SEÇİLMİŞ
İradə
TUNCAY
Əslində bizim hamımızın dəqiq bildiyimiz bir həqiqət var ki, nə qədər öyrənməyə çalışsaq da, elmi ixtiralardan bəhrələnsək də, Aya uçsaq da, okeanların dibinə enməyə cəhd eləsək də, biz həyatın yaranması, insan övladının bu günə qədər keçdiyi yol, dünyanın sirləri haqqında dəqiq heç nə bilmirik. Nə qədər oxusaq da, axtardığımız çox suallara cavab tapa bilmirik. Din kitabları bir söz deyir, elm kitabları başqa söz, nəyə inanacağımızı müəyyən eləmək çətindir. Elmi nəzəriyyələrəmi, dini ehkamlaramı? Öz adımdan danışım - yaşım artdıqca cavab tapa bilmədiyim sualların sayı artır. Amma din kitablarında inandığım bir fikir var - "Elə hikmətlər var ki, onların dalınca getməyin, çünki sirri Xudadır".
***
Yəqin elə buna görə də izah eləmək olmur. Allah hamını bərabər yaradıbsa niyə irqlərə, millətlərə ayırıb? Niyə bu irqlərin bəziləri elə yarandığı ilk dövrlərin bəsitliyi ilə bu gün də mövcudluğunu davam etdirir? Niyə digərləri kosmosdakı evlərinin illüminatorundan Afrika cəngəlliklərindəki insan övladlarının tonqalətrafı rəqslərinə tamaşa edir? Onların insan olduğuna kimsə şübhə eləmir. Amma yuxarıda onlara baxanlar da insandır. Niyə belə fərqlənirlər?
***
Mən həmişə böyük hərb tarixi, böyük dövlətçilik tarixi olan millətlərə, xalqlara qibtə hissi ilə baxmışam. Yəqin bu da Tanrının sirrlərindən biridir ki, dünyanı silkələyən türk boylarının bir qolu olsaq da, nə dövlətimiz olub, nə də ordumuz. Təbii ki, mən ayrı-ayrı qalaların içinə sığınıb bir-birini qıran balaca xanlarımızı da, onların dəstələrini də nə dövlət, nə də ordu təsnifatına aid eləyə bilmirəm. Bu balaca dəstələr və balaca xanlar qoşun-ləşkər çəkib ancaq bir-birini qırmaqla, bir-birinin qanını içməklə məşğul idilər. Etiraf eləmək lazımdır ki, bizim heç zaman böyük imperiya tariximiz olmayıb, Atilla, Çingiz xan, Əmir Teymur, Sultan Süleymanımız olmayıb.
***
20-ci əsr öz böyük təbəddülatları ilə bizi də yerimizdən tərpətdi. Biz də millət olaraq bu böyük dünyanın içində öz yerimiz haqqında düşünməyə başladıq. Ən azından düşünməyə başladıq. Düşüncə tarixinin yaranması başqa tarixlərin də yaranmasına təkan verdi. Və 1918-ci ildə cümhuriyyətin elan olunması azacıq da olsa bu millətin içində ruh oyanışının başlanğıcı idi. Daim əsarət altında yaşayan millət azadlığın, öz torpağının ağası olmaq duyğusunun dadına baxmaq istədi. O vaxt bu alınmadı. Səbəblər çox idi, sadalamaq istəmirəm. Dövlətin, bayrağın nə olduğunu bilməyənlər birdən-birə anlamadığı qavramlardan irəli gələcək qanunları da həzm eləyə bilməyəcəkdi. Vaxt o vaxt deyildi.
***
Sonra yenə sarısaç, göygöz hakimlər gəldi və onlarla bərabər yeni ədalar, yeni hökmlər gəldi. Yalnız və yalnız 30-cu ildən sonra Azərbaycan adlanan bu kiçicik məmləkətin başında bu xalqla öz dilində danışa bilən, xalqın nə ilə nəfəs aldığını anlaya bilən bir şəxs - Mircəfər Bağırov durmağa başladı. Ziddiyyətli, mürəkkəb, ancaq yenə də özümüzdən olan birisi. Hər bir şəxsə zamanın və məkanın rakursundan qiymət vermək lazımdır. Tarixin bütün rəngləri ilə. 20 il Azərbaycana hakimlik eləmiş bu şəxsə münasibət birmənalı deyil. Mən çox adamlar tanıyırdım ki, onu fanatikcəsinə sevirdilər. Ancaq ona nifrət edənlər də var idi. İnsanlar öz yaşadıqları dövrə bənzəyirlər. Kimisə dəyərləndirəndə bunları nəzərə almaq lazımdır. Ancaq bu bir həqiqətdir ki, uzun müddət hakimiyyətdə qalmaq üçün insanın böyük bacarıq və qabiliyyəti olmalıdır. Yeri gələndə zalımlıq da eləməlidi, hökmünü də yeritməlidi, rəhmdillik, adillik də etməlidi. Hakimiyyət budur.
***
Bizim yeni, yaxın tariximizin qısa fasilə ilə ən uzunmüddətli hakimiyyəti Onun əlində olmuşdu - Heydər Əliyevin. Təbii ki, haqqında bu qədər təriflər deyilmiş, - içində səmimisi və umacaqlısı olmaqla, bir şəxs haqqında nəsə bir söz demək çətindir. Cəhd eləyək.
