Sənətkar xoşbəxtliyi

 

Həqiqətdir ki, "şairlər sevməkdə bizə kömək edirlər"; hər şeydən öncə bəşəriyyəti, insanı, torpağı, külli-kainatı və yaşamağı sevməkdə... Söz adamına, şairə, poeziyaya münasibətdə bu fikir özünü bütün incəliklərinə qədər doğruldur.

Bu mənada tanınmış şair, həssas və səmimi insan Oqtay Rza müasirimiz olaraq həyata bağlanmaqda, onun bütün gözlənilməzliklərini xüsusi bir şövqlə sevməkdə bizə kömək edən şailərimizdəndir. Yaşam tərzində daha çox unudulmaz Hüseyn Arif, ünsiyyətçilliyində Səməd Vurğun ənənələrinin davamçısı olan Oqtay Rza hər qələm adamının xüsusi bir inamla ərk edə biləcəyi, eyni zamanda, hər qələm dostuna, könül adamına dərk edə bilən bir insandır. Bu mənada, sözün ən yaxşı mənasında Oqtay Rza istedadı ilə insanlığı üst-üstə düşən, biri o birini tamamlayan şairdir.

İnsanpərvərliklə poetik istedad onun ömür yolunu irəli aparan qoşa qanad kimidir. Oqtay Rza bütün varlığı, aldığı nəfəsdən atdığı addıma qədər milli adamdı. Bu millilik özündə qos-qoca bir bəşəriliyi ehtiva edir. Zəngin yaradıcılığı, özünəməxsus sənətkarlıq duyğusu bir yana, Oqtay Rzanın şəxsi yaşam tərzi, xarakteri, insanlığı olduğu kimi görünməyə sövq edən, həmdəmliyə və munisliyə yönəldən tərbiyə vasitəsidir. O, hər cür süniliyə, ucuz şöhrətpərəstliyə qarşı üsyan etməyə hesablanmış barıt çəlləyinə bənzəyir və bu xarakterinin oyatdığı bütün titrəyişlər şeirlərinin nəbzində xüsusi bir ayrıntıyla döyünməkdədir. Çoxsaylı oxucuların və ədəbi çevrənin dil əzbəri olan "Kişi öpüşləri yaman çoxalıb". "Özümünküdür" adlı şeirləri bu mənada Oqtay Rzanın vətəndaş-şair obrazının bütöv şəkillənməsi kimidir. Bu şeirlərin hər biri ayrı-ayrılıqda Oqtay müəllimin dünyagörüşünün həyata baxışının, yaşamanın müxtəlif yönlərdən özünü büruzə verən tərəflərinə ayna tutur, onu bir sənətkar-vətəndaş kimi ifadə edir; bu ifadə dolğun və cəlbedicidir, hər şeydən öncə, insanda əşrəfin oyadan tərbiyə vasitəsidir, səmimi və yaddaqalandır. Oqtay Rzanın "Özümünküdür" şerinin əhatə etdiyi mətləblərin dərinliyinə vaqif olduqca baxıb görürsən ki, həqiqətən də, şairin dediyi kimi, "Bütün nəticələr səbəbdən gəlib, Ənəlhəqq harayı Hələbdən gəlib". Dinimiz, etiqadımız dünyəvi düşüncələrin sintezi və harmoniyasından görüb-götürmüşlüyündən nəşə tapmasıyla yanaşı, dilimiz həmişə özümüzünkü olub. O cümlədən, tarixi nə qədər düz yazmasalar da, Novruza bağlı ilimiz ta əzəldən azadlıq aşiqi, müstəqillik mücahidi olan xalqımıza, tariximizə bağlıdır. Şairin xüsusi bir şövqinamla vurğuladığı, önə çıxardığı və qürur mənbəyi olaraq vəsf etdiyi dəyərlər millətimizin özünəqayıdış düşüncələrini irəli aparan əbədiyaşar abidələr kimidir; zaman bu abidələrin vəfalı yaddaşıyla yoldaşlıq edir, belədə, tarix unudlmur, tarix unutmur.

