"Qoy bilsinlər ki, Azərbaycanın tək nefti yox, incəsənəti də qiymətlidir"

 

Sakit Məmmədov: "Azərbaycan rəssamlığı çox ölkələrdən irəlidədir"

 

Dünya şöhrətli rəssam Sakit Məmmədov Adalet.az -a müsahibə verib.

 

"Tək rəsm çəkmək rəssamlıq deyil"

 

-Sakit müəlim, gözünüz aydın, qabiliyyət tələb edən ixtisaslarda test imtahanı ləğv edildi.

-Bu çox yaxşı oldu. Mən həmişə test üsuluna qarşı çıxmışam. Yaradıcı adamlar müəyən mənada birtərəfli olurlar. Hərtrəfli adam özü də şübhəlidir. Hamı üçün yaxşı olan insan da şübhəli adamdır. Ola bilməz ki, bir insan bütün sahələri gözəl bilsin. Məsələn, rəssam tarixi, coğrafiyanı bilmir, amma Allah ona elə bir istedad verib ki, bu onu sığortalayır. Musiqiçiləri götürək, keçmiş musiqiçilərin əksəriyyəti orta məktəbdə "2" qiyməti alıb. Amma onların hər biri dünya şöhrəti qazanıb. Baxmayaraq ki, yaradıcı insan müəyyən predmetlərdə zəifdir, çoxlarından, hətta böyük professorlardan belə, dünyaya baxışı daha gözəldir. Müəllim, professor və yaxud hər hansı peşə sahibi ola bilsin əzbərlədiyi şeyləri gəlib danışır, ancaq rəssam orjinallığı sevir.

Bütün insanlar yetənəklidir. Bəzən rəssamlar deyir, biz qeyri adiyik, ancaq xeyr, elə deyil. Hər kəsə ruh verilərkən tərtəmiz verilir, məkrli, yaltaq, ikiuzlu rul verilmir ki(gülür). Xarakter sonradan formalaşır.

Düşünürəm ki, test üsulunun götürülməsi yaradıcı insanlar üçün çox gözəl fürsət oldu. Bütün incəsənət sahələrində, hətta idmanda belə, səviyyə aşağı düşmüşdü. Ancaq bu o demək deyil ki, rəssam heç nə oxumamalıdır, mütaliə etməməlidir, elə küt bir vəziyyətdə şəkil çəkməlidir. Böyük rəssam odur ki, geniş dünyagörüşünə malik olur. Tək rəsm çəkmək rəssamlıq deyil.

-Rəssamlıq sizin üçün geniş bir məfhum olaraq hansı komponentləri özündə birləşdirir?

-Bəzən başqa sahənin insanlarına da rəssam deyirlər. Məsəl üçün ruslar hətta bəstəkar, jurnalist və digər sahələrin nümayəndələrini də "xudojnik" adlandırırlar. Rəssam tək rəngi yox, hər bir şeyi görmək iqtidarında olandır. O dünyəvi insan olmalıdır. Başını aşağı salıb, şəkil çəkməklə rəssam olmaq olmur. Əsrin rəssamı hesab olunan Pikassonu götürək. İlk rəssamdır ki, Nobel mükafatı alıb. Onun dünyagörüşü o qədər geniş idi ki... Rəssam yeni bir dünyagörüşü gətirən, sənətə yeni gözlə baxandır. Götürüb nəyisə kopya etməklə rəssam olmaq mümkün deyil. Rəssam odur ki, şəxsin daxili aləmini göstərə bilsin. Pikassoya sual verirlər ki , indiki rəssamların çoxu kopya edir, hamısı bir-birinə oxşayırlar. Pikasso isə cavabında deyir ki, insanların da hamısı bir-birinə oxşayır, orjinal insan azdır.

Baxın, cəmiyyətdə insanlar nə qədər bir-birinə oxşayırlar. İndi insanlar elə bir vəziyyətə çatıb ki, sanki gözəllik yarışmasına çıxıblar. Gözəl burun, qulaq, göz axtarırlar. Dünya getdikcə sanki kiçililr, insanların düşüncəsi çox cılızlaşıb. Həmişə belə olub, ancaq XXI əsrdə belə olmamalıdır axı.

