"Tarixi-Nadir"i
yarıya qədər oxumuşam, ancaq…”
Fuad Salayev:
“Hansısa üslubu özümə yaxın hesab etməmişəm”
Əməkdar incəsənət xadimi, xalq rəssamı Fuad Salayev 1943-cü ildə Bakı şəhərində anadan olub. İlk təhsilini Əzim
Əzimzdə adına rəssamlıq məktəbində, ali
təhsilini isə İvan Surikov adına Moskva Dövlət Rəssamlıq
İnstitunda alıb. Almaniya və keçmiş Yuqoslaviyada
keçirilən heykəltəraşlıq üzrə beynəlxalq
simpoziumların, həmçinin respublikada və xaricdə
keçirilən sərgilərin iştirakçısı
olub. Fuad Salayevin əsərləri ABŞ, Rusiya, Kanada,
İngiltərə, Fransa, İtaliya, Almaniya, Avstriya, Türkiyə
və Yaponiyada muzey, fond, qalereya və şəxsi
kolleksiyalarda saxlanılır. Fuad Salayev Azərbaycan Milli Elmlər
Akademiyasının həqiqi üzvü, Azərbaycan Dövlət
Rəssamlıq Akademiyasının prorektorudur.
Adalet.az tanınmış heykəltaraşla müsahibəni
təqdim edir.
"Yaradıcı
və tamaşaçı arasındakı fərqli münasibət
əsərin məntiqini daha da
dolğunlaşdırır"
- Fuad Salayevin əsərləri
uzun dövr üçün öz aktuallığını
saxlamaq iqtidarındadırmı?
- Əsər
nə qədər aktual olacaq, bu barədə heç kim birmənalı fikir yürüdə bilməz.
Ona görə ki, bunu vaxt müəyyən edir.
Əsər öz- özünə yaranmır, o
özlüyündə plastik fikir daşıyır. Nə qədər o fikir cəmiyyətə
maraqlı olsa, nə qədər o ideya yaşansa, bir o qədər
də aktuallığını saxlaya bilər.
- Əsərlərinizi konkret bir üslubla
bağlamaq olmur. Siz özünüz necə,
yaradıcılığınızı daha çox hansı
üsluba aid edirsiniz?
-
Bilirsiniz, mən "Tarixi-Nadir"i yarıya qədər
oxumuşam, ancaq indiyədək hansısa üslubu
özümə yaxın hesab etməmişəm(gülür).
Bunu məndən yaxşı sənətşünaslar
deyə bilər. Bu onların işidir,
baxsınlar, fikir yürütsünlər. Mən fikrimdə, təsəvvürümdə nə
varsa onun üzərində işləyirəm. Əvvəldən fikrimdə tutmuram ki, mən bu
üslubda işləyəcəm. Öz
ideyalarımı reallaşdırmaq istəyirəm və bunun
üçün qarşıma professional məqsədlər
qoyuram. İlk növbədə fəza-həcm
münasibəti. Heykəltaraşlıqda
bu iki komponentin münasibətinin düzgün qurulması əsas
şərtdir.
- Sizin əsərlərinizə
nəzər salarkən tamaşaçıda müxtəlif
assosiasiyalar yaranır. Əsərlərinizin
mahiyyəti heç də birmənalı yanaşma tələb
etmir. Bu da sizin əsərlərinizin
mürəkkəb xarakterə malik olmasından xəbər
verir.
- Hər
bir rəssam, heykəltaraş bir fikir
daşıyıcısıdır. Hər bir
tamaşaçı da müxtəlif qavrayışa, hisslərə,
emosiyalara malikdir. Əsəri qavramaq, onu
hiss etmək üçün qarşılıqlı
münasibət lazımdır. Burası da
var ki, bəzən, yaradıcı və tamaşaçı
arasındakı fərqli münasibət əsərin məntiqini
daha da dolğunlaşdırır.
- Tamaşaçı yanlış
istiqamətlərə yönəlmir ki?
- Belə
baxsaq bir çox məşhur rəssamların əsərləri
də bu günə qədər birmənalı xarakterizə
edilmir.
