Publisistikanın hüdudları və
hüdudsuzluğu
(və ya
Türkiyə sevgisindən yaranan İstanbul obrazı)
Publisistika söz yaradıcılığının digər janrları ilə müqayisədə yeni sahəsidir. Yarandığı ilk
dövrdən publisistikaya münasibət (həm ədəbiyyatşünaslar,
həm də oxucular tərəfindən) birmənalı
olmamışdır. Onu bədii ədəbiyyatın ayrılmaz hissəsi
hesab edənlər çox olduğu kimi, bədii ədəbiyyatdan
ayıranlar da az deyil. Hər
iki tərəfin də öz aləmlərində daşdan
keçən arqumentləri vardır. Bu
bir gerçəkdir ki, publisistikanın yaranışı
birbaşa mətbuatın yaranması ilə
bağlıdır və ilkin vəzifəsi publikaya hər
hansı informasiyanın çatdırılması
olmuşdur. Lakin elə ilk gündən də
paralel olaraq elm, mədəniyyat, incəsənət, siyasət
və mənəviyyatın digər qütblərini əhatə
edən analitik, poetikasına görə bədii ədəbiyyatın
ən parlaq nümunələri ilə eyni səviyyədə
dayanmaq gücünə malik publisistik əsərlər
oxucuların, araşdırıcıların diqqətini
çəkmişdir.
Artıq publisistikanın konkret hüdudlarını
müəyyənləşdirib konturları təxmini belə
cızmaqda çətinlik çəkirik. Əlbəttə, söhbət
əsl publisistikadan - H.Zərdabi ilə başlanan Cəlil Məmmədquluzadə,
Üzeyir bəy Hacıbəyov, Əli bəy Hüseynzadə
ilə yeni inkişaf mərhələsinə keçərək
təkmilləşən, zənginləşən kamala yetən
və bu kamil Azərbaycan publisistika məktəbinin ənənələrinə
söykənərək bütün "izmlərdən"
xəbərdar olan müasir istedadlı publisistlərin əsərlərindən
gedir. Mənim üçün olduqca xoşdur
ki, bu istedadların arasında yazılarını sevə-sevə
oxuduğum, fikrimin, hissimin alt qatlarında mənim ruhuma
yaxın olan mövzuları qələmə
aldığına görə minnətdarlıq hissi
keçirdiyim, hər bir uğurlu (həm də orijinal və
çoxları üçün gözlənilməz)
yazısı haqqında özümlə həmqəlb olanlara
sevinə-sevinə danışdığım Məzahir
Əhmədoğludur. Mən bu kiçik
yazımda Məzahir müəllimin bütün
yaradıcılığı haqqında söhbət
açmaq fikrində deyiləm. Mənim aləmimdə
onun ayrıca olaraq publisistikası barədə ən mükəmməl
və dəyərli fikirləri Aqil Abbas bildirib. Ancaq...
gözləmədiyim, bəlkə də şüurumun alt
qatında uzun illər gözlədiyim bir hadisə baş verdi...
Mənə bir köynək doğma olan "Ədalət"
qəzetinin 21 iyun nömrəsini açıram. Öncə
İradə Tuncayın, Məzahir Əhmədoğlunun
imzalarını gəzir gözüm. Qəflətən
8-9-cu səhifələrdən Məzahirin doğma siması
boylanır...
Sərlövhə çox şeydən xəbər
verir.
"Başlanğıc: Yazmaq və Yazmamaq"
Birinci
cümlə məni çox-çox uzaqlara - altmış
yaşım olmasına baxmayaraq, sanki azı yüz il arxada qalmış uzaqlara aparır.
O illərin
Məzahiri - Türkiyə sevgisinin, İstanbul
sevdasının Məcnunu Məzahir canlanır xəyalımda.