O dövrlərdə hər hansı rəssamın sorağı sərhədlər aşana kimi on illərlə vaxt keçirdi. İndi isə biri bayağı rəsm çəkir, qoyur internetə bütün dünyaya göstərir.

Görürsünüz, Avropada rəssamlıq geri gedir, sanki sənət ölüb. Avropada artıq böyük sənət əsərləri yaradılmır. Azərbaycan rəssamlığı çox ölkələrdən irəlidədir. Çin və Hindistanı götürək, baxmayaraq ki, insanlarının sayı demək olar dünya əhalisinin yarısını təşkil edir, bu ölkələrdə məşhur rəssamlar çox azdır. Bizim Tahir Salahov, Mikayıl Abdullayev kimi dünya şöhrətli rəssamlarımız var. Müasir dövrdə də yaxşı rəssamlarımız az deyil.

 

"Rəssamlar İttifaqının varlığı ilə yoxluğu bəlli deyil"

 

-Ancaq bizim rəssamlar dünya sərgi salonlarına çıxa bilmirlər.

-Bunun bir çox görünən və görünməyən tərəfləri var. Rəssamlar İttifaqı da bu yöndə heç bir iş aparmır.

-Demək olarmı ki, Rəssamlar İttifaqı ölü bir qurumdur?

-Bəli. Bu qurumun varlığı ilə yoxluğu bəlli deyil.

-Səbəbləri nə ilə bağlıdır sizcə?

-Heç nə, sadəcə sədrlə

-Artıq 27 ildir ki, İttifaqın sədri dəyişmir.

27 ildir bir yerdə oturub. İnsan da bir yerdə çox oturduqca passivləşir. Qonşu Gürcüstan, Rusiya və başqa ölkələrin Rəssamlar İttifaqı rəssamlarını xaricə göndərir, davamlı sərgilər təşkil edir, onları dünya arenasına çıxarırlar. Göstərin görək, bizim Rəssamlar İttifaqı bir dəfə də olsun xaricdə sərgi təşkil edibmi? Sərgi bir yana, hər hansı gəncə dəstək olubmu? Onlar heç bu maraqda deyillər.

-Buna baxmayaraq Rəssamlar İttifaqının üzvlərinin sayı durmadan artır.

-Nə olsun ki. Elə yolla keçəni götürürlər. Yolla keçəni ora qəbul edəndə bu cür olur. Sovet dövründə İttifaqa üzv olmaq çox çətin məsələ idi. Rəssamdan beynəlxalq, SSRİ səviyyəsində sərgilər tələb olunurdu. Beş-on nəfər götürərdilər, ya yox. İndi yolla keçən uşağını yanına salıb, aparıb İttifaqa üzv yazdırır. Hansı uşaqdan soruşursan, Rəssamlar İttifaqının üzvüdür.

-Sədr postuna uğurlu alternativ kimi görürsünüz?

-Çoxdur. O qədər var ki...

-Məsələn, kimlər?

-Nəzərimdə olanlar var, çoxdur. İstərdim gənc, enerjili adam olsun. Vacib deyil rəssam olsun. Hər hansı müəllimi, məktəb direktorunu gətirib sədr postuna qoysan, o, Fərhad Xəlilovdan yaxşı idarə edəcək. Orda Amerika açmaq lazım deyil ki. Rəssamlar İttifaqı rəssamların hesabına çox varlı ola bilər, sərgi yarmarkaları, İttifaqın nəzdində kurslar təşkil etmək olar. Xaricdə təşkli olunan sərgilərdən gələn gəlirdən faiz götürmək olar. Ancaq eləmirlər. Rusiya Rəssamlar İttifaqını, Çin Rəssamlar İttifaqını götürək, bizimlə müqayisə edək. Mən Şanxayda olanda Rəssamlar İttifaqının sədri ilə görüşdüm. Onlar nələr etmirlər. Artıq xeyli varlanıb, zənginləşiblər. Bizimki də danışanda deyir ki, pul yoxdur. Yoxdursa çıx, get də.

-Rəssamlar İttifaqı dövlət tərəfindən maliyyələşmir ki?

-Maliyyələşir. Əslində Rəssamlar İttifaqı dövlət tərəfindən maliyyələşməməlidir. Yaradıcı insanlar gəlir gətirə bilərlər. Baxın "YARAT" nə qədər gözəl sərgilər təşkil edir.

