BAHADUR FƏRMAN

 

II yazı

 

Yenə qayıdaq Bahadur Fərmanın müəllif kəlamlarına. Oxucularla görüşü, onlara etdiyi etirafları o qədər səmimi və saf, o qədər durudur ki, bircə baxışla ürəyinin dibi görünür.

" ... Bir neçə şeylə öyünürəm - uzun yaşamağımın sirri bəlkə də elə budur. Məhəbbətim heç vaxt tükənməyib. Başqalarının uğurlarına sevinə bilirəm. Mənə xasiyyətnamə yazmaq üçün şeirlərimi oxumaq kifayətdir.

Yaradıcılıqda sadəliyin və fikir aydınlığının tərəfdarıyam. Fəlsəfi fikir həyatın özündən yaradıcılığına süzülməlidir, onu uydurmaq olmaz.

Məni anlamırlar, məni duymurlar, buna səviyyələri çatmır - deyənlərə rast gəlmişəm. Elə həmin an onlardan qaçmışam. Poeziyanı şərh etmək onu qiymətdən salmaqdır. Bu o demək deyil ki. primitiv olmalısan, yox. Sadəlik, demək istədiyini aydınlığı ilə çatdırmaq qəliz fikirləri sıralamaqdan çox çətindir..."

Qeyd etmişdim ki, Bahadur məllimin şeirləri özünə bənzəyir, hər misradan boyu-buxunu, nəfəsi, səsi aydınca duyulur.

Dağlara şeir yazmayan az-az şair olar. Əslində dağlar qoynunda doğulmuş adamın dağlara şeir yazmamağı da qəbahət olardı. Etiraf edim ki, mənim də "Dağlar" şeirim var. Deyilənə görə, Ələsgərdən, Səməd Vurğundan sonra "Dağlar" şeiri yazmaq günahdı. Amma mən istərdim onlardan da güclü "Dağlar" şeiri yazan olsun. "...Kim istəmir, dədəm, olsun, qoy olsun..." Ağamalı Sadiq.

 

Şəlalə canına qəsd eləyibdi,

Çatıb bulaqlara sədası, dağlar.

Yalçın qayaları məst eləyibdir,

Zərif çiçəklərin ədası, dağlar.

 

Sinəndə bulaqlar qoşa-qoşadır,

Qar döyən zirvələr qürur yaşadır.

Hərdən qəzəblənib sənə daş atır,

Kinli təpələrin gədası, dağlar.

 

Öpdü çiçəkləri bozköynək duman,

Sel içən dərələr məhəbbət uman.

Körpə cüyürləri qorxutdu yaman

Od geyən şimşəyin ədası, dağlar.

 

Zirvədə durasn dağda dağ kimi,

Əməli tərtəmiz, üzü kimi.

Yayıla canına sarı yağ kimi,

O gülün, çiçəyin ədası, dağlar.

 

Bu şeiri yuxarıda adları çəkilən azmanların şeirinə tay tutmaq fikrim yoxdur. Sadəcə onu demək istərdim ki, gözəl şeirdi.

Etiraf edək ki, uzun şeirləri heç kim xoşlamır. Bahadur müəllimin şeirləri ilk baxışdan uzun görünə bilər və mən bu yazımda onun bir neçə uzun görünən şeirini örnək gətirdim. Mənə elə gəldi ki, bu şeirlərdən heç doymadıq. Hətta könlümüzdən ikinci dəfə oxumaq həvəsi də keçdi.

Bir dəfə, ədəbiyyatşünas alimimiz Rüstəm Kamalla Gəncəyə gəlirdik. Maşında ikimiz idik, bir də Bahadur müəllimin kitabı. Yol boyu ədəbiyyatdan söhbət açan alimimiz, Bahadur müəllimin kitabını əlinə alıb vərəqləməyə başladı. Üzündə xoş bir təbəəsüm göründü: "Ayə, bə şair nətəri olmalıdı?!." - deyib bir neçə şeiri, eyni zamanda aşağıdakı nümunəni oxuyub gülümsədi: - Vallah Bahadur müəllim böyük şairdi.

 

O gün açılmışdı yollardan düyün,

O gün göy üzündə bulud yox idi.

Maşın bayramıydı bizim şenliyin,

O gün tamaşaya gələn çox idi.

 

 

Uşaqlar, böyüklər hey dəstə-dəstə,

Dayanıb baxdılar, üzlərdə maraq.

Sədr cöngə kəsdi göy otun üstə,

Bayram xonçası tək qızardı torpaq.

 

Hürkdü qara kəllər, dartındı yana,

Çəkib tən ortadan samını qırdı.

Arabaçı Əli... o, yana-yana,

Yazıq heyvanları döyüb, çığırdı.

 

Ustündən iz düşdü dərənin, düzün,

Yolların bir təzə naxışı vardı.

O gün kəndimizdə neçə öküzün,

Canı dincəlsə də ömrü qurtardı.

