BİR
ÖMRÜN XATİRƏLƏRİ İŞIĞINDA...
(Sultan Məmmədovun
75 yaşına gecikmiş yazı)
O palıd güclüdür ki, açıq yerdə dayanır və yaşamaq üçün küləklə, boranla və yandırıcı günəşlə mübarizə aparmaq məcburiyyətindədir.
Napaleon Bonapart
Hər bir insanın bu dünyada
öz yeri, öz cızdığı həyat yolu, qoyub gedəcəyi
dəsti-xətti var. Sözünün ağırlığı,
məsləki ilə sayılıb-seçilən, yaxud da
insanlığı və daxili dünyası ilə dəyər
qazanan şəxsiyyətlər çoxdur. Haqqında söz
açmaq istədiyim Sultan Məmmədov qəlbinin nuru
üzündən hiss olunan, kişilik xisləti,
saflığı, təmizliyi və şuxluğu həyatının
amalı olan bir insandır.
Qədim latınlarda insanın adını onun
özünə bərabər tutublar. Axı insanın
adı çox vaxt elə onun ömür yolunu, həyatda
yerini müəyyənləşdirən bir amilə
çevrilir. Bu mənada, heç
şübhəsiz ki, valideynləri Sultan müəllimə ad
seçməkdə uzaqgörənlik etmişlər. Zaman göstərdi ki, Sultan müəllim adı ilə
əməlləri bir-birini tamamlayan Allahın sevdiyi bəndələrindəndir.
O yaxşı əməlləri ilə daha çox ətəyində
yüzlərlə insana qol-qanad verən bir qocaman ağaca bənzəyir.
Kökləri yerin yeddi qatından keçən, budaqları ətrafını
möhkəmcə saran, bəhəri nəsihətləri qədər
şəfalı və xeyirli, kölgəsi neçə-neçə
yurda sığınacaq ola bilən bir
ağaca.
Sultan Məmmədov Ümummilli liderimiz Heydər
Əliyevin idarəetmə məktəbinin layiqli məzunlarından
biridir. Təsadüfi
deyil ki, Ulu öndər ötən əsrin 70-ci illərinin
ortalarında Sultan Məmmədovu gənc olmasına baxmayaraq
doğulduğu Astara rayonunda XDC İcraiyyə Komitəsinin sədri,
80-cı illərdə isə Lerik Rayon Partiya Komitəsinin
birinci katibi vəzifəsinə məsləhət bilmişdi.
Sultan müəllim peşəkar, püxtələşmiş
rəhbər imici ilə şəxsiyyəti arasında
müvazinəti və tarazlığı ideal səviyyədə
tənzimləyib qorumağı bacaran işıqlı şəxsiyyətdir.
Cavan yaşlarından başlayaraq Sultan müəllim
işgüzarlığı, saflığı,
düzlüyü, ağlı, zəkası,
tapşırılan işə məsuliyyətlə
yanaşması ilə adının
ağayanalığını, ucalığını
qoruya-qoruya tutduğu vəzifələrə pillə-pillə
yüksəlib, vətənə, millətə və dövlətə
sədaqətlə xidmət edib. Rayon İcraiyyə Komitəsinin sədri,
raykomun birinci katibi, nazirin birinci müavini vəzifələrində
çalışıb, Ali Sovetin və Milli Məclisin
deputatı seçilib və ən əsası xalqın
sevgisini qazanaraq el ağsaqqalı səviyyəsinə yüksəlib.
Mənim
Sultan müəllimlə tanışlığımın,
sonralar isə məslək və əqidə dostluğumuzun
tarixi onun Lerikə birinci katib vəzifəsinə təyin
olmasından başlayır və mən Sultan müəllim
haqqında təxminən yeddi il bundan qabaq
müxtəsər bir yazıda bu tanışlığın
bəzi təfərrüatlarını qələmə
almışdım. Ancaq ürəyim
boşalmamış, sövq-təbii hiss edirdim ki, hələ
çoxlu söz və mürgülü xatirələrim
deyilməmiş qalıb.
Ömrünün səkkizinci on ilini yaşayan, şəxsiyyəti
ilə həmişə öyündüyüm bu müdrik,
xeyirxah insan haqqında yenə də söz deməyə
içimdə bir ehtiyac duydum və bu yazı həmin
ehtiyacın nəticəsi kimi meydana çıxdı.
Özgə vaxt söz demək, düşündüklərimi
kağıza köçürmək mənə bir o qədər
çətin gəlməsə də, bu yazını yazarkən
bir müddət qələm əlimə yatmadı,
axtardığım sözləri tapmaqda çətinlik
çəkdiyim kimi, səbəbini anlamaqda da çətinlik
çəkim.
Düşündüm ki, əvvəl
yazdıqlarıma indi nə əlavə edə bilərəm
ki, ürəyimdə gəzdirdiklərimin ağır
yükü çiynimdən götürülsün. Səbəbini qəfil tapdım və dərk etdim
ki, Sultan Məmmədov haqqı üstümdə o mərtəbədə
olanlardandır ki, deyəcəyim sözlərin, necə deyərlər,
o xeyirxahlığın, o yaxşılıqların
müqabilində sönük olacağı məni ehtiyatlandırıb.
