"Biznesmen" görüşə tələsir

Elvin Əhmədov isə çəkiliş meydançasında sevdiyi işlə məşğul olur

 

 Elvin Əhmədovun milli kinomuzdakı ilk böyük rolu uğurlu alındı. Elxan Cəfərovun yazıçı Aqil Abbasın ssenarisi əsasında çəkdiyi "Dolu" filmində Pələng obrazı ilə debüt edən istedadlı aktyorun digər rejissorların da diqqətini çəkəcəyi gözlənilən idi. "Dolu"dan sonra filmlərə, teleseriallara dəvət alan Elvinlə bu dəfə çəkiliş meydançasında görüşdük, özünün dediyi kimi, sevdiyi işlə məşğul olurdu. Bu barədə bir qədər sonra...

 

- Kinorejissorlarımızdan "Pələng"ə telefon zəngləri, təklifləri gəlirmi?

- Mobil telefonum günün 24 saatı açıq olur, ona görə quruluşçu rejissorlar, ikinci rejissorlar, rejissor köməkçiləri məni axtaranda çətinlik çəkmirlər. Əlbəttə, bu bir zarafatdı, gərgin keçən çəkilişlərdən sonra arada deyib-gülmək lazımdı. Yeni rolla bağlı təkliflərə gəlincə, gileylənməyə heç bir əsas yoxdu. Bədii filmlərə , teleseriallara da dəvət alıram.

- Başlayaq teleseriallardan...

- ATV kanalında yayımlanan "İkinci bahar" teleserialında Zeynal roluna çəkilmişəm. Rüstəm Əliyevin rəhbərlik etdiyi "Media Master" şirkətinin istehsalı olan bu teleserial böyük reytinq qazana bilib. İstedadlı rejissor Sain Qəhrəman Zeynal obrazını mənə həvalə etdi maraqlı işbirliyimiz alındı.

- Rejissor da bu fikirdədir?

- Məncə Sain bəy razı qalıb. Çünki növbəti serialda da mənə rol verib. Bu teleserial da "Media Master"də istehsal olunacaq. Həmin serialın "Lider" kanalı ilə yayımlanması nəzərdə tutulub.

- Bu gün serial sektorunda bir canlanma var, amma bu başqa bir söhbətin mövzusu ola bilər. Məni başqa məsələ maraqlandırır - Elvin Əhmədov bədii filmlərə çəkilir yoxsa, yox?

- Bədii filmlərə dəvətlər var. Türk kinematoqrafçılarının maraqlı bir layihəsinə dəvət almışam. Sınaq çəkilişləri aparılıb. Lakin indi bu layihə barədə ətraflı danışa bilmirəm, çünki bütün məsələlərə yanvardan sonra aydınlıq gələcək. Ümid edirəm ki, inşallah yaxşı olacaq. Amma "Səngər" haqqında danışa bilərəm.

- Buyur...

- Gənc istedadlı rejissor Pərviz Əliyev "Səngər" filminin çəkilişlərinə başlayıb. Mən bu ekran əsərində əsas obrazlardan biri olan əsgər roluna çəkilirəm. Çox mürəkkəb maraqlı obrazdır. Onu da deyim ki, "Səngər"in İstanbulda keçiriləcək qısametrajlı filmlərin beynəlxalq festivalında nümayiş etdirilməsi nəzərdə tutulub.

- Budəfəki görüşümüz çəkiliş meydançasında baş tutdu. İş prosesini kənardan izlədim səni fərqli ampluada gördüm...

- Sözün açığı, özüm istədim ki, elə çəkiliş meydançasında görüşək.

- Onda yeni işin barədə özün danış...

- Bu məkanda "Biznesmen" filmini çəkirik.

- Çəkirik deyəndə ki...

- Filmin quruluşçu rejissoru istedadlı rejissor Nail Naiboğludur. Ramiz Abdullayevin ssenarisi əsasında çəkilən yeni ekran əsəri komediya janrındadır. Baş rollardan birini həmkarınız oynayır.

- Kinoaktyor olmaq istəyən jurnalist kim ola?

- Bir zamanlar "Xəzər" TV- xəbər aparıcısı kimi tanınan Anar Nəcəfli. Anar bəydən başqa filmdə populyar aktyorlar da rol alıb, Xalq artisti Arif Quliyev, teatr səhnəsindən ekrandan tanındığımız Natiq Fərzəliyev, Xuraman Əlizadə "Biznesmen"də çəkilirlər. Gənc aktyor Cövdət Şükürova maraqlı bir obraz həvalə olunub. Filmin demək olar ki, son kadrlarını çəkirik, sonra isə növbəti bir mərhələyə-montaj prosesinə başlayacağıq.

Onu da xüsusi vurğulayım ki, "Biznesmen"in premyerasının dəqiq tarixi məlumdur- gələn il fevralın 14-də "Nizami" Kino Mərkəzində filmin qala-təqdimatı keçiriləcək.

- Yaxşı, heç öz işindən danışmadın...

- Mən "Biznesmen"in ikinci rejissoruyam. "Dolu"da aktyor kimi çəkilsəm bildiyiniz kimi, ixtisasca rejissoram. Ona görə , necə deyərlər, sevdiyim bir işlə məşğulam. Ona görə çəkiliş zamanı rastlaşdığımız çətinliklər müxtəlif problemlər məni yormur. Həm əlimə yaxşı bir fürsət düşüb, milli kinomuzda öz dəsti-xətti ilə seçilən Elxan Cəfərovu çəkiliş meydançasında həmişə müşahidə eləmişəm, ondan öyrənməyə çalışmışam. İndi Elxan müəllimdən öyrəndiklərimi həyata keçirməyə çalışıram. Elxan Cəfərov "Dolu"da Pələng kimi məsuliyyətli obraza məni çəkməklə belə deyək , bütün həyatımı dəyişdi. Ona həmişə minnətdaram.

- Yəqin xəbərin var, Aqil Abbasla Elxan Cəfərov növbəti bir filmin ssenarisi üzərində çalışırlar...

- Eşitmişəm. Hörmətli Aqil Abbasın yazıçılıq istedadına və Elxan Cəfərovun bacarığına hamı kimi mən də yaxşı bələdəm. Həmin filminböyük uğur qazanacağına indidən əminəm. Etimad göstərsələr yeni ekran əsərində də çəkilərəm. Aqil bəyin ssenari müəllifi olduğu, Elxan müəllimin quruluş verdiyi filmdə kim çəkilmək istəməz ki?

 

Ədalət.-2014.-27 dekabr.-S.12.