"ƏHSƏN SƏNƏ, ƏHSƏN!.."

 

TARIN ECAZKARI, ÜRƏK ÇALĞIÇISI ƏHSƏN DADAŞOVUN İŞIQLI XATİRƏSİNƏ İTHAF OLUNUR

 

Salondakılar - ecazkar çalğıdan ürəyi döyünən, arzuları coşan bu adamlar - bir anlıq hər şeyi unudub xəyal aləminə çəkilmişdilər. "Hicranın qəmi ilə kef eyləyən" tarın pərdələri üzərində qanadlanan gözəgörünməz sehrli barmaqların ləzzətli ifası cazibədarlığı və uyğunluğu ilə qəribə obrazlar yaradır, ən kiçik musiqi cümlələrindən tutmuş böyük epizodlara, virtuoz gəzişmələrədək bütün musiqi komponentlərinin fərdiliyini aydın nəzərə çapdırır, dinləyicini ovsunlayırdı. Tarzən alt mizrabla sarı simə toxunaraq tarın çanağını sinəsi üzərində silkələyərək ahəngdarlığı daha qabarıq şəkildə ifadə edir və emosiyanın gözəl zərifliyini yaradırdı.

Salonda əyləşmiş tamaşaçıların baxışlarından duyulurdu ki, onlar tarzənin çalğısından olduqca məmnun və razıdırlar. Bunu səhnədə Əhsənin özü də görüb duyur, daha da riqqətə gəlir, daha da içdən və qandan çalırdı.

İnsanlara çox təsir göstərən bu idi ki, lirizmi ilə fərqlənən çalğıda tarzən fərq incəliyinə-nüansa diqqət yetirərək muğama təkrarolunmaz kolorit və həyəcanlı anların poetik formada ifadəsini verirdi. Hələ bu yaşında tara belə bələd olan gənc, ifa zamanı öz texniki ustalığını ön plana çəkməyə cəhd göstərmir, "Şur"un bədii ifaçılıq xüsusiyyətlərini dinləyicilərə çatdırmağa çalışırdı.

Elədiyi improvizələr, mizrab dolğunluğu, incə tembrli səs effektləri, yerli - yerində işlədilən şirin barmaqlar - "lal barmaq", "sürüşdürmə barmaq", rəngarəng, iti (mordent), cingildəmə (trel), "xum", priyomlar onun musiqi fantaziyasının geniş olduğunu nümayiş etdirirdi. Əhsənin çalğısında ən yüksək keyfiyyət ifa zamanı musiqini şirinlik və virtuozluq naminə xırdalaması idi...

ur" sanki dil açıb dinləyicilərlə danışır, onlarla söhbət edirdi:

- "Yaxşı qulaq asın! Ürəyimi yandırıb sinəmdə ocaq qalayan bu oğlan coşqun Xəzərin övladıdır! Bundan sonra onun yeni - yeni şirin, yanğılı ifaları dildən - dilə düşəcək, ürəklərdə yurd salacaqdır. Çünki onun köksündə Odlar yurdunun alovlu, hərarətli ürəyi döyünür. Və mən onun barmaqlarının sehrli, açılmaz bir tilsiminə düşmüşəm."

Əhsən isə başını tarın çanağından qaldırmadan çalırdı, özü də necə?

Füsunkar dolu bir məhəbbətlə!

Dinləyicilər bu xariqüladə musiqinin ovsununa batıb şurə gəlmişdilər. Onlar kövrək xatirələr uyqusuna dalmış, bəzi kirpiklər nəmlənmişdi. Tamaşaçıların çoxu yaşlı, üzü payıza gedən insanlar idi. Dərin lirikadan, təmkinli və axıcı melodiyadan xəyallanmışdılar. Muğam onları düşünməyə sövq edirdi...

Bir ananın da qəlbi tarın sarı siminə dönmüşdü bu dəqiqələrdə. Evdə heç kəsə xəbər vermədən Xanımana ana da konsertə gəlib tamaşaçılar arasında özünə yer tutub oğlu Əhsəni dinləyirdi. Elə bil bu anlarda oğlu onun könlündəki duyğuları çalırdı. Tar qəmli - qəmli sızıldayır, hər xal, hər mizrab ürəyə köz salır, yandırıb - yaxırdı. Pərdələrdən və simlərdən qopan ürək qığılcımlarının şövqü axıb Xanımana ananın bəbəklərinə dolur, gözlərində şəfəqlənirdi. Daxilən özünü qınayırdı: "Heç nahaq yerə əvvəldən istəmirdim ki, Əhsən çalsın. Bu ki, əsil tarzəndir. Allah saxlamış, özü də gör necə ürəklə çalır, lap ürəyimi çalır".