- Oynaqlıq yaratmaq üçün
digər heykəltaraşlıq materiallarına nisbətdə
daha əlverişli olduğuna görə siz
bürüncü seçdiniz?
- Əsərin ideyasını daha yaxşı
açıqlamaq üçün onun materialı da
düzgün seçilməlidir. Demək olmaz ki,
bürünc yaxşdır, daş pisdir. Elə
əsər var ki, onu hazırlamaq üçün
bürünc daha əlverişlidir, eləsi də var ki, onu
mütləq daşdan hazırlamaq lazımdır.
"Heykəli
tək ölçülərinə görə monumental
adlandırmaq olmaz"
-
Monumental heykəllər üzərində çox işləmirsiniz...
- İşləməmişəm? Muzey mərkəzinin qarşısındakı at
fiqurları monumental heykəllər deyil, bəyəm?
- Onlar
daha çox kamera heykəlləri qrupuna daxildir.
- Heykəli tək ölçülərinə
görə monumental adlandırmaq olmaz. Monumantal heykəl 2 metr
də ola bilər, 15 metr də. Monumental heykəllər memarlıq ansamblı ilə
münasibətdə yaradılır. Onların
həcm-fəza münasibətlərini əks etdirir.
Heykəl bir təsviri sənət növüdür. Ona görə
hazırlanır ki, insan baxaraq onu qavrasın. Tamaşaçı onu qavraya bilmirsə, onun mahiyyəti
itir.
Bakıda əvvəllər
Kirovun heykəli ucaldılmışdı. Siz dəqiq bilirsiniz ki, o Kirov idi?
- Bu barədə mülahizələr
fərqli idi...
- Uzaqdan baxırdıq ki, orda bir kişi dayanıb. Heç kim
dəqiq bilmirdi kim idi, o. Bəlkə Sverlov idi, bəlkə
Nikitin idi. Hamı belə qəbul edirdi ki, o
Kirovdur.
Əsər onun üçün hazırlanır ki, onu
hiss edib, qavramaq mümkün olsun. Əsas olan
yaradılan sənət nümunəsinin cəmiyyətə
çatdırılmasıdır. İnsanların onu
hiss etməsidir. Hissetmə də fərqlidir.
Biri Bethovenin simfoniyasına qulaq asır, deyir bu
nədir belə, birisi də qulaq asaraq onu qəhrəmanlıq
simfoniyası adlandırır. Monumental heykəltaraşlıq
nümunələri də əsasən
tamaşaçının fikirlərinə əsasən
monumental olur, həcminə görə yox.
"Muzey
Mərkəzinin qarşısındakı at fiqurları tamamilə
sərbəst, müstəqil ideyaya malik əsərlərdir"
- Muzey Mərkəzinin qarşısında qoyulan at
fiqularından danışdınız. Sənət biliciləri
arasında belə bir fikir formalaşıb ki, bu fiqurlar binanin
memarlıq ansamblı ilə qətiyyən uzlaşmır...
- Mən onları necə
uyğunlaşdıra bilərdim?
- İlk öncə
bina tikilib, daha sonra sizin fiqurlar qoyulub ora. Bu məntiqlə
məsuliyyət sizin üzərinizə düşür...
- O bina
keçən əsrin ortalarında psevdoklsassik üslubda
tikilib. Bina əvvəllər Lenin muzeyi idi.
Tikilməsində də əsas məqsəd
Leninin əzəmətini göstərmək olub. Zaman keçdi, sovet hökuməti
dağıldı, müstəqil dövlətlər
yarandı. Bu o demək deyil ki, bina
sökülməlidir. İndi o binanı
ediblər Muzey Mərkəzi. Ancaq o fikir
qalır. Mən isə o fiqurları XXI əsrin
I onilliyinin sonlarında hazırlamışam. İndi sizin fikrinizcə mən o fiqurları binaya
necə bağlamalıydım? Bu
düzgün olmayan bir yanaşmadır və məntiqə
ziddir. Onlar tamamilə sərbəst,
müstəqil ideyaya malik əsərlərdir.
