"ƏHSƏN SƏNƏ, ƏHSƏN!.."

TARIN ECAZKARI, ÜRƏK ÇALĞIÇISI ƏHSƏN DADAŞOVUN İŞIQLI XATİRƏSİNƏ İTHAF OLUNUR

 

... Əhsən Dadaşov... Şirin, ecazkar, rəngarəng çalğısı, dolu və sanballı səslənmə yaradan mizrabları, mənalı musiqi cümlələri ilə qulaqlarda, hafizələrdə deyil, şüurda belə unudulmaz iz buraxan virtuoz sənətkar...

Əhsən Dadaşov... Dinləyicini tez ələ almağı, onun diqqətini özünə cəlb etməyi bacaran, tarının yumşaq, qəlb oxşayan, cazibədar səsi ilə insanı həyəcanlandıran, sevindirən tarzən...

... Əhsən Dadaşov... Nəhayətsiz, sonu görünməyən, dərinliyi bilinməyən çılğın qəlbli muğam improvizatoru, sözün həqiqi mənasında ali hissi qabiliyyətə malik qeyri - adi ürək çalğıçısı...

... Əhsən Dadaşov... Novator solo ifaçı, bənzərsiz müşayiətçi, görkəmli orkestr solisti, istedadlı ansambl rəhbəri, şair qəlbli bəstəçi, mükəmməl pedaqoq...

Sənətinə yaradıcı münasibəti, çaldığı muğamlardakı dərin fikri, mənanı və bədii keyfiyyətləri özünün fərdi istedadı və təkrarolunmaz ustalığı ilə yüksək səviyyədə ortaya çıxarması tarın çırpınan ürəyi Əhsən Dadaşov ifaçılığının ən qiymətli cəhətləri idi...

2014 - ilin sentyabr ayında görkəmli Azərbaycan tarzəni, əməkdar artist, Beynəlxalq müsabiqələr laureatı Əhsən Dadaşovun anadan olmasının 90 illiyi tamam olub.

Əhsən Dadaşovun yaradıcılığı XX əsr Azərbaycan musiqi mədəniyyəti tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Onun tarda füsunkar ecazkarlıqla ifa etdiyi muğamlar, xalq və bəstəkar mahnıları, rənglər, dəramədlər musiqi xəzinəmizin qızıl fonduna daxil olub.

Milli musiqi mədəniyyətinin inkişafı və təbliği sahəsində mühüm xidmətləri olan Əhsən Dadaşovun əlamətdar yubileyi münasibətlə yazıçı - publisist, jurnalist, hüquqşünas Rafiq Hacıyev qüdrətli tarzənin həyat və yaradıcılığından bəhs edən "Əhsən sənə, Əhsən!.." kitabı üzərində yaradıcılıq işini başa çatdırıb...

...Sədəfli tarın sehrkar sarı siminin həzin ahəngi hər hansı bir azərbaycanlının ürəyini coşdurub, duyğularını riqqətə gətirməzmi? Xəyalı uzaqlara qanadlandıran tarın sarı simindən həm sevinc, həm də həzin bir kədər duymaq olar. Çünki sarı sim ilə xalqımızın ürək telləri arasında doğma bir yaxınlıq var. Kim sədəfli tarın sarı simindən qopan həzin ahəngi dərindən duyarsa, heç şübhəsiz, o, xalqımızın ürək tellərinin ahəngini də dərindən hiss edəcək.

Kitabdakı zərif, kövrək duyğular qüdrətli tarzənin mehriban barmaqlarından süzülüb gələn qızılgül ətirli muğamların, mahnıların, rənglərin sözdə inikasıdır, əks - sədasıdır. Burada hər bir səhifəni oxuduqca şirin və məlahətli çalğısı ilə ürəyinin və tarın sarı siminə toxunan Əhsən Dadaşov mizrablarının, xallarının qopardığı yanıqlı səs aydın eşidilir və oxucunun qəlbinə işləyir. Bu ürəyə "işləmə"də üslub sadəliyi, ifa olunan musiqinin məzmununu dərindən, dolğun, düzgün açmaq, ifadəli, olduqca təmiz və dəqiq çalmaq bacarığı, bədii elementləri kamil texniki ustalıqla bir vəhdətdə birləşdirmək qabiliyyəti hər kəsi ovsunlayır, onu hara isə uzaqlara, lap uzaqlara "aparır". Eyni zamanda çalğıdakı ən kiçik melodik cümlə, ən xırda, ən balaca ibarə belə özlüyündə çox zərif, çox incə bir poetik məna kəsb edir...