Axı
ötən əsrin 80-cı illərində Sultan Məmmədov
bizim Lerikdə raykomun birinci katibi olduğu vaxtlar onun diqqət
və qayğısı sayəsində Rayon Partiya Komitəsində
təlimatçı, Komsomol Komitəsinin birinci katibi, Xalq Nəzarəti
Komitəsinin sədri və nəhayət, Rayon Partiya Komitəsinin
ikinci katibi vəzifələrinəcən irəli çəkilmişdim.
***
Təriflənmək məni utandırır,
çünki onu gizlində arzulayıram.
R.Taqor
Keçən
- XX əsrin səksəninci illərinin əvvəlləri...
Sultan Məmmədov bizim rayona-Lerikə Rayon Partiya
Komitəsinin birinci katibi vəzifəsinə yenicə
seçilmişdi. Rayon Komsomol Komitəsi o
vaxt raykomla bir binada yerləşirdi. Mən
də Komsomol Komitəsinin ikinci katibi idim.
Bir gün dəhlizdə Sultan müəllimlə
qarşılaşıb salamlaşdım. Binadan çıxan Sultan
müəllim salamımı alandan sonra: - Ardımca gəl, -
dedi. Sultan müəllim, mən də ardınca
qəsəbədəki kitab mağazasına girdik. Mağazaya gələn təzə kitablarla
maraqlandı. Özünə bir neçə kitab alandan
sonra üzünü mənə çevirib :
- Eşitmişəm kitab həvəkarısan, mütaliəni
sevirsən, - dedi. - Buyur, sən də özünə kitab
seç. Bu da mənim sənə hədiyyəm olsun!
Kitab mağazası qəsəbənin ən
axar-baxarlı yerində olsa da, bina kitab saxlamaq
üçün münasib deyildi. Sultan müəllim
mağazadan çıxıb sərraf gözü ilə ətrafa
diqqətlə baxdı. O vaxtlar el dilində
"raymaq" adlanan geniş bir binanı göstərib: -
Kitab mağazasını oraya köçürsək necə
olar? - deyə mənim də fikrimi öyrənmək
istədi. Sonra da: - İndiki kitab mağazasının yerində
isə rayon tarix-diyarşünaslıq muzeyi üçün
bina tikərik!
Həmişə
şanlı və ulu tariximizə, milli dəyərlərimizə,
onların qorunub saxlanılmasına, təbliğ edilib öyrənilməsinə
böyük diqqət və qayğı ilə yanaşan
Ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü
və göstərişi ilə o illərdə
Respublikamızın bölgələrində artıq tarix-diyarşünaslıq
muzeylərinin binalarının inşasına
başlanmışdı.
Sultan
müəllim tarix-diyarşünaslıq muzeyinin tikintisi
üçün nəzərdə tutduğu yerə bir də
zəndlə baxdı və sonra da mənə :
- Bu muzeyin tikinti işlərinə isə sən nəzarət
edəcəksən, -deyə qətiyyətlə dilləndi.
Sonra da mehribanlıqla gülümsəyib dedi: -
Tapşırılan vəzifənin öhdəsindən
layiqincə gəlsən, biz də büronun qərarı ilə
səni ikinci ali təhsil almaq
üçün partiya məktəbinə oxumağa göndərərik!
O vaxtlar vəzifə
karyerasında ali partiya məktəbinin məzunu
olmaq önəmli rol oynayırdı. Əlbəttə, elə
bir nüfuzlu, mötəbər məktəbdə oxumaq vəzifə
pillələrində ilk addımlarını atan bir cavan kadr
kimi, etiraf edim ki, mənim də arzum idi!
İçimdə Sultan müəllimin bu
tapşırığının başqa bir sevincini də
yaşayırdım. Əzəli və əbədi vətənimiz Azərbaycanımızın
ulu keçmişə malik olan bölgələrindən biri
kimi doğma Lerikin şanlı tarixini özündə əks
etdirən bir məkanın tikintisində mənim də
payım olacaqdı!..
Sultan müəllimin etimadı mənə qol-qanad
vermişdi. Az qala gecələr də tikilən binanın
daşları üstündə baş qoyub yatırdım.
Nəzərdə tutulan müddətdə
qırmızı kərpicdən milli memarlıq üslubunda
çox yaraşıqlı bir bina tikilib ərsəyə gəldi. Binanın
inşası qurtarmamış Sultan müəllim məni
partiya işinə irəli çəkdi. Necə deyərlər:
- Qarın doyuran aşı göz
tanıyar.
***
İdarə etmək məharəti iki şeydən - ədalətlə
cəzalandırmaqdan və təltif etməkdən ibarətdir.
Mehmet
Fateh
Görür və anlayırdım ki, rayonda vəfizə
borcunun məsuliyyətini başa düşənlər,
düzlüyü, saflığı,
işgüzarlığı ilə fərqlənənlər
sərt sınaqlardan sonra raykomun birinci katibi Sultan Məmmədovun
etimad bəslədiyi, irəli çəkdiyi kadrlara
çevrilirlər.