Türkiyənin, türkçülük
ideyalarının yasaq olduğu illərdən bu günə
kimi qanı ilə canı ilə, bağlı olduğu
qardaş ölkənin, qardaş xalqın sevgisini qəlbində
ən əziz və qiymətli əmanət kimi gəzdirən
Məzahir Əhmədoğlunun bu mövzuya müraciət edəcəyinə
həmişə ümid etmişəm. Zaman-zaman bu inamın
işığı gah güclənib (birbaşa və
dolayısı ilə Türkiyə ilə bağlı
yazılarını oxuyanda), gah da öləziyib, onun bu
mövzuya müraciət edəcəyinə ümidimi
itirmişəm... Xüsusən də altmışı geridə
qoyduqdan sonra ...
İndi
isə qəflətən... Əlbəttə, məsələyə
bir qədər realist yanaşanda bəlkə də "qəflətən"
yerinə düşmür. Şimşək qəflətən
çaxana kimi nə qədər enerji toplanır buludlu
göyün üzündə.... Bir də
yaradıcı, istedadlı şəxslərdə yaş
şərti məsələdir. Hansı yaşda
olmasından asılı olmayaraq yaradıcı insan qələmə
aldığı illərin yaşantılarına təkrar-təkrar
dönür özünü ruhən həmin illərdə
hiss edir.
Bütün
bunlara baxmayaraq birinci hissəni oxuyanda daxilimdə
anlaşılmaz şübhələr oyandı: Türkiyə,
İstanbul... ilin-günün bu vaxtında nə yazacaq, yaza
biləcəkmi? Elə yazının
ortasında 35 ildən yuxarı tanıdığım və
dostluq etdiyim Məzahirin bu çətin işə boş yerə
baş qatmadığını anladım və sevindim.
"Başlanğıcı"
birnəfəsə oxudum, uzun müddət aclıq cəkən
insan acgözlüyü ilə... Mənəvi
aclığımı bir qədər doyurandan sonra aramla;
düşünə-düşünə, nəfəs ala-ala,
necə deyərlər yazının mənə verdiyi mənəvi
həzzi hiss edə-edə təkrar-təkrar oxudum...
Və Məzahirin ovqat yazarı olması haqqında uzun
illər əvvəl yaranmış qənaətim bir daha
möhkəmləndi.
Məzahiri yazmaq, yoxsa yazmamaq sualı
qarşısında qoyan səbəblərin bir çoxu
aydındır və başa düşüləndir. Səbəblərdən
biri Anarın, Elçinin əvvəllər - hələ sovet
dönəmində qələmə aldıqları səfər
təəssüratları, son dövrlərdə isə
İradə Tuncayın Məzahirin özü demişkən,
bənzərsiz, hətta türkiyəlilərin özləri
üçün də həm yeni, həm də bəzi məqamları
ilə çox dəyərli yazıları ola-ola..." bu
mövzuda yeni, oxucu marağına səbəb olacaq və uzun
müddət yaddaşlardan silinməyəcək bir yazı ərsəyə
gətirməyin məsuliyyətini dərk etməsidir.
Məzahir hec vaxt yazmaq xatirinə yazmayıb, hətta rəsmi
mövzularda, istehsalat mövzusunda belə yazarkən
bütün ruhu ilə həmin ovqata köklənib. O ki ola
Türkiyə, türkcülük... O Türkiyə
ki, 17-18 yaşlarından qanının bir hissəsi kimi
damarlarından axa..., hətta fotolarda belə görmədiyi,
yalnız oxuduğu ədəbi əsərlərdən və
tarix kitablarından təsəvvüründə
canlandırdığı yerlər-yurdlar vaxtaşırı
yuxularına girə.
Onun uzun
illər bu mövzunu qələmə almamasının əsl
səbəbi budur: Türkiyə barədə yalnız
yaxşı yazmaq... Bu isə əlbəttə
asan olmayacaq. Yeganə təsəllisi isə budur: indiyə
kimi asan başa gələn nəyə nail olub ki ... Onun bu
yazıda (əsərdə) məqsədi mənim fikrimcə,
Türkiyə haqqında, İstanbul haqqında danışmaq
deyil, Türkiyənin, müdrik və sirli İstanbulun
obrazını yaratmaqdır. Onun
yazısını başqalarından fərqləndirən məhz
budur.