Oxucuların marağına səbəb olacağına inanaraq həmin kitabdan bir hissəni onların nəzərinə çatdırırıq. Bu dəfə də müəllif öz poetik təsvirləri, cəlbedici təhkiyəsi, ana dilinin geniş bədii imkanlarından ustalıqla faydalanmaq məharəti ilə diqqəti çəkir.

 

 

"ŞUR" RƏNGİ ("BİRİ SƏNSƏN, BİRİ MƏN...") VƏ YA... "ƏHSƏN SƏNƏ, ƏHSƏN!"

 

"Sənətdə ürək birincidir!"

Əhsən Dadaşov

 

"Mən öləndən min il sonra qulağıma pıçıldayıb desələr ki, təzədən yaşamaq istəyirsənmi? Onda deyərəm: əgər yer üzündə yenə də musiqi və şer varsa, ikinci dəfə yaşamağına dəyər".

Böyük alimlərdən birinin

dediklərindən.

...Baharın dodaqlarında yalnız və yalnız təbəssüm oynayan xoş, ilıq, təravətli son may günü zahirən təqvimin sıradan olan bir günü idi. Bir nömrəli Dövlət Musiqi Texnikumunda (indiki Azərbaycan Milli Konservatoriyasının nəzdindəki Musiqi Kolleci) tələbələrin geniş proqramla açıq konserti keçirilirdi. Həmin konsert haqqında məlumat verən yaraşıqlı afişalarda bütün ifaçılar göstərilmişdi.

Texnikumun yaşıllıqlar içərisində olan həyətində bir canlanma duyulurdu. Ömürlərinin ən gözəl çağlarını yaşayan, üzlərindən səadət yağan bir qrup tələbə ali məktəb həyatının bütün ağırlığını çiyinlərində aparan şöhrətli, adlı - sanlı müəllimləri ilə birlikdə konsertə gələn qonaqları qarşılayırdılar.

Siniflərdən küçəyə ələnən mehriban musiqi sədaları sanki bu istedadlar ocağının vuran nəbzi idi. Otaqlardan süzülüb gələn təranələr adamda xoş hisslər oyadır, tarın oynaq telləri, kamanın həzin iniltisi, pianonun xoş səsi qəlbləri riqqətə gətirirdi.

Konsertin başlanmasına xeyli qalmış salon adamla dopdolu idi, bütün yerlər tutulmuşdu. Salonun divarlarında işıqlar gur sevinclə səs - səsə vermişdilər.

Bir - birini qovan saniyələr və dəqiqələr başlanacaq konsertin vaxtını yaxınlaşdırırdı. Musiqi proqramı əldən - ələ gəzirdi. Dinləyicilər maraq içində idi. Axı, həmin gecə texnikumun istedadlı tələbələri ilə tanış olacaq, onların müxtəlif ifalarını dinləyəcəkdilər.

Hamı musiqi aləmində ilk addımlar atan, tar, kamança, fortepiano, skripka ilə təzə-təzə dil tapan tələbələrin necə çıxış edəcəyini səbirsizliklə gözləyirdi. İntizar çəkən baxışlar projektorların işıqlandırdığı səhnənin məxmər pərdəsinə zillənmişdi.

Tədbirə Azərbaycan klassik professional musiqisinin peyğəmbəri və banisi, dahi bəstəkar, eşq əfsanəsi, könül sevdası "Leyli və Məcnun"un, qəhrəmanlıq, cəngavərlik manifesti "Koroğlu"nun yaradıcısı Üzeyir Hacıbəyov təşrif gətirmişdi.