1987-ci ildə məni hansı şəraitdə Rayon
Partiya Komitəsinin ikinci katibi vəzifəsinə tövsiyə
etməyi barədə illər öncə bir yazımda bəhs
etmişdim.
Sultan müəllim işə tələbkar olduğu qədər
də diqqətliydi. Ən gərgin məqamlarda belə
qarşısındakı ilə subordinasiyanı elə
ustalıqla saxlayırdı ki, indi də xatırlayanda heyrətlənirəm.
Bir hadisəni xatırlamadan keçinə bilmirəm.
... Rayon Xalq Nəzarəti komitəsinə yenicə sədr
seçilmişdim. İşə nədən,
necə, haradan başlamağı özlüyümdə hələ
dəqiqləşdirə bilməsəm də, necə deyərlər,
hər işə baş vurur, şəksiz ki, nəzərə
çarpmaq, rəhbərliyin nüfuzunu qazanmaq istəyirdim.
Məramım da, əlbəttə ki, işə
yaramaq, birinci katibə kömək etmək, vəzifəmi məsuliyyətlə
yerinə yetirmək idi.
Kolxoz və sovxozlarda heyvandarlıq məhsulları
istehsalı və satışının vəziyyətini
öyrənmək, işdə nöqsanlar varsa,
araşdırıb aşkarlamaq qərarına gəldim və
can-dillə işə girişdim. Bəzi
"qara-qura" məsələləri üzə
çıxarmaq o qədər də çətin olmadı.
Beləcə, bir-iki təsərrüfata
ayaqüstü baş çəkməklə, rayonda
heyvandarlıq məhsulları istehsalı və
satışının vəziyyəti, demək olar ki, mənə
aydın oldu. Özümü fövrən mühüm
bir məsələnin üstünü açıb üzə
çıxarmış "qəhrəman" kimi birinci
katibin kabinetinə yetirib birbaşa mətləbə
keçdim:
-Yoldaş
Məmmədov, Sizə vacib bir məlumat vermək istəyirəm,-deyib
təsərrüfatlarda süd satışında
anlaşılmaz məsələlərin olduğunu söylədim.
O,
oturduğu kreslodan diqqətlə üzümə baxıb:
-Harda nə
görmüsən, nə aşkar eləmisən? -deyə ustalıqla məsələni konkretləşdirməyimi
istədi.
Mən :
-Məsələn, elə K.Marks sovxozunda (təsərrüfatlardan
biri o vaxt belə adlanırdı -N.N.) sağılan məhsulu
ölçmüşəm, - dedim. - Gündəlik
sağılan südlə məntəqəyə verilən məhsul
arasında ciddi fərq var. Yüz litr süd fermadan qəbul məntəqəsinə
qədər yolda daha əlli litr artıb yüz əlli olur, -
deyə bir "təşbeh" də işlətdim.
Mən danışdıqca birinci katibin ciddiləşdiyini,
təhər-tövrünün dəyişdiyini hiss edirdim. Açığını
deyim ki, bunu üzə çıxartdığım faktın
ciddiliyinə, xoşagəlməzliyinə yozurdum.
Sultan
müəllim o qədər sakit, mülayim şəkildə
məni söhbətə çəkmişdi ki, nə
görmüşdümsə, az qala bir nəfəsə
açıb "döşəyirdim".
Görünür,
ona lazım olan məlumatları aldığından başqa
bir sual da verdi: - Yaxşı, bu
nöqsanları aşkar etmisən, de görüm, indi nə
etmək fikrindəsən?
Birinci
katibin səmimiliyindən, mənimlə belə açıq
söhbətindən ürəklənib: - Əlbəttə,
vəziyyət tam qaydaya düşənədək gərək
məsələyə ciddi nəzarət edilsin, sovxozun
direktoru da, ən azı vəzifədən azad edilsin.
Sultan
müəllim hələ də elə əvvəlki təmkinlə:
-Bəs o direktoru vəzifəsindən kim
çıxaracaq? - deyib üzümə
dik baxdı və cavab gözlədi.
Ürəklənmişdim, yəqin özümü
başqa aləmdə hiss edirdim, yəni uçurdum, yəqin
ayağım da yerdən "üzülmüşdü". Qətiyyətlə: -Mən
onun vəzifədən çıxması üçün
buroya təqdimat verərəm, - dedim.
Bax, bura çatanda Sultan müəllim bayaqdan bəri məni
danışdırıb içimdəkiləri palaz
üstünə tökdürən təmkinini pozdu,
alnının qırışları irəli gəlib arxaya
getdi. (Alnı qırışıb irəli-geri gedirdisə,
bilirdik ki, birinci katib qəzəblənib).
-Sən
kimsən ki, işdən adam
çıxarasan, - deyə yəqin ki, ilk və həm də
son dəfə qəzəblə səslənib yerindən
qalxdı. Durduğu yerdən telefonun düyməsini
sıxıb səsində də elə həmin tonla ümumi
şöbənin müdirini çağırdı.
