ŞEİRDƏN ÜZÜ ROMANA

ƏDƏBİYYAT XALQLARI BİR-BİRİNƏ DAHA TEZ VƏ DAHA RAHAT QOVUŞDURUR

 

Artıq geridə qalmaq üzrə olan həftənin ilk günü redaksiyamıza mötəbər bir qonaq təşrif buyurmuşdu. Təbii ki, belə bir şərəfin "Ədalət" qəzetinə aid edilməsi bizim üçün çox önəmli idi. Doğrudur, qəzetimizin təsisçisi və baş redaktoru həmin hörmətli qonaqla kifayət qədər yaxın tanışlıq münasibətlərində idilər və məhz onların verdiyi bilgilərdən biz də Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu barəsində məlumatlanmışdıq. Ona görə də Yaqub bəyi qarşılamaq, onunla həmsöhbət olmaq "Ədalət"çilər üçün çox maraqlı idi. Həmin söhbət də baş redaktorumuz İradə xanım Tuncayın iş otağında millət vəkili, yazıçı-publisist, qəzetimizin təsisçisi Aqil Abbasın iştirakı ilə gerçəkləşdi. İndi həmin söhbəti sizlərə də təqdim edirik:

 

İradə Tuncay: - Yaqub bəy, "Ədalət" qəzetinə xoş gəlmisiniz.

 

Yaqub Öməroğlu: - Çox təşəkkür edirəm. İnternet vasitəsilə təmas qurduğum "Ədalət" barəsində müəyyən bilgilərim var. İndi bura gəlmək, sizin kollektivlə görüşmək mənim üçün çox şərəflidi və görürəm ki, çox həvəslə çalışan bir kollektiv yarada bilmisiniz.

 

İ.Tuncay: - Çox sağ olun. Biz bilirik ki, Bakıya işgüzar bir səfərə gəlmisiniz və bu məhdud vaxtın içərisində bizimlə görüşə də məqam tapdığınız üçün sizə təşəkkür edirik.

 

Ə.Mədətoğlu: - Yaqub bəy, artıq mətbuatdan bizə məlumdu ki, Bakıda üçüncü beynəlxalq Mahmud Kaşxarlı hekayə müsabiqəsinin yekunu olacaq və siz də həmin müsabiqənin münsiflər heyətinin üzvüsünüz. Yəqin ki, Bakıya gəlişiniz də bu səbəblə bağlıdı...

 

Y.Öməroğlu: - Bəli, Azərbaycan Yazıçılar Birliyi TÜRKSOY, Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə belə bir beynəlxalq müsabiqə keçirir. Biz də bu müsabiqənin əhəmiyyətini çox yüksək qiymətləndirir, onun işində iştirak edirik. Elə artıq üçüncü dəfə keçiriləcək bu müsabiqədə qaliblərin mükafatlandırılması mərasiminə qatılacağıq. Düşünürəm ki, bu cür müsabiqələr türk dünyasının söz adamlarını, yazarlarını, mədəniyyət, incəsənət nümayəndələrini bir-birinə daha da yaxınlaşdırır. Çünki bizim bir ortaq mədəniyyətimiz, bir ortaq ədəbiyyatımız var və mən Avrasiya Yazarlar Birliyinin rəhbəri kimi türkdilli ölkələri gəzərkən bunun dəfələrlə şahidi olmuşam. Sovet quruluşu bizləri bir-birimizdən xeyli uzaq salsa da, amma ayıra bilməyib. Ona görə ki, kökümüz, mayamız eynidi.

Söhbətə bir az şirinlik qatmaq, onu daha lokal etmək istəyən millət vəkili Aqil Abbas qonağımıza üz tutur:

 

-Yaqub bəy, Ankarada havalar necədi? Ankara yerindəmi?

