XƏZƏRƏ VURULMUŞDU O ŞAİR

ƏDƏBİ HƏYAT

 

 

("Ədəbiyyatımızın cəfakeşləri" silsiləsindən- ATİF ZEYNALLI)

İndiki nəsil Atif Zeynallı adlı bir şairi bəlkə də tanımır. 1927-ci ildə dünyaya gəldi, 1991-ci ildə vəfat etdi. Sağlığında iyirmiyə yaxın kitabı çıxmışdı, həm şair idi, həm də alim. Şair kimi özünəməxsus yolu, üslubu, fərdi deyim tərzi var idi. Alim kimi də müasir ədəbiyyatşünaslıqda seçilirdi.

Atif Zeynallı Bakıda doğulmuşdu. Elə uşaqlıqdan, orta məktəb illərindən şeirə, sənətə maraq göstərirdi, bu maraq getdikcə heyranlığa çevrildi. Bir xatirəsində yazırdı: "Mərdəkanda evimiz kənd ilə dənizin arasında - bağda idi. Dənizi çox sevirdim. Yuxudan duran kimi tut ağacının başına dırmaşıb yarpaqların arasından boylana-boylana saatlarla Xəzərə baxardım. Ürəyim də Xəzərləşərdi, özüm də. Mənə elə gəlirdi ki, köpüklü nəhəng dalğalar sahildəki qayaların üstünə yox, mənim köksümün üstünə tökülür. Yəqin ki, elə ilk nəğmələrimin ilk sətirləri də Xəzər olub.

Müharibənin son gününə qədər bağda yaşadıq. Kitab əlimdən düşməzdi. Dərslərimi də elə ayaq üstə öyrənərdim. Sözlər dodaqlarımda misralara çevrilərdi. Anam gülüb deyərdi ki, sənə vergi verilib.

Bizə ədəbiyyatdan Hacı müəllim dərs deyərdi. Sinfə girən kimi gözləri məni axtarardı. İlk sözü də bu olurdu: "Balaca, dur ayağa, görək çinədanında nə gətirmisən?" Mən də sıxıla-sıxıla ayağa durub yazdıqlarımı oxuyardım. Hacı müəllim bu gün bir misrası da yadımda qalmayan o "şeirləri" tərifləyərdi.

Mənim şeirlərimin vətəni Xəzər və Abşeron torpağı olub. Sonralar bu balaca Vətən böyüdü, Azərbaycana çevrildi.

Ən çox sevdiyim şair Səməd Vurğun olub".

Atif Zeynallı ədəbiyyata qırxıncı illərin sonlarında gəlib. İlk şeiri "Azərbaycan" 1947-ci ildə "Azərbaycan gəncləri" qəzetində dərc edilib.

Azərbaycan onun şeirlərinin baş mövzusu idi.

 

Kölə deyiləm

Nizə kəsib yolumu

Qılınc salıb qolumu

Güllə dəlib sinəmi.

Mən yıxıla-yıxıla

Dağdan-daşdan tutmuşam.

Xəzərimin şor suyu

Yarama dərman olub

Ağrın unutmuşam.

Səsim şimşək, ildırım

Nəfəsim tufan olub.

Babəkəm, Koroğluyam,

Nəbiyəm, Səttarxanam!

Mən odlar yurduyam-

Azərbaycanam!

 

Onun belə tərənnüm ruhlu şeirləri çoxdur. İndi bəlkə də bu tipli şeirlər bizə vaxtilə oxunan, indi unudulan nəğmələri xatırladır, amma bu şeirlər səviyyəsindən asılı olmayaraq, Vətənə-Azərbaycana böyük məhəbbətdən doğurdu. O, Azərbaycanı qarış-qarış gəzmişdi, Mili, Muğanı, Naxçıvanı, Qarabağı, Kəlbəcəri, Daşkəsəni, Cənub diyarını vəsf edən şeirlər yazmışdı, hər bir şeirində də çalışırdı ki, Vətən torpağının özünəməxsus gözəlliklərini poeziya dilinə çevirsin. Amma ən çox Xəzərdən söz açırdı. O, Xəzərin sahilində düşüncələrə dalıb həyat, ömür, dünyanın dünəni və bugünü, insanlar haqqında duyğularını izhar edirdi. "Xəzərin qoynundayam, Duyğularım, hisslərim Fikrim-zikrim sulardır. Şaha qalxan ləpələr Elə bil hər gün məni Yaşadan arzulardır". Xəzərə vurulduğundan oğlunun da adını Xəzər qoymuşdu.