Elə o anda, oradaca anladım ki, eh vay, deyəsən,
çox "irəli" getmişəm, məsələni dərinliyinəcən
öyrənib bilmədən ehtiyatsızlıq edib "həddimi
aşmışam". Bir az da ləngisəydim, yəqin
ki, birinci katib: - Rədd ol burdan, - deyib məni kabinetindən
qovacaqdı.
Ani olaraq bunu gözə alıb ümumi şöbənin
müdiri gəlib çatanacan tez dönüb səssizcə
otaqdan çıxdım.
Xoşagəlməz bir vəziyyət
yaratmışdım. Az qala elə başlanğıcdaca
ehtiyatsızlıq edib özümü gözdən
saldığımı, güdaza verdiyimi
düşünürdüm.
Mən birinci katibin yanından çıxandan sonra, demə,
araya bərk çaxnaşma düşübmüş. Günün
sonunadək raykomun büro iclası toplanmışdı.
Adlarını çəkdiyim təsərrüfatların
rəhbərləri də büro iclasına
çağırılmışdı.
Sultan müəllim heyvandarlıqdakı nöqsanlardan
danışıb kənd təsərrüfatı ilə məşğul
olan katibi, şöbə müdirini, Aqrar Sənaye Birliyinin sədrini
o ki var danlayıb məzəmmət etdi.
Üzünü
onlara tutub qəzəblə: -Bəs siz hara baxırsız, nə
işlə məşğulsuz? Nəzarət Komitəsinin sədri
təsərrüfatlara baxış keçirib və çox
ciddi nöqsanlar aşkarlanıb, - deyib mənə söz verdi: - Hə, indi nə görmüsən,
danış görüm.
Daha nə danışacağımı bilirdim. "Deyiləsi
mümkün olan" nöqsanları sadalayıb səhər-səhər
adbaad dediyim işlərin üstündən ustalıqla
keçdim...
Deyəsən, birinci katibin durumu düzəlmişdi. Daxilən
gülümsədiyini, məmnunluğunu hiss edirdim.
Cavabdeh
şəxslərdən adi töhmət alan
da, şiddətli töhmət alan da oldu. Öz
işinin bilicisi olan Sultan müəllim aşkar olunan
nöqsanlara laqeyd, biganə qalmadı, dərhal lazımı
tədbirlər gördü. Məni də
pərt eləyib həvəsdən salmadı. Təklikdə tənbeh eləmişdi, ictimaiyyət
içində isə dediklərimə istinad eləyib
"işini" gördü. İşdə
həqiqətən əsaslı dönüş yarandı.
Qəribədir, o əhvalatı nə Sultan müəllim
dilə gətirdi, nə də mən nəsə soruşdum. Mən özüm dərsimi
almışdım, o kişi də
yaxşı öyrənci olduğumu bilmişdi...
***
Ömür boyu insaf və ədalətlə
yaşayanlar əbədi yaşamaq hüququ qazanırlar.
Hümam
Təbrizi
Düşünürəm ki, illərlə vəzifədə
olduğu yerlərdə yaxşı izi olmayanın nə
vaxtsa, o yerlərə dönməyə heç üzü də
olmaz.
Sultan
müəllimin isə bir vaxt çalışdığı
yerlərdə işinə, əməyinə görə izi də
var, o yerlərə təkrar-təkrar dönməyə
üzü də...
Sultan müəllim uzun illər müxtəlif vəzifələrdə
çalışdığı - günü-gündən
gözəlləşən Lerikdə, Lənkəranda,
Bakıda adı hörmətlə çəkilən şəxsiyyətlərdəndir
və təbii ki, doğma vətəni olan Astaranın adı
başda gələn sevilən adamlarındandır. Yayda onu harda
axtarsan Astarada, Xəzərlə qucaq-qucağa binə olan qədim
ata ocağında taparsan. Elə indi də
gənclik eşqi ilə dalğalarla
"döyüşür" və bundan həzz alır.
Lerikdə
isə az ailə olar ki, Sultan müəllimin
adı gələndə ən yaxın əzizinin
sorağını alanlar kimi məmnunluqla gülümsəməsin...
Sultan müəllim həmişə sevilib. Tanıdıqları
tərəfindən də, geniş ictimaiyyət arasında
da, çalışdığı yerlərdə də, rəhbərlik
etdiyi insanların da çevrəsində.
...Aradan
illər keçəndən sonra, 1997-ci ilin yayında Lerikdə
"Ziyalılar günü" keçirtdik. Tədbirə
Respublikanın müxtəlif bölgələrində
çalışan lerikli ziyalılar dəvət olunmuşdu.
Əlbəttə, Lerikin fəxri vətəndaşı
olan Sultan müəllim də dəvət olunanlar arasında
idi. Biz - həmin günün
iştirakçıları onda rayon sakinlərinin Sultan müəllimə
münasibətdə neçə illərin həsrətlilərinin
görüşməsinin sevinc, ehtiram dolu məqamlarını
yaşadıq...
Sultan müəllim etdiyi yaxşılığa əvəz
ummayan, o istəkdən, təmənnadan uzaq qaçmağa
çalışan kişilərdəndir.
