Gül üzlü, gün üzlü Nurəngiz
Gün...
O, qənirsiz gözəl olub, lap
"su sonası” kimi. Gəncliyində görənlərin
"ağlını başından alıb”, neçə-neçə
igidin ürəyinə od salıb, hətta cavan qızlar da
ona həsədlə baxıblar. Hələ bu,
harasıdır, özü də sonralar öz gözəlliyindən
heyrətə gəlib. Etirafına baxın: "Şəkillərimə
baxanda deyirəm ki, İlahi, bu qızdakı nə gözəllik
olub belə?” Elə ahıl çağında da yaş
öz işini görsə də, zaman gözəlliyini soldursa
da, bu gözəlliyin izi ilişib qalmışdı o gül
çöhrəsində, tərk etməmişdi sahibini,
cizgiləri açıq-aydın görünürdü.
İndi də payız Günəşinə bənzəyirdi,
görənlər yenə də heyran olurdu: "Ay aman, bu,
cavanlıqda gör necə gözəl olub ey...”
Doğrudan da, gənclik şəkillərinə
baxdıqca baxmaq istəyirsən, bir eyib, bir qüsur tapa
bilmirsən.
Bu gənclik şəkilləri uşaq vaxtı nənəmdən
eşitdiyim bir fikri xatirimə gətirir: bu qız lap
"şahlara layiq gözəl”dir ki...
Amma çox zaman Allahın böyük səxavət və
lütflə bəxş etdiyi "gözəllik” sahibinin
başına bəla olur.
Bəxtindən yarımır gözəllər, bəxtləri
də özləri kimi gözəl olmur. Kimlərəsə
xonça-xonça düşən bəxtəvərlikdən
onlara bir misqal da çatmır, özləri quzeyli olur, bəxtləri
güneyli... O, necə, bəxtindən yarımışdımı?
Bilmirəm, mən bilmirəm... Yenə özünün
çox-çox sonralar etdiyi etirafı oxuyaq: ”Gözəlliyimin
qədri bilinmədi, heyf oldu getdi. Gözəlliyimə
yaraşan həyatım olmadı...” Özünün də
"günah”ı az olmayıb, yenə
öz dediyini xatırladıram: "...gözəlliyimin fərqində
olmamışam. Heç vaxt gözəlliyimdən istifadə
etmək fikrim olmayıb”... Bax belə... Aydındır...
Şikayət, giley-güzar, peşimançılıq...
Amma taleyindən gileylənməyə də haqqı yox
idi. Allah ondan çox şeyi əsirgəməmişdi,
bu zəriflik, bu incəlik, bu gözəlliklə yanaşı,
onu həm də xüsusi istedad sahibi etmişdi. O,
sıradan biri deyildi...
***
Nurəngiz
Gün... Tanınmış söz adamı,
şairə-publisist, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, Prezident təqaüdçüsü.
O, Bakıda ziyalı ailəsində anadan olub. Tibb
məktəbini bitirib. Sonra Azərbaycan
Dövlət İncəsənət Universitetində təhsil
alıb. Bioqrafiyasını yazmaq fikrindən uzağam...
Gəncliyində televiziyaya gəlib, Azərbaycan
Televiziyasında diktor işləyib, tamaşaçılar onu
sevib, bir aparıcı kimi gözəl surətini, parlaq
obrazını yadlarında saxlayıblar. Həmin
dövrdə televiziyada işləyənlər deyirlər ki,
pərəstişkarlarının sayı-hesabı yox
imiş. Özünün etirafı isə daha
orijinaldır: "...çox adam o vaxt
televiziyanı mənə görə
açmırmış...”
Bəlkə, elə bu "qısqanclığa” görə
televiziyada çox qalmayıb. Xəbər oxumaqdan da
yorulub, bezib, müəllim olmaq istəyib. Dövlət
Mədəniyyət və İncəsənət Universitetinə
gedib, səhnə danışığı və nitq mədəniyyəti
kafedrasında müəllim işləyib. İstər aparıcı, istərsə də
müəllim kimi fəaliyyətində hər zaman Ana dilimizi
sevdirməyə çalışıb. Bu sevginin
gücündən imiş ki, Ana dilimizdəki sözlər də
onun karına gəlib, ömrünün bəzəyi,
zinəti və ən parlaq səhifəsinə çevrilib.