Şüurlu həyatı boyu İstanbulun həsrətini
çəkən Məzahiri İstanbulun özündə də
İstanbul həsrəti tərk etmir. Bəlkə də çoxlarına
qəribə gələr belə çılğın, dəlicəsinə
həsrət... Bu bir sevdalı Məcnun həsrəti,
nisgilidir.
Türkiyə haqqında yazmaq Məzahir
üçün bir tale işi, bəlkə də alın
yazısıdır. Tanrının, bəndənin boynuna qoyduğu yükdən
isə qaçmaq olmaz... Nə qədər
çətin, əzablı olsa belə taleyə boyun əyərək
yükü çəkib əzabdan qurtulmaq gərəkdir.
"Mən ağır cəza ilə ittiham olunan
müttəhim kimi vəkilə və təsadüflərə
ümidli olmaq istəmirəm. Mən bu cəzadan
Tanrının mənə bəxş etdiyi ağlım və
istedadımla qurtularaq, "azadlığa"
alqışlarla qovuşmaq istəyirəm. Xəstəliyim və digər incidənlərim
imkan versə, bacaracağam".
Qəribə də olsa Məzahirin yazmaq qənaətinin
qətiləşməsi müalicə üçün
Türkiyə səfəri ilə bağlıdır. İstanbulda köhnə xatirələr,
təəssüratlar, illərin lay divarları arxasında
qalan təfərrüatlar yenilənir, durulur... lap dünən
baş vermiş kimi ilkin həyəcanı ilə boy verərək
özünü göstərir... Artıq yazmaq
eşqinin cazibəsi qarşısında dözüb dayanmaq
mümkün deyil. Hissin, həyəcanın
sözə çevrilmiş ilk sətirləri yaranır.
Amma son hələlik məchuldur. Bu yazı tezmi bitəcək, silsilə məqalələr
toplusu olacaq, yoxsa bütov bir əsər kimi meydana
çıxacaq... hələ ki, heç nə aydın deyil.
Bunu Məzahir özü də bilmir.
"Başlanğıcı"
oxuyub sona çatanda ağlıma ilk gələn fikir bu oldu:
Bu yazı burada bitə bilməz. Doğrudur, müəllif
yazır: "Heç özüm də bilmirəm ki, müəyyən
qədər səfər təəssüratlarından və
eyni zamanda mövzuyla bağlı xatirələrdən, hekayətlərdən
ibarət olması gözlənilən bu silsilə yazılar nə
vaxt bitib, nə vaxt sona çatacaq. Bilsəydim nə vardı
ki! Ancaq yazmaq lazım olduğunu artıq bütün
varlığımla hiss etmişəm. Və
qabaqcadan anons edim ki, səfər təəssüratları
burada daha çox başqa məqamların dirilib ayağa
qalxması üçün bir açar rolunu oynayacaq".
Qənaətimi möhkəmləndirən yuxarıda
oxuduğum cümlələr oldu.
Yazıda, belə demək mümkünsə, əsas
obraz, qəhrəman İstanbul şəhəridir. "Baş qəhrəmanla"
saysız-hesabsız tellərlə bağlı olan ikinci obraz
müəllifin özüdür.
Maraqlıdır ki, yazıdakı digər obrazlar bu və
digər dərəcədə müəllifin İstanbul
sevdasının oxucuya çatdırılmasında iştirak
edir. Oxuduğu əsərlər, xüsusən türk ədiblərinin
əsərləri, baxdığı filmlər, hətta
Türkiyə ilə birbaşa əlaqəsi olmayan sənət
nümunələri, həyati faktlar, onların
yaratdığı rəngarəng duyğular sonda İstanbul
sevgisinin nədən qaynaqlandığını
açmağa xidmət edir.
Bakının 25-27 dərəcə xoş, ilıq
havasından İstanbulun 17-18 dərəcəli
yağışlı havasına düşməyin nə
olduğunu ürək-damar xəstələri daha
yaxşı anlayar.