Etiraf edək
ki, elə o vaxtlar da, bəzən elə indinin özündə
də rəhbər vəzifəli məmurlar haqqında
ağla - gümana sığmayan elə şaiyələr
uydururlar ki, az qala adamın ayağı yerə
yapışır.
Sultan Məmmədovun
vəzifəyə irəli çəkdiyi kadrlardan nə bir təmənnası
olub, nə də umacağı...
Sultan müəllimdə nə vəzifədə olanda
bunları gördüm, nə də indi, aradan illər
keçəndən, o vəzifədən gedəndən sonra
bu barədə heç nə eşitmədim.
Onun üçün kadrlarda düzlük, saflıq,
işgüzarlıq, vəzifədə məsuliyyət əsas
şərt idi.
***
Cəmiyyət heç zaman xəbis, bədxah, paxıl
adamlardan xali olmayıb. Əsl rəhbər, birinci şəxs
odur ki, özünü və elə ətrafındakıları
da belələrindən qorusun. Şəxsən
özümü deyə bilmərəm, amma Sultan müəllim
ətrafındakıları belələrindən qoruya bilirdi.
Nə gizlədim, bədxahlarım nə bir olub, nə
iki, amma onları saymaq marağında da olmamışam.
Nəzarət
Komitəsinin Sədri vəzifəsində işlədiyim
zaman bir ara Sultan müəllimin mənə
münasibətində bir sərinlik yarandığını
hiss edirdim. Fərqinə varmadım, ötüb
keçdi. Görünür, məndən
nəsə demişdilər və yəqin ki, Sultan müəllim
də məsələni özü üçün
aydınlaşdırıb dəqiqləşdirmişdi. Mənə isə bu barədə nə o vaxt, nə
də sonralar heç nə demədi.
Sədi
Şirazinin sözüdür: "Xəbər ürək
açan deyilsə, sən sus, başqası desin".
İki-üç
il bundan əvvəl o zamanlar yaxın münasibətdə
olduğum bir həmyerlim üzümə gülə-gülə:
- O vaxt səndən Sultan müəllimə mən deyirdim ,- deyə etiraf elədi. Sultan müəllim
bu sətirləri oxuyandan sonra da yəqin ki, heç nə deməyəcək,
elə mən də heç nə demədim ki...
***
Adil,
vicdanlı və sayıq
bir rəhbər
xalqa atadan yaxın olur.
Əbdi bəy
Şirazi
Bir evi, bir ailəni dolandırmağa nə var?!
İgid
odur ki, bir eli, bir obanı
dolandırsın...
Ötən əsrin yetmişinci illərində
Respublikamızın ucqarlarından olan Lerik həm də ən
kasıb rayonlardan idi. İqtisadiyyatı çox zəif olan
rayonda əhali, demək olar ki, kənd təsərrüfatında
ən ağır sahələrdən olan heyvandarlıqla, bir
də az-çox əkinçiliklə məşğul idi.
Camaatın
çörəyi az qala daşdan
çıxırdı. Qışın
qarında, çovğununda dağlarda əzab-əziyyətə
qatlaşan leriklilər yayın cırhacırında
Muğanda mövsümü işlərdə
çalışır, çörək pulu
qazanırdılar.
Ötən əsrin yetmişinci illərinin sonunda
Ümummilli liderimiz Heydər Əliyevin uzaqgörənliyi və
qətiyyəti sayəsində SSRİ höküməti tərəfindən
qəbul edilən "Azərbaycan SSRİ-də kənd təsərrüfatının
gələcəkdə ixtisaslaşdırılması,
üzümçülüyün və şərabçılığın
inkişaf etdirilməsi" haqqında məşhur qərarı
ölkənin kənd təsərrüfatında ciddi
dönüş yaratdı. Üzümçülüyün
inkişafı dağ kəndlərinin iqtisadiyyatında
sıçrayışa, sosial həyat tərzində ciddi
yüksəlişə səbəb oldu.
Lerikdə üzüm bağlarının
salınması rayona yeni nəfəs, ikinci həyat bəxş
etdi. Üzüm bağları salındı. Emal zavodları inşa edildi. Əhalinin
maddi rifahı xeyli yaxşılaşdı. Kəndlər abadlaşdı. Kənd-kəsəyə
rahat yollar çəkildi, sosial obyektlər tikildi.
O illərdə
hər bir işdə plan göstəriciləri əsas olsa
da, Sultan müəllim üçün həm də insan amili
vacib şərtlərdən idi.
Yadımdadır,
Alaşar çayı Əliabad kəndinin ərazisindən
keçən hissəsində daşmışdı və
sel-su içərisində fəhlələr olan yük
maşınını az qala ağzına
alıb aparacaqdı. Bu xəbər raykomun
birinci katibinə çatan kimi dərhal işə
qarışdı. Təcili
körpünün inşasına başlandı. O
körpü tikilib istifadəyə verilənəcən Sultan
müəllimin bir ayağı, demək olar ki, işin
üstündə, o körpünün tikintisində oldu.
Burasını
da deyim ki, o vaxtlar Lerikdə tikilən hər bir yeni obyekt həm
də Sultan müəllimin kabinetindən sonra ikinci iş yeri
idi.