Fərəhdən dünyanın sevinci, şadlığı Xanımana ananın qəlbinə axır, onu quş kimi qanadlandırırdı...

Üzeyir Hacıbəyov - orta boylu, saçını tən ortadan ayırmış, qarabuğdayı, ilk baxışda zahirən qaraqabaq görünən bu adam da xəyala dalaraq, əlini geniş alnına qoyub, musiqini heyranlıqla dinləyirdi. Muğamın barmaqlardan qopan ətirli, yapışıqlı nəfəsi adamı bihuş edir, birbaşa şah damara axırdı. Simlər Əhsənin mizrabları altında xoş, ahəngdar səslə titrəyirdi.

Qəlbə qanad verən çalğı böyük bəstəkarı həyəcana gətirmiş, onun marağına səbəb olmuşdu!

İlk dəqiqələrdən hiss olunurdu ki, cavan oğlanın öz mizrabı, öz sarı simi, öz güclü biləyi, özünəməxsus gəzişmələri, ürəkləri lərzəyə gətirən lirik musiqi cümlələri, qəlb ovlayan məlahətli çalğısı, öz sənət mənliyi vardır.

Əhsənin barmaqları - özünün şəxsi yaradıcılığından doğan ən xırda xalları, çox kiçik, lakin instrumental epizodları, yəni melodik cəhətdən müxtəlif olan araçalğıları, improvizasiya ifadəsindən yaratdığı kiçik variantları sanki gözəgörünməz duyğuların kardioqramı idi...

Gənc tarzən muğam dəstgahları içərisində ən sanballı, çox tərkibli və iri həcmli olan "Şur"u başdan - ayağa əzbər bilsə də, hər kiçik xalı belə yadında olsa da, buna baxmayaraq yenə ondan zövq alırdı. Bu nə hikmət idi? Əhsən indiki halda onu heç cür izah edə bilməzdi. Çünki bu dəqiqələrdə onun qəlbi səhər şəfəqləri kimi musiqi təranələri ilə dolu idi. Əhsən çalırdı, ürəklə, həvəslə, özünü unuda - unuda...

Gözlər yanar ulduza dönürdü. Hamı heyran - heyran dinləyirdi. Salon bu dəqiqələrdə heç bir tərəfə axarı olmayan durğun gölə bənzəyirdi, sükutla dolmuşdu. Bu sükutu hərdən bir qanad kimi çırpınan alqışlar silkələyir, dalğalandırırdı. Sanki işıqlar da, divarlar da əl çalırdılar...

...İncə mizrabların qaynar, odlu nəfəsi altında axırıncı xalların və gəzişmələrin titrəyişi tarıma çəkilmiş sükutun dərinliyində işarıb söndü. Mizrabı son pərdəyə vuranda tarın səsi bəmə endi və getdikcə alçalıb üşüyən bənövşə ləçəklərinin pıçıltılarına döndü. Hər yanı alqış sədaları bürüdü...

Əhsən gözlərini açdı, başını tarın çanağından qaldırdı, ətrafa nəzər saldı. Dodaqlarına utancaq, mülayim təbəssüm çökdü. Onun lətafətli çalğısı tamaşaçıların ürəyindən işıqlı bir yol salmışdı.

O, coşub çağlayan, fərəh dalğasının qoynunda səhnənin ortasına gəldi, ehtiramla baş əydi və demək olar ki, hər kəsə bircə - bircə minnətdarlığını bildirdi. Əhsənin ürəyi köksündə quş kimi çırpınırdı, az qalırdı ki, sinəsini yarıb bu əziz insanların ovcuna qonsun.

Elə bil dinləyicilər ilk görüşdən duymuşdular bu gəncin ifaçılığındakı bir-neçə keyfiyyəti. Nə idi onlar? İlk növbədə tarzənin improvizasiya qabiliyyəti, emosionallığı. İkinci tərəfdən də şablonçuluqdan qaçması, heç kəsin barmaqlarını, gəzişmələrini və mizrablarını təkrar etməmək cəhdi.

... Alqışlar coşub - daşmaqda idi. Elə bil daş divarların da qəlbi titrəyirdi, divarlar da tamaşaçılara qoşulurdu.