Bu sual qonağımızda da bir təbəssüm yaradır və o da eyni səmimiyyətlə bildirir ki:

 

- Aqil bəy, sizin bu sualınız Ankarada etdiyiniz zarafatı mənə xatırlatdı. Bəli, Ankara da yerindədi, havası da çox gözəldi, eynən Bakının havası kimidi. Çünki orda da, burda da bizlər varıq. Ürəyimiz də, gözümüz də bu yerləri görəndə sevinir və hər gəlişimizdə Bakının dəyişən görkəmi bizi məmnun edir.

 

Ə.Mədətoğlu: - Yaqub bəy, siz ədəbiyyat adamısınız və Avrasiya Yazarlar Birliyinə də rəhbərlik edirsiniz. Deməli, əlaqələriniz, məlumat toplamaq imkanınız daha böyükdü. Bu mənada soruşmaq istəyirəm ki, türk ədəbiyyatı dünya ədəbiyyatı ilə müqayisədə hansı durumdadı? Biz bilirik ki, Türkiyənin böyük və klassik ədəbiyyat adamları, ədəbiyyat yaradanları olub və bu gün də var. Amma bu gün Orxan Pamuk və eləcə də ədəbiyyata yeni gələn imzalar daha fərqli mövqedən çıxış edirlər, ədəbiyyata daha fərqli baxışlar gətirirlər. Bax, bu mənada bilmək istəyirik ki, türk ədəbiyyatı indi hansı durumdadı.

 

Y.Öməroğlu: - Bir məqama toxunum ki, türk ədəbiyyatı deyəndə biz daha çox poeziyanı, şeiri düşünmüşük. Çünki bizdə romançılıq, yəni nəsr sonradan inkişaf etməyə başlayıb. Ona görə də yeni ədəbi qüvvələrin inkişafı, yeni ədəbiyyatın yaranması müəyyən zaman tələb edir. Bir vaxt daha çox şeir yaradıcılığı ilə məşğul olan türk yazarlarının yerini indi onların davamçıları hekayə ilə, romanla möhkəmləndirirlər. Təkcə ötən il dörd yüzə yaxın roman çap olunmuşdu. Doğrudu, bunların hamısı mükəmməl əsər deyil. Amma ədəbiyyatın inkişafı üçün bir təkandı, bir göstəricidi. Görünür, burda bir səbəb də var. Yəni indi xalq daha çox roman oxuduğu üçün yazarlar da buna üstünlük verirlər. Türk ədəbiyyatını Orxan Pamuk dünyaya tanıtdı, amma bunun həm də bir faydası onda oldu ki, dünyada bir ədəbiyyat olduğunu, burda ədəbiyyatın bütün janrlarının inkişaf etdiyini hər kəsə göstərdi və onun aldığı Nobel mükafatı əsərlərinin əksər ölkələrdə çap olunmasına imkan yaratdı. Paralel olaraq da digər turk romançılarının, yazarlarının əsərlərinin də çap olunmasına yol açdı. Dünyanın digər ölkələrinin nəşriyyatları da türk ədəbiyyatı ilə, türk yazarları ilə maraqlanmağa başladı. Son on beş ildə türk yazarlarının doqquz yüzə yaxın əsəri dünyanın müxtəlif ölkələrində həmin xalqların dilində işıq üzü görübdü. Təbii ki, bunların hamısı ən mükəmməl əsərlər olmaya da bilər və yaxud da şəxsi tanışlıqlarla çap olunmaları da mümkündü. Amma ümumilikdə götürəndə toplum halında bu, türk ədəbiyyatının inkişaf göstəricisidig

 

Ə.Mədətoğlu: - Yaqub bəy, yəqin ki, doqquz yüz nəfərin hamısının naşir dost ola bilməzdi..

 

Y. Öməroğlu: - Çox təbii (gülə-gülə). Bunların hamısı şəxsi münasibətlərdən qaynaqlanmır, ədəbiyyatın, ədəbi əsərin öz bəhrəsidi. Bax, biz də bunu yüksək qiymətləndirir və buna sevinirik.