Belə havanın yaratdığı diskomfortdan daha
artıq müəllifin qanını qaraldan Bosforu aydın
görə bilməməsidir. Məzahirin həm
istedadının gücündən, həm də uzun illərin
qələm təcrübəsindən doğan qəribə
yazı manerası var; o, qələmə aldığı əsas
mövzunun içərisində asanlıqla digər
mövzulara keçid alır və hiss olunmadan yenidən
mövzuya qayıdır. Bu, əsl peşəkarlıq
nümunəsidir.
Almanlar
demişkən, hər cür müqayisə qüsurlu olsa da,
onun üslubunu peşəkar muğam ustalarının
ifasına bənzədirəm: oxuduğu muğam dəstgahının
içərisində ustalıqla digər muğam şöbələrinə
hiss olunmadan "dəyib qayıdan", başladıqları
muğamı ustalıqla davam etdirən ustad sənətkarların
ifasına ...
Məhz bunun nəticəsidir ki, o, İstanbul səfərinin
birinci məqsədi - müayinə və müalicə ilə
bağlı təfərrüatlara varmadan bir cümlə ilə
digər məsələlərdən bəhs etməyə
başlayır.
"Ledi Diana" otelini seçən Məzahir otelin
rahatlığından, ordakı komfortdan yox, oxucunun gözləmədiyi
halda, mənəvi, əxlaqi, sosial, bəlkə də daha
çox ruhi məsələlərdən söhbət
açır.
Eyni zamanda İstanbulun bir hissəsinin mənzərəsini
özünəməxsus şəkildə qələmə
alır: "Ayasofiya və Sultan Əhməddən üzü
yuxarı bizim İçərişəhəri xatırladan əyrin-üyrün
küçə və məhəllələrdə, bəlkə
də 50-dən artıq çoxulduzlu otellərin fərqli
görüntüləri və yığcamlıq bu dərəcədə
sıxlıqda insanı yormur, çaşdırmır. Qədimliklə müasirliyin də fərqi bir elə
nəzərə çarpmır. Məni ən
çox çaşdıran isə "Ledi Diana" otelində
gözəlliyi ilə ərəb şeyxlərinin də
gözlərini kəlləsinə çıxaran şahzadə
Diananı xatırladan mükəmməl bir guşənin və
ya iri portretin olmaması idi. Azad sevgi
mücəssəməsi, ya bəlkə də şəhvət
maksimalisti gözəl Diananın adı yalnız
xırda-xuruş otel ləvazimatlarının üzərində
görünürdü. Və bir neçə gündən
sonra mən tam əmin oldum ki, burada
çalışanların 90 faizi Diananın kim
olduğunu belə bilmir və o müdhiş faciəni də
dəqiqliyi ilə xatırlamır. Burada əsas
məsələ çalışmaq və pul
qazanmaqdır". Dünyanın, zamanın və bəlkə
də mühitin, şəraitin yaratdığı parodoksal mənzərəni
belə dəqiq və obrazlı təsvir etmək hər qələm
əhlinə nəsib olmur...
Doğma
İstanbulda 40 ildən çox dostluq etdiyi bir insanla
görüşməyindən, daha doğrusu, həmin
insanın Türkiyəyə gəlib "xəstəyə dəymək"
üçün onu axtarmasından, görüş
üçün vədələşməsindən, bu
görüşün qəlbini riqqətə gətirməsindən
qürur hissi ilə, bir qədər də təvazökarlıqla
bəhs edir Məzahir Əhmədoğlu. Söhbət
görkəmli yazıçı, böyük ziyalı, millət
vəkili Aqil Abbasdan gedir. Qırx ildən çox
dostluğun, qardaşlığın ən sınanmış
yollarından kədəri, sevinci birgə duya-duya,
yaşaya-yaşaya keçən, İstanbulu eyni, qoşa, bəlkə
də əkiz məhəbbətlə sevən iki
yaradıcı insanın İstanbulda görüşü Məzahirin
qələmində belə mənalanır: "Bütün
bunlar təkcə qarşılıqlı münasibətləri
şərtləndirən amillər deyil. Bu, Aqil
Abbasın özünütəsdiq missiyasıdır ki, elə
bütün həyatı beləcə sərbəstlik və
dürüstlüklə davam etməkdədir".