- Ancaq siz
bayaq vurğuladınız ki, at fiqurları monumental heykəllər
qrupuna daxildir, monumental heykəlin əsas funksiyası da
memarlıq ansamblı ilə uyğunlaşmaqdır.
-
Bilirsiniz, məqsəd var. Elə iş var ki, sən ona
görə birbaşa cavabdehsən. Üns
teatrının qarşısında mənim işlərim var
ki, onlar tamamilə binanın memarlıq üslubu ilə vəhdətdə
hazırlanıb. Milli Incəsənət
Muzeyinin qarşısında gimnast fiqurlarını da
binanın memarlıq ansamblına uyğunlaşdırmşam.
Halbuki o fiqurları təxminən 50 il
bundan əvvəl hazırlamışam. Sonradan
onların konstruksiyalarını dəyişərək binaya
uyğunlaşdırdım. Çünki
mənə belə tapşırılmışdı.
Ancaq at fiqurları tamamilə sərbəst iş olaraq
sifariş edilmişdi
- Rəssamlıqla heykəltaraşlığın
əsas fərqi nədir?
- Şeir sözlə, musiqi səslə yaranır. Hər bir
sözün özünəməxsus ahəngi, hər bir
musiqinin də melodiyası var. Təsviri sənətdə isə
plastika dilidir. Rəngkarlıqda əsas
olan rəngin plastikası, koloriti, heykəltaraşlıqda isə
həcmin plastikası və həcm-fəzanın
qarşılıqlı münasibətidir.
- Sənət
yoldaşlarınızdan daha çox kimlərlə yaxın
münasibətdəsiniz?
- Mənim dostlarım çoxdur. Ola bilər ki, birinin adın çəkim, digəri
yadımdan çıxsın. Bu da adı
çəkilməyənlərin xatirinə dəyə bilər.
Daha çox oturub-durduğum, bir yerdə
olduğum insanlar Altay Sadıqzadə, Xanlar Əhmədov,
Natiq, Akif Əsgərov, Ömər Eldarov, Tokay Məmmədovdur.
Belə hamı ilə normal münasibətim
var.
- Bəs
yaradıcılığına pərəstiş etdiyiniz, dəyər
verdiyiniz həmkarlarınız kimlərdir?
- Mənim fikrimcə Azərbaycan təsviri
sənətində hər bir şəxs öz balaca kərpicini
qoyub. Cəlal Qaryağdı, Fuad Əbdürrəhmanov,
Ömər Eldarov, Tokay Məmmədov kimi heykəltaraşların
müxtəlif səpkidə olan əsərləri hələ
Sovet dövründə ən yüksək səviyyədə
qəbul olunub. Rəssamlardan Tahir Salahov, Toğrul Nərimanbəyov,
Rasim Babayev, Böyükağa Mirzəzadənin
adlarını çəkə bilərəm. Hansı
ki, hər birinin özünəməxsus mükəmməl
yaradıcılıq texnikası var. Bundan başqa Ələkbər
Rzaquliyevin qrafikası, Elbəy Rzaquliyevin kino rəsmləri
dövrünün ən yüksək qiymətini alıb.
Bilirsiniz,
bu idman deyil ki, biri 100 kq, o biri daha artıq- 150 kq
qaldırıb qalib olsun. Hər bir rəssam
ayrılıqda bir dünyadır. Hər
bir rəssamın yaradıcılığına nəzər
saldıqda bəlli olur ki, o hansı fikirlərlə
yaşayıb, dünyaya hansı gözlə baxıb.
- Sözünüzdən belə
çıxır ki, incəsənət aləmində
heç kim heç kimdən üstün,
ya da əskik deyil?
- Siz sənətşünassınız
də bildiyim qədər. Siz bilən XIX əsrin
sonu - XX əsrin əvvəllərində impressionistlər necə
qəbul olunurdu?
- Qəbul
olunmurdular.
- Niyə?
- Onlar ənənəvi
çərçivədən kənara
çıxırdılar. Yaradıcılıqları bir
növ inqilab idi...