 

Ə.Mədətoğlu: - Yaqub bəy, başçısı olduğunuz Avroasiya Yazarlar Birliyi nə vaxt yaradılıb və ümumiyyətlə, bu ideya hardan qaynaqlanıb?

 

Y.Öməroğlu: - Bu arzu mənim ürəyimdə çoxdan var idi. Ancaq açığını deyim ki, ehtiyat edirdim. Düşünürdüm ki, görəsən bu işin öhdəsindən gələ biləcəm, yoxsa yox. Təqribən on üç-on dörd il bundan öncə mən Türkiyə Yazarlar Birliyinin başqanı idim və iki il həmin vəzifəni icra etdim. Həmin vəzifə mənə türk dünyasının, yəni türkdilli ölkələrin ədəbiyyat adamları ilə, ədəbiyyatı ilə tanışlıq imkanlarını genişləndirdi. Elə içimdə olan arzu da həmin o əlaqələrdən daha da alovlandı, daha da çox istədim ki, bu işi gerçəkləşdirim. Həmin vəzifədə çalışa-çalışa öz arzumu həyata keçirmək istiqamətində də addımlar atdım, mənimlə həmfikir olan yazarları ətrafımda topladım. Sonra tutduğum vəzifədən könüllü istefa verib, bu gün başqanı olduğum Birliyin yaradıcısı kimi fəaliyyətə başladım.

Ə.Mədətoğlu: - Yaqub bəy, siz çox təqdirəlayiq bir işə başlamısınız və artıq bu işin əhəmiyyətini də hər kəs anlamağa başlayıb və açıq-aşkar sizin Birliyə bir sevgi, bir maraq özünü göstərir. Artıq Azərbaycanda da sizin Birliyin bir xeyli üzvü var...

 

Y.Öməroğlu: - Doğru buyurursunuz, bizim sıralarımız getdikcə artır. Bu gün təkcə Tükiyədən Birliyimizin 120 nəfər üzvü var. Bütövlükdə isə artıq sıramızda 350 nəfər birləşib. Və biz fəaliyyət göstərdiyimiz müddətdə 90 ədədə yaxın əsəri Türkiyə türkcəsinə çevirərək nəşr edib türkdilli dövlətlər arasında yaymışıq. Bu da ədəbiyyatların yayımı və onların bir-biri ilə tanışlığı baxımından çox önəmlidi. Həm oxucular, həm də yazarlar indi bir-birini daha çox tanımağa başlayıblar. İnşallah, aprel ayına qədər biz bu rəqəmi yüz ədədə çatdıracağıq. Çünki apreldə bizim Yazarlar Birliyinin on yaşı tamam olur. İstəyirik ki, həmin günə qədər yüz yazıçını türk oxucusuna və türkdilli oxuculara tanıdaq.

 

Ə.Mədətoğlu: - Yaqub bəy, bu məsələdə hansısa bir problem var?

 

- Y.Öməroğlu: - Burada əsas problem tərcümə məsələsidi. Yəni bu gün bizdə əsas məsələ məhz tərcüməçi məsələsidi. Özü də biz çox istəyirik ki, bu tərcüməçilər özləri də yazar olsunlar. Yəni şair, yazıçı kimi fəaliyyət göstərsinlər, onda tərcümə daha uğurlu alınır. Təəssüf ki, bu gün bu məsələdə bir sıxıntımız var. Amma düşünürük ki, hələlik bizimlə əməkdaşlıq edən tərcüməçiləri əlimizdə saxlamaq üçün atdığımız addımlar yetərlidi və onlar da öz işlərini vicdanla yerinə yetirirlər.

 

A.Abbas: - Yaqub bəy, siz bu işdə tutaq ki, Azərbaycanda, Türkmənistanda, Özbəkistanda və yaxud digər türkdilli ölkələrdə çalışan tərcüməçilərdən istifadə edə bilmirsiniz? Axı siz onları da cəlb edə bilərsiniz və nəticədə də yazarlar sizə Türkiyə türkcəsinə çevrilmiş əsərlərini hazır şəkildə verə bilərlər. Məsələn, bizdə Əli Əkbər adlı gənc bir yazar var idi. O, bir çox azərbaycanlı yazarları çox uğurla Türkiyə türkcəsinə çevirə bilmişdi. Təəssüf ki, indi o, Avropada yaşayır. Bax, bu mənada başqa yerli tərcüməçiləri cəlb etmək olmazmı?