Bu görüşdən doğan təəssürat və
digər məqamların yer aldığı hissə "Hələ
ki, yazmaq..." adlanar. Aqil Abbas və İradə Tuncayla İstanbul
görüşü Məzahiri 40 il əvvələ,
70-ci illərin Bakısına qaytarır. Milli
ruhda yetişmiş, türkçü, turançı Azərbaycan
gəncliyinin azadlıq, müstəqillik, bütöv Azərbaycan
arzuları, istiqlal sevdası yetmişinci illərdə daha
böyük vüsət almağa başlamışdı.
Sözarası Bakı çayxanaları ilə
İstanbul çayxanalarının oxşar və fərqli cəhətlərinə
toxunur. Yeri gəlmişkən qeyd edim ki, ötən əsrin
70-80-ci illərində Bakıda bir neçə çayxana
azadfikirli ziyalıların, xüsusən milli ruhlu gənclərin
yığışdığı bir məkan kimi məşhur
idi. Sonra yenidən Aqil Abbas və İradə
xanımla İstanbuldakı görüşün təsvirini
verir. Elə həmin andaca İradə Tuncayın XXI əsr
Azərbaycan publisistikasında (mənim fikrimcə, həm də
nəsrində) hadisəyə çevrilən "Sarı
odalar" kitabını yada salır, kitabda İradə
xanımın 20 milyonluq "İstanbul ölkəsinin" bəzi
tarixi və indiki məqamlarından bənzərsiz, unikal
söhbətlər açmasından, əlamətdar bilgilər
paylaşmasından bəhs edir və özünəməxsus
orijinal şəkildə həmin kitabın onun
üçün nə qədər dəyərli olduğunu
göstərir: "Oxuyanlar bilir ki, bütün bunlar qəlbin,
ruhun, sevginin eyni anda bütünləşən cazibə
nöqtəsidir. Bu cazibə hər yoldan ötəni
özünə çəkməz də. Onun
ovu yüksək zövq qurbanlarıdır, toru-tələsi
sevdalılar üçündür".
Mənim fikrimcə, bütün bunlar hamısı "əsas
əbəbi qəhrəman olan" İstanbul obrazına bir
türk (həm də Azərbaycan türkü) sevgisinin hardan,
nədən qaynaqlandığını açmağa xidmət
edir. Bu hissədə İradə Tuncay da, Aqil Abbas da, elə
Məzahirin özü də bu psixoloji, publisistik romanın (Mən
filoloq olduğuma görə dəqiq bilirəm ki, ədəbiyyatşünaslıqda
roman janrının elmi təsnifatında belə növ
göstərilməyib. Lakin mən Məzahirin
bu yazısının janrını məhz yuxarıda göstərildiyi
kimi görürəm) obrazlarıdır və bu obrazlar
baş qəhrəmanın - İstanbulun aşiqləridir.
Məcnun Leylinin, Fərhad Şirinin aşiqi olduğu kimi...
İstanbul küçələrində
rastlaşdıqları qaraçılar Məzahiri, Məzahir
isə bizi-oxucularını 1975-ci ilin Bakısına
qaytarır.
Həmin illərin məşhur filmi "Tabor göyə
qalxır" və baş rolun ifaçısı gözəl
Svetlana Toma, onun hündürlüyü 4-5 metrə çatan
iri və cazibədar şəkli xatırlanır. Bu xatırlamada Məzahirin
sözü necə bacarıqla seçməsinə, sözdən
necə məharətlə istifadə etməsinə heyran
qalmamaq olmur: "Saçları çılpaq sinəsini
örtən baş rol ifaçısının sol
çiynindən bir qarış üzü aşağı rəssam
bu gözəlliyə ikinci bir "azadlıq"
vermişdi".
İkinci
hissənin sonlarına yaxın Məzahir yazır:
"Düşünürəm ki, hələ yazmalıyam, hələ
gerçəkdən başlanğıcdır. Və sağ
olsunlar birinci hissəni oxuyub mənə təşəkkür
edənlər və ruhlandıranlar".
