Nadir şah ola bilməmək
bacarığımız
Yunus Oğuz
dramaturq kimi alqışları qəbul etməyə
hazırlaşır
Tarixi əsərlər
müəllifi Yunus Oğuzun "Nadir şah" romanı
işıq üzü görən gündən böyük
maraqla qarşılandı. Ədəbi
tənqid əsər haqqında müsbət fikirlər səsləndirdi,
tarixçi alimlər, görkəmli ziyalılar bu mövzuya
müraciət etdiyinə görə müəllifin
ünvanına xoş sözlər söylədilər.
"Nadir şah"
romanını oxuyanlar əsərdə baş verənləri
səhnədə də görmək imkanı qazanacaqlar. Akademik Milli Dram Teatrı Yunus Oğuzun
tariximizdə özünəməxsus yer tutan Nadir şah
haqqında yazdığı əsəri
tamaşaçılara təqdim etməyə
hazırlaşır. Mədəniyyət və
Turizm Nazirliyinin sifarişi ilə hazırlanan səhnə əsərinin
tamaşaçılarla görüşünə cəmi bir
neçə gün qalır. Yeni tamaşanın son məşqləri
gedir, yaradıcı kollektivin gərgin
çalışmasını hazırlıq prosesini kənardan
izləyəndə də aydın görmək olur.
Yazıçı
Yunus
Oğuzdan
dramaturq
Yunus
Oğuza qədər
Gənc rejissorlarla yaradıcılıq əlaqələrini
genişləndirən Akademik Milli Dram Teatrı Yunus Oğuzun
"Nadir şah" əsərinə quruluş verməyi
"Yuğ" Dövlət Teatrının baş rejissoru
Gümrah Ömərə etibar edib. İstedadlı
rejissorla məşq zamanı yaranan fasilədə söhbətləşmək
imkanı qazanırıq.
Gümrah
Ömər deyir ki, Yunus Oğuzun "Nadir şah"ı ilə
ilk dəfə romanı oxuyarkən tanış
olub və müəllifin bu əsəri pyes kimi işləyərək
teatra təqdim etməsinə sevinənlərdən biridir:
"Tariximizin önəmli şəxsiyyətlərindən
biri haqqında yazılan roman bir oxucu kimi çox xoşuma gəlmişdi.
Çünki Nadir şahın həyat hekayəti
bu əsərdə dolğun, əhatəli və oxunaqlı
şəkildə təsvir olunur. Milli
xüsusiyyətlərimizi, kimliyimizi, folklorumuzu özündə
əks etdirən sanballı yazılı abidələrimiz
var. Yunis Oğuzun "Nadir şah" romanını da belə
milli sərvətlərimizdən biri sayıram. Bəlli olduğu kimi, elə ədəbi əsərlər
var ki, onları zaman, məkan sənəti olan teatra gətirmək
çətinlik yaradır, belə demək mümkünsə,
ədəbi material adamın əl-qolunu bağlayır. Sevinərəm ki, Yunus Oğuz pyes variantını
yazarkən müasir teatr düşüncəsinə uyğun
çox maraqlı üsullar düşünüb,
yaradıcı heyət də bu dramaturji materialdan səmərəli
istifadə etmək niyyətindədir".
Quruluşçu
rejissor əsəri dramatik xronika kimi təqdim etmək istəyir:
"Müəllifin sərbəst düşüncəsindən
qidalanan pyesdə qəhrəmanın həyat hekayəsini,
keçmişini və gələcəyini anladan məqamlar
var, bütün bunlar mənim üçün çox önəmli
idi. Ona görə də "Nadir
şah"ı iki hissəli dramatik xronika kimi müəyyənləşdirmişəm".