-Ancaq "YARAT"-ın təşkil etdiyi sərgilər heç də birmənalı qarşılanmır.

-Söhbət onların aktivliyindən gedir. "YARAT"-ın sayəsində onlarla azərbaycanlı rəssam dünya çapına çıxıb. Mən xaricdə səfərdə olanda bizim gənc rəssamları tanıdıqlarının şahidi oluram ki, bu da məni çox sevindirir. Ancaq Rəssamlar İttifaqından indiyə qədər kimi hara göndəriblər? Heç yerə! Orda bir dostluq qrupu formalaşıb, oturub baş girələyirlər.

Rəssamların potensialını göstərmək üçün Rəssamlar İttifaqı sərgilər təşkil etmir. Ancaq yubileydən-yubileyə, gözləsinlər kimin 70 yaşı olacaq, o vaxt onun sərgisi keçiriləcək. 60-da deyirlər, gözlə, 70 olsun, onda təşkil edərik. Bəlkə bu insan heç 70-ə kimi yaşamadı...

 

"Heç vaxt hazırlaşdırdığım tələbədən pul almamışam"

 

-Bir ara Yetim İstedadlar Cəmiyyəti adlı qurum yaratmaq istəyirdiniz. Bununla bağlı məsələ nə yerdədir?

-Yetimlər o qədər çoxalıb ki(gülür) Müraciətlər çox olur, ancaq gücüm 5-10 nəfərə çatır. Mənim tələbələrim xeyli aktivdirlər, artıq dünyada tanınırlar. Onlar Sinqapurdan tutmuş Fransa, Almaniyayadək müxtəlif ölkələrdə keçirilən sərgilərə qatılırlar, böyük mükafatlar qazanırlar. Xaricdə sərgilərim təşkil olunanda mən onları da özümlə aparıram. Bu yaxınlarda Portuqaliyada beynəlxalq festival təşkil olunmuşdu, tələbələrimi də özümlə apardım. Hətta onları İspaniyaya da aparıb, ordakı bütün muzeyləri gəzdirdim. Mən heç vaxt hazırlaşdırdığım tələbədən pul almamışam, bunu heç kim deyə bilməz.

-Əslində, gözəl ideya idi. Bu ideyanın reallaşmasında sizə dəstək olsaydılar çox yaxşı olardı..

-Bizdə yetim istedadlar anlayışını düzgün anlamırlar. Onu yoxsul, yazıq kimi qələmə verirlər. O qədər zəngin, varlı insan var ki, psixologiyası yetim psxiologiasıdır. Bir tələbəm vardı, yeddinci sinifdə oxuyurdu, gözəl qabiliyyəti var idi. Gələcəyini çox parlaq görürdüm, elə zənn edirdim ki, böyük rəssamlardan biri olacaq. Çünki sənəti çox gözəl hiss edirdi, qeyri-adi uşaq idi. Bir də xəbər tutdum ki, gedib gəmiçilik məktəbinə. Nə var- nə var uşağın atası da o sahə üzrə işləyir. Bu mənə çox pis təsir etdi.

 

"Bizdə zəngin insanlar rəssamlığa yuxarıdan aşağı baxır, bu sənəti dülgərliklə müqayisə edirlər"

 

-Bu kimi məsələlərdə"ot kökü üstündə bitər" prinsipinin, geniş anlamda mentalitetin də təsiri az olmur...

-Bizdə zəngin insanlar rəssamlığa yuxarıdan aşağı baxır, bu sənəti dülgərliklə müqayisə edirlər. Amma xaricdə istisnadır, rəssamlıq şərəfli peşə hesab olunur. Rəssam adı gələndə baş əyirlər.

-Oğullarınız da rəssamdırlar. Necə fikirləşirsiniz, onlar sizin sənətinizi layiqincə davam etdirə biləcək gücdədirlər?

-Hələ bilinmir. Onlar məni hələlik qane edə bilməzlər. Bir müddət çəkməli, öyrənməlidirlər. Yaş dövrü məsələsi var.

-Kömək edirsiniz onlara?