 

Y.Öməroğlu: - Təbii ki, bu da mümkün variantdı. Ancaq biz daha çox istərdik ki, ədəbi tərcümələr olsun və biz də onu ancaq çap edib yaymaq qayğısına qalaq. Bir daha deyirəm, biz əgər sırf ədəbi işlə məşğul olan, şeir, roman, hekayə yazan tərcüməçilər yetişdirmək məsələsini özümüz üçün əsas problem sayırıqsa və bu məsələnin həllinə nə qədər tez nail ola bilsək, onda işlərimiz də daha səmərəli olacaqdı.

 

İ.Tuncay: - Yaqub bəy, siz bayaq dostluq münasibətlərinə toxundunuz. Düşünürəm ki, sizin rəhbərliyiniz altında fəaliyyət göstərən Birliyin çap etdiyi doxsan kitabın da çox hissəsi yəqin Azərbaycan yazarlarının payına düşür (gülür).

 

Y.Öməroğlu: - Təbii ki, bizim Azərbaycanla ilişgilərimiz daha sıxdı və bizim Bakı ilə olan bağlantılarımız, azərbaycanlı yazarlarla olan şəxsi tanışlıqlarımız daha geniş inkişaf edibdi. Bax, bu səbəbdən də digər türkdilli ölkələrin yazarlarından fərqli olaraq Azərbaycan yazarları ilə, onların əsərləri ilə təmasımız daha çoxdu. Üstəlik, burda Azərbaycan və türk dillərinin bir-birinə daha yaxın olması, əlaqələrin daha geniş müstəviyə çıxması da öz sözünü deyir. Bunun təsiri də bizim Birlikdə təbii ki, hiss olunur.

 

İ.Tuncay: - Yaqub bəy, türkdilli dövlətlər arasında problemlərin olması sizcə nədən qaynaqlanır?

Y.Öməroğlu: - İradə xanım, bizim işimizdə problem əsas təbii ki, dil və öncədən vurğuladığım həmin o dili mükəmməl bilən tərcüməçi məsələsidi. Yəni bu problem ortadan qalxarsa, onda bizim fəaliyyətimizin keyfiyyət və sürəti də təbii ki, artar. Nəticədə daha çox yazarı türkdilli çatdıra bilərik. Onda Qazaxıstanda da türk yazarını, Azərbaycan yazarını, özbək yazarını, o cümlədən də bu məmləkətlərdə həmin qazax ədəbiyyatının nümunələrini rahatlıqla təbliğ etmək, tanıtmaq mümkün olar. Zənn edirəm ki, siyasətçilər bu məsələyə hələ ki, xüsusi diqqət yetirmirlər. Əgər o tərcümə işini dövlət səviyyəsində qurmaq mümkün olarsa, bunun faydası hər kəs üçün uğurlu sayılar. Burda bir problemi də qeyd etməliyəm, biz türkdilli xalqları tərcümə etməkdə daha çox çətinlik çəkirik, nəinki digər Avropa, Amerika ölkələrinin yazarlarını. Axı elə ifadələr, elə sözlər var ki, onlar sovetlər birliyinin çərçivəsində yaranıb, işlənib. Onun ifadə etdiyi mənanı bütünlüklə türk dilinə çevirmək yalnız sətri cəhətdən mümkündü. Ancaq bu sətri tərcümə sözün öz mahiyyətini açmır. Deməli, dili dərindən bilmək lazımdır ki, o sözün özünü, ifadə etdiyi mənanı oxucuya çatdıra biləsən. Fikrimi yekunlaşdırmaq üçün deyə bilərəm ki, problem, yəni tərcümə məsələsi bizim dar boğazımızdı. Ordan keçmək zor bir işdi.

