GƏNCƏDƏ
BİR ÇİNAR VAR
MÜASİR
ƏDƏBİYYAT
"Qədim Gəncədə - bu dahilər və çinarlar şəhərində bir yazıçı yaşayır. O torpaqda boz toxumun, çəlimsiz çiliyin, cansız
tingin əlindən torpağa düşən kimi yaşıl
fəvvarəyə çevrildiyi kimə məlum deyil? O
yazıçı dostumuz ömrünün 60-cı
baharına qədəm qoyur. Və əgər torpağın,
ağacın, axar suyun insana bənzədiyini qəbul eləsək,
Gəncənin göylərə baş alan
hansısa bir çinarının o yazıçıya
oxşarlığını görərik. Ömrü
boyu öz əlinin-qələminin zəhməti ilə
yaşamış, Gəncədən çox-çox uzaqlarda
tanınmış Qərib Mehdi yaradıcılığı
ilə o çinarlar arasında bir qəribə
oxşarlığı hələ neçə il əvvəl
sezə bilmişəm".
Görkəmli
nasirimiz Qərib Mehdiyə həsr olunan bu yazını on səkkiz
il əvvəl qələmə
almışdım. İndi Qərib Mehdi yetmiş səkkiz
yaşındadır və o çinar - insan bir az
da ucalıb, kökü bir az da dərinlikliklərə gedib.
Qərib Mehdi bu on səkkiz il ərzində
yaradıcılıqdan, ona ömrü boyu baş
ucalığı gətirən, oxucuların sevimlisinə
çevrilən sənət dünyasından
ayrılmayıb.
Ancaq, nə gizlədim, Qərib Mehdi ilə
çoxdandı görüşmürük. Bunun mənə
xeyli ziyanı dəyib. Birincisi; sevdiyim bir
yazıçı ilə söhbət eləmək, onun adi məişət
qayğılarından tutmuş yaradıcılıq aləminin
olaylarına qədər söhbətlərinə qəribsəmişəm.
İkincisi; əgər tez-tez görüşsəydik,
bir-birimizin necə yaşa dolduğunu da hiss etməzdik.
Amma buna baxmayaraq, mən Qərib Mehdini tez-tez "görürəm",
onun "Azərbaycan" jurnalında dərc edilmiş povestlərini,
hekayələrini oxuyuram, bir dost sədaqəti ilə mənə
göndərdiyi kitabları vərəqləyirəm.
Son illərdə o, tez-tez yazır və bu yaşda
özünə fiziki cəhətdən zülm eləsə də,
elə bilirəm bu, yaradıcılıqda məlum səbəblərdən
biridir. Yazmamaq olmur.
Həmişə onu düşünəndə vaxtilə
anasına həsr etdiyi "Qərib hey" hekayəsindəki
o harayı xatırlayıram. "Bəzən bir
könül sındırmaq istəyirəm, bəzən
birisinə yuxarıdan baxmaq istəyirəm; bəzən
birisinin vəzifəsində gözüm olur, ona quyu qazmaq istəyirəm,
anamın səsi gəlir; "Qərib hey!"
Təbii ki, Qərib Mehdinin-yazıçılıqla, qələmlə
dolanan bir insanın belə açıq ürəkliliyi,
içindən gələn səsləri boğa bilməməsi
onun nəsrində də təcəssüm edir. O, bütün ömrü
boyu həqiqəti, həyatda gördüklərini qələmə
alıb, yalan danışmayıb. Bu həqiqət
hissi onun bədii təxəyyülünə də təsirsiz
qalmayıb. Onlarla obrazları həyatdan,
gerçəklikdən yaranan obrazlardır. Biz onları tanıyırıq. Amma
Qərib bu obrazları elə ümumiləşdirib ki, burada
ancaq yazıçı məharətinin şahidi olursan.
Mən öncə Qərib Mehdinin "Evin küçəyə
baxan üzü" kitabında təqdim etdiyi iki xatirə
yazısından söz açmaq istəyirəm. O, Azərbaycan nəsrinin
yükünü öz çiyinlərində
daşımış görkəmli nasirlərdən biri-Sabir
Əhmədli və yazıçı-dramaturq, Gəncədə
yaşasa da, Azərbaycan ədəbi mühitində kifayət
qədər tanınan və sevilən Altay Məmmədov
haqqında düşündüklərini, birbaşa ünsiyyətini,
bu yazıçılarla görüşlərini qələmə
alıb. Belə yazılar çox
lazımdır. Ona görə ki, o
yazıçılar artıq həyatda yoxdur, xatirələr
isə onları unutmağa qoymur. Xoşbəxtlikdən
mən də hər iki yazıçını
tanıyırdım. Sabir Əhmədli ilə
tez-tez olmasa da, hərdən görüşürdük.