- Onlar nədə
inqilab etdilər? Onlar sanki havaya
çıxdılar. Ona qədərki
üslublarda yaranmış əsərlərlə müqayisə
etdikdə görürük ki, impressionistlər daha çox rənglərin
incəliklərini qabartmağa üstünlük verirdilər.
İnqilab məhz bununla başlanıldı.
Onları əvvəllər sevmirdilər. Ancaq indi baxıb görürlər ki, bu tam başqa
bir aləmdir. Zaman keçdikcə həmin
rəssamların əsərləri dünyanın ən
böyük muzeylərində yer tutdu. Hazırda
da təsviri sənəti Manesiz, Monesiz, Pisarrosuz, Renuarsız,
Sezannsız təsəvvür etmək mümkün deyil.
Mən onu demək istəyirəm ki, hər bir rəssamın
bir yolu, götürdüyü istiqamət var. Onlar hərəsi
özlüyündə bir aləmdir, hər biri öz
dövrünün fikrini çatdırır.
"Bu
müsahibədə heç kimlə münasibətimi həll
etmək fikrində deyiləm"
- Son
vaxtlar təsviri sənət sahəsində keçirilən
müsabiqələrdə obyektivlik qorunmur. Hətta
elə hallar baş verir ki, dünya miqyasında
"analoqu" yoxdur. Məsələn,
müsabiqələrin birində belə bir hal yaşandı;
Xalq rəssamı Akif Əsgərova birinci, Xanlar Əhmədova
isə üçüncü yer verildi. İkinci
yer isə heç kimə verilmədi.
- Sizin məqsədiniz
qalmaqal yaratmaqdır? Suallarınız tipik
jurnalist suallarıdır, nəinki sənətşünas.
Mənim Xanlar Əhmədovun məsələsindən
dəqiq xəbərim yoxdur.
Gəlin müsahibəni elə quraq ki, mənim heç
bir şəxslə münasibətim pozulmasın. Mən bu
müsahibədə heç kimlə münasibətimi həll
etmək fikrində deyiləm.
Elə neqativ hadisələr
olur. Müsabiqəni də keçirənlər
insandır. Hər birinin də öz fikri
var. Təbii ki, üst-üstə düşməyə də
bilər. Olur ki, mövzu tam
açıqlanmayıb, ikinci yer verilmir,
üçüncü yer verilir.
Gələn
il Dövlət Mahnı Teatrının
qarşısında Rəşid Behbudovun heykəli qoyulacaq
-
Müsabiqələrin təşkilatçılığı
isə ayrıca söhbət mövzusudur. Özünü
təsdiq etmiş ustad sənətkarlarla gənc tələbələr
birlikdə mübarizə aparır. Bu nə
dərəcədə düzgündür?
-
Müsabiqə elə bir şeydir ki, açıq tipli olur.
Siz indiki dövrdən danışırsınız, amma 40 il bundan öncə də belə idi. Nəsimin
heykəlinə seçim xarakterli müsabiqə təşkil
olunmuşdu, kim istəyirdi iştirak
edirdi. Hətta yadımdadı, rəssam olmayan
insan da orda iştirak etmişdi. Kim arzu
edir, müsabiqəyə qatılır. Sadəcə,
gərək iştirakçı düşünsün ki, bu
onun imkanı daxilindədir, ya yox.
- Son vaxtlar sifarişləriniz tez-tez
olur?
- Tez- tez yox, amma olur.
-
Hazırda var? Bu haqda məlumat verərdiniz mümkünsə...
- Bitməyən
iş barədə məlumat vermək düzgün deyil.
- Ümumi xüsusiyyətləri
haqda yox, sadəcə maraqlıdır, kimin heykəlidir?
- Rəşid Behbudovun
heykəlidir.
- Təxminən haçan hazır
olar?
- Gələn il
hazır olacaq. Rəşid Behbudov adına
Dövlət Mahnı Teatrının qarşısında
qoyulacaq.
Sahib
ƏSƏDBƏYLİ
Ədalət.-2014.-16 dekabr.-S.6.