 

İ.Tuncay: - Yaqub bəy, düz buyurursunuz. Etiraf edək ki, sovetlər birliyinin tərkibində olan türkdilli xalqlar böyük bir zaman kəsiyini Rusiyanın təsiri altında yaşamağa məcbur olublar. Siz tutduğunuz vəzifənin verdiyi imkana görə, həmin respublikaları gəzib dolaşa bilirsiniz. Yəqin ki, orda Türkiyəyə, türkçülüyə olan münasibətin hansı səviyyədə olduğunu hiss etməmiş deyilsiniz.

 

Y.Öməroğlu: - Bilirsiniz, sovet dönəmi ilə müqayisədə bu gün artıq həmin respublikalarda Türkiyəyə, türkçülüyə münasibət xeyli dəyişib. Hətta artıq beş il əvvəlki münasibət də bugünkü münasibət deyil. Bu, genişlənən əlaqələrin sayəsində mümkün olub. Mən öncə apardığım müşahidələrdə görürdüm ki, həmin xalqlar hansı kökə aid olduqlarını bilirlər, ancaq buna o qədər də önəm vermirlər. Bu gün onlar da artıq türkdilli xalqlar ailəsinə aid olduqlarını söyləməyə başlayıblar və şəxsi düşüncələrini, şəxsi həyatlarını Türkiyə ilə bağlamağa, uyğunlaşdırmağa çalışırlar. Ümumilikdə isə müstəqillik hər birimizin türk olduğumuza inamımızı artırıbdı. Bu çox sevindirici haldı. Bu işdə TÜRKSOY təşkilatının yaranması, onun fəaliyyəti də öz təsirini göstərir. Hətta Qazaxıstan müstəqilliyini əldə etdikdən altı ay sonra TÜRKSOYa üzvlük barədə qərara imza atdı. Sovet şinelindən çıxan rəhbərlər çəkinmədən fəaliyyətlərini yeniləməyə, insanların minillik arzularının gerçəkləşməsinə yönəltdilər. Bu da göstərdi ki, məqsəd türkdilli dövlətləri bir-birindən uzaqlaşdırmaq yox, yaxınlaşdırmaqdı. Xalqın içində, ruhunda olan istək də yavaş-yavaş şəraitin verdiyi imkanla üzə çıxmağa başladı.

 

İ.Tuncay: - Yaqub bəy, sizin Birliyə dövlətin münasibəti necədi? Hər hansı bir yardım, dəstək hiss edirsinizmi? Mən ötən ilin may ayında keçmiş baş bakan Ərdoğanın ədəbiyyat adamları ilə görüşünü xatırlayıram. Bu, çox önəmli bir addım, diqqət idi. Bu gün vəziyyət necədi?

Y.Öməroğlu: - Ümumən götürəndə dövlətlərin bizim gördüyümüz işə müəyyən diqqət ayırdığı hiss olunur. Türkiyədən, Azərbaycandan, bugünlərdə Qazaxıstandan müəyyən vəsaitlər ayrılıbdı. Lakin bunlar hələ də görmək istədiyimiz böyük işlərə o qədər də kifayət etmir. Buna baxmayaraq, biz dövlətin işimizə marağını, fəaliyyətimizə diqqət ayırmağını görürük və bunu müsbət qarşılayırıq. Doğrusu, burada dövlət adamlarının və onların kadrlarının şəxsi münasibətləri də önəmlidi. Əgər həmin insanların simpatiyası varsa, işimiz təbii ki, onda daha uğurlu və faydalı olur. Düşünürəm ki, yeni baş bakan da bizim fəaliyyətimizdən xəbərdardı və onun dəstəyini hiss edəcəyik.