Pərdə endi və Əhsən səhnəni tərk etdi. Səhnənin arxasında əllərində gül-çiçək dəstələri olan tələbə yoldaşları, bir də müəllimləri onu dövrəyə aldılar. Hamı yeniyetməni hərarətlə təbrik etdi. Əhsən bərk həyəcanlanmışdı. Heç bilmirdi ki, onlara öz təşəkkürünü necə çatdırsın.

Gənc tarzənin müvəffəqiyyəti, xüsusən də hələ tam möhkəmlənməmiş biləyi və iti barmaqlarının nizamla növbələşməsi, incə zövqü, ifaçılığındakı müntəzəmliliyi, zərifliyi, musiqi yaddaşı və istedadı daha çox Üzeyir Hacıbəyova xoş təsir bağışlamışdı.

Əhsən direktoru da onu təbrik edən adamlar sırasında görəndə donub yerində qaldı, özünü itirən kimi oldu. İçindən ürəyini dalaya - dalaya odlu bir şimşək çaxıb keçdi. Yanğıdan yanaqları od aldı, alışdı, köz-köz oldu. Birtəhər özünü ələ aldı, Üzeyir bəyin qarşısında başını aşağı salıb lal - dinməz dayandı.

Üzeyir bəy işıq daşıyıcısı böyük insanlara xas bəsirətliliklə duyurdu ki, ÜRƏK ÇALĞIÇISI olan bu cavan oğlan sırada adi tarzən deyildir və onun gələcəkdə Azərbaycana çatdırılası ŞİRİN İFALARI olacaqdı. Bəstəkar bunu onun ürəyində və oxuyan barmaqlarında "görürdü".

Direktor istedadlı tələbənin üzünü əlləri arasına alıb başını yuxarı qaldırdı. Əhsənin varlığını fərəh dolu həyəcan bürüdü. Gülər gözlə Üzeyir bəyə baxdı. O, Əhsəni bir ata məhəbbəti ilə bağrına basdı. Sifətində təbəssüm saçıldı, gözləri şəfəqləndi. Dodaqlarında dumduru, mehribanlıqla dolu təbəssüm oynadı.

Bu dahi insan Əhsənin ifası zamanı özünəməxsus nəfəslərinin, ürəkdən gələn könül çırpıntılarının musiqidə əksinin şahidi olduğunu bildirdi, mehribanlıqla, baxışlarındakı işıqla, üz - gözündən yağan fərəh hissi ilə bığlarını ehmalca dartıb gülümsəyərək qəlbinin ən dərin guşələrindən qanadlanan sözlərlə onu təriflədi:

- Əhsən sənə, Əhsən!

Sanki bu kəlmələrlə bəstəkar dünyanı bağışladı gənc çalğıçıya. Günəş istiliyi vardı bu sözlərdə. Bu istəkli sözlərin vurğusu da, deyimi də başqa idi. Hər kəlmə möcüzə cazibəsinə bürünmüşdü.

Əhsənin qəlbinin dərinliklərində gizli, anlaşılmaz bir sevinc duyğusu qanadlarını çırpdı. Elə bil sir - sifətini qızılgül dəstəsi ilə yellədilər. Qalın kirpikləri arasından boylanan iri gözləri səhnənin arxasındakı gur çilçırağın işığını aldı. Bu işıq onun gözlərində parıltıya döndü.

Sevincinin həddi - hüdudu yox idi. Bakının ən böyük musiqi məktəbinin direktoru, nəinki bütün ölkədə, hətta Şərqdə belə məşhur olan bir bəstəkar onu şəxsən, özü də necə hərarətlə təbrik edirdi!

Üzeyir Hacıbəyov sağ qolunu qanad kimi gərib Əhsəni sinəsinə sıxanda Xanımana ana bir anlıq çaşıb qaldı. Qüdrətli insanın, ünlü şəxsiyyətin sözlərini eşidəndə isə qulaqlarına inana bilmədi. Doğrudanmı böyük bir ürəyin işığından süzülüb gələn bu tərifli sözlər Əhsənin ünvanına deyilirdi? Bəlkə bu bir yuxu idi? Xanımana ana kirpiklərini qırpdı, gözlərini yumub - açdı. Yox, o, röyada deyildi. Gördükləri əsil həqiqət idi!