O, təbiətin vurğunu idi. İlin fəsilləri, adi bir yarpaq, qocaman ağaclar, Azərbaycanın dağları, dərələri, çayları, gölləri onun şeirlərində bir rəssam duyğusuyla əks olunurdu:

 

Yarpaqlar dəydikcə yaşıl budağa,

Elə bil simlərə mizrab toxunur.

Həzin bir səs düşür arana, dağa,

"Qatar"mı çalınır, "Şur"mu oxunur?

 

Yaxud:

 

Çal papaqlı Kəpəzin

Kürəkləri elə bil

Göyün tunc dirəyidir.

Əllərinə götürüb

Qucağına basdığı

Duman deyil, sis deyil.

Yuxulamış Göy gölün

Gəlinlik örpəyidir.

 

O dövrün poeziyasına xas olan bütün mövzulara Atif Zeynallının şeirlərində də rast gəlirik. Dünyada baş verən ictimai-siyasi hadisələr, milli-azadlıq mücadilələri, mənəviyyat aləmində baş verən proseslər, Cənubi Azərbaycanla bağlı arzular-həsrət motivləri, elmi-texniki inqilabın yaratdığı fəsadlar, ekoloji problemlər və əlbəttə, ilk sırada müasir insanın duyğu və düşüncələri Atif Zeynallının da şeirlərində öz əksini tapırdı.

 

Əsrin əsəbləri durub tarıma,

Elə bil taleyin üzü dönübdür.

Dünya arxayındır etibarıma,

Demə ümid şamı artıq sönübdür.

 

Çox da gül yerinə, çiçək yerinə

Tüfənglər əllərdə buketləşibdir.

Meşələr qısılıb biri-birinə,

Palıdlar, çinarlar raketləşibdir.

 

Çox da sevinc damla, qəm-kədər ümman

Qorxu boğazlara keçib-kəmənddir.

Ata səksəkəli, ana nigaran,

Axı, ölüm-itim bir himə bənddir.

 

Atif Zeynallı poetik üslubu etibarilə Səməd Vurğun ədəbi məktəbinə mənsub idi. O, bir çox şeirlərində S.Vurğunu hərarətlə vəsf etmişdi. Səməd Vurğundan Vətəni sevməyi, onu necə tərənnüm etməyi öyrənmişdi. "Vurğun dedim-Tomrisləri. Fərhadları, Vaqif kimi ustadları Birər-birər yada saldım, Xanların da komasında qonaq qaldım. Biri mənə qürur verdi, biri hünər, Biri isə qələm-dəftər. Dəli dağa, Savalana çevrildim mən, Füzuliyə, Nəsimiyə, Natəvana çevrildim mən".

Təkcə Səməd Vurğunu deyil, Süleyman Rüstəmi, Məmməd Rahimi, Rəsul Rzanı, Əhməd Cəmili də özünün ustadları sayırdı. Onun bir alim kimi tədqiqatları da öz ustadlarına həsr edilmişdi. Süleyman Rüstəmin ömür və sənət yolu barədə doktorluq dissertasiyası müdafiə etmişdi. Sonra bu dissertasiya əsasında "Keçilməmiş yollar" monoqrafiyası meydana gəldi. Bu monoqrafiya Xalq şairinin poeziyasının özünəməxsusluğunu, XX əsr Azərbaycan ədəbiyyatında bənzərsiz bir hadisə olduğunu elmi arqumentlərlə sübuta yetirirdi. Süleyman Rüstəmin Cənub şeirlərinin təhlilini də ilk dəfə geniş şəkildə məhz A.Zeynallının monoqrafiyasında görürük. A.Zeynallı özü də həmin mövzuda bir sıra şeirlər yazmışdı:

 

İki-üç addımddan Savalan dedim

Ondan uzaq salıb çox illər məni.

Könlümün quşuna havalan dedim,

Yaxın buraxmadı sahillər məni.