 

A.Abbas: - Biz Türkiyədə olarkən baş bakan Ərdoğana edilən müraciətin şahidi olduq. Anar müəllim də, siz də türkdilli yazarların ensiklopediyasını hazırlamaq barədə müraciət etdiniz və o da bildirdi ki, bu barədə düşünmək olar. Bəlkə yenidən Avrasiya Yazarlar Birliyinin üzvləri digər türkdilli dövlətlərin başçılarına da müraciət ünvanlasınlar? Siz bu fikrə necə yanaşırsınız?

 

Y.Öməroğlu: - Sizin fikirlə razıyam və mənə elə gəlir ki, həm sayın Ərdoğanın, həm bugünkü baş bakanın bizim fəaliyyətimizdən xəbəri var. Düşünürəm ki, bugünkü baş nazirimiz, eləcə də cümhur başkanları bizim işimizin mənəvi iş olduğunu, onun faydasının əlli-altmış ildən sonra ortaya çıxacağını yüksək qiymətləndirir, xərclənən pulun boşuna getməyəcəyini bilirlər. Ona görə də bizə dəstək göstəriləcəyinə ümid bağlayıram. Önümüzdəki illərdə işlərimizin daha uğurlu gedəcəyinə əminəm.

 

A.Abbas: - Məni çox sevindirən bir məsələni də qeyd etmək istəyirəm. Hamı bilir ki, artıq Rusiyanın göbəyində yerləşən Tatarıstan türk dünyasının mədəniyyət mərkəzi elan edildi. Buna Rusiya qısqanclıqla yanaşmadı. Artıq bu mərkəz Türkmənistana keçib. Bu da türkdilli xalqların bir-birinə yaxınlaşması, qovuşması üçün atılan çox önəmli addımdı. Görülən işlər sizin Birliyin və TÜRKSOYun xidməti danılmazdı. Bu mənada sizin Birliklə digər türkdilli ölkələrin yazarları arasında əlaqələr hansı səviyyədədi?

 

Y.Öməroğlu: - Bir şeyi xatırladım ki, Rusiyada da başa düşürlər ki, türkdilli xalqların mənəvi cəhətdən bir-birinə daha da yaxınlaşması həm də Rusiyanın tanınmasıdı, Rusiyaya münasibətlərin yaxşılaşmasıdı. O ki, qaldı bizim yazarlarla əlaqələrimizə, bu getdikcə daha da genişlənir. Xüsusilə keçirdiyimiz müsabiqələr bu işdə çox mühüm rol oynayır. Kabardi Balkarda, Tatarıstanda, Çuvaşstan və digər türkdilli ölkələrdə, vilayətlərdə ədəbi müsabiqələrin keçirilməsi yaxınlığı daha da artırır, əlaqələri daha da möhkəmləndirir. Tutaq ki, Çuvaşstanla Türkiyənin siyasi əlaqələri o qədər də diqqəti çəkmir. Ancaq bugünkü mədəni əlaqələrin artımı, sürəti gələcək siyasi əlaqələrin də genişlənməsi üçün bir özül ola bilər. Təbii ki, burada mədəniyyət, ədəbiyyat, elm adamlarının da üzərinə böyük vəzifələr düşür. Sevinirəm ki, həmkarlarım bu məsələdə yüksək fəallıq göstərirlər. Çünki bu, hər birimiz üçün faydalıdır.

 

Ə.Mədətoğlu: - Çox hörmətli Yaqub bəy, bir daha söylədiyiniz fikirlərə, suallarımıza verdiyiniz cavablara və "Ədalət" qəzetinə qonaq gəldiyinizə görə, sizə öz təşəkkürümüzü bildiririk. İnanırıq ki, sizin Birliklə "Ədalət"in təması, əlaqələri zaman-zaman davam edəcəkdi.

 

Y.Öməroğlu: - Mən də çox sevdiyim, dəyərli İradə xanıma, Aqil bəyə, Azərbaycan yazarlarına, Azərbaycan xalqına və "Ədalət" qəzetinə öz sevgi və sayğılarımı çatdırıram. İşiniz həmişə uğurlu olsun!

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2014.-13 dekabr.-S.8-9.