Ana qəlbinin dərinliklərində fərəhdən, sevincdən xoş, yüngül bir meh əsdi və getdikcə bütün varlığını çulğadı. Ürəyinin işıqlı arzusu dilinə gəldi: "Balama qurban olum mən. Ay Allah, sən özün həmişə onun köməyində dur, ürəyinə, barmaqlarına qüvvət ver, bütün arzularına çatdır onu!"

Musiqi sənətimizin təəssübkeşi Üzeyir Hacıbəyov tərəfindən belə yüksək dəyərləndirmə Əhsənin ilk SƏNƏT UĞURU və eyni zamanda böyük səhnəyə çıxmağa ən ETİBARLI ZƏMANƏTİ idi!

Sənət aləminə yeni ruhlu, yeni nəfəsli, istedadlı bir ifaçının gəlməsini ona dərs deyən müəllimləri Mirzə Mənsur Mənsurov və Ənvər Mənsurov da qət etmişdilər. Ona görə də onlar Üzeyir Hacıbəyovun işıqlı sözlərini daha da işıqlandırdılar:

- Oğul, halal olsun sənə, ürəklə ifa etdin. Tarın səsi də, tembri də, musiqi duyumun da, mizrabı vurmağın da, barmaqlarını cəsarətlə pərdələr üzərində gəzişdirməyin də xoşumuza gəldi. Tarı sinəndə əla tutursan, mizrabla işləməyin də gözəldi. Tarı döşündə həmişə belə vüqarla saxla. Bil ki, bundan sonra da bu cür şirinliklə çalsan gələcəkdə böyük tarzən olacaqsan.

Məşhur bəstəkarın və müəllimlərinin tərif dolu sözlərindən fərəhlənən gəncin ürəyi sevinclə döyünür, yanaqlarına xəfif qızartı çökürdü. Elə bil şəhərdəki bu bahar axşamının aydınlığı, göy üzünə səpələnmiş uzaq - yaxın ulduzların ziyası, pəncərələrdən küçələrə, küçə fənərlərindən pəncərələrə zolaq - zolaq axan bütün işıqların şövqü sellənə - sellənə onun gözlərinə dolur, bəbəklərində göllənirdi.

Bir su içimdə Əhsən tanınmaz olmuşdu. Yoxa çıxmışdı üzündəki utancaqlıq. Qalın kirpikləri altından boylanan iri, heyrətli gözləri daha da parıldayırdı. Bütün varlığını fərəh dolu həyəcan bürümüşdü...

Gənc tarzən gülər gözlə anasına baxdı. Xanımana ananın baxışları Əhsəni öpdü. Və dönüb bir də öpdü...

Əhsən Dadaşovun belə demək mükünsə böyük səhnədə ilk çıxışı bu cür oldu. Təkcə həyəcanlanan o idimi? Yox! Musiqi Texnikumunun bütün kollektivi, ona dərs deyən müəllimləri, ən çox isə Xanımana ana idi...

... Gecənin sükutunu addım səsləri pozurdu. O, evə tələsmirdi. Qulaqlarında Üzeyir Hacıbəyovun, müəllimləri Mirzə Mənsur Mənsurovun və Ənvər Mənsurovun bir az əvvəl dedikləri xoş sözlər cingildəyirdi. Düşüncələr isə axın - axın gəlirdi...

Xanımana ana ilə küçədə dodaqları təbəssümlü, əli çiçəkli bir gənc addımlayırdı. O idi - 1 nömrəli Dövlət Musiqi Texnikumunun əlaçı tələbəsi, gənc tarzən Əhsən Dadaşov.

Evlərinə tamaşaçıların çiçəyə dönmüş alqışlarını aparırdı...

... Bu əhvalat uzaqlarda, çox uzaqlarda, lap çox, çox uzaqlarda 74 il bundan əvvəldə, lalələr, bənövşələr mayın ayaq izlərinə çevriləndə, bahar hana qurub dürlü - dürlü çiçəklərdən naxış sala - sala, meydan - meydan xalı toxuyanda, göylərin dərinliyində titrəşən çiçək - çiçək ulduzların kövrək işığında uzaq xatirəyə dönmüş ayın gözləri yol çəkən bir gündə baş vermişdi.

Həmin axşam səhnədən uzanan xəyali tellər könül açan bir dalğada tamaşaçıları tələbə ifaçılara bağlamışdı və onların arasında elə bir səmimi ünsiyyət qurmuşdu ki, həm dinləyici, həm də əsil sənətə yeni qədəm qoyan gənclər üçün dünyada bundan qiymətli şey ola bilməzdi. Gözlə görünməyən bu telləri isə tələbə - musiqiçilərin ecazkar ifaları yaratmışdı...