-Mənim emalatxanamda ata sözü işlənmir. Hazırlıq prosesində digərləri kimi onlar da sadəcə mənim tələbələrimdi. Əksinə, tələbələrimdən hansının işi yaxşısıdırsa, onun işini seçib xaricə göndərirəm. Müəllim gərək hər tələbəyə öv övladı kimi baxsın. Elə ki ayrıseçkilik edirsən, bədbəxtçilik ordan başlayır.

-Fikrinizcə hansı daha istedadlıdır, Cəsar yoxsa Nizar?

-Onların hərəsinin özünəməxsus yolu var. Cəsar tamamilə başqa səpkidə çəkir, mənə qətiyyən bənzəmir.

 

"Oğullarımın oynadığı seriala heç baxmırdım"

 

Bir ara aktyorluqda da özlərini sınamaq istəyirdilər. Buna münasibətiniz necə idi?

-Çox pis. Onların oynadığı seriala heç baxmırdım.

Bilirsiniz, insanların yaralı yeri var, ondan çəkib, tamaşaçıların damarını tuturlar. Baxıb, deyirsən ki, bu nə yaxşı oynayır. Mən bilirəm axı, oğlum hansı səviyyədə oynaya bilər, ona niyə baxım? Əsl aktyor ağladığı anda gülə, güldüyü yerdə hönkür-hönkür ağlaya bilməlidir. Yoxsa həyatda olduğun kimi oynamağa nə var. Məsələn, məni hər hansı rəssam roluna çəksinlər, onu elə yaxşı oynayaram ki. Bu aktyorluq deyil. Aktyor odur ki, Kirk Duqlas kimi Van Qoq rolunu oynaya bilsin.

-Modernist əsərlərə qarşı fobiyanız hiss olunur.

-Mənim əsərlərimin özündə də abstraksiya var. Modernist əsərlərə heç də pis baxmıram, sadəcə istənilən halda yaradıcı insan professional olmalıdır. Professionallıq ruhu, ruh da şəxsiyyəti formalaşdırır. Əgər yaradıcı insan bir şəxsiyyət olaraq formalaşıb, ortaya çıxırsa və dünya onu qəbul edirsə, demək əsl rəssamdır.

Götürək Pikassonu, neçə-neçə üslubda işləyib. O tək kubizmlə tarixdə qalmadı. Pikassonun digər işlərinin qarşısında da insanlar baş əyirlər.

-Pikasso deyiləndə ilk ağıla gələn kubizmdir. Onun novatorluğu da məhz bununla ölçülür. Bəs Sakit Məmmədovu nəyə görə novator adlandırmaq olar?

-Mənim özümə məxsus stilim var, bütün dünyada da tanınır, bilinir ki, bu Sakit Məmmədovun əsəridir. Bu artıq mənim novatorluğumdur. Novatorluq təsviri əyməklə, əzməklə ölçülmur.

Pikasso "Nobel"i kubizmə görə yox, sülh naminə çəkdiyi göyərçin rəsminə görə aldı. O elə bir şəxsiyyət idi ki, hara yönləndirsəydin mütləq PİKASSO çıxacaqdı. O sözün yaxşı mənasında ipə-sapa yatmayan bir insan idi. Sonda da dedi ki, mən bütün dünyanı barmağıma dolayıb gedirəm.

-Belə baxıram ki, ən çox sevdiyiniz rəssam Pikassodur.

-Pikassodan da çox sevdiyim rəssam Rembrantdır, Monedir.

-Əsərlərinizə baxdıqda əlvan rəngləri, daha çox isə qırmızı rəngi sevdiyiniz hiss olunur.

-Bənövşəyi rəngi də sevirəm. Amma bəli, qırmızını daha çox sevirəm. Çünki qırmızıda əhval-ruhiyyə var, bu rəng insanı canlandırır.

 

"Vaxt gələcək respublikada mənim adıma küçə və ya prospekt olacaq"

 

-Hələ də Xalq rəssamı adına layiq görülməmisiniz.