Mən onun oxucularının çox olduğunu və
daha çox hansı zümrə üçün
yazdığını da bilirəm. Özü maraq və
həvəs göstərməsə də publisistikası, qəzet
öz yerində, elektron variantda da ən çox oxunan müəlliflərdəndir
- 3-4 nəfərdən biridir.
Üçüncü
hissənin başlığı çox şeydən xəbər
verir: "Buludmu olum, yoxsa ki, gəmi?" Mavi
gözlü div - Nazim Hikməti xatırlayıram.
İstanbul həsrətlisi, Gülhanə parkında ceviz
ağacına dönən və polisin fərqinə
varmadığı Nazim Hikmət... Bir də insanları
buluduyla, gəmisiylə, balığıyla, yosunuyla dəniz
olmağa çağıran Nazim Hikmət - müdrik Nazim Hikmət
yada düşür...
Qəflətən, havanın (həm də
doğulduğu ölkənin siyasi, ictimai havasının)
ağırlığından şikayət edən,
insanları qurğuşun əridib, güllə düzəltməyə
çağıran üsyankar Nazim Hikməti
xatırlayıram.
Düşüncələrimin
burulğanından bir təhər qurtulmaqda Məzahirin
yazısı yardımçı olur mənə...
Çünki Nazim Hikmətin misralarından sonra o
dövrün vətənpərvər, eyni zamanda
çılğın gəncləri xatırlanır. Həmin illərin
Vaqif Cəbrayılzadəsindən, Aqil Abbasından söhbət
açılır.
Sovet
dövründə hər il Soçi səfəri
zamanı Qara dənizin sahilində dayanan Məzahir saatlarla
gözlərini qarşı sahilə, dənizin o tayına,
görə bilmədiyi İstanbul-Türkiyə istiqamətinə
zilləyir. Suya atılmaq, bir türk gəmisinə
çatana qədər üzmək istəyir. Ya da insan
dilini bilən bir delfinlə qucaqlaşıb onu İstanbula
aparmasını arzulayır: "Bəlkə bir
balıqçı toruna düşüb ov kimi "xilas olmaq? "Yox, ən yaxşısı İxtiandra
çevrilməkdir. Sonra Qutteraya rast gəlmək, onu
sevmək, sahilə yan aldıqda isə seçim etmək:
Quttera, yoxsa İstanbulun mamırlı bir daş
parçası?
Daş
parçası! Bütün gözəlliklərə, sevgilərə
xəyanət edib İstanbulu seçmək..."
Bolqarıstanın Varna şəhərində Qara dəniz
sahilindən Türkiyəyə həsrət dolu gözlə
boylanan, oğlu Məhməti çağıran Nazim Hikməti
xatırlayıram. Şairin misraları yadıma
düşür. Bəlkə də misraların
sıralanmasını, sözlərin düzümünü təhrif
edirəm... Çünki bu anda yaddaşıma arxayın deyiləm...
Qarşı
yalı məmləkət
Səslənirəm
Varnadan:
Eşidirsənmi,
Məməd, Məməd?
Qara dəniz
axır durmadan
Dəli həsrət,
dəli həsrət...
Oğlum,
sənə səslənirəm...
Eşidirmisən,
Məməd, Məməd?
Sonra Nazim
Hikmətin ölümündən sonra ona şeir həsr
etmiş böyük Rəsul Rzanın misraları yadıma
düşür:
"Üfüqdə
göy gözlərin
Sarı həsrəti....."
Bir də həmin şeirdə Rəsul
Rzanın dünyasını dəyişmiş Nazim Hikmətdən
Məhməti yanına çağırmamaq təvəqqesini
xatırlayıram!
Şəkərim, qardaşım,
ustad,
Bir də ...
bir də çağırma Məmədi.
