"Özümə həmişə tənqidi yanaşıram" - Mənsum İbrahimov

 

Tanınmış xanəndə və pedaqoq, xalq artisti Mənsum İbrahimovun Milli.Az-a müsahibə verib.

 

Adalet.az müsahibəni təqdim edir:

 

- Mənsum müəllim, deyəsən, yenicə səfərdən qayıtmısınız. İstərdim əvvəlcə bu barədə bir neçə kəlmə məlumat verəsiniz.

 

- Dekabrın 5-də Türksoyun dəvəti ilə "Qarabağ” muğam qrupumla Ankaraya getdim. Ankarada işləyən opera rejissorumuz var - Əflatun Nemətzadə. Onun 70 illik yubileyi münasibətilə böyük tədbir keçirilirdi. Tədbirdə Qazaxıstanın və Dağıstanın Simfonik Orkestri, Qırğızıstandan, Türkiyədən müğənnilər iştirak edirdilər. Azərbaycandan isə məndən başqa xalq artisti Qəndab Quliyeva, Elçin Həşimov, Elnur Əhmədov və nağara ifaçısı Siyavuş Kərimov ölkəmizi təmsil edirdik. Orada Qəndab xanımla "Leyli Məcnun”dan bir neçə parça ifa etdik. Eyni zamanda, solo ifalarımız oldu. Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, professor İlham Rəhimli, Üzeyir Hacıbəyov muzeyinin direktoru Sərdar Fərəcov, həmçinin Türksoyun prezidenti çıxış etdilər. Dekabrın 6-da isə Hacəttəpə universitetində təhsil alantələbələrin Tələbə Birliyinin və Türkiyədəki səfirliyimizin təşkilatçılığı ilə konsertimiz oldu. Universitetin Mehmet Akif Ersoy salonunda tələbələrə və orada çalışan azərbaycanlı müəllimlərə konsert verdik. Mənimlə yanaşı tələbəm Vüsalə Rəcovanın da iştirakı oldu.

 

- Adətən müğənnilər və idmançılar çıxış etdikləri yerlərin adını, rəqiblərinin soyadını unudurlar. Amma deyəsən, sizin o barədə probleminiz yoxdur...

 

- (gülür) Hə, yaddaşım yaxşıdır, pis deyil. Səfirliyimizin təhsil işləri üzrə müşaviri Nəcibə xanım da konsertdə iştirak edirdi. Konsertdə 15-20 nəfər təbrizli tələbələr də var idi. Biz də onu nəzərə alaraq tələbəmlə "Sarı gəlin” və "Heydərbaba” mahnısını oxuduq və bu da onlar üçün böyük sevinc oldu.

 

- Bəs burada nə vaxt konsert verməyi düşünürsünüz? Çünki Azərbaycandakı pərəstişkarlarınız heç də oradakından az deyil.

 

- Məndə vaxt məsələsi bir az problemdir. Sıradan bir konsert vermək istəmirəm. Çünki hər ay Opera və Balet Teatrında bir tamaşa oxuyuram, tədbirlərdə iştirak edirəm. İstəyirəm ki, konsertə xüsusi hazırlaşım. Yaxın vaxtlarda növbəti muğam müsabiqəsi başlayacaq. Orada da münsif qismində iştirak edirəm.

 

- Muğam müsabiqəsindən söz düşmükən, istərdim ki, bir məqama toxunaq. Bəzi sənətkarlar deyirlər ki, müsabiqənin münsiflər heyətində təmsil olunan sənətkarlar tələbələrinə dəstək olurlar. Ümumiyyətlə, müsabiqənin gedişatında belə şeylər olurmu?

 

- Sonuncu müsabiqələrdə ilk yerləri tutanlar münsiflər heyətində təmsil olunan müəllimlərin tələbələri deyillər. Məsələn, Sərxan Bünyadzadə əməkdar artist Gülyaz Məmmədovanın tələbəsidir. Yaxşı ifaçıdırsa, heç bir fərqi yoxdur. 2007-ci ildə Canəli Əkbərovun tələbəsi Ehtiram Hüseynov birinci oldu. Həmin il yer tutanlardan biri Güllü Muradova Sabir Abdullayevin yetirməsidir. Bu, yeganə sənətdir ki, göz qabağındadır. İfaları xalq da görür, sənətkarlar da, münsiflər də. Hamısı Azərbaycanımızın balalarıdır və bizə əzizdirlər.

 

- Bəs sizcə SMS-lə keçirilən yarışmalar nə dərəcədə obyektivdir? Ümumiyyətlə, bu yolla müğənni seçmək mümkündürmü?