Eyni zamanda ustad tarzənlər Mənsur Mənsurov, Əhməd Bakıxanov, bəstəkar və dirijor Səid Rüstəmov da konsertə dəvət edilmiş qonaqlar sırasında idilər. Onların burada olmağı o demək idi ki, Bakının tanınmış musiqi ictimaiyyəti tələbələrin çıxışına böyük məhəbbət və sonsuz həvəs göstərirlər.

Gənc musiqiçilərin isə ürəyi öz ifalarının nigarançılığı ilə çırpınır, baxışlarda sual oxunurdu: "Görəsən onların bu axşam verəcəkləri rəngarəng konsert proqramı xoşa gələcəkdirmi? Tələbkar, diqqətli, musiqi incəliklərini dərindən duyan, başa düşən tamaşaçılar, musiqi həvəskarları auditoriyası qarşısında müvəffəqiyyətlə çıxış etmək o qədər də asan deyildir. Konsertin yaxşı keçməsi üçün hələ proqramın tərtib edilməsi də böyük ustalıq tələb edir."

Daha çox həyəcan keçirən isə musiqi texnikumunun tələbəsi Əhsən Dadaşov idi. Bir - neçə gün bundan əvvəl muğamdan ona dərs deyən müəllimi Ənvər Mənsurovla sinifdə olan söhbəti hələ də unuda bilmirdi.

Bütün tələbələrinə xüsusi həssaslıqla yanaşmağı bacaran müəllimi ilə aralarında belə bir kiçik mükalimə olmuşdu:

"- Bilirsən də, iki gündən sonra texnikumda keçiriləcək açıq konsertdə sənin də çıxışın nəzərdə tutulub. Texnikumun direktoru sənə böyük etimad göstərib.

- Müəllim, axı mən heç zaman... belə geniş auditoriyada, böyük konsertdə səhnəyə çıxıb çıxış etməmişəm - deyə utana - utana cavab vermişdi.

Əhsənin düşüncə tərzi, qabiliyyəti, tarı şövqlə çalmaq bacarığı ilk gündən texnikumda bütün müəllimlərin diqqətini cəlb etmişdi. Buna görə də Ənvər müəllim gülümsəyərək, özünəxas təmkinli cavabı ilə ona ürək vermişdi:

- Sən yaxşı tar çalırsan. Hamı da sənin ifanı bəyənir. Get hazırlaş.

Sinifdən narahat və qızarmış halda çıxanda dəhlizdə tələbə yoldaşları onu dövrəyə almış, "nə üçün belə pörtmüsən?"- deyə sual yağışına qərq etmişdilər.

Yoldaşlarının əl çəkmədiyini görən Əhsən Ənvər müəllimin dediklərini bir - bir onlara danışmışdı:

- Bundan gözəl daha nə istəyirsən ki? Müəllim düz deyir də. Sən doğrudan da yaxşı tar çalırsan.

Uşaqların inam dolu sözləri onu həm həvəsləndirmiş, həm də məsuliyyətini birə - beş artırmışdı"...

...Hamı yerini tutub maraqla tələbələrin çıxışını gözləyirdi. Nəhayət, konsertin başlandığını bildirən zəng çalındı, salonu bürüyən səs - küy, uğultu səngiyib ara sakitləşdi, ətrafa lal sükut çökdü. Əlində mikrofon tutmuş konferansye şux addımlarla səhnənin ortasına gələrək, xüsusi vurğu və təntənə ilə konsertin başlandığını bildirdi.

Məxmər pərdə yavaş - yavaş qalxdı. Mavi göy qübbəsi altında əvvəlcə texnikumun birləşmiş xor dəstəsi göründü. Doğma Vətənin gözəlliyini tərənnüm edən mahnının oynaq melodiyaları dalğa - dalğa salona yayıldı...