Çox sağ ol, Məzahir! Sənin bu
nadir yazının üçüncü hissəsi mənim
yaddaşımı təzələdi, ən ülvi
duyğularımı yaşadım. Elə
sənin dəfələrlə oxuduğum
"Başdaşında adın hanı?" məqalən
yadıma düşdü. Doğrudur, 5-ci
hissənin sonunda həmin məqaləni yada salmısan, amma heç
o məqalənin adını çəkməsəydin belə,
beşinci hissənin axarı məqaləni vaxtilə
oxuyanları həmin yazıya doğru aparacaqdı.
Səbirsizliklə gözlədiyim gün gəlib
çatır.
"Ədalət"in növbəti nömrəsi
əlimdədir. Tələsik adət
etdiyim səhifəni açıram. Tamam fərqli, bir qədər
də təzadlı təsir bağışlayan sərlövhə ...
"Mənim
sürrealist Kamikadzem"...
Məzahir yazıya oxucaların əvvəlki hissələrə
münasibəti ilə başlayır. Bu
oxucuların əksəriyyəti eyni təbəqənin
adamlarıdır. Yəni səviyyəli,
orijinal yazı tamarzısı olan, sözə, sənətə
dəyər verməyi bacaran, intellekli insanlardır.
Fərqli suallarla müraciət etsələr də nəticə
təxminən eynidir. Yazını bəyəniblər, davam etməsini
arzulayırlar. Hətta əhvalatların,
hadisələrin geniş, ətraflı yazılmasını
arzu edənlər də vardır. Lakin Məzahir hər
bir yazısını ərsəyə gətirərkən
oxucusunun reaksiyasını düşünməsinə, onun
qarşısında özünü borclu hesab etməsinə,
məsuliyyət hissi keçirməsinə baxmayaraq, yazarkən
özünə, yazı üslubuna həmişə sadiq
qalır; bacardıqca yığcam yazmaq, bir neçə
abzasda veriləcək bir fikri bir terminə
sığışdırmaq, 5-10 səhifəlik əhvalatı
bir neçə abzasda vermək...
Bu hissədə Azər Abdulla, Tofiq Abdin,
"Qobustan" jurnalı xatırlanır. Tofiq abinin
İstanbul həyatı yada düşür.
Axşamlar Gülhanəyə gedən Məzahir təkrar-təkrar
böyük Nazimi düşünür.
Qəflətən,
onun ağlına gələn bir fikir məni bir oxucu kimi
diksindirir: "Görəsən, bu qədər insanların
içərisində məndən başqa o dahiyanə
misraları və Nazim Hikməti düşünən
varmı?"
Məzahir çoxları üçün adi
görünən əhvalatları mövzuya çevirə, mənalandıra
bilir. Onun üçün mövzu qıtlığı
yoxdur. Əlcəzairdən olan gənc bir ərəb
xanımı ilə tanış olması
çoxları üçün adi əhvalatdan, təsadüfi
tanışlıqdan başqa bir şey deyil. Fransa
müstəmləkəçiliyinə qarşı mübarizə
aparan Əlcəzair xalqının qəhrəman qızı
Cəmilə xatırlanır. Vətəni uğrunda
ölümə gedən, şərəfli intihar yolunu
seçən Cəmilə...
Ərəb
dünyasının böyük yazıçısı Malik
Həddadın "Körpü partladılmalıdır"
romanında Əlcəzair xalqının Fransa müstəmləkəçiləri
ilə ölüm-dirim savaşını yada salır Məzahir
Əhmədoğlu.....
Və bir
də hələlik ən təzadlı əsr kimi tarixə
düşən XX əsrin başqa bir hadisəsini -əlcəzairli
Zinəddin Zidanın Fransaya dünya çempionu adı
qazandırmasını xatırladır oxuculara müəllif...