 

- Heç cür mümkün deyil. Kimin daha çox, daha imkanlı qohum-əqrəbası varsa, o da qalib gəlir. Belə yarışmalarda pul ən zəif ifaçını da qalib edə bilər. Bəzən də ən yaxşı ifaçı imkansızlıqdan kənarda qalır.

 

- Son zamanlar estrada ifaçıları arasında muğam öyrənməyə meyl artıb. Amma baxırsan ki, estrada janrında normal ifaçı deyil və muğam öyrənmək istəyir. Sizcə, bu hansısa sənətkarın adından vizit kart kimi istifadə etmək cəhdidir, yoxsa məqsəd, doğrudan da, muğam öyrənməkdir?

 

- Mənim də sinfimə öyrənməyə gələn uşaqlar çoxdur və böyük məmnuniyyətlə, öyrədirəm. Bilirsiniz niyə? Sabah o xanəndə olmasa da, ən azından savadlı bir müğənni olacaq.

 

- Kimlər gəlib estrada ifaçılarından?

 

- Rahidə Baxışova, Vüsalə Rəcova Asəf Zeynallı adına Musiqi Kollecində mənim tələbəm olublar. Lamiyə Novruzova Konservatoriyada mənim sinfimi bitirib. Bu, o demək deyil ki, sadaladıqlarım sabah xanəndə olacaqlar. Amma ən azından muğam haqqında anlayışları var.

 

- Sizcə, adını çəkdiyiniz bu ifaçılar muğamdan anlayışı olmayanlardan daha üstün ifaçılardır?

 

- Əlbəttə. O mənada ki, tam olmasa da, müəyyən qədər muğamdan anlayışları var. Ümumiyyətlə, estrada müğənnilərinin muğama meyl etməyini pis saymıram. Bəziləri deyirlər ki, bu doğru deyil. Amma muğam heç kimin şəxsi malı deyil, xalqın sərvətidir. Əgər o konsertində muğamdan bir şöbə, bir hissə oxuyursa, burada pis heç nə yoxdur. Amma oturub dəstgah oxusa, deyərəm ki, düz oxumadı.

 

- Ümumiyyətlə, estrada ifaçılarını dinləyirsinizmi?

 

- Mənim üçün janrın fərqi yoxdur. Yaxşı ifaçıları dinləyirəm. Qulağa xoş gələn səsə qulaq asıram. Məsələn, Röyaya sevə-sevə qulaq asıram. Səsi də gözəldir, ürəyi də var. Onun səsi gələndə feyziyab oluram.

 

- Bir çox sənətkarlar məhz Röyanı digər estrada ifaçılardan fərqləndirirlər. Fərq nədədir?

 

- Onu fərqləndirən, ilk növbədə, səs tembridir. Röyanın səs tembri fərqli və ürəyəyatandır. İkincisi də ifa qabiliyyəti güclüdür. İlqar Muradovu necə dinləməyim? Onun ifası adamın ruhunu gözəlləşdirir.

 

- Onda belə çıxır ki, ifaçılıqda zil səsin o qədər də önəmi yoxdur. Çünki adını çəkdiyiniz hər iki müğənni bəm səsə malikdir.

 

- Əlbəttə, yoxdur. Ola bilsin ki, diapazon geniş olsun. Amma xam oxuya, səsi keyfiyyəti olmaya bilər. Bu, elə bir şeydir ki, səsin qulağa xoş gəlməsə, övladın, doğmaların da səni dinləməyəcək.

 

- Muğam müsabiqəsindən çıxan uşaqlar müəyyən qədər maddi imkanlar əldə edirlər. Amma sonradan sənətdən "soyuyurlar”. Həta Əlibaba Məmmədov bir neçə xanəndəni, o cümlədən Babək Niftəliyevi tənqid emtişdi...

 

- Düz deyir.

 

- Sizcə, bəlkə bu uşaqlara qayğı lazım olandan artıq göstərilir deyə, belə edirlər?

 

- Bunu hamısı haqda demək olmaz. Birinci muğam müsabiqəsindən çıxan uşaqların 99 faizi indi də meydandadır. Babək Niftəliyev, Təyyar Bayramov, İlkin Əhmədov, Aytən Məhərrəmova, Bəyimxanım Vəliyeva, Elnur Zeynalov dövlət tədbirlərində oxuyurlar, Opera və Balet Teatrının, AZTV-nin solistləridir, ölkəmizi xarici ölkələrdə təmsil edirlər.