Sözlə tanınıb, sözü ilə məşhurlaşıb...
***
Ədəbiyyata nəsrlə gəlib Nurəngiz Gün,
oxucularla ilk görüşü "Ulduz” jurnalında dərc
olunan "Tanrı” povesti ilə olub. Sonra gözəl
şeirlərini təsbeh dənələri kimi düzüb
bir-birinin ardınca. İsti
qarşılanıb, şairəliyini bəyəniblər.
Çünki bu poeziya, bu əsərlər
azadlıq, ümid, kədər və məhəbbət ətrinə
bələnib, yalandan, riyadan uzaq olub. Daxili
azadlığı və həssaslığı ona
düzü dedirdib, həqiqəti yazdırıb. Nurəngiz
Günün poeziyası insani duyğularla çox zəngindir,
bu səbəbdən də bir udum hava kimidir, bir içim
su kimidir – onu qavramaq da, duymaq da, sevmək də çox
asandır. Oxuyanlar yaxşı bilir: o, hətta ən
kiçik şeirlərində belə olduqca səmimidir. Təsadüfi deyil ki,
yaradıcılığını nurlu və günəşli
poeziyaya bənzədiblər. Kitablarının adları
da bu fikri təsdiq edir: "Ağ qanadlar”, "Günəşə
dua”, "Tanrı bəşər övladıdır”,
"Yol gedirəm”...
Bir
kitabı da var: "Xocalı simfoniyası”. Onu
işğal olunmuş torpaqlarımızın
ağrısı ilə yazıb. Mən də
bu poemanı milyonlarla tamaşaçı kimi şairənin
öz dilindən – televiziyada eşitmişəm. Onun
ürəkdən gələn vətənsevərliyi,
canıyananlığı, insan ağrısına həssaslığı,
günahsız həmvətənlərimizin acısını
öz acısı kimi yaşaması, dərdlərini öz dərdi
bilməsi, qəddarlığa, zalımlığa, vəhşiliyə
üsyankarlığı bu poemada da açıq-aydın hiss
olunur, humanistliyi insanı düşündürür...
Nurəngiz
Günün şeirləri Türkiyə, Estoniya, Özbəkistan,
İran, İraq və digər ölkələrdə də
çap olunub, özü isə bir sıra xarici ölkələrin
ədəbi mükafatlarına layiq görülüb...
Ölkəmizdə
şairəyə dövlət səviyyəsində
böyük qayğı göstərilib, Prezident İlham
Əliyev 2006-cı ildə onu Prezident təqaüdünə
layiq görüb...
Bu ilin aprelində isə Yazıçılar Birliyinin
"Natəvan” klubunda Nurəngiz Günün 75 illik yubileyi
qeyd olunmuşdu. Həmin yubiley mərasimində onun
haqqında çox fikirlər səslənmişdi,
ünvanına halal haqqı olan çox təriflər
söylənmişdi. Mən onlardan tək bircəsini
yada salmaq istəyirəm: "Nurəngiz Gün minillik Azərbaycan
qadın poeziyasında yeri olan şairədir”. Bu fikrin müəllifi
isə AMEA-nın müxbir üzvü, professor
Nizami Cəfərov idi...
***
Nurəngiz Gün olduqca kübar və ziyalı bir
xanım idi. Yəqin bu kübarlıq genlə gəlibmiş.
Babası Mirzə Ələkbər Hacızadə
Əfəndi məşhur həkim olub, 1937-ci ilin repressiya
qurbanlarındandır. Şeirlərində
bu acı da yer alıb.
Nənə,
bir çal laylanı,
Oxşa cavan balanı.
Uçdu
bizim xaniman,
Biz
yüz idik, beş qaldıq.
Bu
nifağı kim saldı,
Dərədə
peşman qaldıq...
