ELNURUN KİTABI
Bizim Elnura məktub
Öncə ondan başlayım ki, Elnur Astanbəyli mənim üçün bu dünyanın ən şıltaq və həm də ən təmiz, halal bir cocuğudu. Yəni Elnur Astanbəyli bütün iç dünyasıyla, bütün xarakteriylə çox safdı. Amma bir məsələ də var ki, Elnur həm də kifayət qədər sanballı bir istedadın sahibidi. Bax, bu iki bir-birinə uyğunlaşa biləcək auranın içərisində bir təzad da var. Bu da Elnur Astanbəylinin çılğınlığı, hər şeyə dərhal reaksiya vermək, hər şeyin içərisində nöqsanları görmək istəyidi...
Mən bütün bunları elə bu gün bu yazını bilgisayara diktə edəndə müəyyənləşdirməmişəm. Mən bunları Elnurla birlikdə "Ədalət"də çalışanda kifayət qədər etdiyi müşahidələrdən sonra özüm üçün qətiləşdirmişəm. Ona görə də Elnur şəxsiyyəti barəsində harda söz düşübsə, orda da birmənalı şəkildə vurğulamışam ki, Elnur saf və istedadlı qələm adamıdı. Sadəcə, bu istedad, bu saflıq bir təcili yardım alışqanlığı ilə müşahidə olunub. Bu da bəzən istənilən effekti vermir. Bu sözlər, bu fikirlər yaşca Elnurdan çox böyük olan və onu doğrudan-doğruya çox istəyən, az-çox təcrübəli bir insan kimi mənim ürəyimin ifadəsidi, diktəsidi. Ola bilsin ki, bunu çoxları, hətta Elnur da qəbul etməyə bilər və bu da mənim üçün o qədər də gözlənilməz sayılmaz. Çünki mən onun çılğınlığını dəfələrlə müşahidə etmişəm. O ki, qaldı "Oktyabra məktublar"a...
İkinci dəfədi ki, Elnurun kitabı ilə üz-üzə qalıram və ikinci dəfədi ki, çox xəsisliklə yazılmış avtoqraf, yəni müəllif sözü təkcə sətirlərin, cümlələrin çoxluğu ilə deyil, özünün ifadə etdiyi mənasıyla, istəyiylə həmişə adamda bir ehtiyac hissi yaradır. Şəxsən mən avtoqrafla aldığımı kitablarda həmin müəllifin mənə simpatiyasını duymağa, görməyə çalışıram. Bəzən olur ki, az qala bir kitab səhifəsi avtoqrafda nə özümü görürəm, nə də müəllifi. Bəzən isə tək bir sözdə hər şey ifadə olunur. Məsələn, çox dəyərli qələm dostlarımdan biri kitabına bircə söz yazmışdı və özü də sözün bütün hərfləri böyük idi:
- ƏBÜLFƏTƏ!
Mən bu ifadənin arxasında çox şeyi gördüm və bu gün də görürəm. Bax, bizim Elnur da sözə həmin o istəklə, həmin o baxış bucağı altında yanaşır. Və "Oktyabra məktublar"ın birinci səhifəsində yazır:
- Əziz Əbülfət bəyə ən gözəl arzularla. Yaşasın söz və sözü yaşadanlar!
Bəli, bu avtoqrafın nə demək olduğunu mən çox yaxşı anlayıram və içimdən də bir dəli arzu keçir. Kaş, mənim o anlayışım sözü anlayan hər kəsin içindən gəlib keçsin. Özü də elə-belə yox, gözəl-gözəl.
Bu günlər bir şəhrə vardım gül üzlü dost eşqinə
Ha dolandım yorulmadım bürcləri gözəl-gözəl
Açılıb dükan-bazarı sərrafsan bəri gəl
Nə alsan peşman olmazsan xərcləri gözəl-gözəl.
Bu misralardakı mənzərə bir anlıq kifayət qədər bizə tanış olan bir şərh dünyasıdı, bir şərh məmləkətidi və burda hər şey gözəldi. O gözəlliyi tamamlayan isə dost salamıdı.
Yazan böylə yazmış kağız-qələmsiz
Həncəri aşiqdi dərdsiz-vərəmsiz
Qul xətasız olmaz, ağa kərəmsiz
Düşdüm üryan çölə, ardan kəm qaldım.
Mənə elə gəlir ki, köklü-köməcli Azərbaycan folkloruna, xüsusilə aşıq poeziyasına söykənən bu şeir nümunələri həm də yaddaşın gücünü ifadə edir, dünənin yaşadığını ortaya qoyur. Və biz birmənalı şəkildə hardan qaynaqlandığımızı, nədən bəhrələndiyimizi görürük, həm də etiraf edirik. Mən "Oktyabra məktublar"ı oxuduqca bugünkü "izm"lərin havadan, göydən düşmədiklərinin bir daha şahidi oluram. Görürəm ki, kökü saza, sözə söykənən Azərbaycan ədəbiyyatının "izm"ləri elə onun öz içərisindədi. Çünki:
Barsız bağların bağbanı
Bar göndər mənə - nar göndər...
Xəstə könlümə düşübdü
Nar göndər mənə, nar göndər.
Və yaxud:
Könül dedikləri haqqın köyüdü
Baxdım camalına gözüm böyüdü.
Girməz qulağıma dostun öyüdü
Çox da eşidirəm... kar misallıyam.
Elnur Astanbəylinin çox orijinal bir şəkildə
tərtib edilmiş və elə cilidinin görkəmindən
də şeir, poeziya tökülən bu kitabında son dərəcə maraqlı
bənzətmələr, çox
maraqlı deyimlər
var. Xalq yaradıcılığından
bəhrələndiyini hər
misrada büruzə verən və hər misrada da bir yeni
baxış sərgiləyən
Elnur Astanbəyli sözü bir azadlıq yükünü
də elə ustalıqla pərçimləyib,
onun boyuna elə ölçüb-biçib
ki, o yeniliyi görməmək mümkün
deyil.
Yolumuzda
qanqallar, qolumuzda qandallar
Qorxutmaz
bizi heç nə, lap sonu ölüm olsa!
Meydanlar
da bizimdi, zindanlar da bizimki
Meydan boş qalmayacaq bütün zindanlar dolsa!
Elnur Astanbəylinin
"Oktyabra məktublar"ını
səhifə-səhifə, misra-misra təqdim etmək mənim üçün son dərəcə
rahatdı. Sadəcə, bir oxucu haqqı var, mən o haqqın üstünə getmək
istəmirəm. Yəni mənim
şərhim, mənim
təqdimatım oxucuya
basqı da sayıla bilər. Ona görə də "Oktyabra məktublar"ı
oxucunun ixtiyarına verirəm. Qoy oxusun və öz sözünü özü desin. Sonda isə Elnurun bir misrasıyla fikrimi tamamlamaq istəyirəm.
Nə çəkir suçəkən
tək
Torpaq bizi canına? -
Gah bilməsəydim bunu
Hərdən də, gah bilsəydim...
Ədalət.-2014.-16 dekabr.-S.7.