Nəhayət, hələlik sonuncu olan hissəni - "Bu adamlar hara gedir, əllərində işıq parçası?" sərlövhəli hissəni də oxuyub başa çıxıram. Sonda "davamı olacaq" sözlərini oxuyub daxilən rahatlanıram. Lakin nə növbəti həftə, nə də sonrakı həftələr yazının davamı gəlmir... Mən isə hələ də bu hissədə xatırlanan olayların təsiri altındayam: "Onlar (söhbət o dövrlər konservatoriyanın sonuncu kurs tələbəsi bəstəkar Rüstəm Rüstəmzadə, şərqşünaslıq fakültəsinin tələbələri olan Nazim və Ömərdən gedir) dövrün işıqlı gəncləri kimi tez-tez olurdular bizim açıq və qapalı məclislərimizdə. Qeyd etdiyim kimi, bizim iddialı və bəzən də tərəddüdlü söhbətlərimizin, mübahisələrimizin ümumi, eyni zamanda fərdi yanaşmalarımızın bünövrəsini yalnız bir məqsəd müəyyənləşdirirdi. Türkçülük, turançılıq ideyaları ətrafında mümkün qədər çox tərəfdar toplamaq". Sonra müəllif Vaqif Cəbrayılzadə, Rüstəm Rüstəmzadə ilə birlikdə DTK tərəfindən həbs olunmağından, müəyyən hədə-qorxudan sonra şərtlə azad olunmaqlarından söhbət açır: "Nə isə. Məni həmin şərtlərlə buraxır və bildirirlər ki, həmişə nəzarətdə olacaqsınız... Vaqiflə mən "Baksovetdən 26-lar" a getməliyik. Eskalatorla aşağı düşürük. Qarşı eskalatorla yuxarı qalxanların içərisində bir dəstə rusu Vaqif göydə tutur, üzü gülür. Bərabərləşməyə üç-dörd metr qalmış o, üzünü ruslara tərəf çevirərək var gücü ilə qışqırır: "Siz heç bilirsiniz mən kiməm? Mən Çingizxanın nəvəsi Batıxanam!"... Düşüb platformaya keçərkən Vaqif sanki hələ də "Sonuncu dənizə doğru" çapdığı atın belində idi".
Düşünürəm, axı bu belə bitə bilməz... İstanbulda tarakan yarışı ilə əylənən, dərdini gizlətməyi bacaran, əhli-kef təsiri bağışlayan rus generalı Çernota ilə, İstanbuldan Rusiyaya boylanan, vətən həsrətli, qaradinməz, yuxuda da, hətta oyaq olanda da sayıqlayan, getdikcə dəliyə, sərsəmə çevrilən qəddar, qorxunc, həm də nə qədər təəccüblü olsa da ona tapşırılan əmanəti qorumağa çalışan general Xuludovla bizi baş-başa qoyub yazını yarımçıq saxlamaq axı heç insafdan deyil...
Yazacağımı özünə bildirməsəm də, soruşmuşam bir dəfə: nəyə görə silsilənin davamını dərc etdirmir? Baxmayaraq indiyədək yazdıqları yetərincədir. Hər halda özü davamı olacağını bildirib.
Amma bu bir həqiqətdir ki, biz - onu tanıyanlar, həmin silsiləni oxuyanlar eyni fikirdə olmuşuq: birnəfəsə oxunan bu bənzərsiz yazının mümkün qədər gec qurtarmasını istəmişik.
Qələm dostlarından mərhum Tofiq Abdin bir yazısında Məzahiri "iddialı publisist" adlandırıb. Mənim fikrimcə, Məzahir istedadlı olduğu qədər də məsuliyyətli, hətta vas-vası təsiri bağışlayacaq qədər məsuliyyətli publisistdir. O, həyatda da elədir, özünə qarşı tələbkardır. Ümumiyyətlə, o, maksimalistdir. Sevgisi qədər nifrəti də böyükdür.
Yazının gözəlliyi, bənzərsizliyi məndə hərdən əks fikirlər də oyadır. Birdən, Allah eləməmiş, davamı zərif alınar, bəlkə heç daha bu mövzunu davam etdirməsin? Bəlkə o, elə şeylər yazıb ki... Amma bu fikri tez özümdən uzaqlaşdırır, əvvəlki qənaətimdə qalıram: Mütləq bu psixoloji, publisistik əsərin davamı olmalı, mövzu Məzahirin qələmində tam həllini tapmalıdır. Bizə isə bir oxucu kimi, dost kimi bu uğura sevinmək qalır.
Ədalət.-2014.-27 noyabr.-S.8-9.