"O gündən başlayaraq ömrümün axırına qədər ölməz Üzeyir bəyin hərarətli münasibətini duydum. İlk dəfə şəxsiyyətində hiss etdiyim bu hərarəti get - gedə sənətində də duydum və bütün varlığımla ona bağlandım." - Əhsən Dadaşov Üzeyir Hacıbəyovu xatırlayanda həmişə belə deyirdi.

Təbii ki, bu bağlılıq heç də Əhsənin əl - qolunu düyünləmədi, əksinə onun ifaçılıq qanadlarının musiqi dünyasının əngin fəzalarında pərvazlanmasını daha da bərkidib möhkəmləndirdi, tarzənə böyük sənət cəsarəti, geniş yaradıcılıq sərbəstliyi verdi.

Və... sonra günlər yarpaq - yarpaq töküldü, neçə - neçə illər keçdi...

Musiqi peyğəmbəri Üzeyir Hacıbəyovun dediyi müdrik və qocalmaz "Əhsən sənə, Əhsən!" sözlərinin yaşının üstünə yaş gəldi. İllər Əhsənin pöhrə sevincini qanadlarına aldı, qaldırdı. Yeniyetməlik əlçatmaz, ünyetməz xatirəyə döndü, uzaqlarda qaldı. Əhsən illərin qatarında qədim - qayım çinarlar kimi boy verdi, ucaldı.

Zaman göstərdi ki, həqiqətən də Üzeyir Hacıbəyov öz yüksək, bəsirətli qiymətində yanılmayıbdı. Həyat onun uzaqgörənliyini bir daha təsdiqlədi.

Əhsən Dadaşov dövrünün ən görkəmli, dinləyicilər tərəfindən daima sevilən və həmişə də seviləcək, ümumxalq məhəbbəti qazanan təkrarolunmaz, qüdrətli tarzənlərindən, sarı simli Azərbaycan tarının həqiqi mənada "Əhsən"i, bənzərsiz ustadlarından biri və musiqi salnaməsinə misilsiz dəst - xətti ilə qızıl səhifələr yazan müstəsna şəxsiyyət kimi instrumental ifaçılığın yaddaşına pozulmaz, əbədi iz saldı.

Ustad tarzənin məzmunlu yaradıcılıq tərcümeyi - halı maraqlı, diqqətəlayiq musiqi hadisələri ilə zəngin oldu. Fitri istedadı, tükənməz musiqi ilhamı, zəhmət eşqi, yorulmaq bilmədən təkmilləşmə meyli - onu bir tarzən kimi müasirlərindən fərqləndirdi. Klassik muğamlarımızın gözəl çalğıçısı, məşhur tarzən Mirzə Mənsurun sənət yolunu davam etdirən Əhsən Dadaşov özünün seçkin ifaçılıq üslubunu yaratdı.

Günəş yüksəldikcə parlaq, hərarətli olduğu kimi Əhsən də illərin çiynində qalxdı, ürəyinin istiliyi, beyninin işığı, biləyinin və barmaqlarının sönməz, gur odu ilə dinləyicilərin, tamaşaçıların, bütün musiqi sevənlərin qəlblərini nura qərq etdi.

Tarzən milli mədəniyyətimizin üfüqündə doğan ulduza bənzədi. İllər illəri yola saldıqca Əhsənin də sərhədsiz musiqi səmasında işığı daha da gurlaşdı. O, Azərbaycan muğam dünyasının, tar kəhkəşanının ən parlaq ulduzlarından biri oldu. Ona görə ki, xalqın ürəyindən qopub gəlmişdi, musiqi, nəğmə kimi də xalqın ürəyinə qayıtdı və bəşəri ömür qazandı.

Sənətkar şöhrəti, sənətkar xoşbəxtliyi, sənətkar əbədiyyəti bax budur!

Əhsən mizrabın XANI idi!

Və mizrabxan Əhsən Dadaşovun zəngin yaradıcılığının qaynar və gur işığı yetmiş ildən çoxdur ki, instrumental musiqi ifaçılığında günəş kimi şəfəq saçır, ürəklərə istilik, duyğulara hərarət bəxş edir...

 

 

Hacıyev, Rafiq Qənbər oğlu.

 

Ədalət.-2014.-19 dekabr.-S.6.