-Ancaq dünya səviyyəsində o qədər mükafatlara layiq görülmüşəm ki. Mən fəxri adlara görə canfəşanlıq edən insan deyiləm. Rəssamlar var ki, kolleksiyasında müxtəlif adda mükafatlar var, ancaq bunlar milli mükafatlardı, Azərbaycanda veriblər. Əsas odur ki, mükafat və titulları ölkə xaricindən gətirəsən. İtaliyadan, Almaniyadan, Fransadan, Portuqaliyadan, İspaniyadan, Çindən, Avstriyadan, Rusiyadan, Ukraynadan orden və mükafatlar gətirmişəm. Portuqaliyada 367 rəssam içərisində qalib oldum, Qran-pri aldım. Moskvada keçirilən müsabiqədə 2 nominasiyada birinci oldum. İtaliyada "Leonardo Da Vinçi " ordenini almışam. Hansı ki, orda təsviri sənət sahəsində bundan böyük mükafat yoxdur. Avropanın "Şərəf" ordeninə layiq görülmüşəm. Rusiyada "Minilliyin adamı", Almaniyada Avropa Təbii Elmlər Akademiyasının həqiqi üzvü seçilmişəm. Adətən xarici vətəndaşları həqiqi üzv seçmirlər. UNESCO Rəssamlar İttifaqının üzvüyəm. Rusiya İmperator Akademiyasının akademikiyəm. Bu yaxınlarda məni Çingiz Aytmatov adına mükafata layiq gördülər.

-Bu minvalla düşünmək olar ki, siz Azərbaycanda deyil, başqa bir ölkədə, məsələn, Rusiyada yaşasaydınız, daha böyük şöhrət qazanardınız...

-Mən Peterburq Rəssamlıq Akademiyasını bitirdikdən sonra akademiyanın prezidenti Boris Sergeyeviç Uqarov məni orda qalmağı təklif etdi. Dedi, qal burda müəllimlik et, səni evlə də təmin edərik, Azərbaycanda sənə bunları verməyəcəklər. O Azərbaycanpərəst deyildi, bunu hiss edirdim. Acıqla dedim ki, hörmətli Boris Sergeyeviç, ola bilər mənim evim olmasın, gedib emalatxanada, kirayədə, rayonların birində yaşaya bilərəm, ancaq Azərbaycan xalqı elə bir xalqdır ki, qiymətim mütləq veriləcək, vaxt gələcək respublikada mənim adıma küçə və ya prospekt olacaq. Bu cavabımla kişini sanki "tok" vurdu.

-Uğurlarınıza paxıllığa varacaq qədər qibtə edən rəssamlar var?

-Bu olmalıdır. Paxıllıq edirlərsə bu o deməkdir ki, sən varsan. Vay onun halına ki, ona heç kim qibtə etmir. Bir partada, bir sinifdə oxuduğu, sənətə bir dövrdə gəldiyi insan irəli gedir, dünya şöhrəti qazanır, o isə hələ də yerində sayır. Təbii ki, qibtə hissi keçirməli, paxıllıq etməlidir. Bu o insanın zəifliyindən irəli gəlir. Əgər onun paxıllığını dilə gətirirsənsə, adını çəkirsənsə, bu o deməkdir ki, ondan da zəifsən.

-Tələbələrinizin işlərinə baxdıqda tamamilə sizin dəsti-xəttiniz hiss olunur.

-Bu məktəb formalaşdırmaq deməkdir. Biz Peterburqda Moyeseyenkonun yanında təhsil alanda hamı onu yamsılayırdı, ancaq mən yox. Gözəl rəssam idi, hamı ona oxşamaq istəyirdi, ancaq mən istəmirdim, içimdən gəlmirdi. Azərbaycandan da xeyli rəssam var idi ki, Moyeseyenkonun tələbəsi olmuşdu. Hamısı da onu təkrar edirdi.Sonradan onlar da yaradıcılıqlarının istiqamətini dəyişdilər.

Yamsılamaq yaxşıdır, nəinki ümumiyyətlə işləyə bilməmək. Üslub məsləhətlə yox, işlədikcə öz-özünə formalaşır. Mən heç özüm də dəqiq bilmirəm, bəlkə sabah yaradıcılığımın istiqaməti 180 dərəcə dəyişdi. Bir rəssam ki, deyirsə mən üslubumu tapmışam, demək o ölüb.