Azərbaycanın görkəmli alimi, akademik,
böyük vətəndaş Həsən Əliyev növbəti
dəfə Lerikə elmi ezamiyyətə gəlmişdi. Lerikdən
sonra akademikin planında Yardımlı rayonuna getmək də
varmış. Sultan müəllim hörmətli
qonağı xidməti minik maşını "Volqa" ilə
çiy asfaltdan çəkilmiş Lerik-Xanagah yolu ilə
Ağçay kəndinəcən müşaiyət edir,
qonşu Yardımlı rayonuna ötürürdü.
Nəzərdə
tutulmuş yerə, Leriklə Yardımlının belə demək
mümkündüsə "sərhədində" Həsən
Əliyevi qarşılamağa raykomun birinci katibi öz xidməti
"UAZ" maşını ilə gəlmişdi.
Həsən
müəllim onu qarşılamağa gələn qonşu
rayonun katibinin maşınına baxıb eyhamla: - Sultan məni
burayacan "Volqa"sı ilə gətirib, - dedi,- çünki yaxşı yollar tikdirib, - deyə
bir əlavə də etdi...
Yeri gəlmişkən deyim ki, möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə
artıq keçən ildən Lerik-Xanagah yolunun əsaslı
tikintisinə başlanıb. Bildiyimə görə,
onlarla kəndi birləşdirən yolun tikintisi artıq
başa çatmaq üzrədir.
Son illər Sultan müəllimin yolu Lerikə
düşübmü? Deyə bilmərəm. Yəqin ki, düşübsə, tərəqqiyə,
inkişafa, quruculuğa, abadlığa fərəhlənən
bir insan, vətəndaş kimi Sultan müəllimin də
sevinci köksünə sığmaz olub.
Axı rəhbərlik etdiyi illərdə qəsəbə
kimi qoyub getdiyi rayon mərkəzi hazırda möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin Respublikamızın digər
bölgələri kimi Lerikə də göstərdiyi diqqət
və qayğısının sayəsində
yaraşıqlı, göz oxşayan, abad bir şəhər
olub.
***
Sultan müəllim dediyi sözün çəkisini-vəznini
bilənlərdəndir. Ona görə də həmişə quru
vəddən uzaq qaçıb, sözünün ağası
olub. Boşuna söz deməyib,
iş görüb.
Sultan müəllimin birinci katib işlədiyi illərdə
Lerikdə üzüm bağlarında məhsuldarlıq o səviyyəyə
çatmışdı ki, ildə 6-7 min ton üzüm
yığılırdı.
Sözüm bunda deyil. Səksəninci ilin
ortalarında cari ilin məhsul yığımı davam edirdi.
Bakıda bununla bağlı müşavirə
keçirilirdi. Müşavirəni o
vaxtkı Mərkəzi Komitənin birinci katibi aparırdı.
O, rayon rəhbərlərini bir-bir ayağa qaldırıb
yığımın gedişini xəbər alır, katiblər
də öhdəlik götürüb gurultulu rəqəmlər
deyirdilər. Növbə Sultan müəllimə çatanda
o: - İllik üzüm planımız cari il üçün
beş min ton müəyyən edilib,-
dedi,- plana da əməl edəcəyik.
Respublikanın
rəhbəri: - beş min ton planınızdır, bəs
öhdəliyiniz?- deyə soruşdu.
Sultan
müəllim geri çəkilmədi: - Beş min ton
planı da yerinə yetirəcəyik!
Müşavirə zalında gərgin bir vəziyyət
yaranmışdı. Sultan Məmmədova yaxın katiblər
canıyananlıq edib pıçıltı ilə ona rəqəmi
yüksəltməyi məsləhət görsələr də,
Sultan müəllim dediyinin üstündə durdu.
Ancaq həmin
il rayon plandan əlavə daha min ton da
artıq məhsul toplayıb təhvil verdi.
***
Belə deyirlər ki, bir adamı tanımaq
üçün onunla bir pud duz-çörək yemək
lazımdır. Riyaziyyatçılar da hesablayıblar ki,
bir pud duzu on altı ilə yemək olar. Deməli, bu
hesabla bir adamı tanıyıb onunla dost olmaq
üçün azı on altı il vaxt lazımdır!..
Ancaq insan sərrafı olan Sultan müəllim elə ilk
ünsiyyətdən həmsöhbətini, müsahibini
tanıyırdı. Oturub durduqları da sadə zəhmət
adamları idi. O, sovxoz və kolxoz briqadirləri, fəhlələr,
traktorçular, çobanlarla dostluq edirdi. Traktorçulara
əllərinin mazutunu, yağını silməyə macal
verməyib hərarətlə görüşüb əllərini
bərk-bərk sıxardı. Hal-əhval
tutub zarafatlaşır, könüllərini xoş edirdi.
Vistəndə
Şükür (sonralar bu qabaqcıl əmək adamına hətta
"Volqa" maşını verdi),
Şingudolanda Şübər, Şivləldə Paşa,
Züvüçdə Tehranla və başqa onlarla sadə zəhmət
adamları ilə dostluğunu xatırlayıram. Bu sadə, zəhmətkeş adamlarla rastlaşanda
söhbətləşməkdən doymazdı və
açığı, qıraqdan baxanlar da onların öz
aralarında beləcə şirin-şirin nədən
danışdıqlarının marağında qalardılar.