Gümrah
Ömərin fikrincə, Nadir şah təbiət hadisəsi
ilə harmoniyada olan bir varlıqdır: "Nadir şah
hakimi-mütləqdir, lakin onda mənəvi dəyərlərə
böyük sayğı var və o, bu əxlaqi dəyərləri
ilə cəmiyyətə, ətrafdakı insanlara örnək
olmaq istəyir. Təbii ki, bu cür
düşüncə ilə yaşamaq, bu qədər səmimi
qalmaq həmişə çətin olub. İnsan
da Tanrının yaratdığı təbiətin bir
parçası olduğundan baş verən katakilzmlərdə
bu səmimiyyət başqa bir keyfiyyətə çevrilməlidir
və çevrilir də. Təbiət hadisəsi
saydığımız sunami, zəlzələ,
ildırım heç vaxt öz işini başqasına
görə uyğunlaşdırmır, ehtiyac zərurəti
yarandıqda meydana gəlir. Nadir şah da
nə qədər ağır olsa belə, oğlunun gözlərinin
çıxarılmasına razı olur, lakin həqiqət
bildiyi dəyərlərdən imtina etmir,
riyakarlığı yaxına belə buraxmır".
Tamaşanın
quruluşçu rejissoru deyir ki, yaradıcı heyətin bir
neçə məqsədi var: "İstəyirik ki, cəmiyyət
teatr dili ilə yenidən Nadir şahla tanış olsun, amma
bu, bizim yeganə məqsədimiz deyil. Eyni
zamanda, bizim millətdən, belə deyək də,
sıralarımızdan çıxaraq cahangir səviyyəsinə
yüksələn dahi sərkərdədən söhbət
açaq. Belə götürəndə hamımız
Nadir şah kimi ola bilərik. Bəs niyə
ola bilmirik, bu bacarığımızı
məhdudlaşdırırıq? İstəyirik
ki, tamaşaçı bu suallar ətrafında
düşünsün. Hədəflərimizdən
biri də budur".
Müəllifin
yeri
Gümrah Ömərlə söhbətimiz bitməyib,
quruluşçu rejissor məşqi davam etdirmək
üçün yenidən aktyorların yanına
qayıdır.
"Nadir şah" tamaşasının bəstəkarı,
Əməkdar incəsənət xadimi Sərdar Fərəcovun
məşqi izləməsindən istifadə edib maestronu
söhbətə tuturuq: "Məndə tarixi mövzulara
böyük maraq var. Bir neçə il öncə "Cavad
xan" bədii filminə musiqi yazmaq da mənə nəsib
olub. "Nadir şah" tamaşasına
gəlincə... Nadir şah Azərbaycan tarixində
ən maraqlı və maraqlı olduğu qədər də
ziddiyyətli şəxsiyyətlərindən biridir. Orta məktəb illərdə böyük
yazıçımız Nəriman Nərimanovun onun
haqqında yazdığı əsəri oxumuşdum.
Sonralar da Nadir şah barəsində müxtəlif materiallarla
tanış olmuşdum və onun həyatı
mənə çox maraqlı gəlirdi. Sizə
bir sirr açım ki, hələ tələbə ikən
Nadir şah haqqında opera yazmağı da xəyalımdan
keçirmişdim. Görünür bu
mövzuda nə vaxtsa işləmək qismətimdə var
imiş. Rejissor Gümrah Ömərin
"Nadir şah" tamaşası üzərində birgə
çalışmaq təklifinə məmnuniyyətlə
razılıq verdim, çünki buna daxilən hazır idim.
Düzdür, Yunis Oğuzun bu əsəri Nəriman
Nərimanovun pyesindən fərqlənir, amma hər iki əsərdə
obrazlar tarixi şəxsiyyətlər olduğundan mənə
tanışdırlar.
Məşqdə də izlədiyiniz kimi, artıq musiqini
yazıb təhvil vermişəm, lakin buna baxmayaraq
tamaşanın hazırlıq prosesində yaxından
iştirak edirəm. Əgər musiqi ilə bağlı
hansısa dəyişikliyə, əlavələrə ehtiyac
yaranarsa quruluşçu rejissorla, yaradıcı heyətlə
müzakirə edə bilərik. İnanıram
ki, tamaşaçılara maraqlı bir səhnə əsəri
təqdim edəcəyik".
Tamaşanın bəstəkarı Sərdar Fərəcov
məşqi izləsə də, pyesin müəllifi gözə
dəymir.
Yunus Oğuz "Nadir şah"ın məşqlərini izləyirmi?