 

"Mən dünyaya ona görə gəlməmişəm ki, bütün sülaləm üçün ev alım, sərvət qoyum"

 

-Yeni rəsm çəkməyə başlayan 10 yaşlı Sakit qarşısına qoyduğu məqsədə nə dərəcədə nail olub?

-Mən yenə də hesab edirəm ki, elə həmin yeniyetməyəm. Neftçalaya gedən kimi elə bilirəm yenə də çıxıb futbol oynayacam(gülür). Rəssamlıq şəxsiyyət olmaq üçün bir vasitədir. Mən rəssam olmasaydım bəlkə də böyük musiqiçi idim. Yəni, o dərəcədə musiqini gözəl hiss edirdim.

-Respublikada əsərləri ən baha satılan rəssamsınız. Yaradıcılığınızı tam satışa hesablayırsınız?

-Qətiyyən. Heç vaxt çox varlı olmaq istəməmişəm. Allah mənə ruzi, bərəkət versin sadəcə. İstədiyim kitabı ala, istədiyim ölkəyə, muzeyə gedə, tələbələrimə köməklik edə bilim. Mən sadəcə bu qədər istəyirəm. Yoxsa nəvəmə də ev alıb qoymaq fikrində deyiləm. Etməyəcəm də. Mən dünyaya ona görə gəlməmişəm ki, bütün sülaləm üçün ev alım, sərvət qoyum. Tikinti şirkətinin müdiri, biznesmen deyiləm, mən rəssamam. Onlar üçün ad qoyub gedə bilərəm. Ola bilər ki, ataları mənim səviyyəmə çatmadılar, heç olmasa qoy desinlər filankəsin nəvəsidirlər.

Bəzən elə müsabiqələr olur ki, ora heç əsər satmaq fikri ilə getmirəm. Simvolik olaraq katostrafik qiymət qoyuram. Niyə? Xaricdə deməsinlər Azərbaycan tək neftinə görə tanınır, qoy bilsinlər ki, bu ölkənin incəsənəti də qiymətli, dəyərlidir.

-İndiyədək ən ən baha satılan əsərinizin qiyməti neçə olub?

-Hollandiyada, Sinqapurda auksiona qoyulan əsərlərim baha qiymətə- 100 min dollara satılıb. Ancaq bu əsərlərdən gələn gəlirin hamısı mənə çatmır.

-Bizim əksər rəssamlar arasında belə bir fikir formalaşıb ki, sənət əsəri satılmamalıdır.

-Boş-boş danışırlar. Onlar işlərini heç qonşusuna da hədiyyə versələr, götürməz. Olub ki, mənə hansısa rəssam öz işini hədiyyə edib, divardan da asmamışam.

 

"Sergey Narışkinin dəvəti ilə Rusiya Dumasında fərdi sərgim keçiriləcək"

 

-Yola salmaqda olduğumuz 2014-cü il yaradıcılıq baxımından sizin üçün məhsuldar oldu?

-Çox məhsuldar oldu. Xeyli yeni ideyalar üzərində işlədim, mükafatlar aldım. "Leonardo Da Vinçi" ordenini, Avropanın "Şərəf" ordenini aldım. Avropa Akademiyasının həqiqi üzvü seçildim. Daha bundan artıq nə olmalıdır ki. Çoxları bunları ömrü boyu əldə edə bilmir, mən isə cəmi 1 il ərzində nail oldum.

-Gələcək üçün nə planlarınız var?

-Gələcəkdən çox öləcək haqda düşünmək gərəkdir(gülür). Çoxları deyir ki, gələcəkdə bunu edəcəm-onu edəcəm, ancaq ölümü də düşünmək lazımdır. Hər günü ömrünün son günü hesab etmək, zamanı boşuna verməmək lazımdır.

Qismət olsa planlar çoxdur. Sergey Narışkinin dəvəti ilə Rusiya Dumasında fərdi sərgim keçiriləcək. Daha sonra Puşkin muzeyində sərgim olacaq. Londonun məşhur Teit Qalereyasında sərgim təşkil olunacaq. Bu ilin may ayı üçün Tayvana dəvət almışam. Pekində Beynəlxalq sərgidə iştirak edəcəm. İyun ayı üçün isə Luvr muzeyindən dəvət almışam.

 

Sahib Əsədbəyli

Ədalət.-2014.-30 dekabr.-S.4.