Yaxınlarının itkisindən, həsrətindən
sarsılıb, amma onları "ölü” yox, "diri”
sayıb həmişə. Ömrü boyu əzizləyib
uşaq vaxtı "şahzadəm” deyə onun nazını
çəkən atasını. "Onların
mənə ötürdüyü mədəniyyəti mən
də qızım Jaləyə çatdırmışam” deyə
təsəlli tapıb. Bunları xatırlatmaqda mənim
də məqsədim həmin o təsəllidir...
...Hələ
cənazəsi evdə idi. Qaldırılmamışdı.
Qızı Jalə xanım başı
üstündə idi. Anasının
şeirini oxuyurdu. Nurəngiz Günün
bir vaxtlar öz anasının ölümünə
yazdığı şeiri. Bu, sadəcə
şeir oxumaq deyildi. O, göz yaşları içində,
hönkürə-hönkürə anasını son yolundan
saxlamaq, ləngitmək istəyirdi...
Fələk,
qulun olum mən,
O, mənim
öz anamdı.
Qıyma qərib durnamdı.
Fələk,
saxla əlini,
Sığallayım
telini...
...Solur o
su sonası,
Xəbərsizdi
anası...
Bu an bir millət vəkili, bir türkoloq alim, bir
professor deyildi Jalə xanım, sadəcə, sadəcə bir
övlad idi. Anasının cənazəsi
başında onun ruhu ilə danışan, son borcunu verən
bir övlad. Amma özündən narazı idi: "Nə
etdimsə, səni yaşada bilmədim...” Diqqəti çəkən
bir də o idi ki, Nurəngiz Günün"tərbiyəsi, mənəviyyatı
zəngin” dediyi bu övlad elə gözəl
oxşayırdı ki anasını, elə "gözəl
ağlayırdı” ki... Nurəngiz Günün vaxtilə
öz anasını oxşadığı,
ağladığı kimi...
...O bilinməz
dünyaya,
Yolu
dönməz dünyaya,
Uçur
bir nazlı durnam,
Köçür o nazlı durnam.
Tanrım,
onu öldürmə,
Qoyma, amandır, Tanrım.
O, mənim
öz Vətənim,
Quzumdur, məxmərimdir.
Əlləri
buz anamdır,
Öldürmə,
qərib durnamdır...
Amma... Bu da sadəcə Jalə xanımın təsəllisi
idi. Ölüm gəlmişdi və geri qayıtmaq
fikrində deyildi, aparacaqdı...
Onun da ömrü bura qədərdi. Jalə xanım məndən
inciməsin, əlbəttə, 76 il əbədi
zaman qarşısında bir an kimi görünsə də,
ömürlərin qısaldığı indiki dövrdə
az yaş deyil! Tanrının bu "pay”ından
gileylənməyə haqqı yoxdu. Yox, özüm
özümü təkzib edəcəyəm indi: axı o,
Anadır, gedən Anadır...
***
Və getdi, Tanrı dərgahına qovuşdu. Sözü
qaldı. Təkcə
doğmalarının yox, zamanın, insanların
yaddaşında qaldı. Bir də gözəl nişanəsi
– qızı, nəvəsi qaldı...
Sözünü və özünü sevənlər
sonuncu dəfə məhəbbətlə onun hüzuruna gəldilər. Bu dəfə
son mənzilə yola salmağa. Vida
sözü dedilər. Bu ayrılıq günündə
işıqlı xatirələr kara gəldi.
O, kiminçünsə həmkar, kiminçünsə müəllim,
kiminçünsə sadəcə ana idi. Hər kəs
böyük sevgi ilə yada saldı onu,gördüyü,
tanıdığı kimi yad etdi. Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı Anar "O, sədaqətli
dost, parlaq şəxsiyyət idi. Padio-televiziyadan ucalan məlahətli
səsi neçə-neçə nəsillərin xatirindədir,
şeirləri, nəsr əsərləri və mehriban
çöhrəsi həmişə yaddaşlarda qalacaq” dedi.
"Şeirləri fərqli idi. İnsan kimi də son
vaxtlara qədər cazibəsini, fərqliliyini
saxlamışdı.” Bunu isə
Yazıçılar Birliyinin katibi Rəşad Məcid
söylədi.
