar elmə, təhsilə, sözə, saza böyük önəm verirlər.

 

(Ardı var)

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-12 dekabr.-S.7.