***
Sadə, orta hallı bir ailənin övladı olub əyalət şəhərciyindən böyük Kremlə, siyasi olimpə yüksələn bir yol keçmişdi. Əslində O, bir az da sovet hakimiyyətinin övladı idi. Çünki o dövrdə fəhlə oğlunun müxtəlif vəzifə pillələri ilə qalxması mümkün sayılırdı. Sadəcə ZƏKA, BACARIQ və QABİLİYYƏT olmaq şərti ilə. Əsas məsələ də elə bu idi. ZƏKA! Onu hamıdan fərqləndirən. Düzdür, xarici görkəmi də hər kəsə bənzəmirdi. Hər zaman hər yerdə diqqəti öz üstünə çəkməyi bacaran bu hündürboy, alagöz yaraşıqlı oğlanın içindəki istedadlardan biri də bu idi. Və bu istedad Ona dövlətçiliyi olmayan bir xalqın bəlkə min ildir içində qalmış arzularını reallaşdırmaq imkanı yaratdı. İndi kənardan baxıb çox hadisələrə fərqli şərh vermək olar. Ancaq etiraf eləməyi də bacarmaq lazımdır ki, hər zaman zamanın gedişini dəyişməyi, hadisələri idarə etməyi, yönəltməyi yalnız və yalnız O bacarırdı. Ona görə də az vaxt ərzində 2 dəfə ölkənin birinci şəxsi olmağı bacarmışdı. Birinci olmaq hər oğulun hünəri deyil. Biz bunu yaxın tariximizdə yaşadıq. Balaca bir ailəni doğru-düzgün idarə eləmək çətin olur. O ki ola Azərbaycan kimi qarışıq, mürəkkəb və təzadlı məmləkəti idarə eləmək. Bura qəribə bir yerdi. Burada müxtəlif psixologiyalar toqquşur. Əsarətin yaratdığı hiylə, məkr, qul düşüncəsi türk etnosunun qan yaddaşı ilə gələn iddialarla üz-üzə gəlir. Çətinə düşəndə təzim eləyənlər, ikiqat olmağı bacaranlar bir az artıran kimi padşahlıq umusunda olurlar. Bütün bu adamların ipini yığıb hər kəsə yerini göstərmək bacarığını da Allah hər kəsə vermir. Zahiri parıltılarıyla bərabər hakimiyyət həm də ağır bir yükdür. Bu yükü daşımağı da hər kəs bacarmır. Milyonların həyatının məsuliyyəti, bu məsuliyyətdən irəli gələn vəzifələri də icra eləməyi hər kəs bacarmır.
***
Mən dedim ki, biz bir çox böyük xalqlardan fərqli olaraq dövlət, dövlət atributlarından məhrum olmuşuq. Hökmdarlar da dövlətin rəmzidir. Başqa xalqların 300-500 il əvvəl qışqırdıqları "Yaşasın kral!", "Padşahım, çox yaşa!" ifadələri bizə doğma olmayıb. Biz yadelli ağaların qarşısında əyilməyə məcbur olmuşuq. Ona görə də kimsəni qınamaq olmaz. Xalq içində qalan hissləri yönəldəcək şəxs axtarışındaydı və tapdı - HEYDƏR ƏLİYEV!
Mənə qalsa düşünürəm ki, Allahın tərifli yaratdığının heç bir əlavə mədhə ehtiyacı yoxdur. Və mən əminəm ki, Ona yaxınlaşıb şer oxuyanların, fəxriyyə deyənlərin nə məqsəd daşıdığını O hər kəsdən yaxşı anlayırdı. O, adamların hər sifətini görmüşdü. Vəzifədən gedəndə bütün bunlar üçün şərait yaranmışdı. Hansı canlılar üçün, kimliyin yox, nəçiliyin önəmli olduğunu çox gözəl bilirdi, hər kəsin dilini də bilirdi, kimin nəylə sakitləşəcəyini də bilirdi. Bilirdi. Bilib susduğu hikmətlər də çox idi. Hakimlər də insan övladıdı - ətdən, qandan, sümükdən. Onların da öz dərd-səri, ağrıları olur - nə qədər gizlətməyə çalışsalar da. Hər kəs də öz şikayəti, harayı, fəryadı ilə onlara müraciət edir. �ör onların çəkəcəyi nə qədərdir. Hələ üstəlik bunları heç kimə demək mümkün deyilsə, ürəyini boşaltmağa adam tapmırsansa...
Hakimiyyət çox
ağır yükdür. Hər zaman şübhə içində dinlədiklərin
haqqında düşünməlisən. Kim
səmimi danışır, kimin söylədiklərinin
arxasında nə durur. HÖKMDARLARIN
ƏN BÖYÜK EHTİYACI SƏMİMİYYƏT VƏ
SEV�İDİR,
çünki yaltaqlar
xorunun içində həqiqi sözü seçib
ayırmaq da müşkül
məsələdi. Mən bilmirəm O, gündəlik
yazırdımı, xatirələrini kiməsə
danışırdımı. Əgər yazıbsa, oxumaq istərdim. BİZDƏN QAT-QAT AĞILLI
OLAN, NEÇƏ BAŞ YUXARIDA DURAN, UZUN VƏ
KEŞMƏKEŞLİ YOL KEÇMİŞ BU AĞSAQQALIN
ADİ İNSAN QAYĞILARINI, AĞRILARINI ÖYRƏNMƏK
İSTƏRDİM. Sonuncu müsahibələrindən
birində jurnalistə "siyasətdən yox,
sevgidən, məhəbbətdən danışaq" deyən
siyasətçinin içində apardıqları nə idi? Hamının gözünün
içinə baxıb qəlbinin dərinliklərinə nüfuz edə bilən bu
şəxsin öz qəlbindəki duyğular nə idi? Və
hər zaman düşündüyüm
bir sual da var - niyə bir xalqın, bir millətin,
bir tayfanın, hətta bir
ailənin içində də bir fərd
digərlərindən tamamilə fərqlənir, seçilir? Və seçilmiş
olmaq asandırmı? Və bu fərqlənmənin bədəli nədir?
ədalət.-2014.-12 dekabr.-S.2.