Şair-publisist
Elçin İsgəndərzadə isə onu belə yad etdi:
"Mənim üçün sizin bir adınız da
azadlıq və özgürlükdür. Siz mənim
azadlıq və özgürlük müəllimimsiniz. İsminiz cənnətin sevilən isimlərindəndir.
Tanrı cənnətin bütün azadlıq və
özgürlüyünü Sizə nəsib etsin...”
Jalə
xanımın anasına vida sözü də hər kəsi
göz yaşına boğdu: "Sənin sözünün
qüdrəti qarşısında mənim dilimdən
çıxacaq hər bir kəlmənin aciz və
lazımsız olacağını düşünmüşəm
hər zaman. Sən indi qara torpağın
altındasan, amma yenə də məndən güclüsən,
məndən böyüksən, hər zaman da belə olacaq.
Və bun gün də danışa bilmirəm.
Yenə sənin qarşında imtahana gəlmişəm
sanki. Elə bilirəm ki, nə desəm, az
olar sənin üçün. Bu gün də elədir... Həyatımda
nə qazanmışamsa, səni sevindirmək
üçün etmişəm – onu bil! Yerin behişt olsun!
Bundan sonra sənə nə arzu edə biləcəyəm:
ancaq isti torpaq. Və o dünya varsa, cənnət
varsa, Yaradanımıza onu sənə nəsib etməsini arzu
edirəm. Allah qəni-qəni rəhmət
etsin. Bizdən nigaran qalma, biz həmişə
səninləyik. Və səninlə görüşəcəyəm...”
***
O,
poeziyaya təzə nəfəs kimi gəldi, özünü
istedadlı şairə kimi təsdiq etdi. Şöhrəti
sevmədi. Hamı kimi olmadı, kimsəyə
bənzəmədi. Ömrü boyu sadə,
təvazökar insan kimi yaşadı, "Həyat –
qanadlı bir nağıl” deyə onun gözəlliklərindən
zövq aldı, illər həyat eşqini dəyişmədi.
Yaşlaşdıqca, yaşının
üstünə yaş gəldikcə "Mən deyən
adamlar azdır” deyə ünsiyyətdən qaçdı,
bundansa mütaliə etməyi üstün tutdu, sevimli
kitablarla dərdləşdi, söhbətləşdi. Özünü "ev pərvanəsi”nə döndərdi.
"Beyni yüklü, qayğılı” yaşadı, amma
"Haqqım yoxdur kimisə yükləməyə” deyə
bunu kimsəyə hiss etdirmədi...
Bir şakəri də varmış Nurəngiz
xanımın.
Yuxudan erkən oyanmağı, Günəşi
hamıdan tez qarşılamağı sevərmiş. Çiçəkləri dərənlərə,
quşları ovlayanlara nifrət edər, bir gülün ayaqlar
altına atılmasına razı olmazmış. Amma bu dəfə sevənləri onun dediyinin əksini
etdilər, gül-çiçəkləri məzarı
üstünə səpələdilər. Gün
çıxmayanda, hava tutqun olanda darıxan Nurəngiz
Günü gizlədən qara torpağı bəzədi bu
gül-çiçəklər... Yəqin bu dəfə incimədi,
çünki ana torpaqla birgə güllərin də qoxusuna, ətrinə
bələndi...
"Yol
gedirəm” adlı bir şeiri də var Nurəngiz
Günün...
Dodaqlarımda
təbəssüm,
Bəbəklərimdə
ümid və qürur,
İçimdə
ağlamaq ehtiyacı...
Yol gedirəm,
yorulanadək...
Ovcumda
sirr,
Barmaqlarımda
qabar,
Ürəyimdir
varım-yoxum,
Yol gedirəm,
saplağından qırılanadək...
...Yol
gedirəm yol olanadək....
Getdiyi yol "saplağından qırıldı”. Amma bu yol yol
oldu. ÖMÜRDƏN UZUN YOL! Çox davam edəcək,
yəqin ki...
Modern.az
Firuzə Nadir
Ədalət.-2014.-30 dekabr.-S.3.