Züvüç kəndində Kəlbi kişiyə,
Zövnədə atam Nəcəf kişiyə Sultan müəllim
xüsusi xətir-hörmətlə, ehtiramla
yanaşırdı. Sözü üzə şax deyən, əliaçıq,
ağayana bir kişi olan "əmi"
dediyim Kəlbi kişi haqqında "Keçən cavan
çağım ola..." xatirə - povestimdə söz
açmışam. Sultan müəllim
rastlaşanda Kəlbi əmini söhbətə tutub saatlarla
yanından buraxmazdı.
O ki
qaldı atam Nəcəf kişiyə, Sultan müəllim onun
şəxsiyyətində təmiz dağ havası udmuş,
bulaq suyu içmiş, saf, halal, təmənnasız bir kənd
kişisini görürdü.
Yeri gəlmişkən
sözümün bu yerində burasını da yada salım
ki, Sultan müəllim həm də qonaq-qaralı adam idi.
Başı işdən macal tapmayan vaxtlarda şəxsi
qonaqları, dostları gələndə onların
qulluğunda durmağı bəzən də ərklə mənə
həvalə edərdi. Bunun bir səbəbi də bu idi ki,
Bülüdül kəndindəki yerdən təbii qazla
qaynayıb çıxan, suyu yayda da diş göynədən
məşhur Narzan bulağı bizim kəndə yaxın ərazidə
yerləşirdi.
Dostlarına
o məşhur bulaq başında süfrə
açmağı mənə tapşıran Sultan müəllim
sonra da tam ciddiyəti ilə: - Nəyə ehtiyac varsa,
sıxılma, söylə! Layiqli süfrə
üçün nələr lazımsa Hüseynbaladan
götür. Kəndə aid bir şey gərəyiniz
olsa, mənim adımdan atan Nəcəf kişidən istə!
Nəbadə-nəbadə başqa adama ağız
açıb söz deyəsən!...- deyə
bərk-bərk tapşırardı.
Yeri gəlmişkən onu da deyim ki, Hüseynbaba raykomun
yeməkxanasını işlədən peşəkar
aşbaz, əllərinin ləzzəti, elə şəkər
dilinin də duzu-tamı heç vaxt damağımızdan əskik
olmayan dostumuzdur.
Sultan müəllim rayona yolu düşən qonaq-qaraya
diqqətini əsirgəməz, əsilzadə kimi qəbul
edib ağayanalıqla yola salardı.
***
Sultan müəllim həm də incə eyhamla, ciddi
yumorla danışmağı sevən adamlardandır.
Sözümün
bu yerində onunla bağlı şux bir xatirə
yaddaşımın səhifələrindən dilə gəlib
"məni də yazıb yada sal!",-
deyir.
Rayon Komsomol Komitəsinin birinci katibi vəzifəsində
işləyirdim.
Yazın çal-çağırlı, çəmənlərin,
bulaqların, dağların insanı öz seyrangahına səsləyən
vaxtlarıydı.
Sultan
müəllimin ali məktəbdə oxuyan
oğlu öz tələbə dostları ilə atasına
qonaq gəlmişdi.
Sultan
müəllim məni yanına çağıraraq oğlunu
və dostlarını nişan verib: - Bu
cavanları da yanına sal! Bizim dağları, dərələri,
meşələri tanıt! - dedi. - Qoy görsünlər ki,
bizim Lerikə niyə həm də uzunömürlülər
diyarı deyirlər... Bülüdüldə gedib Narzan
bulağında su da içərsiz, - dedi. - Uşaqları sənə
tapşırıram, gözün üstlərində olsun, -
deyə bir əlavə də etdi.
Qonaqları
Lerikin görməli yerləri ilə tanış
edib nahar vaxtı bir bulaq başında əyləşib
süfrə açdıq. Rayon mərkəzindən
hazırlıqlı çıxmışdıq.
Ocaq qaladıq, kabab çəkdik. Cavanlar
"ağlın başdan getməyinin ləzzətini"
dadmaq üçün özümüzlə
götürdüyümüz şərablardan da daddılar.
Mən də xətirlərinə dəyib bir söz deyə
bilmədim...
Ertəsi
gün Sultan müəllimlə rastlaşanda məzəmmətlə
üzümə baxıb: - Çox qonaqpərvərmişsən
- dedi. Sonra da - Ağsaqqal adamsan, mən bəyəm
sənə belə tapşırmışdım? - söylədi. O vaxt mənim 26 yaşım var
idi, qonaqlardan da vur-tut iki-üç yaş böyük idim.
Sultan müəllimin bu tərzdə müraciəti mənə
qəribə gəlsə də, ləzzət verdi.
Məni məzəmmət etsə də, məmnun
idim. İlk dəfə mənə
"ağsaqqal" deyə müraciət olunmuşdu.
Olmaya, doğurdan da Sultan müəllim məni
"ağsaqqal" hesab edirdi?..
