Burdan yaxşı yeri yoxdu dünyanın...

 

 Dərd əkdirib qəm biçdirir, bara bax,

Qartallara hökm eləyən sara bax,

Dağlarının başındakı qara bax,

Demə, dərdi-səri yoxdu dünyanın,

Burdan yaxşı yeri yoxdu dünyanın.

 

Halalı yox, haramına cəm vurur,

Günahsızı həm vurdurur, həm vurur,

olsun ki, ədalətdən dəm vurur,

Tülküsü çox, şiri yoxdu dünyanın,

Burdan yaxşı yeri yoxdu dünyanın.

 

Əllərimi üzüb neçə sənəmdən,

Nizələri gəlib keçib sinəmdən,

Nağılını eşitmişəm nənəmdən,

"Biri vardı, biri yoxdu" dünyanın,

Burdan yaxşı yeri yoxdu dünyanın.

 

Qəriblərin harayına gəlirəm,

Gözlərinin qan yaşını silirəm,

Altını da, üstünü bilirəm,

Bilmədiyim sirri yoxdu dünyanın,

Burdan yaxşı yeri yoxdu dünyanın.

 

Yer üzünün səthi para-paradı,

Harasını tərpədirsən, yaradır,

Çox gündüzü gecəsindən qaradır,

Nur saçası zəri yoxdu dünyanın,

Burdan yaxşı yeri yoxdu dünyanın.

 

Çeşid-çeşid hiylələri, fəndləri,

Qaçaq-quldur yığnağıdır bəndləri,

Al geyinib şəhərləri, kəndləri

Bəzənsə , xeyri yoxdu, dünyanın,

Burdan yaxşı yeri yoxdu dünyanın.

 

Vətənidir Mirdamətin dayağı,

Torpağından çəkilməsin ayağı,

El bağında bitən güllər sayağı

Güllərinin mehri yoxdu dünyanın,

Burdan yaxşı yeri yoxdu dünyanın,

Yurddan yaxşı yeri yoxdu dünyanın.

 

Bulaq

 

Könül məlhəmidir dupduru suyun,

Seçilmir gözümün yaşından, bulaq,

Almamış olaram halallığını,

Əyilib öpməsəm daşından, bulaq.

Durub hüzurunda nazlanan zaman,

Gözəllər seçilməz su sonasından,

Səni ayırmayıb öz anasından,

Kimlər ki bal əmib döşündən, bulaq.

 

Ürəksən, eşq ilə dolmusan deyə,

Axıb xəyallara dalmısan deyə,

Əzəldən xeyirxah olmusan deyə

Çəkilmir ayaqlar başından, bulaq.

 

yerə sığasan, kaş göyə sən,

Sevən könüllərə nəğmə deyəsən,

Nəbadə suyunu əsirgəyəsən

Çölün heyvanından, quşundan, bulaq.

 

Oylağın yaranıb qonaq saxlasın,

Qonaqlar hüsnünü pənah saxlasın,

Səni, Əziz deyər, Allah saxlasın

Ömrün tənha keçən qışından, bulaq.

 

Bir gölə bənzərəm...

 

Bir gölə bənzərəm, elə bir gölə,

Yel vurar səthimə, qəlpələnərəm,

Bu yandan baxanlar o yanı görməz,

Düzün ortasında ləpələnərəm.

 

Bir gölə bənzərəm, elə bir gölə,

Yetər təşnələrə sərinliyim ,

Baxma ki, hamardır səthim bu qədər,

Dayazlığım da var, dərinliyim .

 

Bir gölə bənzərəm, elə bir gölə,

Ariflər suyumu sulardan seçər,

Yanımdan biganə ötməz adamlar,

Gələn , gedən baş vurub keçər.

 

Bir gölə bənzərəm, elə bir gölə,

Səthimlə dibimdə incə fərq olar:

Atılıb dərinə düşən - sulara,

Dayaza çırpılan qana qərq olar.

 

Bir gölə bənzərəm, elə bir gölə,

Hər kəs taleyini qoy özü qursun:

Macəra gəzənlər yaxına gəlsin,

Dinclik axtaranlar aralı dursun.

 

Söz aydınlığı

 

Düşəndə dumana, çiskinə, çənə,

Tanrıdan dilərik biz aydınlığı,

Köçürüb tarixin qan yaddaşına,

Yaşadar yolçunu iz aydınlığı.

 

Pak olan hər ürək - bir Kəbə kimi,

Təmiz ruh can üstə sərdabə kimi,

Oxunar sözbəsöz kitabə kimi,

Könül saflığıdır üz aydınlığı.

Yolu bəxt nuruna keçilmişlərə,

Hikməti boyuna biçilmişlərə,

Haqqın sovqatıdır seçilmişlərə,

Xas olmaz hər kəsə söz aydınlığı.

 

Fikrin qanadını ilham açdırar,

Yarımçıq deyil ki, tamam açdırar,

Sübh çağı zirvədə göz qamaşdırar

Hər zülmət gecənin öz aydınlığı.