 

II

 

Elə bil yollara şəfəq saçıldı,

Sanki təşnə idik bir maşın üçün.

Elə bil şenliyin rəngi açıldı,

İlk dəfə birlikdə sevindik o gün.

 

Yollar dilə gəlib ötürdü dil-dil,

Kəndimiz nə qədər qüdrətli oldu.

Maşının şoferi qonşumuz Ədil,

Az qala hamıdan şöhrətli oldu.

 

Yolu yaxın oldu uzaqların da,

Dağların, düzlərin başına döndü.

O gündən şenlikdə uşaqların da,

Qarğı "köhlənləri" maşına döndü.

 

III

 

Kənddən apardılar kəli, öküzü,

Arabaçı Əli işsiz gəzirdi.

Onun bu dərdinə deyirlər, düzü

Dağlarda dözməmiş, osa dözürdü.

 

Bozarmaq istəyib sədrin üstünə,

Bütün günahları onda görürdü.

Elə bil şofer də durub qəsdinə,

Əli harda dursa, ordan sürürdü.

 

Hirsi çubuq kimi onu çubuqlar,

Kəllər hayandasa göz qırpırdılar.

Təzəcə kəsdiyi zoğal çubuqla,

İndi Əligildə yun çırpıdrılar.

 

Hamının yadından çıxmışdı Əli,

Nə bir yaxın gələn, nə söz deyən var,

Dünən "Əli" olan kənd uşaqları,

Bu gün birdən-birə "Ədil" oldular.

 

Az qaldı qurşana Əli şəraba,

Guya şərab içsə, soyuyar ürək.

Kəndin içindəsə yorğun araba,

Açılıb qalmışdı bir kimsəsiz tək.

 

Gizlicə baxardı maşına tərs-tərs,

Bu tərslik, bu höcət onu əyirdi.

Amma ürəyində təzə bir həvəs,

Hərdən gizli-gizli gülümsəyirdi.

 

Deyirdin yollarda qanad açacaq,

Maşına minənin kefi gəlirdi.

Bir azdan Əli də yumşaldı, ancaq

Hələ arabaya heyfi gəlirdi...

 

IV

 

Yolu uzadardı sanki qara kəl,

İndisə hər yana yol azalırdı.

Kənddə adam vardı, şoferdən əvvəl

Maşının kefini xəbər alırdı.

 

Yollarda nə qədər asan oldu iş,

Rahatlıq gəlmişdi gör, neçə ömrə.

41-32 bir ay keçməmiş,

Kəndin nömrəsinə döndü bu nömrə.

 

Qondu nəğmə kimi dodağa, dilə,

Piyada yol getmək- bu çətin işdi.

41-32, qarılar belə,

Bu qoşa nömrəni əzbərləmişdi.

 

O vaxtdan çox keçib, kəndimizə bax.

Maşınlar şütüyür belədən-belə.

41- 32, ilk maşın ancaq,

Kəndin yaddaşında yol gedir hələ...

 

Yaddaş itkisinin nə olduğunu sonralar bildim. Yaddaşın itməsi, hər şeyin yoxa çıxması kimi bir şeydi.

Bu nastalji duyğular bizi təkcə keşmişə qaytarmır, həm də xoş bir ovqta kökləyir, keçmişlə bu günün arasındakı məsafənin yaşantılarına güzgü tutur, fikrimizi şirin- şərbət xatirələrin qoynuna alıb aparır, toz basmış yaddaşımızı dirildir, keçmişə yox, deyərdim gləcəyimizə bir işıq salır.

Bahadur müəllim doğulduğu Müşavaq kəndini sevdiyi qədr təsvir edə bilir, adamı oranın tədiətinə, məişətinə insanlarına qovuşdurur.

Bu baxımdan mən bütün yazı boyu onun əlvan çalarlı politrasından geninə-boluna istifadə etdim.

Nümunələri bütövlüklə verirəm ki, arif oxucu Bahadur Fərman poeziyasının bütün rənglərini görə bilsin, onun yaratdığı xoş ovqatı bütövlükdə yaşaya bilsin.

Həm də əsas amacım mənzərəsini işlədiyim sənət və söz adamlarını oxuculara olduğu kimi təqdim etməkdir. Onları təhlil etmək, öz subyektiv yanaşmalarımı qabartmaq fikrim yoxdur. Bu işləri oxucuların ixtiyarına buraxıram.

İndi, kiçik bir vernisajla bir daha şairin yaradıcılığına səfər edək:

 

Gəlib gül-çiçəyi dərmirsən niyə,

Sənsiz çiçəklər də saralıbdılar.

Sinəsi üstündən keçmirsən daha,

Yollar da bir ayaq daralıbdılar...

***

Bir gəlin özünü atıb küçəyə,

Dünəndən ağlayır oğlu acından.

Gümanı qalmayıb daha heç nəyə,

Asıb ürəyini dar ağacından...

