XALQ ŞAİRİ BƏXTİYAR VAHABZADƏ

Ulu Nizamidən, Nəsimidən, Füzulidən, Sabirdən və digər başqalarından mənəvi qidasını alan Bəxtiyar Vahabzadə, müəllimi Səməd Vurğun poeziyasına sığınaraq, qayəsinin əsasını həyata, sənətə fəlsəfi görüş və baxışlarını təşkil edən Azərbaycan fəlsəfi şeirini daha yüksək zirvələrə qaldırmışdır.

Azərbaycan xalqı həqiqətən şair xalqdır. Azərbaycanın şairi də çoxdur. Lakin bunların içərisində Bəxtiyar Vahabzadə şeiriyyatının özünəməxsus yeri vardır. Bəxtiyar Vahabzadənin müasir Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətləri şəksizdir. Lakin bütün bunlara baxmayaraq, şair bu sahədəki xidmətlərinə necə də təvazökarcasına qiymət verir:

 

Bizim sənət dünyasının

Qırıq telli sazıyam.

Bircə ondan razıyam ki,

Özümdən narazıyam.

 

Şair ədəbiyyat sahəsindəki misilsiz, əvəzedilməz xidmətlərinə tənqidi yanaşaraq, gör necə də sadəlik nümunəsi göstərir.

Heç kəsdən gizli deyildir ki, bəzi yazarlar mətbuatda bir şeri də çap olunmamış ozünə ədəbi təxəllüs seçir. Lakin Bəxtiyar Vahabzadənin sadəliyi bir də ondan görünür ki, şairin heç vaxt təxəllüsü olmamış, o həmişə öz adı və soyadı ilə çıxış etmişdir.

Şairin yaradıcılıq palitrası çox zəngin və rəngarəng olmuşdur. Xalqı, cəmiyyəti düşündürən hər bir məsələ onun şeirlərinin başlıca mövzusu olmuşdur. Azərbaycan xalqının tarixində zaman-zaman baş vermiş faciələrin əsasını qoymuş, Azərbaycanın ikiyə parçalanmasını təsdiqləyən Gülüstan müqaviləsinə həsr olunmuş "Gülüstan" poemasında şair belə deyir:

 

İpək yaylığı ilə o, asta-asta

Silib eynəyini gözünə taxdı.

Əyilib yavaşca masanın üstə,

Bir möhürə baxdı, bir qola baxdı.

Kağıza həvəslə o da qol atdı,

Dodağı altından gülümsəyərək.

Bir qələm əsrlik hicran yaratdı,

Bir xalqı yarıya böldü qılınc tək.

Öz sivri ucuyla bu lələk qələm,

Dəldi sinəsi Azərbaycanın.

 

***

Qoyulan şərtlərə razıyıq deyə,

Tərəflər qol çəkdi müahidəyə ...

Tərəflər kim idi?

Hər ikisi yad!

Yadlarmı edəcək bu xalqa imdad?!

 

Ötən əsrin 60-cı illərində, kommunist rejiminin kəsə-kəs vaxtında bu mövzuda, bu ruhda poemanı mətbuatda çap etdirmək sənətkardan böyük cəsarət tələb edirdi. O zaman gənc olan Bəxtiyar Vahabzadə həyatını, ailə üzvlərini, yaxınlarını böyük təhlükə qarşısında qalacağından ehtiyat etməyərək, "Gülüstan" poemasını keçmiş Nuxa şəhər (indiki Şəki şəhər-İ.A.) partiya komitəsi və rayon Xalq Zəhmətkeş Deputatları Sovetinin İcraiyyə Komitəsinin orqanı olan "Nuxa fəhləsi" qəzetində dərc etdirir və bu poema böyük ictimai əks-sədaya səbəb olur.

Həmin vaxtlar mənim 11-12 yaşım olardı. Lakin sonralar böyüklərimizin söylədiklərinə görə Bəxtiyar Vahabzadəni yüksək rütbəli vəzifəli şəxs poemanın nəşri ilə bağlı söhbətə çağırır. Həmin vəzifəli şəxs şairi qəbul edərək deyir:

- Şair, xeyir ola, son vaxtlar "podbolnı poema" (gizli poema-İ.A.) çap etdirirsən?

Şairin cavabı çox qısa və sərt olur:

- Mən bilmirəm, "Nuxa fəhləsi" qəzeti nə vaxtdan "podbolnı qəzet" olub?

Bu poema ilə bağlı həmin vaxt şairi böyük çək-çevirə salırlar. "Nuxa fəhləsi" qəzetinin redaktoru, II Cahan müharibəsi iştirakçısı olan Məhyəddin Abbasov da ciddi partiya cəzasına məruz qalır. Lakin şairin özünün sonrakı müsahibələrindən aydın olur ki, o zamanlar gözə-görünməz bir qüvvə onu bu bəladan çəkib çıxarır və xilas edir. Bu ümummilli lider Heydər Əliyev idi.