 

- Bəs digərləri niyə eyni səviyyədə davam etmirlər? Tənbəllikdəndir, yoxsa bir az pul görəndən sonra həvəsdən düşürlər?

 

- Bəli, başı gicəllənənlər də olur. Mən özüm də elə bir şey hiss edəndə deyirəm ki, belə olmaz.

 

- İndiyə kimi hansı gənc ifaçıya bu yöndə tövsiyə vermisiniz?

 

- Ad çəkməsəm, daha yaxşıdır. Bizim Simfonik Muğam Layihəmiz var. Ötən il Heydər Əliyev Sarayında 50 xanəndənin iştirakı ilə konsertimiz oldu. Orada həm müsabiqədən çıxan uşaqlar, həm yeni ifaçılar, həm də tar, kamança ifaçıları çıxış etdilər...

 

- Muğam müsabiqəsi neçə ildən bir keçirilir?

 

- İki ildən bir keçirilir. Bu, muğamımızın təbliği üçün çox gözəl vasitədir.

 

- Amma bəzi sənətkarlar deyirlər ki, yeni səslərin yetişməyi üçün heç olmasa, 4-5 il vaxt keçməlidir.

 

- Amma hər müsabiqədə yeni səslər gəlir. Axırıncı müsabiqədən bir çox yaxşı səslər, o cümlədən mənim tələbəm Ramiq Bayramov çıxdı. Çox gözəl, keyfiyyətli səsi var. Məqsəd bu uşaqları xalqa təqdim etməkdir. Hazırda Ramiq Azərbaycan Televiziyasının solistidir. Ehtiram Hüseynov da çox gözəl xanəndədir.

 

- Muğama dövlət tərəfindən xüsusi qayğı göstəriləndən sonra bəzi sənətkarlar, ümumiyyətlə, toylara getmirlər. Bəs siz necə?

 

- Ta qədimdən xanəndələr bizim toylarımızın bəzəyi olublar. Sənətə qiymət verilən yerdə niyə toya getməyim ki? Düzdür, vaxtım olmadığına görə az hallarda toya gedirəm. Amma toy da bizim ənənəmizdir və böyük məktəbdir.

 

- Öz ifalarınızı dinləyirsiniz?

 

- Yox, ancaq səsyazma prosesində dinləyə bilərəm. Sırf dinləyici kimi özümə heç vaxt qulaq asmıram.

 

- Səbəb nədir?

 

- Özümə həmişə tənqidi yanaşıram. Yanımda kimsə məni dinləyəndə deyirəm ki, mənə qulaq asma.

 

- Yaxın gələcəklə bağlı planlarınız nədən ibarətdir?

 

- Yeni disk üzərində işləyirəm və altı mahnımız hazırdır. "Qarabağ” muğam qrupu ilə işləyirik. Eyni zamanda, 2007-ci ildən etibarən Azərbaycanın Simfonik Muğamlarını simfonik orkestrlərin müşayiəti ilə ifa edirik. Məsələn, Niyazinin "Rast”, Fikrət Əmirovun "Şur” Simfonik muğamını, Vasif Adıgözəlovun "Segah” və "Qarabağ şikəstəsi”ni oxumuşuq. Artıq Niyazinin "Rast”ı və Vasif Adıgözəlovun adını çəkdiyim bəstələrini Latviya Simfonik Orkestri ilə lentə yazdırmışıq.

 

- Təklif kimdən gəlmişdi?

 

- Onların təklifi idi. İnşallah, bu yaxınlarda Avropa ölkələrinin birində nəfis şəkildə diski çıxacaq. Biz Latviyada konsert verdik və çox xoşlarına gəldi. Orada Latviyanın prezidenti Andris Berzinş də iştirak etdi və sonda mənə dedi ki, oxuduğunuzun sözlərini başa düşmədim, amma bu, kosmik musiqidir, səma musiqisidir. Ölkənin birinci şəxsinin dediyi sözdür. Özüm haqda heç vaxt danışmıram. İşimizi görürük. Həm o gənclərin yetişdirilməsində, muğamın təbliğinda bacardığımızı edirik. Dədə-babalarımızın - Seyid Şuşinskinin, Xan Şuşinskinin, Cabbar Qaryağdıoğlunun yolundan çıxmamaq şərtilə muğamımızı yaşatmalıyıq. Bizim o yoldan çıxmağa ixtiyarımız yoxdur. Bunu tələbələrimə də deyirəm ki, klassik muğam məktəbimizi qorumalıyıq. Çünki bu yolu dünya da sevir.

 

 

Ədalət.-2014.-17 dekabr.-S.8.