Qardaşı, Sovet İttifaqı Qəhrəmanı
Cəmil Əhmədov haqqında televiziya üçün bir
veriliş də hazırlamışdım. Sabir müəllimin romanlarından isə dəfələrlə
söz açmışam, yaradıcılığı
haqqında istər sağlığında, istərsə də
vəfatından sonra portret yazılar dərc etdirmişəm.
Çox ciddi insan idi. Qərib
Mehdi onu ustad bir nasir və istedadın qədrini bilən, ona
kömək və qayğısını əsirgəməyən
bir insan kimi təqdim edir. "Mən onu
bir ustad kimi çox oxuyur, çox öyrənirdim. Sən demə, o da bütövlükdə mənim
şagird yaradıcılığımı izləyirmiş.
Yeri gələndə fikir söyləyir, istiqamət
verir, ədəbi səmaya tuşlanmış
qanadlarımı bərkidir, uçarlıq qabiliyyətini
artırırdı". Səmimi
etirafdır. Çox mətləblər
çözələnir bu xatirədə.
Altay
müəllimlə çox az
görüşmüşəm. Amma həm 60, həm
də 70 illiyində haqqında məqalələr
yazmışam. Ona həm məsafəcə,
həm də ünsiyyət baxımından Qərib Mehdi daha
yaxın olub. Və o xatirədə Altay
müəllimin mürəkkəb təbiəti, amma bir
yazıçı-dramaturq kimi ustalığı incə
detallarla açıqlanır. 67 yaşlı Vaqif
Yusiflinin 78 yaşlı Qərib Mehdiyə məsləhət
verməyə ixtiyarı çatmır, amma istərdim ki, Qərib
müəllim tanıdığı belə şəxsiyyətlər
haqqında tez-tez yazılar yazsın. İndi isə keçirəm
Qərib Mehdidən son zamanlar oxuduğum əsərlər barədə
söz deməyə...g
"Skripka üçün mi simi" povesti zənnimcə,
Qərib Mehdinin son illərdə yazdığı ən
uğurlu əsəridir. Bu əsəri oxuyub qurtarandan sonra istər-istəməz
Qəribin yetmişinci illərdə yazdığı "Rast"
povestini də xatırlamalı oldum. Bu əsərlərin
biri sovet dönəmində, biri isə müstəqillik illərində
yazılıb. Amma ictimai quruluşlar,
sistemlər dəyişilsə də, insanların xasiyyəti
və xarakterində, əməl və hərəkətlərində
oxşarlıqlar itməyib. İnsan öz
keçmişindən necə ayrıla bilər, xasiyyət də,
xarakter də bəzən əsrlər boyu dəyişmir.
"Rast"da da, "Skripka üçün mi
simi"ndə də Qərib Mehdi insan mənəviyyatının
saflığını, əqidə təmizliyini, humanizmi təbliğ
edir. Əgər cəmiyyətdə,
yaşadığımız mühitdə mənəvi iqlim
korlanırsa, ilk növbədə, yazıçılar bu
mühiti dəyişmək barədə fikirləşirlər.
Təbii ki, onlar inqilabçı deyillər,
amma bədii sözün qüdrəti hər şeyə
qadirdir.
"Rast" povestində Cəmil və Sərdar
Ağabəyli konflikti ilə şərtlənən həyat
materialı təkcə o uzaq illəri bizə
xatırlatmır. O tipli konfliktlər indi də davam edir. Nə
olsun, quruluş dəyişib, insanların içindən ki o
pislik, yamanlıq, Şərin kökləri qeybə çəkilməyib.
"Skripka üçün mi simi"ndə də
Sərdar Ağabəyli tipini əvəz edən qüvvətli
bir obraz nəzərə çarpmasa da, sanki onun "törəmələri"
saflığın qarşısında bir sədd kimi
ucalırlar. Doğrudur, dövran dəyişib,
artıq müstəqillik illərində yaşayırıq.
Qarabağ müharibəsinin
şıdırğı vaxtlarıydı, amma millətin bu
kor bağırsaqları hələ də irin verməkdə
davam edirlər. İndi pullu Faiqlər
meydan sulayır. Vaxtilə sevdiyi qadına
indi o, evinin bəzəkli bir əşyası kimi baxır.
Namuslu insanlar-Əhliman kişilər isə əzab
çəkirlər. 400 dolları
çatmır ki, musiqi istedadı olan sevimli nəvəsi
üçün skripka alsın. Axır
ki, dövrəsində olan adamların köməyi ilə
skripka alınır. Amma uşağın
ad günündə skripkanın mi simini qırır.