 

Dağı ayaqladım, aranı gəzdim,

Arpaçay selində Saranı gəzdim,

Yurdumun köksündə yaranı gəzdim,

Saxladı tikanlı məftillər məni.

 

Bütün Araz boyu diz-dizi gəzdim,

Qardaş izi gəzdim, dost izi gəzdim,

Xəyalən Təbrizi, Qəzvini gəzdim,

Səslədi gələcək nəsillər məni.

 

Atif Zeynalı poeziyasında mövzu müxtəlifliyi ilə yanaşı, bu mövzuların hər üç vəzndə işlənməsi də nəzərdən qaçmır. O, hecada da, sərbəstdə də, əruzda da eyni məharətlə yaza bilirdi. Onun bir çox qoşmaları bu "köhnə hava"da yeni səs kimi diqqəti cəlb edir. Sərbəst şeirlərində isə sərbəst idi, ilk növbədə, çalışırdı ki, o şeirlərdə fikir, ideya olsun. Onun "Əli Kərim təpələri" adlı süjetli bir şeiri var. Bu şeir bir rəvayətin nəqli ilə başlayır. Makedoniyalı İsgəndər Azərbaycanı çapıb-talayır, o qədər var-dövlət yığır ki, onun qızıl-gümüş karvanı yükün ağırlığından yerə yatır. Bu qədər var-dövləti uzaq Yunanıstana necə apara bilər? Ona görə də əmr edir ki, xəzinəmi torpağa basdırın, üstünə o qədər qum tökün ki, dağa çevrilsin və beləliklə, Göyçaydan Xaldana sarı baş alıb gedən təpələr həmin o xəzinələrin üstünə tökülən torpaqlardan yaranıb. Amma şair heç də o rəvayətə inanmır. Onun fikrincə, bu təpələr böyük şairimiz Əli Kərimin söz incilərindən yaranıb:

 

Bu çılpaq təpələrin altında, -

Daş-qaşı çoxdan da çox.

Lakin Makedoniyalı İsgəndərin yox,

Bu, şair dostum

Əli Kərimin söz incisidir!

Yurdumun öz incisidir!

 

Atif Zeynallının sevgi şeirləri də hisslərinin təbiiliyi ilə diqqəti cəlb edirdi. Bu şeirlərdə klassik poeziyadan və xalq şeirindən gələn təsirlər də özünü göstərirdi, təbii ki, ənənədən üz çevirmək olmaz. Ancaq bu təsir forma təsiri idi. Sevgi şeirlərində də şair öz yaşadığı anları, duyduğu sevinci, kədəri qələmə alırdı.

 

Dağ eşqim bürünüb çənə, dumana,

Təqsir səndə deyil, gözlərindədir.

Sərsəm duyğularım hələ bir yana,

Canım da elə bil gözlərindədir.

 

Ömrün son anıdır qovub çapdığım,

Həsrətin əlindən qəmdir qapdığım,

Dünən itirdiyim, bu gün tapdığım,

Gül ətirli fəsil gözlərindədir.

 

Atif Zeynallı həssas şair idi və cəmiyyətdə, yaşadığı mühitdə baş verən mənfiliklərə qarşı heç vaxt biganə deyildi. İnsanların bir çoxunda müşahidə etdiyi naqisliklər, var-dövlətə, pula hərislik, riyakarlıq, yaltaqlıq onu da həyəcanlandırırdı. "Qızıl çevrilib misə, Yaxşı baş əyir pisə, Mələk dönüb iblisə, İnsan dəyişib indi. Dağı duman, çən izlər, Ləkələnir təmizlər, Dayazlaşıb dənizlər - Ümman dəyişib indi".

Ömrünün son illərində xəstə idi. Amma nikbinliyini itirmirdi. "Yaşamaq istəyirəm" şeirində yazmışdı ki, Dunayda, Yeniseydə çimsəm də amma əl-üzümü doğma Arazda yumamışam, Parisi, Qahirəni görsəm də, Təbrizi görməmişəm. Alpın zirvəsində Qartala dönsəm də, Pamirə, Vitoşaya neçə dəfə qalxıb ensəm də, amma Savalanın ətəyində durmamışam.

Bu arzularla köçdü dünyadan şair Atif Zeynallı... Allah rəhmət eləsin!

 

Ədalət.-2014.-20 dekabr.-S.15.