Quruluşçu rejissorla söhbətimizi davam edəndə
bu suala da cavab aldıq: "Yunus bəy təbii ki, bəzi məşqlərdə
bizim yanımızda olur, zamanı olanda işlərin
gedişi ilə maraqlanır. Tez-tez fikir
mübadiləsi də aparırıq, çünki işin
gedişində buna ehtiyac yaranır. Dramaturji
material fikir və niyyəti sözlə ifadə edir, səhnədə
isə biz bunu görüntüyə, hərəkətə
çeviririk. Yunus Oğuz da bu prosesi
gözəl anlayır və mətndəki hansısa bir dəyişikliyi
anlayışla qarşılayır. Müəllif
kimi, onun gözümüz üstə yeri var və premyera
günü onu tamaşaçılar arasında görmək
bizlərə xoş olacaq".
Yazının
bu yerində yeni tamaşanın yaradıcı heyəti ilə
tanış olaq. Bəstəkar
Sərdar Fərəcovun fikirlərini öyrəndik. Tamaşanın quruluşçu rəssamı
İlham Elxanoğlu, işıq üzrə rəssamı isə
Rafael Həsənovdur. Rəqslərə
Lalə Hacıyeva quruluş verib, Əməkdar artist Pərviz
Məmmədrzayev isə səhnədə aktyorların
plastikasına sorumludur. Tamaşanın
ikinci rejissoru, Əməkdar artist Vidadi Həsənovdur.
Bəs Nadir şah?
Bugünkü məşq prosesi yekunlaşmaq üzrədir. Əsərdə
Qadın obrazının ifaçısı, istedadlı aktrisa
Əminə Babayeva bir azdan səhnəyə çıxacaq.
Uzun illər ərzində səhnədə maraqlı rollar
oynayan Əminə xanım deyir ki, əsasən gənclərdən
ibarət bu kollektivlə birgə çalışmaq
maraqlıdır: "Mehdi Məmmədov, Tofiq Kazımov,
Ələsgər Şərifov kimi böyük rejissorlarla
işləmişəm. Gənc rejissor Gümrah
Ömər bu tamaşada Qadın obrazını mənə
verib, həcmcə kiçik olsa da, bitkn obrazdır. Məşqləri izləyən sənət
yoldaşlarım deyir ki, maraqlı alınır, amma mən hələ
tam razı deyiləm. Obrazı tam
özümünkü edəndən sonra ifamdan razı
qalacam".
"Nadir
şah" tamaşasında rol alan aktyorları
bir neçə obrazda görmək mümkün olacaq. Əməkdar
artistlər Ayşad Məmmədov, Vidadi Həsənov,
İlham Hüseynov, Əli Nur, Pərviz Məmmədrzayev,
aktyorlardan Hikmət Rəhimov, Oqtay Mehdiyev, Nigar Güləhmədova,
Könül Cəfərzadə, Ramin Şıxəliyev,
Vüsal Mustafayev, Amid Qasımov, Şamil İbrahimov, Adil Dəmirov
tamaşada rol alıblar.
Bəs Nadir şah? Baş qəhrəmanı kim oynayacaq? Quruluşçu rejissor Avşar dövlətinin başçısını iki aktyora - Xalq artisti Ramiz Novruza və Əməkdar artist Məmməd Səfaya etibar edib.
Biz məşq prosesini izləyəndə Ramiz Novruz təcrübəsini gənc həmkarları ilə bölüşürdü, Məmməd Səfa isə danışaq istəmədi. İstedadlı aktyor dedi ki, mən sözmü səhnədə deyəcəyəm.
Quruluşçu rejissor bu iki sənətkardan hansına daha çox üstünlük verəcək? Gümrah Öməri dinləyək: "Ramiz Novruz və Məmməd Səfa kimi insanlarla çalışmaq qürur vericidir. Belə gözəl sənətkarların həm istedadları, həm işə peşəkarcasına yanaşmaları biz gənclərə nümunə ola bilər. Seçimə gəlincə, mən hər ikisini Nadir şah obrazının əsas ifaçısı kimi görürəm. Onların hər biri bu obrazı özünəməxsus oynayır, bu da bir sənətçi kimi tam haqlarıdır. Mənim fikrimcə, tamaşaçılar onların hər ikisini qəbul edəcək".
Yunus Oğuzun yazdığı "Nadir şah"ı Akademik Milli Dram Teatrının səhnəsində görmək üçün cəmi bir neçə gün gözləmək lazımdır. Tamaşanın premyerası dekabrın 24-də olacaq.
ədalət.-2014.-20 dekabr.-S.13.