Povest lirik planda qələmə alınıb. Ümumiyyətlə,
Qərib Mehdinin nəsri üslubi baxımından iki qola
ayrılır. Vaxtilə "Rast" və
"Qərib hey" kimi sırf lirik üslubda qələmini
sınayan Qərib Mehdinin satik üsluba meyl etməsi mənə
də təəccüblü görünürdü. Amma onun satirik, daha çox yumorostik planda olan hekayələrini
oxuyanda hiss elədim ki, istedadlı bir yazıçı
üçün üslubi müxtəlifliyin elə bir əhəmiyyəti
yox imiş.
Qayıdıram mətləbə. "Skripka
üçün mi simi" povestində Qərib Mehdi yeni
dövrün həqiqətlərini əks etdirir. Zaman dəyişib və bu dəyişilən Zaman
insanların psixologiyasında, həyata münasibətində
də təbəddülatlar yaradıb. Müəllif
dörd obrazı diqqət mərkəzinə çəkir.
Əhliman kihi öz təmizliyi və mənəvi
bakirəliyilə bizə keçmiş illərin nəsr əsərlərindəki
kommunist obrazlarını xatırladır. Amma
fərqi budur ki, onun mübarizə üsulu
"dağıdıcı" xarakter daşımır, o,
inqilabçı deyil. Dərdlər və
xəstəliklər içində çabalayır.
Amma sonadək kişi qürurunu hifz edir,
bir kimsənin qarşısında əyilmir. Gəlini
Humay xanım itkin düşən ərini gözləməyib
ərə gedir, amma biz onu da qınamırıq. Bu tipli gözəl qadınların "fəlsəfəsi"
bizə yaxşı tanışdır. Hansı
şorgöz müdirinsə məşuqəsi olmaqdansa, ərə
getmək daha yaxşıdır. Nəvə-Nicat
isə gözlərimiz qarşısında böyüyür,
yaşa dolur, anasının yanında yaşasa da,
babasının tərbiyəsilə kamilləşir. Faiqə gəlincə, dövran onların olsa da,
cılız mənəviyyatları belələrini mənəvi
uçuruma sürükləyir. Təbii
ki, povestdə Qəribə məxsus şirin təhkiyə tərzi,
hər bir hadisənin mahiyyətinə varmaq cəhdi və ən
əsası lirik-psixoloji incələmələr, ana dilimizin
şəhdi-şəkəri povestin məziyyətləri
sayılmalıdır. Özü də maraqlıdır
ki, müqayisə etdiyim bu iki povestdə Qərib Mehdinin qəhrəmanları
musiqi ilə nəfəs alan insanlardır.
Ancaq deyim ki, birinci povestdə-sonda RASTın
qalibiyyətli sədalarını eşidiriksə, ikinci povest
sanki BAYATI ŞİRAZ üstə köklənib, qəmlidir,
amma sonu nikbinlik doğurur.
Qərib
Mehdinin "İç-içə üç povest" və
"Evin küçəyə baxan üzü"
kitablarındakı povestləri ilə də tanış
oldum. Qəribin yumora, ondan daha kəskin satiraya
meyl etməsini, öncə qeyd etdiyim kimi indi təəccüblə
qarşılamıram. Doğrudan da, bu
gün satira elə bil dincliyə qovuşub. Mirzə Cəlil,
Sabir, Haqverdiyev, Sabit Rəhman, Mir Cəlal qələminə məxsus
tənqid pafosunu davam etdirənlərin sayı çox
azdır. Qərib Mehdinin "Xəstə",
"Prezentasiya", "Qarğa", "Eşato",
"Seçim" povestləri Azərbaycan
gülüşünün yeni nümunələrini bizə təqdim
edir. Bu povestlər həm gülüş mədəniyyətinin
indiki səviyyəsi, həm də Qərib Mehdinin
satirik-yumoristik istedadı haqda müəyyən təsəvvür
yaradır.
