MƏNİ FÜZULİYƏ APARAN
MİSRALAR
Mahmud Qacara məktub
Bir söz adamı kimi öz həyatımı səhifələyəndə orda
xüsusi işarələrə,
yəni suallara, nidalara, bəzən də üç nöqtələrə rast
gəlirəm. Amma bir işarə
də var. Bu əslində
qrammatikamızda olmayan
işarədi. Mən onu
daha çox təbiətlə eyniləşdirirəm.
Yəni bir şəlaləni xatırladan həmin işarə həyatımın
orta məktəb illərindən bugünə
qədər mənimlə
yol-yoldaşlığı edib. Və mən bu şəlalə səsini,
o zirvə ucalığını
və bir də illərin o səsdən, o ucalıqdan
heç nəyi ala bilmədiyinə həmişə
heyran qalıram.
Düşünürəm ki, bu da bir İlahi
vergidi, bu da bir alın
yazısıdı, bu
da bir qismətdi.
Bu alın yazısı,
bu Allah vergisi ancaq böyük Yaradana yaxın olanlar üçün seçilib, yazılıb.
Bu mənada Mahmud müəllim
mənim üçün
Allahın seçdiyi,
sevdiyi bəndələrdəndi...
O çox sakit təbiətli, çox astayerişli və son dərəcə də həlim danışan, fikirlərini zərgər
dəqiqliyi ilə çatdırmağa, hər
sözü, hər cümləni bir neçə baxış altında təqdim etməyi o qədər ustalıqla bacarır ki, onu dinlədikcə
adamın ruhu da istirahət edir. Doğrudur, hərdən əsəbi
məqamları da olur. Onda Mahmud müəllimin səsinin titrəyişini
duymaq mümkün deyil. Amma gözlərinin parıltısı,
əllərinin yumruq şəklində necə
sıxıldığını müşahidə etmək
bütün bu mənzərəni görməyə
kifayət edir...
Onunla ilk dəfə
Füzulidə, "Araz"
qəzetinin redaksiyasında
görüşmüşəm. Mahmud Quliyev,
yəni Mahmud Qacar
"Araz" qəzetinin
ədəbi işçisi
idi. Mən də qəzetə
bir oxucu kimi gedib-gəlirdim... şeirlərimi aparırdım,
yazılarımı təqdim
edirdim. Rəhmətlik Vahid Əlifoğlu
bizi bir-birimizə, o cümlədən rəhmətlik
Sabir Rüstəmova yaxından tanıtdı, həmsöhbət olduq, dərdləşdik. Biləndə
ki, Mahmud müəlim
həm də mənimlə qonşu kəndçidi, üstəlik
arada müəyyən
qohumluq telləri də var, ona
qanım bir az da artıq qaynadı. Amma tam səmimiyyətlə etiraf
edim ki, Mahmud müəllim yazı-pozu işində, xüsusilə
şeir məsələsində
güzəşti heç
vaxt sevməyib və özünün də yazdığı şeirləri çox az-az hallarda çalışdığı qəzetə təqdim edib. Mən ilk dəfə onun
şeirinə "Azərbaycan
gəncləri" qəzetində
rast gəlmişdim.
İllər ötdü,
mən də Mahmud müəllimlə birlikdə
işləməyə başladım
və asudə vaxtlar, xüsusilə iş başlamamışdan
öncə, səhər-səhər
onun oxuduğu şeiri həvəslə
dinlədim. Öz növbəmdə mən də ona təzə yazdığım nəyisə
səsləndirdim. Bax,
beləcə, doğmalığımız
bir az
da artdı, bir-birimizin evinin içini də tanıdıq, çölünü
də. Ancaq Mahmud müəllimin həyat sıxıntıları
o qədər çox
idi ki, o, özünü bütünlüklə
ədəbiyyata həsr
edə bilmirdi. İşdən macal tapanda Füzulidə tikməyə
başladığı evin
üstünə yüyürürdü.
Tikinti materialları, usta, həyət-baca, azyaşlı uşaqlar, bir sözlə, söz adamı üçün o qədər
də uğurlu olmayan, əslində mənalı bir yuva qurmaq istəyi.