Oqtay Rza cəmiyyətdə baş verən aşınmalara, milli-mənəvi dəyərlərin umacaqlı münasibətlərin ayağına verilməsi faktlarına qarşı son dərəcə həssas və barışmaz bir şairdir. Bu cür hallara qarşı onun şair münasibəti son dərəcə aydın və birmənalıdır. Eyni zamanda bu bəlaların hansı milli facilərdən, xəyal, münasibət qırıqlıqlarından qaynaqlandığının da fərqindədi. O, bir söz adamı, müdrik sənətkar kimi yaxşı bilir ki, Gülüstan müqaviləsinin bu bədnam siyasət sayəsində torpaqlarımızın param-parça edilməsi, şəxsiyyətlərin xırdalanması işbazların çoxalması ilk növbədə təmənnalı münasibətlərin adi həyat tərzinə dönməsindən irəli gəlir. Və bu gedişat dərin vətəndaş ağrısı, xüsusi xəcillik duyğusu ilə bir şair qəlbini yandırıb yaxır.

Oqtay Rzanın yaradıcılığını şərtləndirən başlıca cəhət onun şair müşahidəsinin son dərəcə iti, nüfuzedici olmasıdır. O, inandırmağı bacarır. Bəşəriyyətin taleyi sarıdan nigaranlığım ifadə edəndə öz durumunu "xəyalım narahat gəmidir, ürəyim sıxılmış mərmidir" - deyə ifadə edəndə də, "Sonuncu mogikan kimidir uzaqda görünən tək işıq", deyə yazanda da oxucu onun səmimiyyətinə, müşahidə həssaslığına inanır və bu düşüncələri eyni zamanda öz qənaətləri kimi qəbul edir. O səbəbdən ki, bu sonuncu, eyni zamanda da yeganə ümid yeri olan işıq obrazında müəllifın və oxucunun özündən nəsə çox şey var. Bu doğmalıq, eyni taleyi yaşamaq anlayışından, reallığından gəlir. Bu işıq ona görə dəyərli, arzuolunandı ki, hardasa ümidsizlik girdabında boğulan yalqız bir kimsəni ovuda bilir, ümid yerinə dönür, təsəlli verir, "qorxma, mən səninləyəm" təskinliyi yaşadır. Bu himayədarlıq ilk növbədə Oqtay Rzanın öz işıqlı dünyasından gəlir.

Oqtay Rzanın vətəndaş, insan obrazı ilə şair-sənətkar varlığı həmişə insan-sənətkar təbini, bütün yaradıcılığını "boyu alçağın zirvədən boylanması" barışmaz olub, bu təbiət xeyir xəbərləri daşımaq üçün aydın sabahları gözləyib hər vaxt. Oqtay müəllim doğmalıq, xeyirxahlıq körpülərinin dönməz təbliğatçısı kimi həmişə bu körpülərdən xoş xəbərlərin, xoşməramlı yüklərin daşınması aşiqidir. Bu gərəkli, vacib düşüncələrini o, usanmadan, dəmadəm şeirdən-şeirə, misradan-misraya köçürür, oxucu hafizəsində möhkəmləndirir.

Oqtay Rza təmənnasız istəyinin işığında məsum bir körpə, ilkinlik durumuyla ömür edə-edə sinninin 80-ci çağına ləyaqətlə yol gəlib. Çoxsaylı şeir kitabları, coğrafiyaşünas alim fəaliyyəti, pedaqoq haqq-sayı həmişə onu oxucularının, dostlarının, ümumilikdə, cəmiyyətin sevimlisinə çevirib. O, vaxtın və bəxtin böyük dəyərini, töhfəsini xüsusi bir şükranlıqla yaşayıb.

Şərəflə daşıdığı Əməkdar müəllim adının hücrəsinə sığınıb yazmağı xoşlayır ki, "Nə var, nə dəbdəbə hərisiyəm mən, Belə yaşamaqdan çox xoşum gəlir". Həqiqətən də, Oqtay Rza, özünün yazdığı kimi, bütün ömrü boyu bir üzün sahibi olan qələm adamıdı; ilk növbədə azad, müstəqil dövlətiylə xoşbəxtdi, cavanlıq şövqü ilə xoşbəxtdi, gözəl ailəsi, ən nəhayət onu çevrələyən dost-tanışları, əbədiyaşar poeziyası, pak adı ilə xoşbəxtdir.

 

Ədalət.-2014.-26 dekabr.-S.6.