Bəxtiyar Vahabzadə həmişə məmur özbaşlanğıcının əleyhinə olmuşdur. Əslində, "məmur" sözü ərəb məəli olmaqla, dövlət idarələrində işləyən qulluqçu mənasını verir. Lakin Sovet dönəmində "məmur" sözü, əsasən, mənfi mənada işlədilirdi. Bəxtiyar Vahabzadə isə bürokratiyanı, ə bürokratik münasibət bəsləyən məmurları həmişə tənqid atəşinə tutur, mən deyərdim, sözün əsl mənasında, bürokrat-məmurları qamçılayırdı. O, "Meşin qapılar" şeirində yazırdı:

 

Gözləmə otağında

Saatlarla gözlərin

Lap qapıya dikilər.

Mənim nə çəkdiyimi

Qapılar arxasında

Mürgü döyənlər bilər.

 

Siz ey meşin qapılar,

Siz ey meşin qapılar,

Sizin üzünüz soyuq;

Sizdən ümidlə girib,

Ümidsiz çıxan da çox.

Sizi təpiklərilə

Vurub açan tapılar,

Siz ey bağlı qapılar,

Qaşqabaqlı qapılar!

 

Vaxtilə ayrı-ayrı şairlərin, hətta, sonradan tanınmış, sayılıb-seçilən şairlərin müsahibə və xatirələrindən bizə aydın olurdu ki, onlar ilk şeirinin çap olunması arzusu ilə Yazıçılar İttifaqına gələrkən yaxşı qarşılanmamış, bəzilərinə isə, hətta, şeir yazmamağı məsləhət görmüşlər. Lakin Bəxtiyar Vahabzadə gənc nəslə, yenicə şeir yazmağa başlamış gənclərə qayğı ilə yanaşmış, bununla bərabər, öz nəsihətləri ilə onlara yaradıcılıqlarında istiqamət vermişdir:

Siz ey bizdən sonra şeirə gələnlər,

Bu çətin yollarda uğurlar sizə!

Eşqiniz - gələcək.

Yaşınız - səhər.

Qəlbiniz işıqlı, fikriniz təzə!

 

Mərd olun!

Meydanda durun mərd kimi,

Uymayın ötəri şöhrətə, ada.

Bizim şeirimizin dünəni kimi

Böyükdür, şanlıdır istiqbalı da!

Bəxtiyar Vahabzadə həm xalq şairi, həm də xalqın şairi idi. Onun xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilmişdir. O, respublikanın əməkdar incəsənət xadimi fəxri adına, M.F.Axundzadə adına ədəbi dövlət mükafatına, keçmiş Azərbaycan SSR-nin dövlət mükafatlarına layiq görülmüş, üç dəfə respublikamızın ali hakimiyyət və qanunverici orqanına deputat seçilmişdir. Onun "Bir gəminin yoçusuyuq" kitabı keçmiş SSRİ-nin Dövlət mükafatına layiq görülmüşdür. O, filologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü idi.

Böyük şairi cəmiyyətdəki çatışmamazlıqlar həmişə düşündürmüş, o xalqı narahat edən məsələlərə heç vaxt biganə qalmamışdır. O, bu haqda təsadüfi deyildi ki, demişdir:

Bilmirəm bu millətə

Vəkil etdi kim məni?!.

Şairin yaradıcılığı Türkiyədə də, həmçinin, türkdilli ölkələrin hamısında sevilir və yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Bəxtiyar Vahabzadə təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının böyük, sevimli və əbədiyaşar şairidir.

Mən deyərdim ki, şairin ölümü ilə böyük türk dünyasının fəlsəfi şeirinin bel sütunu qırıldı.

Yaxşı yadımdadır. 1995-ci ildə artıq mən respublika prokurorluğunun Mərkəzi aparatında işləyirdim. Həmin ilin avqust ayında şairin doğma Vətənindəəki şəhərində şairin 70 illiyi Sabir Rəhman adına Şəki Dövlət Dram Teatrında böyük təntənə ilə qeyd edilirdi. O zaman bu sətirlərin müəllifi də respublika prokurorluğunun nümayəndəsi kimi iştirak edirdi. Həmin tədbirdəki çıxışımda qeyd etdim ki, şair yeri gələndə, haqsızlığa qarşı vulkan kimi püskürməyi də bacarırdı. Bu doğurdanda belə idi.

Şairin fəaliyyəti çox cəhətli idi. İnsan var yaxşı şairdir, ya dramaturqdur və ya yaxşı ədəbiyyatşünansdır. Bəxtiyar Vahabzadənin xoşbəxtliyi ondadır ki, o, həm böyük şair, dəyərli dramaturq və peşəkar ədəbiyyatşünans-alim, tələbələrin böyük məhəbbətlə sevdiyi pedaqoq idi.

Böyük şairin yaradıcılıq diapazonu çox geniş və hərtərəfli idi. Onun çoxcəhədli bədii yaradıcılığını, təbii ki, bir məqalə çərçivəsində, özü də mütəxəssis olmayan tərəfindən hərtərəfli təhlil etmək mümkün deyil və bunu mən qarşıma məqsəd kimi də qoymamışam. Sadəcə olaraq, bu Bəxtiyar Vahabzadə yaradıcılığına olan oxucu məhəbbətinin təzahürüdür.

Bəxtiyar Vahabzadənin ölümünün ildönümü ərəfəsində Ulu Tanrıdan ona qəni-qəni rəhmət diləyirik.

 

İlham Abbasov,

hüquq üzrə fəlsəfə doktoru - Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Ədalət.-2014.-4 fevral.-S.5.