Təəssüf ki, Mahmud müəllim
tikdiyi o evdə ürəyi istədiyi kimi isinə bilmədi. Düşmən Füzulini işğal
etdi. O işğala
qədər isə
Mahmud Qacar doğulduğu
kəndin, böyüdüyü
evin əsgəri kimi hər gecə
həmkəndlilərinin yanında
oldu, gücü çatan işin qulpundan tutmağa çalışdı. Neyləyək
ki, nə biz, nə də Mahmud Qarabağı qoruya bilmədik...
Bugünlərdə qaçqınlıqdan sonra
ara-sıra görüşdüyüm,
telefonla hal-xoş etdiyim Mahmud müəllimlə
"Azərbaycan" nəşriyyatında
qarşılaşdıq. Bir az dərdləşdik,
bir az bir-birimizə
təsəlli verdik. Ayrılıb gedəndə Mahmud müəllim mənə özünün kitabını
bağışladı. Kitabın adına
baxdım: "Bağışla
məni, Qacarım!"
Doğrusu, bu ad məni möhkəm silkələdi. Kitabın
özünü oxumamış
Mahmudun ürəyini əlimə almış kimi hiss etdim özümü. Dərhal da həmin
o hiss-həyəcanla kitabı
vərəqləməyə başladım. Düzünü deyim ki, kitabdakı
şeirlərin hər
birinin arxasında konkret şəxslər dayanırdı və bu şeirlərin hamısı demək olar ki, Mahmud Qacarın ürəyindəkilərinin
sərgisi idi. Yəni o, bu kitabına hopdurduğu hər bir hissin, hər
bir duyğunun arxasında bir dostunu, bir eloğlunu,
kəndinin bir daşını, bölgəsinin
bir ağacını təsvir etmişdi. Oxuduqca həmin o sərginin təsvirləri qarşısında
dayanmamaq mümkün
deyildi. Ona görə də
mən bir oxucu kimi sadəcə
o təsvirlərdən, o pıçlıtılardan
duyduqlarımı yazmaya
bilməzdim.
Mənim
yaddaşıma yad daşı dəyib,
Yaşım atan daşla yanaşı dəyib.
Yaxşı ki, bir qədər yan aşıb dəyib-
İtməyib məhəbbət, vicdan yaddaşım.
Səpib
təzə şuma yenə təzə dən,
Gərək oluramsa yenə təzədən.
Demək
yaşayıram, keçib
qəzadan-
İtməyib məhəbbət, vicdan yaddaşım.
Hər səs bir oyanmış
məna səsidi-
Səs var ki, dondurur,
səs var isidir...
Qəlbimin, ruhumun qələbəsidir-
İtməyib məhəbbət, vicdan yaddaşım.
Mən Mahmud Qacarın təkcə bu misralarının arxasındakı səmimiyyəti ilə söz dünyamızda rahat addımlaya biləcəyinə bir oxucu kimi bütün varlığımla inanıram və düşünürəm ki, sözü bilənlər, sözdən xəbərdar olanlar mənimlə razılaşarlar ki, bugünkü ədəbiyyatımızda ən çox sözün səmimiyyəti və sözün bütövlüyü çatmır. Yəni bir topa sözün içində bir iynə ucu boyda səmimi və bütöv söz tapmaq indi çox çətinləşib. Ona görə ki, söz urvatdan düşüb. Amma sevinirəm ki, Mahmud Qacar o səmimiyyəti misralarında elə özünü təqdim etdiyi kimi də tərənnüm edir.
Sanki ulduzlardı - göydən dərilib,
Yaşıl budaqlara düzülüb qalıb.
Ya sanki güclü bir leysan yağışın,
Ağ-ağ damcısıdı - süzülüb
qalıb.
Ağ gilas gilələri...
Mahmud Qacarın mənə bağışladığı "Sözüm var hələ" kitabından sonra işıq üzü görən "Bağışla məni, Qacarım!" kitabı da təkcə dəyərli bir hədiyyə yox, həm də Mahmud Qacarın söz dünyasının həmişə yanında olması üçün yaxşı bir imkandı. Və mən Füzuli üçün, Qarabağ üçün, Mahmudun və mənim dostlarım üçün darıxanda özümdən xəbərsiz əlim o kitablara tərəf uzanır. Həmin kitabların misralarında Vahid Əlifoğlu da var, Oruc Səda da, Nəbi Muxtarov da, xanəndə Əhməd də, şəhid övladlarımız da, Füzulimiz də, bir sözlə, bizim özümüz də. Ürəyinə sağlıq, Mahmud müəllim!
Ədalət.-2014.-26 dekabr.-S.6.