Qərib Mehdi həyatın neqativ cəhətlərini, cəmiyyətdə,
yaşadığı mühitdə baş verən mənfi
halları ümumiləşdirməyi qarşısına məqsəd
qoyub. Onun təsvir etdiyi neqativ aləmə daxil olarkən
sanki Haqverdiyevin vaxtilə ifşa hədəfinə
çevirdiyi "marallar"ın yeni, müasir tipləri ilə
qarşılaşırsan. Təbii ki, zaman dəyişib,
indi mollaları, baqqalları, tacirləri, qoçuları
deyil, alim olmaq xəyalına düşən bisavadları,
istedadsız jurnalistləri, bacarıqsız müğənniləri,
harın biznesmenləri, bir sözlə, mənəviyyatsız
adamları tənqid hədəfinə tuş etmək,
onların böyük iddiaları ilə cılız
varlıqları arasındakı təzadları canlandırmaq
vacibdir. Qərib Mehdinin mühahidə "teleskopu" əsasən
daha çox bələd olduğu jurnalistika və elm aləminin,
evlər idarəsinin, redaksiyaların üzərinə
tuşlanır və yazıçı öz "marallar"nın qolundan tutub bircə-bircə onları
bizə tanıdır. Kimdir bunlar? İstedadsız bir insan-Çıraq müəllim.
Özünü hamıdan yuxarıda görmək arzusu ilə
yaşayan bu adam "Mıx-mismar müəssisəsinin
tarixi" haqqında "əsər" yazır. Göründüyündən ifrat dərəcədə
artıq görünmək arzuları puça
çıxır, çünki içində onu
böyüdəcək mənəvi bir təpər yoxdur.
O, hətta yaxşı baxmadığı anasının vəfatından
da öz cılız məqsədi üçün
yararlanmağa çalışır. Burda da
uğursuzluğa düçar olur. Fikrimizcə,
Qərib müəllim bu obraza həddindən artıq
karikatura cizgiləri bəxş edib. Onsuz
da bu tipli mənfilər ruhən də, daxilən də, hərəkət
və əməl baxımından da eybəcərdirlər,
onları daha da eybəcərləşdirmək, ifşanı
ifrat qrotesk səviyyəsinə çatdırmaq o qədər
də effektli görünmür. Amma bu da Qərib
Mehdinin priyomudur. Eyni priyomu biz
"Prezentasiya" povestində də görürük.
"Mən!.." kitabını
özünə həsr edən Samur Salamat da Çıraq
müəllimin başqa bir tayıdır. Amma bir məqamı
qeyd edim: bu tipli "xəstələr" ədəbiyyat və
elm aləmində az deyillər. Və özü də onların mühiti də var-
iddialı "Mən"lərin öz tərifçiləri
və havadarları olur. Sizə də yaxşı məlumdur
ki, müstəqillik insanlara söz azadlığı verdi və bundan xeyli feyziyab olan bir qrup ədəbiyyat
xəstəsi cild-cild "əsərlər" yazmağa
başladılar. "Prezentasiyalar"ın
sayı günbəgün artdı. Məncə,
"Qarğa" povestində-Səftər Sinədəftərin
kimliyilə bağlı bu "xasiyyətnamə" Qərib
Mehdinin hər üç povestindəki tiplərini və
onları ruhlandıran bazar iqtisadiyyatını səciyyələndirə
bilər: "Səftər Sinədəftər işini bilən,
ayıq adam idi. Bu adamın işə
başlaması üçün nə günəşin xəbərdarlığına,
nə saatın zınqrovuna, nə də ilham pərisinin nəvazişli
çağırışına ehtiyacı vardı. O,
çoxdan, hələ günəş qaranlığı əyməzdən
əvvəl yazı masasının arxasına
keçmişdi. Səftərin vaxt
öldürməyə, bəhanə tapsa belə ixtiyarı
yoxuydu.gBazar iqtisadiyyatı bütün sahələri
qanadı altına almışdı. Hətta
sənəti də. Səftər Sinədəftər
mövqe seçmək ustalığına yiyələnmişdi.
gPul qazanmaq, ad-san sahibi olmaq
üçün ancaq işləmək, işləmək
lazımıydı".
Qərib Mehdi dəyişilən dövranın
havasını, mənəvi iqlimini bəsirət gözü
ilə yaxşı müşahidə edir. "Humanist" povestində
belə bir cümlə ilə rastlaşırıq: "Bir həyətdə
dörd ailə yaşayırdı. Dolanışıqlarının
maddi çəkisinə, nüfuzlarının əhatə
dairəsinə görə bir-birindən fərqlənirdilər.
Yəni, qapıları bir həyətə
açılan bu dörd ailə dördmərtəbəli evə
bənzəyirdi". Qərib Mehdi dövrün bu təzadlarını
ustalıqla təsvir etməyə çalışır və
əksərən buna nail olur. Lirik ruhlu Qərib Mehdini satiraya sövq edən də
elə bu fərqli "mərtəbələrdir".
Yazmamaq olmur, Qərib müəllim! Yaz!
Onları bizə tanıt! Yeni əsərlərinin
intizarındayıq...
Ədalət.-2014.-26 dekabr.-S.7.