Çoxsəsli ifaçılığın üslubu xor tərəfindən yaxşı qorunurdu və mahnı təravətli, ahəngdar səslənirdi. Bir biri ilə uyğunlaşan səslər musiqiyə xüsusi kolorit verirdi. Xorda oxuyanlar ifa zamanı səslərin uyğunluğuna, mənalı səslənməsinə yaxından fikir verirdilər.

Pərdə qalxıb - endikcə tamaşaçıların hərarətli alqış sədaları salonu bürüyür, gözəl geyimli tək - tək ifaçılar - pianoçular, skripkaçılar, kamançaçalanlar növbə ilə səhnəyə çıxır, öz məharətlərini nümayiş etdirirdilər.

Tələbələrin çıxışları konserti forma və məzmun etibarı ilə zənginləşdirir, tamaşaçıları sonsuz diqqət və maraqla qulaq asmağa sövq edirdi. Uşaqların ifalarını dinləyənlər sanki onların simasında gələcəyin ən yaxşı musiqiçilərini görürdülər.

Görəsən indi kim çıxış edəcəkdi? Konferansyenin incə tembrli səsi salona yayıldı və bu nigarançılığı götürdü:

- "Şur" muğamı. Tarda çalır 1 nömrəli Dövlət Musiqi Texnikumunun əlaçı tələbəsi Əhsən Dadaşov.

Konferansyenin bu sözlərindən sonra zal sükuta qərq oldu. Məxmər pərdələr ağır - ağır qalxdı. Əhsən artıq səhnədə idi. On altı yaşlı tarzən qara gözlü, diribaş, olduqca çevik bir yeniyetmə idi. Onun peşəkar tarzənlərə məxsus sərbəstliklə səhnəyə çıxması buraya toplaşanların marağını daha da artırdı.

Heç zaman bu qədər insan gözü görməmişdi. Baxışlar necə də zəndlə ona zillənmişdi. Gözlər necə də mənalı idi.

Yox, yox, fikirləşməyə vaxt yox idi. İndi o başqa bir aləmi yaşamalı idi.

Ürəyi döyünə-döyünə tarı sinəsinə götürdü. Tələbə yoldaşlarından heç kəsin belə, gözün işığını alan sədəfli, dəsgahlı tarı yox idi. Atası bununla ona dünyaları bağışlamışdı. İndi ona elə gəlirdi ki, bu konsert gecəsində ürəyindən keçən, lakin çəkinib hələ heç kəsə deyə bilmədiyi bütün istəkli sözləri bircə bircə tarın dilli - dilavər simləri, yanıqlı pərdələri ilə söyləyə bilər...

Özünü ələ alıb barmaqları ilə qolun üzərindəki simləri sıxdı. Simlər uzun - qısa vəziyyət aldı. Barmaqlar pərdələr arasında dolaşdı, telləri axtardı, tapdı, itirdi və yenə tapdı. Əhsənin tutaş barmaqları beçə pərdələrdə narın - narın gəzməyə, mizrab isə simlər üzərində dil açmağa başladı. Simlərin qəlbinə köz düşdü, simlər yanar atəşə döndü, oğlanın ürək telləri yerindən oynadı...

O, tarı sinəsində şövqlə çalır, mizrabı ustalıqla işlədir, musiqinin ən incə yerlərini dinləyicilərə çatdırmağa həssaslıq göstərir, onlarda nəcib və nikbin hisslər yaratmağa çalışırdı. Sanki zərif barmaqlar, musiqi ilə yoğurulmuş qəlb tar çalmaq üçün yaranmışdı. Hiss olunurdu ki, onda daxili aləm, könül hərarəti, yaradıcılıq təxəyyülü güclüdür. Aləti ifadəli oxutmaq, bədii elementləri bir vəhdətdə birləşdirmək qabiliyyəti, üslub sadəliyi, muğamın daxili aləmini doğru və düzgün açmaq gənc ifaçıda elə indidən nəzərə çarpırdı.

 

(Ardı var)

 

Hacıyev, Rafiq Qənbər oğlu.

 

Ədalət.-2014.-18 dekabr.-S.6.