***

Elə bil nə kəqər, nə də sevinc var,

Sözə yalvarıram bir uşaq kimi.

Masamın üstündə ağ-ağ varaqlar,

Asılıb qalıbdı bayraq kimi...

***

Gör neçə nəğmənin itdi sorağı,

Kövrək ağacların dodaqlarında,

Ən uca budaqdan düşən yarpağı

Uşaqlar oynadır ayaqlarında....

***

Bu kövrək dərdimi unudub kini,

Öpüb əzizləsən cinayət olmaz.

Qorudum dərdimi əmanət kimi,

Bizdə əmanətə xəyanət olmaz...

***

...Qəbiristanı böyüyüb,

Bu kənd bizim kənd deyil...

***

Analar bu dərdi çətin unuda,

Biz qovruq düşmüşük sormayın niyə.

Kəpəyi çox olan arpa unu da,

Bir vaxt ələnmirdi azalar deyə...

 

Son zamanlar bayağılıq istər poeziyada, istər musiqidə, istərsə də digər sahələrdə baş alıb getməkdədir. Pula həris televiziya kanalları savadsız müğənnilərin "kəlamlarıyla", bəsit şairlərin lovğa "şeirləriylə" evlərimizə soxulur, balalarımızın və deyərdim çoxlarımızın zövqünü puç etməklə məşğuldurlar. Özünə "Mən şairəm" deyən həmin boşboğazlara Bahadur Fərmanın bu şeiri bir dərslik olmalıdı məncə:

 

MƏN ŞAİR DEYİLƏM

 

Adım Bahadurdu. Ancaq iş yoldaşlarım məni şair deyə çağırırlar.

 

Özünü yormasın quyu qazanlar,

Mən nə dağ seliyəm, nə də çeyiləm.

Narahat olmasın şeir yazanlar,

Mən şair deyiləm, şair deyiləm.

 

Bazarda gəzdirib yazdıqlarımı,

Geri qaytarıram, ürəyimdə qəm.

Alan yox, satan yox könül varımı,

Mən şair deyiləm, şair deyiləm.

 

"Dahi" bolluğudur, tünlükdür yaman,

Hərə öz işində, öz alverində.

Bircə kişi misra tapmazsan, inan,

Dəllal şairlərin söz alverindən.

 

Yanır korun-korun nur dostu bir şam,

Bəlkə də ağrıdı saçımdakı dən?

Nə olsun beş dənə şeir yazmışam,

Mən şair deyiləm, şair deyiləm.

 

Bir dəli dərvişəm, sözüm həqiqət,

Düşünmə boş gəzən, ya da veyiləm,

Şairlik ən uca zirvədir, fəqət

Mən şair deyiləm, şair deyiləm...

 

Yüz dəfə hay salım: - "Yandım, ay aman!"

Kimsəni isitmir közüm hələ ki.

 

Boynu bükük qalıb içimdə inam,

Yuxarı çatmayır sözüm hələ ki.

 

Qəlbimdə bir bulaq axır, soğulmur,

Mənim qış ömrümə əl çəkib bahar.

Hər yerdə, həmişə şair doğulmur,

Şair olmağıma hələ ki çox var.

 

Nə danım, yazımı qurtara bilmədim. Davamını isə gözləməyin.

Sonluqda mən də sizə qoşulub kim olduğunu bilmək istərdim, Bahadur Fərmanın.

 

P.S. əvəzi: "Ulu Qoşqara söykənən Daşkəsən rayonunun Muşavaq kəndində dünyaya göz açmışam. Kəndimiz təbiətinə görə dünyanın ən gözəl kəndlərindən biridir. Axarlı-baxarlı bu kəndin çox gözəl, nadir bulaqları var. Burada doğulduğum üçün Allaha və valideynlərimə minnətdaram. Tale elə gətirdi ki, bu kənddə çox az yaşadım- cəmi altı il. Və mən buna görə bu gün də təəssüf hissi keçirirəm. Ömrümün beş ili Xıllıda, iki ili Astarada keçib. Hazırda düz əlli yeddi ildir misli bərabəri olmayan, Azərbaycanın qürurlandığı şəhərlərdən biri- qədim və ulu Gəncədə yaşayıram. Atam və anam İmamzadə adlanan əbədi məkanda uyuyur. Gəncə onları öz qoynuna alıb.

Beş arxam-köməyim var. Üç qız- Aytən, Günay, Vüsalə, iki oğlan- Araz, Erkin ( Muraz), bir də hər gün bizi yola salıb yolumuzu gözləyən Xanımım. Ən böyük sərvətim onların mənə olan məhəbbətidir. Hərdən mənə elə gəlir beş nəfərəm, beş dənəyəm.

Bir dəfə məndən soruşdular: - Poeziya sənin üçün nədir? Cavabsız sualdı. Ancaq mən belə dedim: - Bütün həyatımı əlimdən alan qaçılmaz cazibə.

 

Ədalət.-2014.-20 dekabr.-S.10.