 

Bəxtinə bir gözəl hafizə düşsə,

Qələmdən damlayan kağıza düşsə,

Kağızdan adlayıb ağıza düşsə,

Verin Mirdamətə göz aydınlığı.

 

Məhəbbət

 

Adilikdən dahiliyə qaldırar,

Gözəlliyə can atdıran məhəbbət,

Seyrangaha yeni yolla yetirər,

Köhnə yolu yanıltdıran məhəbbət.

 

Eşqə təşnə ürəklərə cam tutar,

Süzüldüyü könülləri tam tutar,

Əldən çıxan fürsətlərə şam tutar,

Yaraları qanatdıran məhəbbət.

 

Sevənləri bir-birinə yar eylər,

Sevməyəni el içində xar eylər,

Sənəmləri yerə-göyə car eylər,

Qəribləri tanıtdıran məhəbbət.

 

Saçımdadır çəkdiyi çox sığallar,

Şəfasına söyləyirəm sağollar,

Məlhəm olub yaraları sağaldar,

Ölümləri unutduran məhəbbət.

 

Ləngərlidir, bənzəri var dənizə,

Dalğa vurar, qəlbim çıxar təmizə,

Vüsalıyla can uddurar Əzizə,

Hicranıyla qan udduran məhəbbət.

 

Ay gəlin

 

Dönübdür el bayramına,

Toyun mübarək, ay gəlin,

Gəlinlərin gözəlisən,

Bəyin mübarək, ay gəlin.

 

Qoymusan gövhər tacını,

Qəşəng göstərir saçını,

Ötübdür sərv ağacını,

Boyun mübarək, ay gəlin.

 

Arzuya, kama yetdiyin,

Güllər içində itdiyin,

Qol qaldırıb rəqs etdiyin

Oyun mübarək, ay gəlin.

 

Sabahını bəzə nəslin,

Kaş gəlməsin gözə nəslin,

Qovuşduğun təzə nəslin,

Soyun mübarək, ay gəlin.

 

Öz odunda-ocağında

Gələn ilin bu çağında

Görən desin, qucağında

Payın mübarək, ay gəlin.

 

 

Tanıyanlar

 

Ustad xanəndə Dədə Süleymana

Ürəyini ac saxlamaz

Mədəsini tanıyanlar,

Məclislərdən ayrı düşməz

Badəsini tanıyanlar.

 

Addımını atar yeyin,

Misli varmı şəhidliyin,

Təslim olmaz igidliyin

Vədəsini tanıyanlar.

 

Düşməninə minnət qoyar,

Qarşısına min sədd qoyar,

Ərəninə hörmət qoyar

Gədəsini tanıyanlar.

 

Günahsıza dərd diləməz,

Üzərinə od ələməz,

Təkəbbürə meyl eləməz

Sadəsini tanıyanlar.

 

Gəz, Mirdamət, elləri gəz,

Yurd yerinə yox bir əvəz,

Balasından bəla görməz

Dədəsini tanıyanlar.

 

 

Cüt kamera

 

Hər əsrin, hər qərinənin,

Hər ilin, ayın, hər günün,

Hər anın görüntüsü var,

Tanrı məqamında bütün

Dünyanın görüntüsü var.

 

Tarix bərqərar olandan

Yer kürəsi göy üzündən

Cüt kamerayla çəkilir,

Həyat gündüzlər günəşlə,

Gecələr ayla çəkilir.

Yaranışı duymaq üçün,

Kəşf etməkçin kainatı,

Saxlayaq sözün ardını,

Arayıb-axtaraq ayın,

Günəşin yaddaş kartını.

 

Dünyanı

 

Susdurub haqq səsini,

Kiritdiniz dünyanı,

Cənnətdən cəhənnəmə

Yeritdiniz dünyanı.

 

Qartalınız sar oldu,

Əməliniz car oldu,

Yayda yağan qar oldu,

Əritdiniz dünyanı.

 

Soldunuz payız kimi,

Axdınız ulduz kimi,

Çeynəyib saqqız kimi

Çürütdünüz dünyanı.

 

Yaşamağa

macal yoxdur

 

Kim deyir ki, bu dünyada

Ariflərə zaval yoxdur,

Nəyə desən, vaxt tapılır,

Yaşamağa macal yoxdur.

 

Dərdlə qoşa nahardasan,

Həm yeyir, həm yeyilirsən,

Sanki qovaq ağacısan,

Vaxt ötdükcə əyilirsən.

 

Yaxınlaşır yolun sonu,

Əsən hicran küləyimi,

Avazıyıb rəngin-ruhun,

Çöhrən payız çiçəyimi?!

 

Əkəmmirsən, biçəmmirsən,

Kəl qocalıb, xış dayanıb,

Payızdan qorxursan, yəqin,

Arxasında qış dayanıb.

 

Inanmır göz yaşlarına,

Zəmanənin yoxdur rəhmi,

Bir gün rüzgar vurub səni

Yıxar qoca palıd kimi.

 

Ürək qızdırıb kağıza,

Qələmə bel bağlamısan,

Göz dolusu gülməmisən,

Söz dolusu ağlamısan.

 

Ədalət.-2014.-18 dekabr.- S.7.