***
Sultan müəllimin dərin mütaliəsi,
böyük kitab həvəskarı olmasından söhbət
açmışam. Söz-sözü çəkər,
deyiblər.
Payızın axırlarında Lerik daha çox
dumanlı-çiskinli olur. Xəzan olmuş
yarpaqlar, dumanı-çiskini zirvələrini görünməz
edən dağların yağışlı payız havası
adamın ürəyini elə sıxır ki, ötüb
keçən yazı bir də görmək üçün
şişə-şişə qalırsan.
Belə məqamda
tənhalığa ən gözəl məlhəm mütaliə,
kitab oxumaqdır!
Payızın belə günlərində işlə
bağlı Sultan müəllimin kabinetinə keçəndə
hər dəfə stolunun üstündə çox qalın
bir kitabı diqqətlə oxuduğunu görürdüm. Maraq mənə güc gəldi,
hərçənd sual verməyim caiz olmasa da, cəsarətimi
toplayıb: - Yoldaş Məmmədov, bu nə kitabdır
neçə vaxtdır oxuyursunuz "bitmək bilmir",- deyə soruşdum.
Mütaliədən
ayrılıb üzümə baxdı, qara meşin cildli, vərəqləri
saralmış, köhnə bir kitabın üzünü
çevirərək mənə göstərib: - Birinci Pyotr
haqqındadır,- dedi. -Tap, sən də
oxu! Çox maraqlı tarixi faktlar var...
Tarixi müfəssəl bilməsi, geniş mütaliəsi,
zəngin kitabxanası və bəlkə də elə
bunların nəticəsidir ki, Sultan müəllim sonralar
masonluqla bağlı zəngin faktlara söykənən
çox maraqlı, geniş oxucu kütləsinin rəğbətini
qazanan, təkrar-təkrar nəşr olunan kitablar yazıb ərsəyə
gətirdi.
Burasını da deyim ki, Sultan müəllimin insanda qiymətləndirdiyi
bir dəyər də kitaba münasibət idi.
Sözümə qüvvət, bir dəfə raykomun
büro iclasında bir idarə müdiri kor tutduğundan
yapışıb buraxmayan kimi, dediyinin üstündə durub
dirənmişdi. Çıxış edənlər nə
qədər çalışsalar da, məsələnin mahiyyətini
ona anlada bilmirdilər.
Nəhayət,
Sultan müəllim özünü saxlaya bilməyib
üzünü büro üzvlərinə tutdu:
-Əşi, özünüzü deyib-deyib nə
yorursunuz. Ömründə əlinə bircə dəfə
kitab alıb oxumayan adamdan bundan artıq nə gözləyirsiniz?!
-deyə məsələni bir növ qapatdı.
***
Ataların
sözüdür, deyirlər: Sənə çörək
verəni üzünə təriflə, dostunu arxada,
övladını isə heç vaxt...
Bir də
deyirlər ki, bir gün səfər üstündə olan
yolçuya el ağsaqqalı kənddən - obadan
çıxa-çıxda tapşırır ki, yolda, rizdə
qarşına ilk əvvəl nə çıxsa,
torpağı qazıyıb yerə basdırarsan...
Bəli,
yolçu yolu alır əlinə, az gedir,
çox gedir, birdən yolunun üstündə gözünə
bir mücrü dəyir. Açıb
görür nə? Qızıl! Yolçu qalır mat-məəttəl
ki, neyləsin, necə etsin qızıla, bu boyda sərvətə
yiyə dursunmu, yoxsa tamahını boğub ağsaqqalın
buyruğuna-tapşırığına əməl edib
torpağı qazsın, qızılı basdırsın?!
Qərəz, çox çək-çevirdən sonra
yolçu nəfsinə güc gəlib yeri qazıyır,
qızılı torpaqda basdırır.
Yolçu səfərdən geri qayıdandan sonra el
ağsaqqalına yolda başına gələni açıb
danışır.
El
ağsaqqalı onun danışdıqlarına axıra kimi
qulaq asıb mənalı-mənalı: - Oğul, o
qızıl mücrü ki, vardı - onlar sənin
gördüyün xeyirxah işlər, etdiyin
yaxşılıqlardır. Yaxşılıq,
xeyirxahlıq da elə qızıl kimidir. Basdırsan da,
yerdə qalmaz...
Sultan müəllim, fikirləşirəm ki, sizin də
etdiyiniz yaxşılıqlar, xeyirxahlıqlar heç vaxt yerdə
qalmaz.
Bəzən elə olur ki, uzun illər vəzifələrdə
çalışan adamlar sonralar o "havadan" hələm-hələm
düşə bilmir, necə deyərlər, ötənlərin
"şərriyini" verirlər. İş qurub iş adamı kimi təkrar
özünü "sınayanlar" da olur.
Sultan müəllim isə bu sırada da nə birincilərdən,
nə də ikincilərdəndir.
Dövlətə, xalqa xidməti ləyaqətlə
başa vurandan sonra ahıllıq çağlarının
haqq etdiyi əməkli bir ziyalı ömrünün aqillik
zirvəsini şərəflə yaşamaqdadı.
Ədalət.-2014.-20 dekabr.-S.8-9.